Teymur KƏRİMLİ,
AMEA-nın həqiqi üzvü,
Humanitar Elmlər Bölməsinin akademik-katibi.
AMEA-nın həqiqi üzvü,
Humanitar Elmlər Bölməsinin akademik-katibi.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan, Akademiyanın da yüksək inkişaf mərhələsinə çatmasına ilham verən, onu “Milli” statusu ilə şərəfləndirən Ümummilli lider Heydər Əliyev Öz dərin mənalı müdrik kəlamları ilə bu elm məbədinin mahiyyətini və məğzini, Vətənin və xalqın taleyində oynadığı müstəsna rolu açıqlamış və yüksək qiymətləndirmişdir. Ulu öndərin sadə laborantından tutmuş akademikinədək hər bir Akademiya əməkdaşına qürur verə biləcək müdrik sözlərini olduğu kimi nəzərdən keçirək: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.
Elə bu dərin mənalı sözlərin işığındaca yolüstü Akademiyanın divarları arasından çıxıb, Zamanda da səyahət etsək, yüzillərin dərinliklərindən çağdaş Azərbaycan elminin zəngin ənənələrinə şahid olarıq. Rəsmən Akademiyanın üzvü olmayan, ancaq mənən bu haqqı qazanmış neçə-neçə böyük azərbaycanlının yaradıcılığına da bir göz atarıq, azərbaycanlı olduğumuz üçün bir daha fəxr edərik. Ulu öndərin dahiyanə sözlərini ürəyimizdə təkrar etməkdən sevinc duyarıq: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Ümummilli liderin bu sözləri Azərbaycan elminin də əsasını təşkil edən azərbaycançılıq ideologiyasının guşə daşıdır, onun başlıca prinsipidir. Elə bu ideologiya idi ki, keçid dövrünün keşməkeşli illərində, Elmlər Akademiyasının başı üzərində Damokl qılıncı asıldığı vaxt Böyük Xilaskar əfsanəvi Simurq quşu kimi özünü yetirdi və elmimizin məbədgahını Öz möhtəşəm qanadları altına aldı. Ona görə də heç kəsə sirr deyil ki, Azərbaycan Milli Elmlər Akademiyasının bugünkü uğurları Ümummilli liderin və Onun elm siyasətini, ümumilikdə, ölkəmizdə alimə bəslənilən yüksək münasibətini ləyaqətlə, yaradıcılıqla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının adı ilə bağlıdır.
Hər bir azərbaycanlı kimi, biz alimlərə də bu adlar çox əzizdir və işimizdə göstərdiyimiz səy və məsuliyyətə görə həmin şərəfli adların etimadını həmişə doğrultmağa çalışırıq. Rəhbər və alim qarşılıqlı münasibətlərindəki bu xoşgörünün Azərbaycan ədəbi-mədəni mühitindəki tarixinin isə nə az, nə çox - səkkiz yüzildən artıq bir yaşı vardır. Məhz XII yüzilin sonu - XIII yüzilin əvvəllərində Azərbaycanın böyük alimi, dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi yaratdığı ideal hökmdar - İsgəndər obrazı ilə Azərbaycan ədəbiyyatı tarixində maarifçi hökmdar surətinin böyük örnəyini bütün dünyaya təqdim etdi. Ölkənin idarəçiliyində alimlərə söykənən İsgəndərin bu sözləri, əslində, böyük Nizami Gəncəvinin sözləridir və günümüzün dünyasına göndərdiyi müdrik mesajla Azərbaycan xalqının necə maarifpərvər və elmə tələbkar bir xalq olduğunu göstərirdi:
Əmr etdi, verildi belə bir fərman:
“Alimdir gözümdə ən əziz insan!
Elmlə, hünərlə, başqa cür heç kəs
Heç kəsə üstünlük eləyə bilməz!
Rütbələr içində seçilir biri -
Hamıdan ucadır alimin yeri!”
Bu humanist ənənələr üzərində kamala çatmış Azərbaycan hökmdarları həmişə elmin, alimin qədir-qiymətini bilmiş, qayğısına qalmışlar. Şirvanşahlar, Atabəylər, Səfəvilər, Əfşarlar, Fətəli xan, Cavad xan, Kəlbəli xan, Hüseyn xan Müştaq, elmə, sənətə, müdrik sözə, didaktik fikrə böyük önəm verən, özləri də dövrlərinə görə mükəmməl təhsil görmüş dövlət başçıları olmuşlar, idarə etdikləri cəmiyyətin dini və dünyəvi biliklərə sahib olmalarını istəmişlər.
Azərbaycana rəhbərlik etmiş dövlət başçılarının cərgəsində Heydər Əliyevlə İlham Əliyev ən uca zirvədə durur, ən öndə gedir, desək, qətiyyən yanılmarıq! Bir də ki, Azərbaycan heç vaxt indiki qədər müstəqil, özü öz taleyinin ağası, qüdrətli və dünya birliyində sözü keçən olmayıb. Əlbəttə ki, bütün bu üstünlüklərdən elmi fikrimizə, elmimizin inkişafına, alimlərə qayğı göstərilməsinə də böyük bir pay düşür. Doğma dövlətimizin qayğısı altında qloballaşmanın çağırışlarına inamlı səslə hay verən Azərbaycan elmi bu gün öz simasını, yüzillərdən bəri qoruyub saxladığı ənənələri davam etdirməyə böyük önəm verir. Çünki Yer kürəsinin, bəşəriyyətin, bəlkə də, ən böyük dəyərlərindən biri olan milli, dini, mədəni rəngarəngliyi qoruyub saxlamaq, zənginləşdirib gələcək nəsillərə çatdırmaq hər bir insansevər alimin borcu olmalıdır. Elə bizim dövlət siyasəti də multikultural dəyərləri ictimai-mədəni həyatımızın başlıca prioritetləri sırasına çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları multikulturalizmi bizim həyat tərzimiz elan edərkən nə qədər haqlıdırsa və müdrikdirsə, monoetnik dövlətləri buna alternativ kimi qoymaq istəyənlər o qədər haqsız və düşüncəsiz, uzağı görməyənlərdir!
Bir neçə ildən bəri bütün dünyanın humanitar fikrini özünə cəlb etmiş Bakı Beynəlxalq Humanitar Forumlarından birinin açılış iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bu sözlər əsrlərdən bəri xalqımızın rəhbər tutduğu minillik humanitar fikrimizin müdrik yekunu kimi səslənir:
“Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.
Bizim keşməkeşli, bəzən də məntiqsiz və qəddar dövrümüz üçün çox vacib olan bu cür dəyərlərin qorunub inkişaf etdirilməsində Azərbaycan elminin də üzərinə çox məsul vəzifələr düşür və bu vəzifələrin öhdəsindən ləyaqətlə gəlmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının alimləri də səylə çalışmaqdadırlar.
Bəşər tarixindəki dünyəvi dinlərin müqəddəs kitabları bizə öyrədir ki, hər şey Sözdən başlandı. Tanrı bircə dəfə “Ol!” dedi və bütün Kainat yarandı...
Əlbəttə, müasir elmi fikrin bu qənaətə münasibəti birmənalı deyildir. “Böyük Partlayış”, “Genişlənən Kainat”, “Supersıxılmış Materiya”, “Kosmik Dumanlıqlar” və s. haqqında alternativ nəzəriyyələr indinin özündə də zaman-zaman meydana çıxmaqdadır və təbii ki, onların hamısı Kainatın yaranması və inkişaf yolunu obyektiv şəkildə göstərməkdə kifayət qədər acizdir. Kainatın sirlərinin sonsuz olduğunu çox gözəl bilən dahi Nizami bütün bunları nəzərdə tutaraq yazırdı:
O şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır!
Bəli, Tanrı da demişdi ki: “Mən gizli bir xəzinə idim!”
Ancaq qayıdaq Milli Elmlər Akademiyasına və Akademiyanın yaxın-uzaq qaynaqlarına. Necə ki, dağların döşündən axan bulaqlar axırda birləşib çaylara çevrilir, Azərbaycan Milli Elmlər Akademiyası da öz saf suyunu, qidasını çox uzaq keçmişlərdən, eramızdan əvvəlki əsrlərdən alaraq müasir dövrümüzə qədər gətirib çıxarır və daha böyük sabahlara doğru aparır.
