Yeni dövrün çağırışları və elmin hədəfləri

Yeni dövrün çağırışları və elmin hədəfləri
İSA HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik



Elm həmişə dövrün, zamanın böyük çağırışlarının işığında inkişaf etmiş, cəmiyyətin, insanlığın gələcəyə doğru hərəkatının önündə getmişdir. Bu, tarix boyu bütün dövrlərdə belə olsa da, XX əsrdən etibarən elm faktoru, elmi-texniki düşüncənin inkişaf etdirilməsi məsələsi daha mühüm amilə çevrilmişdir. Ona görə də son yüzillikdə dövlətlərin inkişaf strategiyasında elmə dair müddəalar ön sıraya çəkilmiş, bu istiqamətdə daha çox inkişaf edən ölkələr dünya miqyasında əsas söz sahibinə çevrilmişlər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində ölkənin inkişafında elm amilinə, ziyalı faktoruna dövlət siyasətinin ana müddəaları kimi yüksək dəyər vermiş, bu istiqamətdəki inkişafı cəmiyyətin diqqət mərkəzinə çəkmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanda elmin inkişafını dövlət siyasəti səviyyəsinə çatdıran və həmin siyasəti ardıcıl olaraq qətiyyətlə həyata keçirən görkəmli dövlət xadimi olmuşdur. Məhz bu zəmində XX əsrin yetmiş-səksəninci illərində və dövlət müstəqilliyi dövrünün başlanğıc mərhələsində Azərbaycan cəmiyyəti zamanın meydana çıxardığı maneələri aşa bilmiş, çətin prosesləri adlayaraq irəliyə doğru inkişaf etmişdir. Azərbaycan ziyalılığının görkəmli nümayəndələri, o cümlədən də elmi ziyalıların adlı-sanlı nəsilləri Heydər Əliyev epoxasında yetişib formalaşmış, ölkəmizdə və dünyada tanınmışlar. Azərbaycan Elmlər Akademiyası da XX əsrdə özünün ən yüksək inkişaf mərhələsinə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə çatmışdır.

Azərbaycan Elmlər Akademiyasının 1975-ci ildə dövrün yüksək mükafatlarından olan “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi ölkə elminin böyük masştabdakı yüksək nüfuzunun real göstəricilərindən idi. Bu münasibətlə 23 sentyabr 1975-ci ildə keçirilmiş təntənəli ümumi yığıncaqda Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin nitqindəki aşağıdakı fikirlər elmin cəmiyyətdəki roluna verilən xüsusi önəmi bir daha meydana qoyur: “Azərbaycan xalqının elmi fikri öz kökləri etibarilə onun çoxəsrlik tarixinin dərinliklərinə gedib çıxır. Qədim zamanlarda Azərbaycan torpağında yaşayıb-yaratmış şairlər və mütəfəkkirlər, geniş bilikli alimlər... dünyanın bilik xəzinəsini zənginləşdirmiş, zamanın keşməkeşlərinə davam gətirən elm və yaradıcı fikir abidələri yaratmışlar. ...Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması iqtisadiyyat, elm, maarif və mədəniyyətin bütün sahələrində xalqımızın irəliləyişinə parlaq sübut oldu. ...Qısa müddət ərzində akademiyamız müasir elmin ən aktual problemlərini həll edən iri mərkəzə çevrilmişdir... Son illərdə Azərbaycan Elmlər Akademiyası geniş və çoxcəhətli fəaliyyət göstərir, elmi axtarışların yeni və ən yeni istiqamətlərini yaradıb inkişaf etdirir, tətbiqi tədqiqatları əsaslı tədqiqatlarla ahəngdar şəkildə əlaqələndirir”.

Müstəqillik dövrünün başlanğıc illərində də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan cəmiyyətində ziyalı faktorunu yenidən ön mövqeyə çəkmişdir. Dövlət rəhbərinin bu istiqamətdə atdığı addımlar ilk növbədə ölkəmizdə ziyalı mühitinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə, cəmiyyətin yenidən qurularaq inkişaf etdirilməsinə xidmət etmişdir. Bu baxımdan onun 21 sentyabr 1993-cü il tarixdə Azərbaycan Elmlər Akademiyasında ölkəmizin ziyalıları ilə keçirdiyi tarixi görüş və həmin mərasimdəki proqram xarakterli nitqi yeni epoxanın ziyalı mühitini formalaşdırmaq, akademiyanın və bütövlükdə alimlərin taleyini həll etmək, yaradıcı qüvvələri cəmiyyət həyatına çəkmək baxımından xüsusi əhəmiyyətə malikdir. Məlum olduğu kimi, məhz Azərbaycan tarixinin həmin məsuliyyətli dövründə, 1992-ci ildə o zamankı iqtidarın nümayəndələri tərəfindən Azərbaycan Elmlər Akademiyasının bağlanması haqqında bəyanatlar səsləndirilmiş, bu mötəbər elmi qurum ləğv edilmək təhlükəsi ilə üzləşmişdir. Bu mənada Azərbaycan ziyalıları ilə tarixi görüşündə görkəmli dövlət xadimi Heydər Əliyevin bəyan etdiyi qəti mövqe Elmlər Akademiyasının xilas edilməsində, qorunub saxlanmasında həlledici rol oynamışdır: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir... Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir... Elmin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. ...Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir”.


Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixdə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında”kı fərmanda ifadə olunan format XXI əsrin müasir tipli və möhkəm əsaslara malik akademiyasının nümunəsidir. Bu mühüm tarixi əhəmiyyətə malik olan fərmana əsasən postsovet məkanındakı akademiyalar arasında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası “ali dövlət elmi təşkilatı” statusu qazanmışdır. Fərmanda əsaslandırılmış şəkildə xüsusi maddədə qeyd edilmişdir ki, “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”.

Müstəqillik dövründə Azərbaycan Respublikasında cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, elm üzrə də dövlət siyasəti yaradıcı şəkildə davam etdirilmişdir. Zamanın meydana çıxardığı çağırışlara uyğun olaraq yeni hədəflərin müəyyən edilməsi və həyata keçirilməsi ölkəmizdə bütövlükdə elmin, o cümlədən də Elmlər Akademiyasının inkişafında müasir mərhələni formalaşdırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü elm siyasəti mövcud elmi məktəblərin, ənənələrin qorunub saxlanılmasına və müasirlik əsasında yaradıcılıqla inkişaf etdirilməsinə təminat verir. Yeni tarixi mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasına ölkə rəhbərinin imzaladığı sərəncamlarda qeyd edildiyi kimi, “fundamental və tətbiqi elmin mərkəzi”, “elmi-intellektual potensialın mili sərvət kimi formalaşdırılmasında, elmin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və ...yüksək ixtisaslı kadrların hazırlanmasında ...müstəsna rolu olan” əsas elmi qurum kimi xüsusi əhəmiyyət verilir. Bu baxış görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən möhkəm əsasları yaradılmış elm siyasətinin müasir dövrdəki davam və inkişaf etdirilməsinin real göstəricisidir.

Azərbaycan Milli Elmlər Akademiyasına Prezident İlham Əliyevin baxışında elmin ölkənin sosial-iqtisadi tərəqqisində və xalqın mədəni-mənəvi təkamülündə daha yaxından iştirakının təmin edilməsi əsas prinsip kimi qəbul edilir. Bu, real olaraq elmə münasibətdə XXI əsrin, ən çox isə Azərbaycanın müstəqillik dövrü reallıqlarının irəli sürdüyü çağırışdır. Bu o deməkdir ki, “ali dövlət elmi təşkilatı” səviyyəsinə çatdırılmış akademiya mənsub olduğu xalqın və təmsil etdiyi ölkənin müasir inkişafında daha fəal iştirak etməlidir. Ölkə başçısı Azərbaycan Milli Elmlər Akademiyasındakı müxtəlif görüşlərində ardıcıl olaraq elmin Azərbaycan cəmiyyətinin inkişafında rolunun və iştirakının artırılması, genişləndirilməsi vəzifələrinin həyata keçirilməsini zəruri şərtlərdən biri kimi irəli sürmüşdür. Akademiyanın 13 dekabr 2013-cü il tarixdə keçirilmiş 60 illik yübileyi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqində elmin cəmiyyət quruculuğunda, sosial-iqtisadi inkişafda yaxından iştirakının zəruriliyi aşağıdakı kimi qabarıq şəkildə ifadə olunmuşdur: “Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salsaq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir. Nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, məhz elmin səviyyəsi o ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir”.

Bunun ardınca Prezident İlham Əliyev 26 aprel 2011-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında iştirak edərkən alimlər qarşısındakı nitqində elmin yeni cəmiyyət quruculuğundakı roluna daha ciddi əhəmiyyət verdiyini bəyan edərək “müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir” - qənaətini meydana qoymuşdur. Dövlət başçısının fikrincə, ölkəmizdə dayanıqlı inkişafın və çoxşaxəli iqtisadiyyatın təmin edilməsində alimlər də öz sözünü deməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin cəmiyyət quruculuğunda, ölkəmizin dinamik inkişafında daha fəal, əsaslı şəkildə inkişafı strategiyası genişlənməkdə və dərinləşməkdə davam etməkdədir. Azərbaycan Prezidentinin bu mövqeyi ölkəmizin elm siyasətinin konseptual əsaslarından birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimində səsləndirdiyi aşağıdakı fikirlər dövlət rəhbəri tərəfindən həmin istiqamətdə aparılan davamlı siyasətin ümumiləşmiş ifadəsidir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. ...Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər”.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin, alimlərin cəmiyyət quruculuğunda, dinamik inkişafda daha yaxından, fəal surətdə iştirak etməsi ideyası müasir mərhələdə cəmiyyətin elmi əsaslarla qurulub inkişaf etdirilməsi prinsipi ilə daha da zənginləşdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimində cənab Prezidentin ən müxtəlif münasibətlə yeni dövrdə davamlı və dayanıqlı inkişafın elmi əsaslar üzrə qurulması haqqındakı fikirləri ölkəmizin elm siyasətinin yeni çağırışların işığında cəmiyyət quruculuğuna doğru inkişafda daha üstün mövqeyə çıxmasını şərtləndirir. İqtisadiyyatın yeni modelinin işlənib hazırlanmasında dövlət qurumları ilə yanaşı, alimlərin də fəal iştirakı tələbi müasir inkişafın elmi əsaslarının zəruriliyini diqqət mərkəzinə çəkir. Dövlət rəhbərinin əsas tələbi bundan ibarətdir ki, düşünülmüş elmi əsaslar inkişaf etməkdə olan ölkə iqtisadiyyatının yüksək templərini təmin etməli, daxili resusrlardan maksimum istifadənin imkanlarını üzə çıxarmalı, iqtisadiyyatın uzunömürlülüyünə şərait yaratmalıdır. Bu, Azərbaycan humanitar və ictimai elmlərinin, sosial-iqtisadi siyasətlə məşğul olan elm sahələrinin qarşısında məsuliyyətli vəzifələr qoyur. Biz artıq yaxşı başa düşürük ki, akademik elm göstərilən səviyyədə cəmiyyət quruculuğuna xidmət etmək üçün fundamental yanaşmalarla yanaşı, praktik-proqnozlaşdırma üsullarına da diqqət yetirməli, prosesləri izləməklə yox, inkişafın məsuliyyətli iştirakçısı olmaqla irəli baxmağı bacarmalıdır. Şəhərsalmada yeni çağırışlara, sənayeləşmədə müasirləşmə və modernləşmə baxımından yeni hədəflərə, aqrar sektorda elmi yanaşmalara, müasir texnologiyaların tətbiqinə dair irəli sürülən tələblər ölkəmizdə “işlərin elmi əsaslar üzərində qurulması” prinsipinin əhatə dairəsinin genişliyini təsəvvür etməyə imkan verir. Azərbaycan Respublikası Prezidentinin nitqində deyildiyi kimi, elmimiz yeni tarixi mərhələnin hadisə və proseslərinə “müasirlik, dinamik inkişaf və texnologiyaların tətbiqi” baxımından kompleks yanaşma istiqamətində inkişaf etməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki nitqində humanitar və ictimai elm sahələrinin inkişafımızın müasir tarixi mərhələsinin çağırışlarının əks-sədası olaraq yeni hədəflərə doğru təkmilləşdirilməsi, müasirləşməsi tələbini irəli sürmüşdür. Bu baxımdan Prezidentin yubiley nitqi əslində elmin keçilmiş yolunun, böyük ənənələrinin qiymətləndirilməsi zəminində həm də yeni inkişaf istiqamətlərinin və daha mühüm vəzifələrinin müəyyən olunmasına işıq salır. Bu gün humanitar və ictimai elmlər qarşısında çox aktual bir vəzifə kimi demoqrafik vəziyyətin yenidən öyrənilib dəyərləndirilməsi ideyasının ön mövqeyə çıxarılması geniş mənada ölkəmizdə yeni həyatın, müasir inkişafın sistemli şəkildə araşdırılıb proqnozlaşdırılması vəzifəsini meydana qoyur. Ölkə rəhbərinin elm adamlarına müraciət edərək “biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik” prinsipini diqqət mərkəzinə çəkməsi elmi fikrin müxtəlif istiqamətlərini dərindən düşünüb-daşındıran çağırışdır. Bu baxımdan iqtisad elmi, şəhərsalma-memarlıq, sosial fəlsəfə, coğrafiya, inzibati-hüquqi tənzimlənmə üzrə elm sahələrimiz proseslərə yeni baxış bucağından baxmağa borcludur. Eyni zamanda, demoqrafik inkişaf proseslərinin öyrənilməsi öz növbəsində elmdə miqrasiya məsələlərinə də müasir dövrün tələbləri baxımından yenidən yanaşmanı tələb edir. Azərbaycanın miqrasiya siyasətinin uğurlu təcrübəsinin elmi surətdə tədqiqi həmin istiqamətdəki davamlı siyasətin inkişafına öz töhfəsini verə bilər. Heç şübhəsiz, demoqrafik inkişaf və miqrasiya kimi mühüm istiqamətlərdə akademiya elmi müasir gedişatı əhatə etmək və proqnozlaşdırmaq baxımından özünü səfərbər edəcəkdir.

Prezidentin nitqində yeni tarixi epoxanın aktual bir problem kimi meydana çıxardığı multikulturalizmin artıq formalaşmış Azərbaycan modelinin əsas konturları müəyyən olunmuşdur: “Multikulturalizm - Azərbaycanda dövlət siyasətidir və eyni zamanda ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir”. Müəyyən edilmiş bu model multikulturalizmə həyat tərzi formatından dövlət siyasəti və ictimai sifariş səviyyəsində elmi yanaşmaları, bu faktoru bütün yönləri və ənənələri ilə birlikdə araşdırıb öyrənməyi, həm də müasir cəmiyyət üçün proqnozlar təklif etməyi tələb edir. Xüsusən, ölkəmizdə multikulturalizmə köklü tarixi və ədəbi-mədəni ənənələr zəminində yanaşmaq əsasında baxış bu problemə həsr edilmiş geniş həcmli fundamental tədqiqatların yaradılmasını mühüm bir vəzifə kimi qarşıya qoyar. Eyni zamanda, məsələyə qlobal və lokal miqyasda baxış humanitar və ictimai elm sahələrinin problemə ayrı-ayrılıqda deyil, birlikdə, kompleks şəkildə yanaşması zərurətini meydana çıxarır. Bu məqamda kulturologiya ilə müasir fəlsəfənin, komprovistika ilə şərqşünaslığın, dilçiliklə etnoqrafiyanın, tarixlə folklorşünaslığın dialoqu elmi-nəzəri düşüncədə də multikultural mühitin formalaşmasına yol aça bilər. Azərbaycan Milli Elmlər Akademiyasında humanitar və ictimai elmlər sahəsində bu baxımdan böyük potensial mövcuddur. Qarşımızda duran əsas vəzifə ayrı-ayrı institutlarda mövcud olan həmin potensialın imkanlarını əlaqələndirməkdən, səyləri cəmləşdirməkdən ibarətdir. Düşünürəm ki, bu yolla biz Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bu günkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm də xarici dillərdə daha böyük elmi əsərlər yaratmaq” - çağırışına əməli işimizlə cavab verə bilərik. Bu baxımdan dünyada baş verən, yaşanan ciddi gərginliklərin aradan qaldırılmasında multikulturalizmin və tolerantlığın Azərbaycan təcrübəsinin əsaslı şəkildə öyrənilib yayılması böyük töhfə verə bilər.

Azərbaycan dilinin saflığının qorunub saxlanılması, ana dilimizin daxili imkanlar hesabına inkişaf etdirilməsi, xarici təsirlərin dilə təsirinin qarşısının alınması, dövlət dilinin tədrisinin daha da yaxşılaşdırılması kimi məsələlərdə dövlət siyasəti ilə elmin idealları bir-birini tamamlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasında keçirilən yığıncaqda geniş ziyalı mühitində ana dili məsələlərindən bəhs etməsi, bu istiqamətdə qarşımıza məsul vəzifələr qoyması yalnız dilçilik məsələlərini əhatə etməklə qalmayıb, ölkəmizdə müstəqil dövlətçilik təfəkkürünün daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edən strateji məqsədləri də özündə cəmləşdirir. Haqlı olaraq deyildiyi kimi, qloballaşma şəraitində elm milli-mənəvi dəyərlərin keşiyində dayanmaq vəzifələrini də həyata keçirməlidir. Hətta yubiley mərasimində Azərbaycan tarixi məsələlərindən söz açılarkən yer adlarına diqqətin yönəldilməsi də sadəcə toponimika məsələsi olmayıb, daha çox ümummilli mənafeləri, vətəndaşlıq mövqeyini əks etdirən çağırışlar kimi səciyyələndirilmişdir. “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa... Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər... Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır” - deyə dövlət başçısı bildirmişdir.

Problemin bu şəkildə qoyuluşu tarixşünaslıq və dilçilik sahələri ilə yanaşı, tarixi coğrafiya elminin də yeniləşməsini, daha doğrusu, birtərəfli qaydada deyil, tarixçi və coğrafiyaçı alimlərin birgə əməkdaşlığı əsasında inkişaf etdirilməsi zərurətini diktə edir. Çünki bütün hallarda tarixçilər tərəfindən yazılan tarixi coğrafiya tədqiqatlarında coğrafiya, əksinə, coğrafiyaşünasların hazırladıqları eyni tipli araşdırmalarda isə tarix ikinci planda dayanır və problemin tam mahiyyətinin açılmasında çətinliklər yaranır. Bu mənada müstəqil Azərbaycan dövlətçiliyi baxımından tarixçilərin və coğrafiyaçıların birlikdə iştirakı ilə Azərbaycanın tarixi coğrafiyasının yazılmasına ciddi ehtiyac vardır. Azərbaycan toponimiyası və onomastika məsələlərinin də yenidən humanitar elmlərin ön mövqeyinə çıxarılması qarşımızda duran əsas vəzifələrdəndir. Azərbaycan elmində, o cümlədən Milli Elmlər Akademiyasında bu sahədə mövcud olan ənənə və təcrübə qeyd edilən istiqamətlər üzrə yeni elmi nəslin hazırlanmasına ciddi tələbatı üzə çıxarır. Biz gələcəkdə Milli Elmlər Akademiyasının yeni açılmış magistraturasında “Tarixi coğrafiya”, “Toponimika”, “Onomastika” və sair kimi ixtisaslar üzrə də yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanmasını təmin etməyə borcluyuq. Eyni zamanda, “Reklam işi haqqında” qanunvericiliyimizə də yeni dövrün çağırışları əsasında elmi yöndən yenidən baxılmasına ehtiyac vardır. Hazırda Milli Elmlər Akademiyasında aparılan islahatlar və mövcud potensial bütün bunların həyata keçirilməsinə münbit şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin müstəqillik dövrünün tarixinin yazılması haqqındakı çağırışı humanitar və ictimai elmləri təmsil edən alimlərin qarşısına məsuliyyətli vəzifələr qoyur. Artıq Milli Elmlər Akademiyasının əksər elmi-tədqiqat institutlarında müstəqillik dövrünün inkişaf yolunu öyrənən şöbələr, bölmələr yaradılmış, sistemli tədqiqatlara başlanılmışdır. Qarşımızda duran əsas vəzifə elmdə bütövlükdə Azərbaycanın dövlət müstəqilliyi hadisəsinə, keçilmiş yolun dərslərinə, cəmiyyət həyatının bütün istiqamətləri üzrə əldə olunmuş mühüm nəticələrə geniş miqyasda, dərindən və əsaslı şəkildə yanaşmaların təmin edilməsindən, qazanılmış uğurların real mahiyyətinin açılıb göstərilməsindən ibarətdir. Müstəqillik dövrü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun tədqiq edilib ümumiləşdirilməsi alimlərimizin müstəqil dövlətimiz və xalqımız qarşısındakı mənəvi borcunun ifadəsidir. Müstəqillik dövrü tariximizin yazılıb nəşr edilməsi həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində əhəmiyyətli elmi addım olacaqdır.

Ölkəmizin əsas elmi mərkəzi olan Milli Elmlər Akademiyasının fəaliyyətinə, alimlərimizin əldə etdiyi nailiyyətlərə dövlət başçısı tərəfindən yüksək qiymət verilmişdir: “Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmləndirilməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.”

Bu yüksək etimad Milli Elmlər Akademiyasının fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, həm də ölkəmizin elm adamlarının qarşısında dayanan məsul vəzifələri də əks etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki proqram xarakterli nitqi ölkəmizdə müasir dövrün çağırışları əsasında elmin yeni hədəflərə doğru daha da inkişaf etdirilməsi istiqamətində geniş üfüqlər açır. Azərbaycan alimləri, ziyalılar, Milli Elmlər Akademiyasının çoxminli kollektivi ölkə rəhbərinin siyasətini və yorulmaz fəaliyyətini ürəkdən dəstəkləyir, yüksək etimada əməli işləri ilə cavab verməyi özlərinin şərəfli borcu hesab edirlər.





.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: