İclasa sədrlik edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, orfoqrafiya məsələlərilə bağlı mətbuatda bu günə kimi 300-dən artıq məqalə dərc edilib. Vurğulayıb ki, bu müddət ərzində Azərbaycan ictimaiyyəti yeni orfoqrafiya qaydaları ilə bağlı fikirlərini bölüşüb və onlar nəzərə alınıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Orfoqrafiya Komissiyasının İşçi qrupu müzakirə prosesində çox diqqətli olmağa çalışıb: "Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb, ictimaiyyət öz fikrini bölüşüb".
İ.Həbibbəyli yeni orfoqrafiya qaydaları təsdiq olunarkən dildə gedən proseslərin, ictimai və mütəxəssis rəylərinin, eləcə də dilin özünün uyğunluğunun nəzərə alındığını deyib.
Nəsimi adına Dilçilik İnstitutu nun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Orfoqrafiya Komissiyasının İşçi qrupunda 15 nəfər tanınmış dilçi alim təmsil olunub. O, ötən müddət ərzində İşçi qrupunun 7 iclasının keçirildiyini, mətbuatda orfoqrafiya məsələlərilə bağlı gedən müzakirələrin izlənildiyini və materialların toplanıldığını söyləyib.
İclasda, həmçinin akademiklər - Rafael Hüseynov, Kamal Abdullayev, professorlar - Nazim İmanov, Sayalı Sadıqova, İsmayıl Məmmədli və Buludxan Xəlilov çıxış edərək fikirlərini bölüşüblər.
İclasın sonunda aşağıdakı iki maddə qəbul edilməyib:
- Maddə 34: Ərəb mənşəli –iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa ysamitlərindən birinin düşməsi.
Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.
Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyyə, maliyyə və s.
2.- Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa m hərflərindən birinin düşməsi:
Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.
Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.
3. Apostrofun ləğvindən sonra sözlərdə heca yerinin dəyişməsi.
Köhnə variant: sür′-ət, cür′-ət, məş′əl, Kən′-an və s.
Təklif olunan variant: sü-rət, cü-rət, mə-şəl, Kə-nan və s.
Qəbul edilən yeni maddələr isə bunlardır:
- Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.
Mövcud variant: ssenari, ssuda.
Təklif olunan variant: senari, suda.
- Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.
Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.
Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.
- Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.
Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.
- Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.
Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa,ümum-Bakı, ümum-Rusiya və s.
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
- Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:
Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi.
- Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.