Zərdüşt haqqında bir tarixi şəxsiyyət və peyğəmbər kimi söz açanlar onun e.ə. VII-VI yüzillərdə Azərbaycanın Araz qırağında doğulub boya-başa çatdığını etiraf edirlər. Deməli, hətta etnik mənsubiyyəti bir kənara qoysaq belə, Zərdüştün azərbaycanlı olduğunu, Azərbaycan torpağından nəşvü-nüma tapdığını istər-istəməz qəbul etməliyik. Bu, həm də müasir azərbaycançılıq ideologiyasının prinsiplərindən doğan bir qənaətdir. Təbii ki, Azərbaycan - azərbaycanlıların vətənidir!
Peyğəmbər Tanrı bilgisini insanlara çatdırırdı, deməli, özü də bir bilgin idi, alim idi və bu mənada Zərdüştü ilk azərbaycanlı alim, onun “Avesta”sını isə ilk elmi monoqrafiya saymaq olar. Bu minvalla Azərbaycan elminin 2700 illik bir tarixinin olduğunu deyə bilərik.
Aradan min ilə yaxın bir zaman keçməliydi ki, Türk yurdu Turanda etnik mənsubiyyətinə şübhə etmədiyimiz başqa bir alim - Bilgə Tonyukuk zahirə çıxsın. Onu da deyək ki, “Bilgə” sözü indiki mənada elə “bilgin, alim” deməkdir.
Çox ləngərli bir gedişə malik olan, yavaşıdılmış kino lentindəki kimi tələsməyən, asta-asta hərəkət edən orta əsrlərə yüzillər lazım idi ki, türklüyü ilə Azərbaycanla bağlı, ümumtürk dəyərlərinin daşıyıcısı Yusuf Xas Hacib özünün mənzum humanitar ensiklopediyası adlandırıla biləcək “Kudatqu Bilik”, yəni “Xoşbəxtlik gətirən Bilik” poemasını yazsın və sübut etsin ki, cəmiyyətin xoşbəxtliyi onun bilik və elm səviyyəsindən asılıdır. O dövrkü türk dillərinin müqayisəli lüğətini yazmış Kaşğarlı Mahmud da öz həməsri kimi Azərbaycan akademik elminin beşiyi başında duranların sırasına aid edilə bilər.
O dövrün elm dili olan ərəb dilində yazıb-yaratmış, dahi Əbu Əli İbn Sinanın ən sevimli tələbələrindən olan Bəhmənyar əl-Azərbaycani də bizim halalca alimimiz sayılmalıdır. Çünki ən azından, Vətənimizin adını öz soyadında yaşadır.
XI yüzilin Azərbaycan filoloq-alimi, ilk ədəbiyyat nəzəriyyəçimiz və dilçimiz Xətib Təbrizi də o dövrün elm dili olan ərəb dilində yazıb-yaradır, müsəlman Şərqinin ilk universiteti sayılan Nizamiyyə mədrəsəsində pedaqoji fəaliyyətlə məşğul olurdu. İndiki anlayışlarla ifadə etsək, həmin o Nizamiyyə Universitetinin sayılıb-seçilən professorlarından biri, universitetin rektoru statusunda olan Əbül-əla əl-Məərrinin sevimli tələbəsi idi. O da qürur doğurur ki, tarixdə ilk dəfə “Azərbaycan dili” ifadəsinin işlənməsi də, XI əsrdə Xətib Təbrizinin adı ilə bağlıdır.
XI-XII əsrlərdə yaşayıb fəaliyyət göstərmiş dünya şöhrətli Azərbaycan filosofları Eynəlqüzat Miyanəci və Şəhabəddin Sührəverdi bu gün Şərqdə və Qərbdə onlarla tədqiqatçının diqqətini özünə cəlb etməkdə, orta əsrlərin başqa müsəlman filosofları ilə bir sırada öyrənilməkdədir.
O, sözsüz ki, bəşər elmi fikrinin dahiləri həm də ayrı-ayrı xalqların dahiləri sayılmalıdır, çünki Yer üzərində insan populyasiyası yalnız bir ad altında mövcuddur və irqi, etnik, dini ayrılıqlar və fərqlər bunların arasında Çin səddi çəkə bilməz. Ona görə də Aristotel nə dərəcədə yunan xalqına mənsubdursa, o dərəcədə də Azərbaycan xalqına və başqa xalqlara aiddir və Gəncəli Nizami nə dərəcədə Azərbaycan xalqına mənsubdursa, o dərəcədə də yunan xalqına və başqa xalqlara məxsusdur. Elə bu səbəbdən deyirlər ki, alimin və elmin Vətəni yoxdur; onlar bütün bəşəriyyətə mənsubdurlar. Sadəcə, hər bir xalq yetirdiyi və insanlığa ərməğan etdiyi dahilərlə fəxr edir. Azərbaycan xalqı da bu baxımdan Gəncə dahisi Nizami ilə və başqa böyük şəxsiyyətlərimizlə fəxr etməkdə tamamilə haqlıdır.
Qanlı-qadalı XIII yüzildə də Azərbaycan xalqı öz elmi potensialını ortaya qoyaraq, Nəsirəddin Tusi kimi ensiklopedik bir zəkanı dünya elminə bəxş etdi. Sələfi Nizami Gəncəvi kimi, Nəsirəddin Tusi də öz dövrünün bütün elmlərinə bələd olmuş, hər sahəyə aid orijinal əsərlər qələmə almışdır. Marağa şəhərində monqol hökmdarı Hülaku xanın vəziri olan Nəsirəddin Tusi həm riyaziyyatçı, həm də astronom, hüquqşünas, politoloq, həkim, filosof, iqtisadçı, ədəbiyyatşünas, musiqişünas, şair... olmuşdur. Orta əsrlərin başqa ensiklopedik zəkaları kimi Xacə Nəsirəddin Tusi də öz elmi fəaliyyətini, indiki terminlə desək, multidissiplinar yöndə qurmuşdur.
XIV yüzildə də Azərbaycan alimləri humanitar sahədə sanballı əsərlər ərsəyə gətirdilər. Görkəmli dilçi alim Hinduşah Naxçıvaninin farsca-türkcə lüğəti Mahmud Kaşğari elmi ənənələrini davam etdirirdi. Vəhid Təbrizinin poetikaya dair tədqiqatında isə Xətib Təbrizi ənənələri inkişaf etdirilirdi...
XV-XVI yüzillərdə Azərbaycan elmi daha çox ruhani sahədə və poeziya kontekstində inkişaf edirdi. Bu dövrün onlarla azərbaycanlı ruhani aliminin adını sadalamaq olar ki, burada təfərrüata varmadan dahi bir alim-şairimiz haqqında bir neçə söz deməklə kifayətlənmək istərdik. Bu, görkəmli ingilis şərqşünası Gibbin “Qəlb Şairi” kimi yüksək bir mərtəbəyə qaldırdığı və Qərbə tanıtdığı Məhəmməd Füzulidir. Sələfi dahi Nizami Gəncəvi kimi, Füzuli də ömrünün sanballı bir hissəsini elmləri öyrənməklə keçirmiş, hətta fəlsəfəyə və təbabətə aid traktatlar da ərsəyə gətirmişdi. Bu həmin Füzulidir ki, poeziyanın elmiliyi haqqında aşağıdakı məşhur sözləri söyləmişdi: “Elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur”. Elə elmiliyi səbəbindən istər Nizami Gəncəvinin, istərsə də Məhəmməd Füzulinin əsərləri əsrləri yararaq bu günümüzə gəlib çatmış və indi də insanın daha da kamilləşməsi yollarında öz missiyasını davam etdirməkdədir.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonra ölkəmizdə elm tədricən Şərq kontekstindən çıxaraq Qərb elmi-mədəni mühiti kontekstinə daxil olur və elmi axtarışların məcrası bu yöndə davam etdirilir. Bu mənada Abbasqulu ağa Bakıxanovu, Mirzə Fətəli Axundzadəni, Mirzə Kazım bəyi, Həsən bəy Zərdabini, Mirzə Cəfər Topçubaşovu və başqalarını müasir Azərbaycan akademik elminin beşiyi başında duranlar kimi qiymətləndirmək olar.
XX yüzilliyin əvvəllərində Azərbaycanın, qısa müddətə olsa da, dövlət müstəqilliyini əldə etməsi ölkədə elmin və təhsilin sürətli inkişafa doğru istiqamət götürməsinə səbəb oldu. 1919-cu ildə Bakı Universitetinin təsis edilməsi, 100 azərbaycanlı tələbənin təhsil almaq üçün Avropaya göndərilməsi, iqtisadi vəziyyəti o qədər də ürəkaçan olmayan gənc respublikanın Bakı Universitetində çalışmaq üçün xaricdən görkəmli alimləri dəvət etməsi Azərbaycan Demokratik Respublikası rəhbərliyinin elmin və təhsilin inkişafına necə böyük önəm verdiyinin bariz göstəricisidir.
1920-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini qismən itirsə də, elm və təhsil sahəsində ölkədə kifayət qədər böyük quruculuq və inkişaf nəzərə çarpmaqda idi. 1922-ci ildən başlayaraq, xüsusən humanitar və ictimai elmlər sahəsində böyük canlanma gedirdi. Elə bunun nəticəsi olaraq və toplanmış materialın, eləcə də SSRİ EA Azərbaycan Filialının bazasında 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edildi. Bu, Azərbaycan akademik elminin əldə etdiyi ən böyük uğurlardan biri sayılmalıdır. Onu da nəzərə alaq ki, alman faşizmi ilə müharibənin taleyi müəyyənləşsə də, hələ tam qələbə çalınmamışdı və Böyük Vətən müharibəsinin bitməsinə iki ay qalmış Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi bu ölkədəki fundamental elmə göstərilən böyük etimadın təzahürü kimi qiymətləndirilməlidir. Bu isə SSRİ EA Azərbaycan Filialının qısa müddətdə ümumittifaq elm mühitində əldə etdiyi böyük uğurların nəticəsi kimi dəyərləndirilə bilər.
XX əsrin 70-80-ci illəri akademik elmin inkişafında xüsusi yüksək mərhələ təşkil edir. Bu illərdə qədimdən bəri Azərbaycan humanist maarifçi sənətkarlarının arzusu olan, xüsusən dahi Nizami Gəncəvinin (XII əsr) poemalarında öz bədii-fəlsəfi əksini tapmış maarifçi hökmdar kimi qiymətləndirilə bilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Elmə, təhsilə, mədəniyyətə xüsusi qayğı göstərən, bunların inkişafını ölkənin başlıca prioritetlərindən sayan Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının inkişafına da yüksək dəstək göstərmişdir.
Keçən əsrin 80-ci illərinin ikinci yarısında baş verən çətin və mürəkkəb tarixi-siyasi proseslər Azərbaycan Elmlər Akademiyasından da yan keçməmişdir. Xüsusən, dövlət müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətə gəlmiş səriştəsiz rəhbərlik Akademiyanın varlığını da şübhə altına almışdı. Yaxşı ki, bu tendensiya uzun sürmədi və xalqın tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev Akademiyanı “milli sərvət” adlandıraraq ona milli status verdi. Ulu öndərin layiqli varisi və davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün 2005-ci il fevralın 14-də imzaladığı Sərəncamla böyük elmin yeni inkişafına təkan vermişdir.
2014-cü il martın 14-də isə yurdumuzun başlıca elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik şanlı yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ölkəmizdə elm sahəsində yeni bir islahatlar dövrünün başlanmasına və inkişafına təkan vermişdir.
Bu gün Azərbaycan elminin flaqmanı olan Azərbaycan Milli Elmlər Akademiyası özünün yüksəliş və islahatlar dövrünü yaşayır, yeni, saf atmosferini, hərtərəfli inkişafa aparan qəti addımlarını formalaşdırır. Müasir mərhələdə keçmiş SSRİ məkanında fəaliyyət göstərən akademiyaların böyük çətinliklər dövrünü yaşadığı bir zamanda Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf etməsi bir çoxlarında heyrət doğurur və elmin inkişafının Azərbaycan modeli kimi qəbul edilir.
AMEA öz fəaliyyətində çoxəsrlik Azərbaycan elminin, akademik elmin 70 illik təcrübəsinin ənənələrinə söykənir. Bununla yanaşı, son dövrlərdə aparılan köklü islahatlar AMEA-nın yeniləşməsi, müstəqil dövlətimizin, xalqımızın irəli sürdüyü yüksək tələblərə cavab verməsi, dünya elminin müasir səviyyəsinə yaxınlaşması və çatması məqsədini güdür.
2013-cü ilin aprelindən etibarən başda görkəmli alim və elm təşkilatçısı prezident akademik Akif Əlizadə olmaqla AMEA-ya rəhbərlik edən yeni Rəyasət Heyəti çevik elmi siyasət yürütməklə AMEA-nın dinamik inkişafı üçün münbit zəmin yaratmaq uğrunda çalışır. Qloballaşan dünyanın elmi çağırışlarına fəal reaksiya verən AMEA əsas diqqəti elm ilə həyatın əlaqələrinin möhkəmlənməsinə, elmi innovasiyaların artırılmasına, elmi tədqiqatların mühüm nəticələrinin innovativ istiqamətə yönləndirilməsinə verməkdədir. Bu məqsədlə akademiyanın vahid bir orqanizm kimi fəaliyyətinə, multidissiplinar araşdırmaların daha intensiv aparılmasına, beynəlxalq əlaqələrin genişləndirilməsinə göstərilən təşəbbüs bütövlükdə AMEA-da köklü islahatların aparılmasına zəmin yaradır.
Son illər ərzində Azərbaycan fundamental elmi və bu elmin baş flaqmanı olan Azərbaycan Milli Elmlər Akademiyası yeni yüksəliş dövrünü keçirməkdədir. Aparılan köklü islahatlar nəticəsində AMEA-da mühüm struktur dəyişiklikləri həyata keçirilmiş, elmin innovativ əhəmiyyəti, multidissiplinar tədqiqatlar, dövlət əhəmiyyətli layihələr, elmlə təhsilin vəhdəti, nazirliklər, komitələr və başqa dövlət qurumları ilə əlaqələrin sıxlaşdırılması və birgə layihələrin həyata keçirilməsi mühüm prioritetlər kimi müəyyən edilmişdir.
AMEA-nın 70 illik yubileyi ərəfəsində keçirilmiş iki fundamental tədbir nəzər-diqqəti daha çox cəlb edir. Bunlardan biri ilk dəfə keçirilən Bakı Elm Festivalı, digəri isə Azərbaycan alimlərinin I Qurultayıdır. Hər iki tədbir təkcə Akademiya üçün deyil, bütövlükdə Azərbaycan üçün möhtəşəm elm bayramına çevrildi. Xüsusən, Bakı Elm Festivalı akademik elmin populyarlaşdırılması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb etdi.
Azərbaycan alimlərinin I Qurultayı da fundamental elmin inkişafı, müxtəlif ölkələrdən dəvət edilmiş azərbaycanlı alimlərlə yerli alimlərin ünsiyyəti və fikir mübadiləsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycan elminin qlobal mahiyyəti bir daha dünya elmi ictimaiyyətinə məlum oldu. Bu ilk addım elmimizin gələcək inkişafı və dünya elminə üzvi inteqrasiyası baxımından çox böyük əhəmiyyət daşıyır.
2700 ildən bəri şanlı bir inkişaf yolu keçmiş Azərbaycan elminin ən şirin meyvəsi olan Azərbaycan Milli Elmlər Akademiyası özünün 70 illik yubileyinə alnıaçıq, üzüağ gəlir. Bunun da səbəbi var: axı Akademiya, eləcə də bütövlükdə Azərbaycan elmi öz qarşısına müqəddəs bir məqsəd - dövlətçiliyimizin inkişafına və xalqımızın rifahına xidmət etmək məqsədi qoymuşdur. Belə bir yolda çaba sərf etmək nə böyük şərəfdir!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.