BİR DAHA MİSKİN VƏLİ HAQQINDA

BİR DAHA MİSKİN VƏLİ HAQQINDA Mahmud ALLAHMANLI
filologiya elmləri doktoru, professor


Gədəbəy aşıq mühitinin ən istedadlı nümayəndələrindən biri Miskin Vəlidir. Çağdaş folklorşünaslığın problemlərinə bu və ya digər dərəcədə bələd olan bütün söz sahibləri onun zəngin təbini xüsusi olaraq vurğulamış və həmişə də haqqında fikir söyləmək istəyində olmuşlar. Azərbaycan golkorşünaslığı tarixində bəlkə də bir institutun görə biləcəyi qədər iş görmüş Hümmət Əlizadədən bu yazının müəllifi bizə qədər müxtəlif səviyyələrdə fikirlər söylənmişdir. Şeirlərinin çap tarixi də başlanğıc olaraq H.Əlizadə ilə bağlıdır. Son dövrlərə qədər Ərtoğrol Cavid, Yaqub Babayev, İslam Sadıq və başqaları onun yaradıcılığından nümunələri çap eləməyə üstünlük vermişlər. Ancaq zəngin yaradıcılığı müqabilində görülənlər çox azdır. Düşünürdüm ki, nə vaxtsa bu böyük istedad sahibi bütün olanları ilə Azərbaycan oxucusuna çatdırılacaqdır. Buna əmin idim, çünki son dövrdə milli-mənəvi mədəniyyətin öyrənilməsinə artan marağı görürdüm. Azərbaycanın müstəqilliyindən sonra xalqın mədəniyyətinin, tarixinin, ədəbiyyatının araşdırılması sahəsində aparılan işlər özlüyündə milli oyanış, hərəkat təsiri bağışlayır. Xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi ilə bağlı buraxılan nəşrlər, antalogiyalar, məcmuələr, yazılan dissertasiyalar sözün həqiqi və yaxşı mənasında milli coşqunluğu sərgiləyir. Region folklorunun öyrənilməsi sahəsində aparılan işlər də bura daxildir. Lakin onu da etiraf edək ki, bu işlərin ənənəyə söykənəcək ciddi tarixi vardır. XIX əsrin ikinci yarısından başlayaraq bu tip işlərin görülməsinə start verilmişdir. Həm də bütün mərhələlərdə çoxalan istiqamətdə getmişdir.

Azərbaycan folklorşünaslının tarixində sövetlər dönəmi xüsusi bir mərhələdir. Bütün siyasi repressiyalara, qadağalara, siyasi sistemin izdivaclarına baxmayaraq, folklorun toplanması, nəşri və tədqiqi sahəsində uğurlu və nümunə olası işlər görülmüşdür. V.Xuluflunun, S.Mümtazın, H.Əlizadənin, Y.V.Çəmənzəminlinin, C.Əfəndizadənin, Ü.Hacıbəyovun, S.Hüseynin və bu silsilədən olan digərlərinin gördüyü böyük işlər məhz sovetlər dönəmi folklora olan münasibətin ifadəsidir. Azərbaycanı tədqiq və tətəbbö cəmiyyətinin məqsədyönlü fəaliyyəti bizim qarşımızda örnəkdir. Miskin Vəli yaradıcılığına olan marağın başlanğıcı da məhz həmin dövrdən qoyulmuşdur. Ustadın yaradıcılığı ilə bağlı münasibətlərimizi bölüşmədən öncə digər bir məsələni də qeyd edim ki, son dövrlərdə region folklorunu özündə əks etdirəcək antologiyalar çıxır. Məsələn, “Göyçə folkloru antologiyası”, “Muğan folkloru antologiyası”, “Şirvan folkloru antologiyası”, “Dərbənd folkloru antologiyası”, “Şəki-Zaqatala folkloru antologiyası”, “Borçalı folkloru antologiyası”, “Naxçıvan folkloru antologiyası” və s. Fölklor örtüyünün, ictimai-mədəni landşaftının spesifikliyi ilə seçilən Gədəbəy rayonunun folklor nümunələrinin toplanmasına və ayrıca antologiya səviyyəsində nəşrinə xüsusi zərurət vardır. Əminik ki, belə bir toplu da yaxın zamanlarda reallaşacaqdır. Azərbaycanın talanan, yox edilən sərvətinin çox az, cüzi bir hissəsinin bu tip layihələrin reallaşdırılmasına yönəldilməsi özü bir savab işdir.
Miskin Vəli XX əsr aşıq yaradıcılığının ən parlaq nümayəndələrindəndir. Onun şeirlərinə marağımın başlanğıcı keçən əsrin doxsanıncı illərinin əvvəllərindən qoyulmuşdur. Yadımdadır ədəbiyyatşünas həmkarım Y.Babayevlə aramızda Miskin Vəlinin poeziyası haqqında tez-tez söhbətlər olardı və şeirlərindən mənə nümunələr verərdi. Hər dəfə də onların ədəbi ictimaiyyətə çatdırılması istəyi içimdə yaranırdı. Hər ikimiz də (birgə) müxtəlif başlıqlı yazılarla Miskin Vəlinin şeirlərini ayrı-ayrı qəzet və jurnal səhifələrində çap etdirirdik. Son olaraq bütün bu işlər “İki ustad: Miskin Vəli, Növrəs İman” (Bakı, Azərnəşr, 1996) kitabının nəşrinə gətirib çıxardı. Prof. Y.Babayev filologiya üzrə elmlər doktoru İslam Sadıqla birgə bu savab işi həyata keçirdilər. Onu da bilirdim ki, bu nəşr də ustadın yaradıcılığını tam əhatə etmir. İndi həmin kitabın nəşrindən (“İki ustad: Miskin Vəli, Növrəs İman” nəzərdə tutulur) iyirmi il sonra Miskin Vəlinin möhtəşəm bir kitabı, Miskin Vəli. “Şeirlər, dastanlar” (Bakı, Elm və təhsil, 2016) işıq üzü gördü. Bu nəşrlə sevinməyə dəyər.

Kitaba ədəbiyyatşünas prof.Y.Babayev “Ustad ozan Miskin Vəli” adlı giriş sözü yazmışdır. Həcmcə elə də böyük olmayan bu yazı bütünlükdə Miskin Vəlinin həyatının, yaradıcılığının əsas istiqamətlərini özündə ehtiva edir. Burada aydınlıqla həllini tapan və vacib olan məsələlərdən birisi Vəli Bayramovun Miskin Vəli adlanması ilə bağlı məsələnin həllidir. Son dövrlərlərdə folklorşünaslıqda ciddi və təhlükəli bir tendensiya boy göstərməkdədir. Belə ki, mətnin mahiyyətindən, verdiyi informasiyadan, real hadisələrin təbii təhlilindən çox bütün olanların sufi idealogiyasına, sufi / dərviş simvolikasına bağlanması prosesi gedir. Miskin sözü də məhz bir termin olaraq bu müstəvidə yazılır, yozulur. Ancaq sufi ədəbiyyatının bilicilərindən biri kimi Y.Babayevin ustad sənətkar Miskin Vəlinin həyatı və mühiti kontekstində problemi təhlil etməsi xüsusi maraq doğurur: “Aşıq ədəbiyyatında “Miskin” təxəllüslü bir çox sənətkar bəllidir: Miskin Abdal, Miskin Məmmədcəfər, Müsəmma Miskin, Miskin Əsəd və s. Başqa Miskinlərin təxəllüsünün nə ilə bağlı olduğu ayrı bir söhbətin mövzusudur. Miskinli Vəliyə gəldikdə isə sənətkarın sağlığında biz onunla görüşərkən nə üçün belə bir təxəllüs götürdüyünün səbəbəin soruşmuşuq. O isə bunun iki səbəblə bağlı olduğunu söylədi: 1. Sənətkarın doğulub yaşadığı Böyük Qarabulaq (indiki Miskinli) kəndi də daxil olmaqla Gədəbəy rayonunun bu ərazisində 11 kənd, yəni böyük bir oba Miskinli adlanır. Miskinli obasının ən böyük kəndi və demək olar ki, mərkəzi Böyük Qarabulaq kəndidir. Deməli, ən əvvəl “Miskin” (“Miskinli”) təxəllüsü yerlə, konkret məkan adı ilə əlaqəlidir. 2. Ustad sənətkarın iki yaşında atası vəfat etmiş, ailə ciddi maddi ehtiyac içərisində qalmış, Miskinli Vəlinin uşaqlığı və gəncliyi özünün dediyinə görə, maddi-mənəvi sıxıntı və məşəqqət içərisində, başqa sözlə, miskin bir tərzdə keçmişdir. Şairin təxəllüsünün ikinci anlamı onun həyat və güzaranının belə bir acınacaqlı tərzi ilə bağlıdır” (səh.3). Fikrimizcə, bu hər iki səbəb onu “Miskin” təxəllüsü ilə yazmağa gətirib çıxarmışdır. Təkrar deyirik, bu daha sufi simvolikasında özünü göstərən “miskin” termini ilə bağlı deyildir.

Kitabda şeirlər “Ustadnamələr”, “Qoşmalar”, “Qoşayarpaq qoşmalar”, “Gəraylılar”, “Təcnislər”, “Cığalı təcnislər”, “Dodaqdəyməz cığalı təcnis”, “Gedər-gəlməz cığalı təcnis”, Dodaqdəyməzlər”, “Müxəmməslər”, “Qoşayarpaq müxəmməslər”, “Qoşayarpaq cığalı müxəmməslər”, “Divanilər”, “Dodaqdəyməz divani”, “Vücudnamə”, “Bayatılar”, “Qıfılbəndlər”, “Deyişmələr, yazışmalar”, “Miskin Vəliyə həsr olunmuş şeirlər”, “Dastan”, “Miskin Vəlinin dilindən qələmə alınmış dastanlar”, “Söz sonu”. Göründüyü kimi, bu başlıqlar Miskin Vəli yaradıcılığının zənginliyini, onun necə yaradıcılıq yolu keçməsini bizə aydınlaşdırır. “Söz sonu”nda bir məqam xüsusi olaraq vurğulanır: “Biz bir neçə il öncə Miskin Vəlinin “Şeirlər, dastanlar” kitabını tərtib edib nəşrə hazırlamışdıq. Lakin maddi çətinliyə görə çap etdirə bilmirdik. 2011-ci ildə maraqlı bir məsələ ilə rastlaşdıq. Görkəmli şairimiz Hüseyn Cavidin oğlu, gənc yaşlarında dünyadan getmiş Ərtoğrol Cavidin arxivində olan materiallar (həmin arxiv H.Cavidin ev muzeyində yerləşir) 12 cilddən ibarət kitab halında nəşr olundu (Bax: Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 12 cilddə (tərtibçi: Gülbəniz Babaxanlı) IX c., Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. Bakı, Çaşıoğlu, 2011). Kitabın IX cildi bütövlükdə aşıq ədəbiyyatımızın görkəmli nümayəndələrindən Molla Cümə və Miskin Vəlinin əsərlərindən ibarətdir. Molla Cümənin şeirlərini Ə.Cavid özü, Miskin Vəlinin şeirlərini isə Hümmət Əlizadə toplamışdır. Ə.Cavid bu şeirlərə nəşr üçün rəy yazmışdır” (səh. 331). Y.Babayev bu qısa bilgidən sonra “Qoşmalar”, “Gəraylılar”, “Deyişmələr” altında həmin cilddəki nümunələri əlavə edir. Kitabda müəyyən bir hissə Miskinli Vəlinin böyük qardaşı Aşıq Məhəmmədəli Bayramovun yaradıcılığından nümunələrin verilməsi ilə bağlıdır. Bu nümunələr Aşıq Məhəmmədəli Bayramovun da güclü yaradıcı qabiliyyətini, şeir demək bacarığını aydınlıqla göstərir. Ancaq təəssüf ki, biz, bütünlükdə ədəbi-mədəni ictimaiyyət xalqın maddi və mənəvi sərvətini qorumaqda ləngiyir. Sonradan görürük ki, gecikmişik. Məhz bu ustadın, eləcə də neçə-neçə ustadların yaradıcılığı vaxtında toplanmaması ucbatından itkilərlə qarşılaşır.

Miskin Vəli bütünlükdə qərb zonası aşıq mühitinin ruhu üzərində köklənmiş ustadlardandır. Onun bədii irsi zənginlik və rəngarənglik müstəvisində klassik aşıq yaradıcılığının mövcud ənənəsinə köklənmişdiir. O, bir tərəfdən Göyçə aşıq mühitinə bağlanırsa, digər istiqamətdə Kəlbəcər aşıq mühiti ilə əlaqələrdə görünür. Eləcə də Şəmkir, Tovuz, Qazax, Borçalı mühitindən gələn təsirlər də bu və ya digər şəkildə özünə yer alır. Onun zəngin təbinə dağ şəlalələrinin səsindən, güllərin, çiçəklərin təravətindən, bulaqların zümzüməsindən, quşların cəh-cəhindən, Qoşqarın, Murovun əsrarəngizliyindən çox pay düşmüşdür. Düşdüyü çətin həyat onun düşüncəsini, həyat yolunu nizamlamışdır. Güclü yaddaşı Miskin Vəlinin elin-obanın toy məclislərində eşitdiklərini sinəsinə yığmasına və özünün də ara-sıra şeirlər qoşmasına gətirib çıxarmışdır. Tanrı onun qarşısına Göyçəli Aşıq Şəmistanı çıxarmışdır. Göyçəli Aşıq Şəmistanın məsləhəti ilə Miskin Vəli çobanlıqdan uzaqlaşmış və aşıqlığa başlamışdır. Bir müddət birgə aşıqlıq etmişlər. Sonralar isə Miskin Vəli böyük qardaşı Aşıq Məhəmmədəli ilə aşıqlığı davam etdirmiş, ağır məclislər keçirmişlər. Artıq əlimizin altında olan kitab Miskin Vəlinin yaradıcı imkanlarını, güclü təbini geniş şəkildə təhlil etməyə şərait yaradır. “Bilginən”, “Vədəsində”, “Bilsin”, “Səbr elə”, “Ola bilməz”, “Dünyada”, “Saxlamaq”, “Gərəkdi”, “Çətindi”, “Deyilmi”, “Kimi”, “Batırma”, “Qocalanda” və s. nümunələr Miskin Vəlinin düşüncələrini, həyat təcrübəsini, dünyaya, olacaqlara münasibətini ustad nəsihəti, ustad sözü olaraq ümumiləşdirir.

Bir adam ki, sənlə ülfət eyləsə,
Onun əsil zatın ara bilginən.
Həqiqətdən, həcviyyatdan söyləsə,
Yaxındı, uzaqdı ara, bilginən.

Bağban olsan bəslə almanı, narı,
Sərrafsan qiymətə yetir mirvari,
Mətahının bağlı olsa bazarı,
Onda öz baxtını qara bilginən.

Bu nümunə “Bilginən” ustadnaməsindən bir parçadır. Göründüyü kimi, burada ustad sənətkarın həyat təsəvvürləri, canlı müşahidələri bir özünəməxsusluqla, poetik sözün qeyri-adi simmetriyası ilə nizamlanır. Onu da əlavə edək ki, “poetik söz müəyyən hissi, həm də yalnız hissi deyil, təsviri sənətdəki tək müəyyən bədii obrazda təcəssüm etdirilmiş fikri də ifadə edir”. Ustadların yaradıcılığında poetik sözün hüdudları sonsuzluqla ölçülür. Biz çox nəzəriyələrdən, kateqoriyalardan, elmi məktəblərin yanaşmalarından danışa bilərik, ancaq sözün sehri yenə də açılmamış, axıra qədər yozulmamış görünəcəkdir. Poetik soz özlüyündə olsa-olsa müəyyən hüdud daxilində onun şərhini, sistemini şərtləndirən amilləri verə bilər. Yuxarıdakı nümunədə də məhz misranın fikir yükü, fonopoetik, morfopoetik sistemi, misra paradiqması, mətnin semantik modeli aşıq yaradıcılığında müəyyənləşməli hələ çox məsələlərin olduğunu düşünməyə əsas verir. N.K.Qey yazır: “Bu və ya başqa söz elmi traktatda (risalədə) və yaxud lirik şeirdə qarşılaşaraq elə şəklə düşürlər ki, onları biz hətta valideynlərinin dərhal tanıya bilmədiyi əkizlər kimi qəbul edirik. Bu söz amfibiya kimi suda olarkən öz qəlsəmələrindən, quruda olarkən isə ağ ciyərlərindən istifadə edir, sözlərin də elmi və bədii sistemdə iki qabiliyyəti olur”. Əlbəttə bədii mətndə sözün poetik funksiyası daha əhatəli, çalarlı və geniş imkanlıdı. Miskin Vəlinin yaradıcılığında da bu bir əsrarəngizliklə, ustad sözünün mükəmməlliyi ilə səciyyələnir.

