Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda olub

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda olub Azərbaycan Milli Elmlər Akademiyanın yaradılmasının 70 illik yubiley tədbirlərində iştirak edən Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi, akademik Aleksandr Vladimiroviç Kilçevski AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda olub. İnstitutun direktoru, akademik İradə Hüseynova qonağa yeni yaranan institut, onun strukturu, burada aparılan elmi-tədqiqat işləri və əldə olunan uğurlar, hazırlanan kadr potensialı haqda geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaranması və əsaslı inkişaf etdirilməsi akademik Cəlal Əliyevin adı ilə bağlıdır.

Sonra qonaq Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində fəaliyyət göstərən laboratoriyalarla yaxından tanış olub, əməkdaşlarla görüşüb. Ona laboratoriyalarda olan avadanlıqlar, aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr haqda məlumat verilib və ətraflı fikir mübadiləsi aparılıb. A.V.Kilçevski kadr potensialını və çap məhsullarını yüksək qiymətləndirib.

Sonra qonaq institutun seminarında “Belarusda genom biotexnologiyasının inkişafı” haqqında məruzə ilə çıxış edib. Məruzədə genom biotexnologiyasının fundamental əsası olan genomikanın müxtəlif istiqamətlərindən - seleksiya, tibb, farmakologiya, idman və ətraf mühitin qorunmasından bəhs olunub. Akademik A.V.Kilçevski qeyd olunan istiqamətlər üzrə geniş məlumat verib, verilən sualları cavablandırıb və aktual problemlərlə bağlı öz fikirlərini institutun əməkdaşları ilə bölüşüb.

Görüşdə gələcəkdə Molekulyar Biologiya və Biotexnologiya İnstitutu ilə uyğun elmi istiqamətlər üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: