AMEA-dan ZiM.Az-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov iştirak ediblər.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar biologiya” ixtisası üzrə Aytən Hacıyeva, Cəmilə Bayramova, Bənövşə Bənnayeva və Günay İsmayılova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə Eynulla Bəhramov, Nigar İbrahimova və Nərmin Abdurrəhmanova, Nəsimi adına Dilçilik İnstitutunda isə “Qədim dillər və mədəniyyətlər” ixtisası üzrə Aynur İmanova, Aysel Sadıqova və Ülkər Mirzəyevanın dissertasiya işlərinin müdafiəsi keçirilib.
Çıxış edən magistrantlar akademik Akif Əlizadəyə AMEA-da magistratura pilləsinin yaradılması və təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. AMEA-nın elmi-tədqiqat laboratoriyalarında əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.
Sonra akademik Akif Əlizadə çıxış edərək bildirib ki, iki il öncə akademiyada magistratura yarananda cəmi 7 ixtisas üzrə 19 magistrant qəbul edildiyi halda, bu il magistratura üçün 87 yer ayrılmışdır. Bu da Prezident İlham Əliyevin elmə göstərdiyi xüsusi diqqətin nəticəsidir.
AMEA rəhbəri AMEA-da pilot layihələrdən olan magistratura pilləsinin yeni yaradılmasına baxmayaraq uğurlu nəticələrin əldə olunduğunu bildirib. Qeyd edib ki, magistratura təhsilinin təşkili gənclərin elmi fəaliyyətə cəlb olunmasına böyük təkan vermiş, elm və təhsilin inteqrasiyası prosesini sürətləndirmişdir.
Akademik A.Əlizadə magistraturanı bitirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Alim bundan sonra da gənclərin elmi-tədqiqatlar aparması və dünya elminə inteqrasiyaları üçün lazımi köməklik göstərməyə hazır olduğunu qeyd edib.
Sonda magistratların hər birinə müvafiq ixtisaslar üzrə magistr elmi dərəcəsinin və fərqlənmə diplomunun verilməsi haqqında qərar qəbul edilib.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.