Diqqət yetir bu dünyanın işinə,
Hər şirin söz, xoş rəftara inanma.
Aldanma köksündə türfə gülünə,
Solar gedər hər bahara inanma.

Soruş əhvalını, öyrən halını,
Tutma nəzərində dövlət-malını,
Sənə bəxş eləsə hər cəlalını,
Yalan sözə, hiyləgərə inanma.

Aşıq yaradıcılığı zəngin forma müxtəliflikləri, türk şeir ruhunun özünəməxsusluqlarını əhatə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Qoşma, gəraylı, təcnis, müxəmməs, divani, deyişmə və s. nümunələrinin zənginliyi və onların müxtəlif şəkil formaları bütünlükdə poetik sistemin mükəmməlliyini düşünməyə əsas verir. Miskin Vəli də bu müxtəlifliklərdən yerli-yerində, yüksək ustalıqla yararlanmış və aşıq yaradıcılığına özünün töhfələrini vermişdir. “Boylana-boylana”, “Mənəm”, “Bağlı”, “Aparır”, “Getdi”, “Bilməlisən”, “Dağlar”, “Ceyran”, “Sənindi”, “Alarmış”, “Kimdi” və s. gəraylıları bir bütöv olaraq yaradıcı düşüncəsinin imkanlarına hesablanmışdır.

Dilə alsan öz hünərin,
El gücünü bilməlisən.
Zərrələrin, qətrələrin,
Sel gücünü bilməlisən.

Əl atıb dağda, aranda,
Köklü ağac qoparanda,
Yerdən üzüb aparanda,
Yel gücünü bilməlisən.

Miskinli Vəlinin yaradıcılığında müxtəlifliklərlə dolu ağrılı-şirinli həyat və onun fəlsəfi mahiyyətinin dərki var. Bu xalq fəlsəfəsindən, təbii həyat hadisələrinin gedişini izləmə və mahiyyətinə varmadan, çıxarılan nəticənin doğruluğundan irəli gəlir. Məsələyə digər tərəfdən yanaşdıqda bir istiqamətdə bu həyat dərsləridi. Miskin Vəli bəsirət gözü ilə onları dərk edib bədii mətnə gətirir. Təcnisləri, müxəmməsləri, divaniləri, vücudnaməsi və s. məhz bunun faktıdır. “Dünya”, “Boğaz”, “Aşıq”, “Yaxşıdı” müxəmməsləri, “Gözlə-gözlə sən”, “Bayram günləri”, “Səslənir”, “Dünyada”, “Yüküm”, “Əldən gedər”, “Ya Əli” divaniləri, “Gəldim” vücudnaməsi Miskin Vəlinin bir sənətkar kimi təkcə poetik imkanlarını ehtiva etmir, burada həm də ustadın həyatı, dünyanı dərki və ona münasibəti görünür. Aşıq Şəmşirlə, Şair Cavadla, Yetgin Qəşəmlə, Aşıq Teymurla deyişmələri də ustadın mühitdə əlaqələrini, münasibətlərini aydınlaşdırmaq üçün zəngin material verir. “Miskin Vəlinin Canbaxca Səfəri” dastanı da bura daxildir.
Kitabda maraq doğuran bölmələrdən biri də Miskin Vəlinin repertuarından “Xəstə Qasımın Dağıstan səfəri”, “Cəlali Kürdoğlu”, “Yetim Söyün” dastanlarının yazıya alınmasıdır. Bütün bunlar XX əsr Gədəbəy aşıq mühitinin ustad sənətkarı Miskin Vəli haqqında dolğun təsəvvür yaradır və eyni zamanda sələflərə qayğının nəticəsi kimi görünür. Xalqı yaşadan, ayaq üstə saxlayan da məhz bu zənginliyin gələcəyə daşınışı və təlqinidir. Ədəbiyyatşünas Yaqub Babayev bu savab işi ilə Miskin Vəlinin ədəbi irsini itib-batmadan qorumuş və bir bütöv olaraq Azərbaycan xalqına təqdim etmişdir.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: