AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, görüşdə akademik Akif Əlizadə keçən ilin oktyabr ayında AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edib ki, müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və burada çalışan alim və mütəxəssislər Clarivate Analytics platformasının bibliometrik şəbəkəsindən (Web of Science) istifadə imkanı əldə ediblər. Təşkilatın rəhbərliyinə yaradılan imkanlara görə minnətdarlığını bildirən akademik Akif Əlizadə Clarivate Analytics ilə əməkdaşlığı yüksək dəyərləndirib, bu əməkdaşlığın Azərbaycanda elmin inkişafına, ölkə elminin dünyadakı nüfuzunun artmasına töhfə verəcəyini və tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirib.
Sonra Clarivate Analytics təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnan çıxış edib. Qonaq bildirib ki, görüşün əsas məqsədi AMEA ilə Clarivate Analytics təşkilatı arasında birgə əməkdaşlığın gedişatını və Web of Science elmmetrik məlumat bazasından istifadə imkanlarının genişləndirilməsini müzakirə etməkdir.
Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin isə öz çıxışında AMEA-nın alim və mütəxəssisləri üçün təşkil olunan seminar və təlimlərdən söz açaraq, bu günədək 20-dən çox təlimin baş tutduğunu, yaxın gələcəkdə isə “Web of Science” üzrə setrifikatlaşdırma proqramının həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Daha sonra təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov AMEA-da elmmetriya ilə məşğul olan qrupun yaradılacağı təqdirdə Clarivate Analytics şirkətinin bu təşəbbüs üçün zəruri olan metodoloji dəstəyi verməyə hazır olduğunu deyib.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxışında AMEA ilə Clarivate Analytics arasında əməkdaşlığın Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd edib. Akademik magistratura və doktorantura pillələrində minimal elmmetrik biliklərin tədris olunması təklifini irəli sürüb. Təşkilatın nümayəndələri təklifi dəstəkləyərək bu təşəbbüsün nüfuzlu elmi jurnallarda Azərbaycandan olan əsərlərin sayının artmasına səbəb olacağını vurğulayıblar.
Clarivate Analytics agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə qeyd edib ki, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi və Beynəlxalq əlaqələr idarəsinin, analitik və ekspertlərin dəstəyi ilə məlumat bazasında AMEA-nın profilinin yaradılması üzrə mühüm işlər həyata keçirilib.
Görüşdə həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.
Samirə KƏRİMOVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.