Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA ilə İİTKM-in əməkdaşlığından danışıb. Bildirib ki, bu əməkdaşlıq elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, eləcə də bu istiqamətdə qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə zəmin yaradacaq. Akademik AMEA Yüksək Texnologiyalar Parkının ərazisində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilməkdə olduğunu da deyib.
İİTKM-nin icraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı çıxışında Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu istiqamətində həyata keçirilən islahatlardan söz açıb. Ölkədə istehsalçı müəssisələrin məhz qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşdıqdan sonra rəqabət qabiliyyətini yüksəldə biləcəyini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad üzrə elmlər doktoru Ədalət Muradov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru Nazim İmanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vuqar Babayev və digər iştirakçılar çıxış edərək Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya inkişafına diqqətin artırılmasının vacibliyini qeyd ediblər. Azərbaycanda innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin mövcud vəziyyətindən danışıblar.
Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyinin bariz nümunəsidir.
Konfransda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların həm də innovasiya və texnologiyaların inkişafına öz müsbət töhfəsini verdiyi qeyd edilib. Bundan başqa, İİTKM-də “Azərbaycan Rəqəmsal Ticarət Qovşağının” yaradılması xüsusi vurğulanıb.
Qeyd edək ki, 16 noyabr 2016-cı il tarixində AMEA ilə İİTKM arasında imzalan əməkdaşlıq haqqında memoranduma əsasən, bu tip tədbirlər davamlı olaraq keçiriləcək.
Müşfiq BORÇALI,
ZiM.Az
.