Tədbiri giriş sözü ilə açan İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar haqqında məlumat verib. Vüqar Babayev dövlətimiz tərəfindən elmin inkişafına diqqət və qayğı göstərildiyini, AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılmasının bunun bariz nümunəsi olduğunu bildirib.
Şöbə müdiri Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin alim və mütəxəssislərini Parkın gələcək fəaliyyətində yaxından iştiraka, öz innovativ ideya və təkliflərini təqdim etməyə dəvət edib.
Sonra İnnovasiya şöbəsinin baş mütəxəssisi Samir Vəliyev "AMEA-da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili" mövzusunda məruzə ilə çıxış edib. Natiq məruzəsində şöbənin innovasiya fəaliyyətindən, Akademiyada elmin kommersiyalaşdırılması üzrə görülən işlərdən danışıb. Samir Vəliyev Yüksək Texnologiya Parkının gələcək inkişafı üçün innovasiya fəaliyyəti istiqamətində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Seminarda AMEA Müəllif Hüquqları və Patent şöbəsinin müdiri Sadıx Nəbiyev "Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu" adlı məruzəsində əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sadıx Nəbiyev çıxışında patent və əqli mülkiyyət hüquqlarının tətbiqinin onun qorunmasından daha önəmli amil olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Proqram və Layihələr sektorunun rəhbəri Arif Nəcimov beynəlxalq proqram və layihələrin önəmindən danışıb. Avropa Komissiyasının "HORİZON-2020" və Erasmus+ KA2 kimi çərçivə proqramlarında iştirakın zəruriliyini vurğulayan A.Nəcimov Fransada əldə etdiyi təcrübələri seminar iştirakçıları ilə bölüşüb.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar şöbəsinin müdiri, “Nəzəri fizika” kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yaşar Hüseynəliyev çıxış edərək AMEA ilə universitetlər arasında əlaqələrin ali məktəblərin inkişafına böyük tövhə verəcəyini qeyd edib və gələcəkdə təmsil etdiyi universitetin Akademiya ilə əməkdaşlıq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, növbəti seminar 24 noyabr 2016-cı il tarixində Biologiya və Tibb Elmləri Bölməsi üzrə keçiriləcək.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.