Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Beynəlxalq Türk Akademiyasının iclası keçirilibQazaxıstan Respublikasının Almatı şəhərində Beynəlxalq Türk Akademiyasının əsasında 2015-ci ildən fəaliyyət göstərən Türk Akademiyaları Birliyinin üzvü olan Elmlər Akademiyalarının VI Assambleyasının iclası keçirilmişdir. Beynəlxalq Türk Akademiyasına və Türk Akademiyaları Birliyinə uzun illər Qazaxıstan Respublikasının təmsilçisi, akademik Darxan Kıdırəli rəhbərlik etmişdir. Türk Akademiyaları Birliyinin rəhbərliyi vəzifəsini isə rotasiya üzrə Türkiyə, Qazaxıstan, Azərbaycan və Qığızıstan Elmlər Akademiyaları yerinə yetirmişlər. Azərbaycan Milli Elmlər Akademiyası 2019-2021-ci illərdə Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərliyi həyata keçirmişdir.

Türk Akademiyaları Birliyinin Almatı şəhərində keçirilən VI Assambleyasını giriş sözü ilə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev açmışdır. O, Beynəlxalq Türk Akademiyasının müasir mərhələdə qarşısında duran əsas vəzifələri Assambleya iştirakçılarının diqqətinə çatdırmışdır.

Qazaxıstan Respublikasının elm və təhsil naziri Siyasət Nurbek Assambleya üzvlərinin VI iclasının iştirakçılarını salamlamış və ölkəsində Elmlər Akademiyası sahəsində baş vermiş vəzifə dəyişikliyi haqqında məlumat vermişdir.

Qazaxıstan Elmlər Akademiyasının yeni seçilmiş prezidenti, akademik Günsulu Zəkəriyyə Türk Akademiyaları Birliyi iclasının iştirakçılarına təqdim olunmuşdur. Uzun illər, 20 il ərzində Qazaxıstan Elmlər Akademiyasına rəhbərlik etmiş akademik Murat Jurinovun fəaliyyəti yüksək qiymətləndirilmişdir. Qazaxıstan Elmlər Akademiyasının yeni seçilmiş prezidenti, akademik Günsulu Zəkəriyyə və bundan sonra Qazaxıstan Elmlər Akademiyasının Kataliz İnstitutuna rəhbərlik edəcək Murat Jurinov çıxış edərək Akademiyaların qarşısında duran müasir vəzifələrdən söz açmışlar.

Beynəlxalq Türk Akademiyaları Birliyinin VI Assambleyasına ev sahibliyi edən Qazaxıstan Milli Universitetinin rektoru, akademik Jansey Tuymebayev elmlə təhsilin inteqrasiyası baxımından rəhbərlik etdiyi ali məktəbdə keçirilən Türk Akademiyaları Birliyinin VI Assambleyasınının iclasının əhəmiyyətli olacağını iclas iştirakçılarının nəzərinə çatdırmışdır.

Ənənəyə uyğun olaraq, VI Assambleyanın təntənəli giriş iclasında 2022-ci ildə Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik etmiş Qırğızıstan Elmlər Akademiyasının yeni seçilmiş prezidenti, müxbir üzv Kanatbek Əbdürrəhmanov 2023-cü il üzrə rəhbərlik etmək səlahiyyətini bildirən təqdimetmə vəsiqəsini Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullinaya təqdim etmişdir.

Akademik Daniya Zaqidullina çıxış edərək 2023-cü ildə estafeti qəbul edən Tatarıstan Elmlər Akademiyasının bu şərəfli missiyanı məsuliyyətlə yerinə yetirəcəyini bildirmişdir.

Türk Akademiyaları Birliyinin VI Assambleyasında Birlik üzvü olan Elmlər Akademiyalarının rəhbərləri çıxış edərək Akademiyalar arasındakı elmi inteqrasiyanın mövcud vəziyyəti, əldə olunmuş mühüm elmi nəticələr və qarşıda duran vəzifələrdən söz açmışlar. İlk olaraq çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumun Beynəlxalq Türk Akademiyaları Birliyinə verdiyi elmi töhfələrdən bəhs etmiş, ölkəmizdə bu istiqamətdə keçirilmiş çoxsaylı elmi tədbirlər və çap olunmuş nəşrlər haqqında məlumat vermişdir. Akademik İsa Həbibbəyli? həmçinin inkişafın indiki mərhələsində Türk Akademiyaları Birliyinin coğrafiyasının genişləndirilməsi zərurətindən danışmış, Özbəkistan Elmlər Akademiyasının məşvərətçi üzvlükdən daimi üzvlüyə, həmçinin Macarıstan və Monqolustan Elmlər Akademiyalarının isə Türk Akademiyaları Birliyinə qəbul edilmələrini təklif etmişdir.

İclasda Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər, Qırğızıstan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Kanatbek Əbdürrəhmanov, Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Riqdel Duqer, Türk Dövlətləri Şurasının Macarıstan Daimi Nümayəndəliyinin icraçı direktoru, professor Yanoş Hovari, Özbəkistan Elmlər Akademiyasının Baş akademik-katibi Qeyrət Bahadırov çıxış edərək ölkələrində inteqrasiya istiqamətində həyata keçirilmiş tədbirlər haqqında məlumat vermiş, təkliflərini səsləndirmişlər.

Müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev, Qazaxıstandakı Qazax-Türkiyə Universitetinin rektoru, professor Janar Temirbəyova, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Qırğız-Türkiyə Manas Universitetinin rektoru, professor Alparslan Ceylan və başqaları çıxış etmişlər.

Türk Akademiyaları Birliyinin yekun iclasında üzv ölkələrin Elmlər Akademiyaları adından Türk Dövlətləri Şurasına təqdim etmək üçün hazırlanmış müraciətin mətni müzakirə edilərək qəbul olunmuşdur.

Yekun iclasa Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli sədrlik etmişdir.

Bundan başqa, akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə verilmiş Fəxri doktor diplomunu Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullinaya təqdim etmişdir.

Növbəti ildə Türk Akademiyaları Birliyinin VII Assambleyasının iclasının Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilməsi qərara alınmışdır.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: