Sabir Rüstəmxanlının “məhəbbət məktubu”...

Sabir Rüstəmxanlının “məhəbbət məktubu”... (“Ömür kitabı”nı vərəqlərkən)

Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında dəyərli əsərləri ilə öz sözünü deməyə müvəffəq olmuş yazıçılardandır. Bu günlərdə 70 illik yubileyini qeyd edən ədibin bədii yaradıcılığını nəzərdən keçirərkən görürük ki, yazıçı milli məfkurəçilik, türkçülük, milli şüur ideyalarının carşısı kimi çıxış edir, demək olar ki, əsərlərinin çoxunda bu müqəddəs amal yolunda mübarizəsini əks etdirir. O, Azərbaycan xalqının milli tarixinin fərqli dövrlərini əsərlərində əks etdirməyə çalışmış və buna nail olmuşdur.

Yazıçı “Göy tanrı” əsərində uzaq tariximizə müraciət etmiş, tarixi-mifoloji üslubda yazılmış romanda oğuzların yaşam tərzini, mənəviyyatını, əxlaq aspektlərini qələmə almışdır. Bütövlükdə müəllifin geniş təxəyyülünün bəhrəsi olsa da, əsərdə milli məfkurə aparıcı rola malikdir. Qədim oğuzların həyatından söz açılan bu romanda müəllif oğuzların hələ islamı qəbul etməmişdən öncə, təkallahlığa doğru gəldiyi dövrün həyat tərzindən bəhs edir: “Oğuzun nə zaman yaşaması bəlli deyil. Miladdan 4-5 min öncə yaşadığını deyənlər də var, 2 min il öncə yaşadığını deyənlər də var...bu tarixlər göydəndüşmə deyil. Birinci tarix şumerlərin (subər və kəngərlərin) Mesopotomiyaya yerləşməsiylə üst-üstə düşür. İkinci tarix qutilərin bölgədəki yüksəlişi və Qoşaçay arasındakı yüzillik hakimiyyəti ilə bağlıdır”.

“Difai fədailəri” romanı milli istiqlal hərəkatının öndərlərindən olan Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, onun mühitindən bəhs edən bir romandır. Romanda XX əsrin əvvəllərində müstəqilliyimizin qazanılmasında xidmətləri olmuş bir çox şəxsiyyətlərin obrazları yaradılmışdır. Roman haqqında dəyərli məqalə yazmış Tehran Əlişanoğlu romanın həm də Qarabağ müharibəsi mövzusu ilə bağlı olduğunu vurğulayır: “Ötən əsrin əvvəllərinin qanlı olaylarını, erməni-müsəlman münaqişəsinin geniş mənzərələrini qaldırmaqla yazıçı indi içində olduğumuz Qarabağ müharibəsinin tarixi kontekstini, problemin əhatə və miqyasını görükdürür, anlatır. Difainin başqa bir adı da elə Qarabağı Müdafiə Komitəsidir. Ermənilərin son iki yüzildə bizə qarşı aqressiyası o qədər düşünülmüş, ardıcıl və intensivdir ki, çox vaxt bilmirik hansını qoyub, hansından danışaq: sonra törədilənlər elə bil əvvəlkiləri unutdurmaq üçünmüş. Necə ki, bugün 20 faiz torpaqlarımızın işğalı, Qarabağın tarixi qəsbini, “Qarabağ” deyilən qondarma problem Qərbi Azərbaycan torpaqlarının əlimizdən alınmasını, sovet Ermənistanının yaradılması 1918-1920-ci illər və daha əvvəlki soyqırımları yaddaşlarımızdan silmək üçün, yaddaşımızı azdırmaq-korşaltmaq üçün olmuş və s. və i.”
Sabir Rüstəmxanlının “Ömür kitabı” əsəri publisistik üslubda qələmə alınmışdır. Burda yazıçının düşüncələri, Azərbaycan tarixinin bir-birindən dəyərli, yaşı min illərlə ölçülən tarixi abidələrinə səfəri öz əksini tapmışdır. Bundan başqa, yazıçı Azərbaycan torpaqlarına səfər edir, Vətəninin hər dağına, daşına, xalqının tarixinə sevgisini, məhəbbətini oxucusuna hayqırır. Müəllif “bu yazı mənim məhəbbət məktubumdur” deyərkən bu əsərlə Azərbaycan xalqına, türkün tarixinə olan sevgisini izhar etməyə çalışmışdır.

Kitab “Söz önü”, “Od və kül”, “Vətən haqqında nəğmə”, “Dəlil və duyğu”, “Tarix səhvi bağışlamır”, “Nüşabə qalasında və ya qan yaddaşı”, “Qobustan yazıları, yaxud Qobustan dünyası”, “Dəlidağın ağıllı daşları”, “Nuhun torpağı, Nuhun qəbri”, “Qayıdıram Araz boyu”, “Təbriz”, “Təpələr dünyası və ya Kür-Araz mədəniyyəti”, “Qarabağ” və s. hissələrdən ibarətdir. Tarixi faktlarla zəngin olan bu kitabda müəllif qələminin ucuyla tarixin min illər boyu qalaq-qalaq olub qalmış səhifələrini açmağa çalışır, orda bir qığılcım, işartı görən kimi şair Əli Kərim demiş, “iynənin ucu boyda işığa həsrət qalan kor işıq sevən kimi” sevinir, böyük əziyyət və zəhmət tələb edən bu işə böyük məhəbbətlə yanaşır. Ümumiyyəylə, Sabir Rüstəmxanlı demək olar ki, bir çox əsərlərində öz xalqının haqq səsini hayqırmağa çalışır, oxucusuna anlatmağa çalışır ki, Azərbaycan xaqının tarixi çox qədimdir, kökü min illərə söykənən bu xalqın tarixini bəzi dırnaqarası tarixçilər danmağa çalışsalar da, onlar heç vəchlə buna nail ola bilmirlər. Çünki tarix lap keçmişdə, küllərin altında yatıb qalsa da, onu axtaran, araşdıran həqiqəti üzə çıxarmağa çalışan oğulları sayəsində yenidən dirilir, canlanır və öz sözünü deməyə müvəffəq olur...

Kitabın ilk səhifələrində Azərbaycan adının Atropatena adı ilə əlaqələndirilməsi fikri ilə müəllif razılaşmır, o, müxtəlif alimlərin fikirlərinə nəzər salır, Həmdulla Qəzvini, “Cami ət-Təvarixin” müəllifi Rəşiddədin, Məhəmməd Hüseyn ibn Xələfi Təbrizi kimi alimlərin dəyərli fikirlərinə istinad edərək Azərbaycan sözünün mənasının sözün özündə axtarılmasına tərəfdar çıxır. Müəllifin fikrincə, Azərbaycan sözünün kökündə azərilərin, azların adı dayanır. “Kan-qan-can” sözlərinin də qədim türk dillərində yer, bolluq yeri mənasını daşıdığını nəzərə alsaq, Azərbaycan sözünün sadəcə olaraq, Azər xalqının tanrısı olan yer, azərilərin itaət, sitayiş, ziyarət, etdiyi yer, yaxud azərilərin yaşadığı yer yozumu ortaya çıxır”.

Müəllif Şumer xalqlarının soylarının türk olması haqqında yazılan müxtəlif elmi əsərlərdən bəhs edir, onların türk olmasını iddia edir. Bu iddiaları səsləndirərkən, o, tarixi mənbələrə istinad edir. “Şərqi və Mərkəzi Asiya xalqlarının tarixi” kitabında Yenisey hövzəsinin son neolit abidələri, qayaüstü rəsmləri- öküzlərə qoşulmuş dördtəkərli araba təsvirləri barədə yazan müəllif bu rəsmlərin günəşə və ildırıma sitayişlə bağlı olduğunu, günəş rəsmlərinin bizim eradan əvvəl IV-III minilliklərə aid Mesopotomiya mədəniyyəti ilə əlaqədar olduğunu, Tur Heyerdalın Qobustanı Mesopotomiyanın “qohumu” saydığını qeyd edir.
Sabir Rüstəmxanlı yunan mifologiyası ilə qədim türk dastanlarını müqayisə edir, Homerin əsərlərində olan bəzi süjetlərin türk xalqlarının dastanlarındakı süjetlərlə oxşarlığını onunla əlaqələndirir ki, qədim yunanların bəziləri Kiçik Asiyada yaşayarkən saq-iskit adlandırılıblar, bu motivlərin də onlardan gəldiyi iddiasını irəli sürür. Müəllif müxtəlif araşdırmalardan bəhs edərək qeyd edir ki, iskitlərin öz yurdlarını tərk etməsinin səbəbi armaste tayfalarının hücumları olmuşdur, iskitlər bu düşmən qüvvəlləri qeyri-adi və təpəgöz hesab edirmişlər. Ola bilsin ki, onların bu bənzətmələri sonralar Yunan mifologiyasına və Azərbaycan dastanlarına öz təsirini göstərmiş və “Təpəgöz” obrazı məhz saqlar vasitəsilə onlardan gəlmişdir.

Subarlar və hurrilər haqqında məlumat verən müəllif bəzi mülahizələrə görə, İrəvanın əsasının da hurrilər tərəfindən qoyulduğu yazır və fikrini əsaslandırmaq üçün tarixi mənbəyə istinad edərək bildirir ki, o zamanlar ermənilər Balkan tərəflərdə yaşadığından bu fikri ağlabatan hesab etmək olar. Sabir Rüstəmxanlı kitabda həmçinin qaraqalpaq muytenlərin və özbək mitanların Cənubi Azərbaycanla bağlılığı məsələsinə toxunaraq, ərəb tarixçisi Mədqusinin fikirləri, bir sıra elmi ədəbiyyatlar əsasında onların Cənubi Azərbaycandan, Mesopotomiyadan getdiklərini təsbit etdir.
Müəllif burada erməni məsələsinə geniş yer vermiş, bu mənfur düşmənlərin iç üzünü açan, yaratdıqları “yalançı tarixi” darmadağın edən maraqlı fikirlər irəli sürmüşdür. O, Strabonun fikrinə istinad edərək bildirir ki, hələ e.ə.V əsrdə Herodotun vaxtında Ermənistanın Şimal-qərb hissəsində ermənilər yaşamayıb, Azərbaycana sərhəd olan vilayətlər, “Van” gölü ətrafı , Vaspurakan (Ararat vadisi və s. nəzərdə tutulur) kiçik Midiyadan alınıb Ermənistana b.e.ə. II əsrdə qarışdırılmışdır”.

Müəllif Ermənistan və Azərbaycanın qərbində Hind-Avropa dilli tayfalar gəlməzdən öncə başqa tayfaların yaşadığını qeyd edir və saspirlər, taoxlar, skiflər, xaliblər, basillər, arxonlar kimi adları çəkilən bu tayfaların çoxunun adının türk adları olduğunu göstərir. Və bununla da Azərbaycanlıların təxminən 3000-3500 il öncə də mövcud olduğunun alimlər tərəfindən müəyyənləşdirildiyini göstərir.
Zərdüştlük dininin yaradıcısı Zərdüşt haqqında məlumat verilir, bu dinin tarixinin müxtəlif mənbələrdə fərqli göstərildiyini qeyd edən müəllif bir çox İslam tarixçilərinin fikirlərinə istinad edərək, Zərdüştün Təbriz yaxınlığındakı Şizdə doğulduğunu yazır və oda sitayişin Urmiya ətrafında yayıldığının şübhəsiz olduğunu göstərir, sonra isə müəllif bu din haqqında düşüncələrini oxucu ilə bölüşür.
Azərbaycanlılar qədim vaxtlardan oda böyük inam, hörmət bəsləmişlər. Təsadüfi deyil ki, onların inancına görə, oğuzun özü işıqdan əmələ gəlmiş, anası Ay, atası Qaraxan, yəni qaranlıq səma idi. “Oğuzun altı oğlunun adları da bu ulusu kainata və təbiətin ulu qüvvəllərinə bağlayır: Günxan, Ayxan, Ulduzxan, Göyxan, Dağxan, Dənizxan...” .
Azərbaycan tarixinin elə bir dövrü yoxdur ki, bu əsərdə toxunulmasın; uzaq və yaxın keçmişimizin səhifələri qürurla anəlmasın. Belə ki, ərəblərə qarşı xalq müharibəsi aparan Babəkdən, onun azadlıq uğrunda sarsılmaz mübarizəsindən söz açan Sabir Rüstəmxanlı, eyni zamanda öz uşaqlıq dünyasına da səfər edir, ürəkdolusu atasından danışır, əlində qəlpə yarası olmasına baxmayaraq zəhmətlə tarlada çalışmasını sevgi ilə anır.

Əsərin bir fəsli “Nuhun torpağı, nuhun qəbri” adlanır. Sabir Rüstəmxanlı Naxçıvan sözünün Naxçıvan-Nuhçıxan el yozumu ilə etimoloji cəhətdən əlaqələndirilməsi ilə həyəcanlandığını bildirir. Bu sözlərin əlaqələndirilməsi bizdə də maraq yaratdı. Araşdırmamız zamanı qarşımıza İsa Həbibbəylinin maraqlı məqaləsi çıxdı. O, Naxçıvan sözünün mənşəyi ilə bağlı yazır: “Naxçıvan sözünün tərkibindəki Nax komponenti də Nuhla bağlı məna ifadə edir. Doğrudur, tədqiqatlar da Nax-dan əsasən nax-lar, yəni Nax etnosu, Nax tayfası kimi bəhs edilir. Ancaq nəzərə almaq lazımdır ki, geniş mənada bəşəriyyət dünya tufanından sonra yeni həyata Nuhun tayfasının davamı olaraq, Nuhun törəmələrinin artması ilə başlamışdır. Həzrəti Nuh peyğəmbər ayrılıqda götürülmüş bir xalqın, xüsusi bir etnik qrupun deyil, bütövlükdə bəşəriyyətin ulu babasıdır. Naxçıvan sözünün tərkibindəki Nax komponenti çox asanlıqla Nuh kimi də oxuna bilər. Bizə görə Nax etnosu kimi zaman-zaman dəyişərək Nuh-Noy-Nox-Nax, yaxud da Noy-Nuh-Nəx-Nox-Nax şəklini almışdır. Azərbaycan dilində fonetik hadisə kimi x-h, yaxud da y-x, o-a səs dəyişməsi proseslərinin olduğunu nəzərə alsaq, Nuh-Noy, Nox-Nax formatındakı inkişafı təbii bir proses kimi asanlıqla izləmək və qəbul etmək lazım gələr. Yəni Nax etnosunun Nuh, Noy, Nax adları və anlayışları ilə əlaqədar olması mümkün ola bilən bir haldır”.

Naxçıvan tarixindən, Ordubaddan Şərura, Ağrı dağının ətəklərinədək uzanan bu diyarın sirlərindən, qədimliyindən bəhs edən S.Rüstəmxanlı Maral bulağı, Şam bulağı, Hüseyn bulağına, “Möminə xatun” türbəsinə səyahət edir. Qarabağlar abidəsinə olan marağı nəticəsində yol yoldaşları İsa Həbibəyli və Sevindik Novruzovdan həmin abidəni ziyarət etməyi xahiş edir. Lakin müəllif bu abidənin sovet dönəmində (əsərin yazıldığı dövrdə) xarabaxanaya çevrilməsindən təəssüflənir, dərin kədər hissi keçirir.

Sabir Rüstəmxanlının “məhəbbət məktubu”... Sabir Rüstəmxanlı “Bu yazı mənim məhəbbət məktubumdur”, “O şeylərdən danışıram ki, onlara ürəyimlə inanıram” deyərək həqiqətən də öz Vətəninə, elinə olan məhəbbətini izhar edir bu kitabda. Azərbaycan torpaqlarını qarış-qarış gəzən, demək olar ki, tariximizin bütün səhifələrinə nəzər salan müəllif irəli sürdüyü fikirləri kor-koranə deyil, elmi dəlillərlə, tarixi mənbələrə istinad edərək söyləyir. Onun “Ömür kitabı” həm də bir xalqın tarix salnaməsidir. Kitabı oxuyarkən müəllifin Azərbaycana olan hədsiz sevgisi oxucunun qəlbində şölə yandırır, Vətən tarixinə olan marağını alovlandırır. Yarandığı dövrdə belə bir müqəddəs missiya daşıyan kitab, bu gün də önəmini saxlamışdır. Kitab müstəqil Azərbaycan vətənimizin tarixinə işıq salan bir fəxarət örnəyidir.

Gülnar QƏMBƏROVA,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: