ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm verir

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm verir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AMEA-nın prezidenti, akademik
Akif Əlizadə
ötən ay ABŞ-da səfərdə olan
AMEA-nın nümayəndələrinə göstərilən
diqqətə görə minnətdarlığını bildirib.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, akademik A.Əlizadə ABŞ-da elm və texnologiya, kadr hazırlığı sahələrində əldə edilən nailiyyətlərə AMEA-da xüsusi diqqət yetirildiyini söyləyib, hər iki ölkənin alimləri tərəfindən neft yataqlarının öyrənilməsi, biotexnologiya, genetika sahələrində aparılan müştərək tədqiqatlar barədə məlumat verib.

Derek Hoqan vurğulayıb ki, ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm verir.
Qonaq ABŞ Dövlət Departamentinin xətti ilə elmi əməkdaşlıq sahəsində həyata keçirilən proqramlar və əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib.

AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva akademiyanın nümayəndələrinin ABŞ-a səfəri və Azərbaycanda keçiriləcək növbəti Respublika Elm Festivalına hazırlıq çərçivəsində görülən işlər barədə məlumat verib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ABŞ-ın müvafiq universitetləri ilə birlikdə seysmologiya, geofizika, yüksək texnologiya və digər sahələr üzrə həyata keçirilən proqramlar haqqında məlumat verib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev informasiya texnologiyaları sahəsində əməkdaşlıq barədə danışıb. R.Əliquliyev dövlət siyasətinin prioritet istiqamətlərindən birinin proqram mühəndisliyi sahəsində sənayenin inkişaf etdirilməsi olduğunu bildirib.
Akademik AMEA-da informasiya-kommunikasiya texnologiyaları üzrə xüsusi qrupun formalaşdırılaraq proqramçıların həyata keçirilən layihələr və qabaqcıl texnologiyalarla tanışlıq üçün Kaliforniya ştatının San-Fransisko şəhərindəki Silikon vadisinə göndərilməsini təklif edib.

Bu layihənin bütün təşəbbüskarlarına minnətdarlığını bildirən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova qeyd edib ki, rəhbəri olduğu institutun iki gənc əməkdaşı da ABŞ səfərində iştirak edib və proqramın dolğunluğu sayəsində qısa müddət ərzində onlar müxtəlif elmi mərkəzlərinin fəaliyyəti ilə tanış olublar. İ.Hüseynova qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, institutun və ABŞ-ın müvafiq elmi mərkəzlərinin alimləri tərəfindən aparılan müştərək tədqiqatlar barədə məlumat verib.

Müşfiq BORÇALI,
ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: