ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏDƏBİYYATIMIZA QAYĞISI

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏDƏBİYYATIMIZA QAYĞISI “Azərbaycan xalqı Sizinlə fəxr edir. Çünki Siz XX əsrin tarixi şəxsiyyətisiniz, Azərbaycan ədəbiyyatının, şeirinin klassikisiniz.”
(Ümummilli lider Heydər Əliyevin Mirvarid Dilbazinin
85 illik yubiley gecəsindəki təbrik nitqindən.)


ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏDƏBİYYATIMIZA QAYĞISI 19 avqust 1912-ci ildə Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində el-obanın nüfuzlu adamı Paşa bəyin ocağında dünyaya gözünü açan Mirvarid Dilbazi atasını erkən itirir, babası Mustafa ağanın himayəsində əsrarəngiz təbiətli Dilican yaylaqlarında böyüyür. Mühitin insanın yetişməsində mühüm rol oynadığını Mirvarid xanımın timsalında görmək olar. Əsilzadə ailə mühiti, al-əlvan təbiət, sözə, saza vurğunların yurdu gənc Mirvaridi poeziyanın qoynuna çəkməyə bilməzdi. Qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” şeiri “Oktyabr alovları” dərgisində dərc olunanda o, 15 yaşındaydı.
Sözün nahamar, əzablı yollarına erkən çıxan şair Tanrının 89 illik ömür payında iki “ilk”ə imza atmağı bacardı. O, Azərbaycanin ilk qadın Xalq şairi kimi şərəfli titulun sahibidir. Həm də 1998-ci ıldə dövlətimizin ən ali mükafatı – “İstiqlal” ordeni ilə təltif olunmuş ilk qadındır. Bu həm poeziyada, həm də Azərbaycanın ictimai həyatında Mirvarid Dilbazinin çəkisinin, yüksək mövqeyinin aydın göstəricisidir.
Dilbazi “Ürəkli adam” deməkdir. Bəs Mirvarid Dilbazi kimdir? Bu suala şairin cavabı möhtəşəmdir, fəxr edici ömür yoludur:

Əslim – Dilbazilərdən,
Mərdlər böyüyən yerdən.
Südüm mələk südüdür,
Sərvətim nəğmələrdən –
Özüm də Dilbaziyəm,
Azərbaycan qızıyam!


Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimində və siyasətində idarəetmə ilə yanaşı, ədəbiyyat da aparıcı qüvvə idi, dövlət rəhbəri ədəbiyyata qayğı, diqqəti dövlətçiliyin, siyasətin, Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi dəyərləndirirdi, ədəbi prosesləri müntəzəm izləyirdi. Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Yazıçılar İttifaqının və Birliyinin bütün qurultaylarında iştirak etmiş, əhatəli, parlaq məzmunlu nitqləri ilə yadda qalmışdır. Söz adamlarının yubiley tədbirlərində, anım günlərindəki çıxışlarında Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkir, xalqa, Vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğulayırdı.
1997-ci ildə keçirilən yazıçıların X qurultayında çıxışı zamanı gənc vaxtlarından ədəbiyyatı sevdiyini, kamil bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında, ədəbiyyatın, mədəniyyətin önəmli əhəmiyyətini qeyd etmişdir. “Ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır.” Bu fikir ədəbiyyata Heydər Əliyevin baxış bucağıdır.
XII yüzillikdən – Nizamidən üzü bəri görkəmli söz adamlarının yubileylərinin, anım mərasimlərinin dövlət səviyyəsində keçirilməsinin, söz sənətinə qayğı və diqqətin kökündə Azərbaycançılıq ideyasının geniş yayılmasına, xalq tərəfindən anlaşılmasına xidmət durur. Son yarım əsrdə yaranan ədəbi incilər həmin qayğı və diqqətin bəhrəsidir, ədəbiyyatımızın “altmışıncılar” nəslinin yetişməsinə münbit şərait yaradıb.
Heydər Əliyev Azərbaycan tarixini söz, mədəniyyət, elm xadimlərinin, yaradıcı şəxsiyyətlərin tarixi kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, onun rəhbərliyi dövründə Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rza, Süleyman Rüstəm Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüş, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Mirvarid Dilbazi, Anar, İsa Muğanna, Nəbi Xəzri, Maqsud İbrahimbəyov, Qabil, Vaqif Səmədoğlu, Fikrət Qoca, Nəriman Həsənzadə Vətənin ən ali mükafatı “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏDƏBİYYATIMIZA QAYĞISI 1982-ci ildə Azərbaycan ədəbiyyatı tarixinin fəlsəfi fikir, düşüncə, təfəkkür, əfəndi şairi və dramaturqu, millətin hürriyyəti uğrunda canını fəda edən Hüseyn Cavidin məzarının 41 ildən sonra uzaq Sibirin bataqlıqlarından, Tayqa meşələrindən Vətənə gətirilməsi, Naxçıvan torpağında dəfn edilməsi, 1996-cı ildə milli ornamentli əzəmətli məqbərəsinin inşası Ulu Öndərin uzaqgörənliyi idi. Axı, Cavidin cismi də, ruhu da Azərbaycandan ayrı uyuya və yaşaya bilməzdi.
Mirvarid Dilbazi Cavid və Vaqif məqbərələrinin “memar”ına xitabən “Cavidi Vətənə gətirən, onu öz xalqına yetirən oğul”a sevgisini poetik hisslərlə nəzmə çəkir:

Böyük işlər gördün böyük hünərlə,
Bəzədin Vətəni abidələrlə,
Cavidlə görüşdük, bu şad xəbərlə
Çoxaldı bir daha hörmətin sənin.


Bu duyğular da Mirvarid xanımındır:

Aqillər unutmur bu haqqı-sayı,
Adi xidmət deyil xidmətin sənin.


“Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin, korifey klassiklərimiz Füzulinin, Nəsiminin hətta Azərbaycandan kənarda böyük nümayəndə heyəti ilə yubileylərinin keçirilməsi, Nəsiminin, Cəfər Cabbarlının, Nəriman Nərimanovun heykəllərinin Bakının mərkəzi park və xiyabanlarını bəzəməsi həqiqətən də adi xidmət deyildi.
Heydər Əliyev ədəbiyyat, incəsənət, mədəniyyət hamisi idi, bilirdi ki, bu mənəvi dəyərlərsiz tərəqqi mümkün deyil: “Ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, istedadlı insanlar mədəniyyətdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar əmələ gətirirlər.”
Ulu öndər əmin idi ki, “mılli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.” Təcrübəsi, intellekti zəngin Heydər Əliyevə görə, Füzuli keçmişdə Türkləri birləşdirən şəxsiyyət kimi əbədi ömür qazanıb: “Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır.”

6 yanvar 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar bir çox mədəni irsimizi mənimsəmək xəyalına düşən qonşularımıza, eləcə də daxildəki harasa, kiməsə xidmət edən “alim”lərə anladırdı ki, Azərbaycan poeziyasının ulu babası, şeyxi bizim milli kimliyimiz, xəzinəmizdir. 1981-ci ildə Nizaminin 840, 1991-ci ildə 850 illiyinin keçirilməsi, bu tədbirə xaricdən də nizamişünasların, şair və yazıçıların, dövlət xadimlərinin dəvət edilməsi Nizamini özününküləşdirmək istəyən əcnəbilərə sarsıdıcı zərbə idi və elə həmin ildə yazıçıların VII qurultayında sovetlərin qadağalarına önəm verməyən Ulu Öndər çıxışında Cənub ədəbiyyatı mövzusuna toxunur. Uzaqgörən Heydər Əliyev bu günümüzü o vaxt görürdü.
Dövlət rəhbərinin ədəbiyyata, sənətə, sənəkarlara, söz adamlarına, qayğısı, diqqəti, dərin ehtiramı Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycançılıq ideologiyasına münasibətindən qaynaqlanırdı. Mirvarid Dilbazi də onun diqqətində olduğu, unutmadığı, yüksək dəyərləndirdiyi sənətkarlardandır. Şair 70 il Vətənin müstəqilliyi, istiqlalı, bütövlüyü, ana dilimizin saflığının qorunması uğrunda istedadı, sözü, qələmi ilə silahlanıb vuruşan Azərbaycan qızı, anası, nənəsiydi. O, özünü xoşbəxt sənətkar sayırdı. 2000-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Mirvarid Dilbazini qəbul edəndə Xalq şairi özünün xoşbəxtliyini daha aydın önə çəkmişdi: “Xoşbəxt olur o sənətkar ki, millətindən və dövlətindən razıdır və ondan razıdırlar...”

Heydər Əliyevlə Mirvarid Dilbazinin görüşü səmimi söhbətləri ilə qocaman şairin ömrünə şirinlik qatmış, onda tükənməz həyat və yaratmaq eşqi, ruh yüksəkliyi yaratmışdı, 88 yaşlı ağbirçək şairin əzablarına, dövranın vurduğu yaralarına sığal çəkmiş, səfa vermişdi. Bu görüş iki böyük şəxsiyyətin bir-birinə dəyəriydi, səmimiliyin, mehribanlığın, ərkin, qarşılıqlı anlaşmanın pik nöqtəsi kimi yaddaşlarda ən azı söz ömrü qədər yaşayacaq anlar idi.
Mirvarid xanımla – Ulu Öndər demişkən, “Azərbaycanın əfsanəsi, istiqlaliyyəti yolunda bir əsgər” ilə Heydər Əliyevin görüşündən bəzi maraqlı anları xüsusi qeyd etmək istəyirəm:
Heydər Əliyev: Maşallah, yaxşısınız.
Mirvarid Dilbazi: 90-nın pilləsini çıxıram.
Heydər Əliyev: İnşallah 90 da olacaq, 100 də olacaq.
Mirvarid Dilbazi: Mənim böyük nəvəm deyir ki, nənə, kim kimə arzu edirsə 100 il yaşa, o ona qarğış edir.
Heydər Əliyev: Elə deyil... Çox məmnunam, Mirvarid xanım, Sizinlə görüşməkdən. İndi Siz elə bir insansınız ki, bizim Azərbaycanda əfsanəyə dönmüsünüz. Ona görə də hər dəfə Sizinlə görüşmək məndə çox böyük, xoş əhval-ruhiyyə yaradır. Bir də Sizə çox ömür arzulayanda, mən özümə də arzulayıram, çünki mən deyirəm ki, Siz 100 yaşa çatasınız, biz də Sizin 100 yaşınızı qeyd edək.
Mirvarid Dilbazi: Allah qoysa. Əgər bu belədirsə, qoy mən 200 yaşa çatım, razıyam.
Deyəsən “səmimilik”, “ərk” sözlərini çox işlətməli olacağam. Belə isti münasibətə başqa nə ad vermək olar ki?! Mirvarid xanım hər dəfə Milli liderlə görüşəndə ona “oğlum” deyə müraciət edərdi. Bu ərkyanalığın, səmimiliyin, sadəliyin mayasında o müraciəti qazanmaq hüququ dayanır. Ana oğula necə 200 il ömür arzulamasın?
Mirvarid xanım Heydər Əliyevin daxili və xarici siyasətini, dövlətçiliyi qorumaq uğrunda şücaətini, mübarizəsini alqışlayır və dəstəkləyirdi:
“Dərin siyasi biliyi olmayanlar milləti idarə eləməyə gəlməsin, gücü çatmaz. Şəxsiyyəti olmayan adamlar millətini sevə bilməzlər.”

Bir xalqın başında aqil, mötəbər,
Tədbirli bir başçı durmasa əgər,
O xalqı qurd nədir,
Tülkülər yeyər.


Bu Mirvarid Dilbazi düşüncəsiydi. Heydər Əliyevin də Mirvarid xanımın poeziyasına dəyəri həmişə yüksək olub. O, şairin 85 illik yubiley gecəsindəki təbrikində bunu xüsusi vurğulayır:

“Şair olmaq asan deyil. Təkcə bizim xalqımızın tarixində yox, bütün dünya xalqlarının tarixində şairlər, yazıçılar, alimlər adətən kişilərdən olubdur. Ancaq qadınlardan olan şairlər xüsusi hörmətə malikdirlər. Onlar gərək nə qədər yüksək istedada malik olsunlar ki, kişilərlə bərabər səviyyədə, bəlkə onlardan da üstün səviyyəyə qalxaraq, şeirlər yazaraq, böyük şairlər dəstəsinə qoşula bilsinlər.
Əziz bacım Mirvarid Dilbazi, siz məhz belə insansınız, qadınsınız, şairsiniz...”
Mirvarid xanımın Heydər Əliyevə doğma övladı kimi sevgisi vardı. İnanmıram ki, sənət adamları içərisində Ulu Öndərə “oğlum” deyərək müraciət edən ikinci söz adamı olsun. Şair ona “el məhəbbətindən çiçəkləri olan, zamanın soldura bilmədiyi" söz çələngi hörür:

Oğul qarşısında
Ana dayandı.
Dərin kamallı,
Incəxəyallı,
Böyükürəkli,
Ucaboylu,
Enlikürəkli,
Dünya qarşısına çıxan mərdim!


Mirvarid Dilbazi “ey dünya şöhrətli mərdim”, “əziz oğlumuz” ərki ilə müraciət etdiyi dövlət başçısına “Ana xeyir-duası” verir:

Dedim: - Mən anayam, müdrik oğullar!
Xeyir-dualardan başqa nəyim var?!
Xeyir-dualarım sizə yar olsun,
Adınız Vətənə iftixar olsun.
Xalqdan aldığınız mükafatlar da,
Sizə inam olsun, etibar olsun.


“Vətənsiz oğul olmasın” şeirində də, “Vətənin dar günündə şücaətlə dayansın mərdim düşmən önündə, igid oğul, ər oğul, Vətənin şöhrətidir tədbirli Rəhbər oğul” ümidi, inamı ilə Heydər Əliyevin xilaskarlıq missiyasını tərənnüm edirdi.
Ümummilli lider onun yaradıcılığının, hiss və duyğularının ölməzliyinə inanırdı:

“Sizin şeirləriniz, poemalarınız neçə-neçə nəsillərə güc, inam verib və bu gün də verir, gələcəkdə də verəcəkdir.”
Mirvarid xanım Heydər Əliyevi “təfəkkür və təbəssümü ilə insan səadətinə nurlu yol axtarışına çıxan, qara buludları parçalayan Günəşə” bənzədirdi. Öndərin dühasına ehtiramını lirik duyğuları ilə bildirirdi:

“Sən xalqa endikcə yüksələcəksən.”
”Getdi sinəmizdən Cavidin dərdi.”
“Sən ey ağlı ümman, ürəyi incə!”
“Qoymadın tökülsün sən qardaş qanı,
Qurtardın bölümdən Azərbaycanı!”


O, bir ana qayğıkeşliyi, mərhəməti, həssaslığı ilə Heydər Əliyevin – “canlı kitab”a bənzətdiyi mənəvi oğlunun, yorğunluğunu üzündən oxuyurdu. Axı o, el anasıdır, ağbirçək nənədir, övladının, nəvəsinin ovqatını bircə baxışıyla duyur:

Üzündəki yorğunluğa
İşıq saçır alnındakı vüqar.


Bu il həm də Ulu Öndərin ömür-gün sirdaşınn - Mirvarid Dilbazinin lirik və kövrək hislərinin dili ilə desək, ''o ağıl, kamal, sədaqət rəmzinin, o ülvi qadının, zəngin xilqətin'' 100 illik yubileyidir. Mirvarid xanım ''Unudulmaz Zərifə Əliyevanın xatirəsinə'' şeirində bizi ''bənövşə fəslində'' tərk edib haqqın dırgahına qovuşan Zərifə Əliyevanın vəfatına tək ellər yox, eləcə də güllər ağladığını, göz yaşlarının güllərin ətrinə qarışdığını ürəyinin sızıltıları ilə qələmə alır. ''Kişilər ağlasa, Vətən ağlayar'' misrası ilə şair Heydər Əliyevi Vətənə tən bilir:

Sənsiz gözü yaşlı qalan məhəbbət,
Sənin şöhrət oldu təmiz adına.
Eşq olsun qüdrətli o sərkərdənin,
Qəlbini fəth edən müdrik qadına!


Mirvarid Dilbazinin yaradıcılığının zəngin və çoxşaxəli olduğunu qabarıq əks etdirən nümunələri saymaqla qurtarmaq olmur. Uşaqlar üçün şeirləri körpələrimizin nənə laylasıdı, mahnı mətnləri musiqisiz də kövrək nəğmədi. Vətənpərvərlik şeirləri Azərbaycan əsgərinin qoluna güc verir, mübarizə əzmi yaradır. Ulu Öndər ona görə deyirdi ki, Mirvarid Dilbazi Azərbaycan qadınının, Azərbaycan xanımının ən parlaq, ən gözəl simasıdır.
Ağbirçək şair anamız ömrünün müdrik çağlarında duyğulu ürəyində bir dərd daşıyırdı – Qarabağ dərdi. Mirvarid xanımın yeganə övladı Xatirə Dilbazi müsahibələrinin birində deyir ki, Heydər Əliyev ad günündə anama zəng edirdi, təbrikindən sonra soruşurdu ki, ürəyin nə istəyir? Anam da eyni cavab verirdi: heç nə lazım deyil. Mirvarid xanımı yaxşı tanıyan sənət dostları isə xatirələrində yazırlar ki, şairin Ümummilli liderin bu sualına ərklə cavabı “mənə Qarabağımı verin!” olurdu.
Mirvarid xanımın arzusunu yerinə yetirmək üçün Heydər Əliyevə ömür vəfa etmədi. Onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində artıq haqq dünyasına qovuşmuş Mirvarid Dilbazinin istəyini yerinə yetirdi, işğal altında qalmış torpaqlarımız bədxah, nankor, qaniçən insan qatillərindən azad olundu. Heyif ki, tale şair anamıza bu günü görməyə, zəfər sevincinin dadını dadmağa, azad olunmuş torpaqları ziyarət etməyə imkan vermədi. Ancaq onu dəqiq bilirəm ki, bu gün el anamızın ruhu şaddır.
Xatirə Dilbazi müzəffər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdardır: “Ilham Əliyev sağ olsun, anamın 100 illik yubileyini təşkil etdi. Evimizin qarşısında anamın xatirə lövhəsi vuruldu.”
Ümummilli liderin yorulmaz davamçısı İlham Əliyev Mirvarid Dilbazini “ədəbiyyatımızı yeni-yeni obrazlarla zəndinləşdirən sənətkar” kimi təqdim edir:
“Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik şeirləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir.”
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar 2021- ci ilin ''Nizami Gəncəvi ili'' elan olunması təkcə Nizami Gəncəvi yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana, sivilizasiyaya verilən dəyərdir.
''Nizami Gəncəvi ili'' elan olunması ilə əlaqədar bütün il boyu ölkəmizdə və dünyanın əksər ölkələrində, böyük şəhərlərdə silsilə tədbirlər keçirilmiş, yeni nəsillərə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, Nizami irsini daha dərindən öyrənmək üçün yeni imkanlar yaranmışdır.
Bu ümummilli liderin davamçısı İlham Əliyevin ədəbiyyata, sənətə qayğısına bir sübutdur.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaradanda qərara aldıq ki, nur üzlü şair anamızın şəxsiyyətinin, sözünün işığına yığışaq, onun arzularını yaşadaq, poetik duyğularını gələcək nəslə ötürək. Mirvarid Dilbaziyə, digər sənət adamlarına həsr olunmuş tədbirlər keçirmək, Vətənin azadlığı, bütövlüyü naminə canını fəda etmiş şəhidlərin ruhuna sayğı ilə doğum və anım günlərini təşkil etmək bizim ən ümdə vəzifəmizdir. Azərbaycanın ilk qadın Xalq şairinin kitablarının yeni nəşrlərini hazırlamaq, zəngin yaradıcılığına yenidən qayıtmaq, irsini, arzularını yaşatmaq əsas fəaliiyyət proqramımızdır. Mirvarid Dilbazi adına kitabxana yaratmaq niyyətindəyik.
2022-ci ildə Mirvarid Dilbazinin 110 illiyi günlərində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Qazaxda – Qazax rayonu İcra Hakimiyyəti, Qazax Xeyriyyə Cəmiyyəti, AYB-nin Qazax zona filialının birgə təşkilatçılığı ilə qeyd olundu. Sonra MDPM Ağsuda, Cəlilabadda, Gəncədə, Bakıda, mədəniyyət mərkəzlərində yubiley tədbirləri keçirdi. Gəncliyə Yardım Fondu və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi yüksək səviyyədə qeyd olundu. Həm də ‘’Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi’’ layihəsi çərçivəsində Azərbaycan Respulikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ‘’Mirvarid Dilbazi az". saytı yaradıldı və 110 illik yubileyi qeyd olundu, “Azərbaycan kələğayısı – min illərin yadigarı” layihəsi çərçivəsində isə sənədli film çəkildi və filmin təqdimatı oldu, bütün tədbirlərdə Mirvarid Dilbazi anıldı, yaradıcılığı təbliğ olundu, şeirləri səsləndirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamını əsas tutaraq onun kitablarının yenidən nəşr etməyi qarşımıza məqsəd qoymuşuq. “Bənövşələr üstə göz yaşları” kitabı kiril əlifbasından latın əlifbasına çevrilərək yenidən işıq üzü gördü. Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsindəki çıxışlar, şair haqqında yazılan məqalələr, elmi-publisistik yazılar, şeirlər toplanmış “Öz içimdən yanan bir ocağam mən” kitabı da nəşr olundu. Milli -mənəvi dəyərlərimizi uca tutaraq ‘’Azərbaycan kəlağayısı min illərin yadigarı’’ adlı kitabımız da işıq üzü gördü. Bu kitab ‘’26 Noyabr Azərbaycan Kəlağayısı Günü’’nə töhfəmiz oldu və Beynəlxalq Muğam Mərkəzində ‘’Kəlağayı Günü‘’nü qeyd etdik və ‘’Kəlağayı’’ sərgisi təşkil etdik. Sərgidə yeni yaratdığımız ‘’Kəlağayı’’ muzeyinin 150-dən çox qədimi kəlağayıları, İsmayıllı bölgəsinin Basqal kəndindən olan kəlağayı ustası Mürşüd Talıbovun kəlağayı üzərində klassiklərimizin rəsmləri, gənc rəssam Gülnarə Məmmədovanın kəlağayı haqqında rəsm əsərləri sərgiləndi və böyük sevgiylə qarşılandı. II Milli Yaylaq Festivalında üç gün davamlı olaraq, Passage 1901-də iki gün ‘’Kəlağayı’’ festivalında Mirvarid Dilbazi Poeziya Məclisi olaraq qədimi kəlağayılarımızı sərgilədik, təqdim etdik, təbliğ etdik. Atatürk Mərkəzində ‘’ Kəlağayı əlvan qıyqacı’’ adlı tədbir də gənc tələbələr tərəfindən böyük sevgiylə qarşılandı. Bu tədbirlər, bu kitablar, kəlağayı sərgiləri Azərbaycan ədəbiyyatının zirvələrindən birinin – Mirvarid Dilbazinin irsinin yaşamasına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin töhfəsidir. Bu istiqamətdə qarşıda hələ çox işlər planlaşdırırıq.
Azərbaycan poeziyasının dayaq sütunlarından biri Məmməd Arazın Mirvarid xanımın poeziyası barədəki fikri möhtəşəmdir:
“Onun poeziyası bu günün tərcümeyi-halının bir hissəsi kimi gələcək nəslə öz sözünü deyəcəkdir.”
Mirvarid Dilbazi öz tərcümeyi-halının bir hissəsini yığcam şəkildə Mirvaridsevənlərə belə təqdim edir:

Əgər şeirə dönsə bu məhəbbətim,
Hər sözdə bir ana qəlbi döyünər.
Mənim burdan gəlir gücüm, qüvvətim,
Ocaq öz içindən yanmasa sönər.

Öz içindən yanan bir ocağam mən,
Yandıqca, daha gur yanacağam mən.


Şərəfli ömrünün ən kövrək, müdrik çağlarında da həyatdan, yaşamaq və yaratmaqdan, elə gərəkli olmaqdan doymayan Mirvarid Dilbazinin “mən üç nəslin nənəsiyəm, bu gün, sabah gedəsiyəm” nisgilində də işıq, ilahi həyat sevgisi vardı. O, Azərbaycan poeziyasının işıqlı gələcəyi, milli kimliklərindən biri kimi əbədi yaşayacaq.

Güllü Eldar TOMARLI,
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri,
Kəlağayı muzeyinin direktoru


ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: