Axtarışlar Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində və rus qafqazşünası K.N.Smirnovun şəxsi fondunda aparılıb.
XVIII yüzillikdə İrəvan xanlarından Hüseynəli xana, həmçinin, onun oğlanları Qulaməli xana və Məhəmməd xana məxsus 268 məktub tapılıb və Naxçıvana gətirilib. Tapılan sənədlər İrəvan xanlığının, eləcə də qonşu xanlıqların və digər Azərbaycan xanlıqlarının tarixi haqqında əsaslı material verir. Bu məktublar nəinki İrəvan xanlığının, eləcə də digər Azərbaycan xanlıqlarının Türkiyə ilə diplomatik münasibətlərinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
1747-ci ildə Azərbaycanda yaranan xanlıqlardan biri də İrəvan xanlığı idi. Əsasən Qacarların idarə etdiyi İrəvan xanlığı da Naxçıvan xanlığının siyasi taleyini yaşayıb. O da, Naxçıvan xanlığı kimi, 1747-1797-ci illərdə müstəqil fəaliyyət göstərib, 1797-1828-ci illərdə isə xanlıq Fətəli şahdan yarımasılı vəziyyətdə olub.
Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı mürəkkəb və uzun tarixi yol keçib. Sovet hakimiyyəti illərində erməni tarixşünasları İrəvan xanlığının yaranması, ictimai-iqtisadi vəziyyəti və siyasi tarixi haqqında arxiv sənədlərini öz xeyirlərinə dəyişib, uydurma kitablar yazıblar. Bu azmış kimi İrəvan və Naxçıvan xanlıqlarının tarixini Şərqi Ermənistanın tarixi kimi yazıb ictimaiyyəti aldadıblar. Bu sırada M.Q.Nersesyanın, Q.A.Ezovun, B.M.Arutunyanın, V.R.Qriqoryanın yazılarında olan kobud səhvləri, uydurmaları İrəvan xanlığı haqqında tədqiqat aparan alimlərimiz elmi faktlarla, ilkin mənbə olan arxiv sənədləri ilə təkzib ediblər. Ciddi tədqiqat əsərlərindən Fuad Əliyevin və Urfan Həsənovun müştərək yazdıqları “İrəvan xanlığı” (1997 və 2007-ci illər nəşri) və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun hazırladığı “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (2010) monoqrafiyalarını qeyd etmək yerinə düşər.
Həmçinin, Naxçıvan xanlığının tarixinə dair yazılmış monoqrafiyalarda da İrəvan xanlığı ilə bağlı bir çox məsələlərə toxunulub. Akademik İsa Həbibbəyli “İrəvan şəhəri necə varsa” adlı elmi məqaləsində İrəvan şəhərinin tarixinə milli təfəkkür baxımından yanaşıb və saxtakar ermənişünaslara layiqli cavab verib.
Hər bir xanlığın tarixində olduğu kimi, İrəvan xanlığının keçdiyi inkişaf yolunda onun xarici siyasəti əsas yer tutur. Tiflis şəhərindəki Milli Əlyazmalar Mərkəzində rus şərqşünası Konstantin Nikolayeviç Smirnovun 39 nömrəli fondunda XVIII əsrdə İrəvan xanlarının qonşu dövlətlərlə yazışmaları (Məktublar külliyyatı) saxlanılır. İrəvan xanlarının məktubları 1936-cı ildə K.N. Smirnov tərəfindən kitab kimi nəşrə hazırlansa da, bu günədək işıq üzü görməyib. Alimin “Giriş” hissəsində yazdıqlarından məlum olur ki, o, ərəbşünas Cahangir Qayıbovla birlikdə İrəvana yaradıcılıq ezamiyyətinə gedib.
Alimin yazdığına görə, məktubların orijinalı Ermənistanın Ədəbiyyat Muzeyində saxlanılır. Məktubların əksəriyyətinin fars dilində, bir neçəsinin isə ərəbcə olduğunu qeyd edən tərcüməçi bildirir ki, diplomatik yazışmaların hamısının fotosurətini çıxararaq, Tiflisdə Dövlət Tarix Muzeyinə təqdim edib.
Maraqlı haldır ki, şərqşünas Smirnov İrəvan xanlarının diplomatik məktublarını olduqca səmimi bir dillə oxuculara təqdim edir. O, bu məktublarla tanış olandan sonra Rusiya hərbçilərinin Azərbaycan xanlıqları, o cümlədən, İrəvan xanlığı haqqında olan bəsit fikirlərini kəskin tənqid edib. Hətta göstərib ki, bu diplomatik yazışmalara ancaq qibtə etmək olar. Məqamındaca deyək ki, Məhəmməd xanın hakimiyyəti dövründə İrəvan xanlığının diplomatiyasının çox orijinal olduğunu önə çəkən müəllifi, gənc xanın apardığı siyasətin arxasında kimin dayandığı maraqlandırır və suala özü də cavab verir: “Bəzən deyirlər ki, onun anası əsas diplomatik yazışmaların sahibidir. Gənc xan belə yüksək səviyyədə hərəkət edə bilməzdi, ola bilər, bəlkə bu, onun Şadlı tayfasından olan anasıdır?” Amma bu fikir doğru deyil. Çünki son illərdə aparılan araşdırmalar təsdiq edir ki, həyata keçirilən xarici siyasətin arxasında Qacarların kürəkəni, Məhəmməd xanın bacısının əri naxçıvanlı Kalbalı xan Kəngərli dayanırdı. Heç təsadüfi deyil ki, tədqiqatçı K.N.Smirnov sonra davam edərək yazır: “Ağıllı bir siyasəti istiqamətləndirən “İrəvan Taleyranı” kimdir?”
Tarixi sənədlər əsasında aparılan axtarışlar həmin illər İrəvan xanlığını idarə edən “İrəvan Taleyranı”nın Kalbalı xan olduğunu təsdiqləyir. Yeri gəlmişkən, Smirnov məktublarda rast gəldiyi bir fikri burada da təkrarlayır: “Məhəmməd xanın anası Şadlı tayfasındandır”.
Çox təəssüf ki, bir sıra tədqiqatçılar, rus tarixçisi O. Markovaya əsaslanaraq, Məhəmməd xanın anasının gürcü qızı olduğunu yazıblar. Məhəmməd xanın anasının gürcü qızı olmasını “Məktublar külliyyatı”ndakı faktlar təkzib edir. K.N.Smirnov qeyd edir ki, məktublar külliyyatı nəfis xətlə, elə şairanə dildə yazılıb ki, bəzi yerləri tərcümə etməkdə çətinlik çəkirdik.
Bu məktublarda İrəvan xanlığının münşisi (katibi) Mirzə Məhəmməd Müslüm (ədəbi ləqəbi Əl-Qüdsi) haqqında da ətraflı məlumat var. Elə bu məktublar külliyyatını nəfis, orijinal və diplomatik dillə nəşrə hazırlayan da Qüdsidir. K.N.Smirnov onun yazı üslubu haqqında danışmaqla bərabər, həm də qeyd edir ki, Qüdsinin özü belə yazı formasına təxminən 40 səhifə ithaf edib. Münşinin üslubu haqqında K.N. Smirnovun dedikləri maraqlıdır: “Qüdsinin üslub nümunələri göstərir ki, ruslar Cənubi Qafqazın əyalətlərini tutmazdan əvvəl yuxarı təbəqənin mədəniyyət səviyyəsi işğalçıların fikirləşdiyi qədər köhnə, bəsit olmayıb. Xanlar istəmirdilər ki, təhsilli insanlarda elmi yarımçıqlıq hiss olunsun”.
Bu sözlərin özü K.N. Smirnov kimi çox bilikli və nüfuzlu hərbi şərqşünasın “Məktublar külliyyatı”na verdiyi yüksək qiymətdir.
Bunu Naxçıvan xanlığının da diplomatik məktublarına şamil etmək olar. Çünki əbəs yerə çar Rusiyası kimi böyük hərbi gücə malik olan dövlət Naxçıvanın cəsur xan sərkərdələri Kalbalı xana və Ehsan xana diqqət ayırmazdı. Naxçıvan ölkəsinə aid yazdığı kitablarda Smirnov müəyyən qədər ermənipərəst mövqe tutsa da, İrəvan xanlarının məktublarından vəcdə gəldiyini gizlətməyib.
Və çapa hazır həmin kitablarda Yermolovu, Qriboyedovu və Sisiyanovu tənqid atəşinə tutub.
“Məktublar külliyyatı” elmi dövriyyəyə daxil olmadan İrəvan və Naxçıvan xanlıqları haqqında ətraflı, doğru-dürüst söhbət açmaq, yazmaq mümkün deyil. Külliyyatda Türkiyə hökuməti ilə 13 məktub, o cümlədən, Həsənəli xanın (San Aslanın) 3 məktubu aşkar edilib. Dağıstan ləzgilərinə aid, ərəb dilində 6 maraqlı məktub və gürcülərlə, ruslarla diplomatik yazışmalar, xanlıqlar dövründə aparılan xarici siyasət bəzi tədqiqatçıların yazdıqları ilə üst-üstə düşmür.
“Məktublar külliyyatı”nın orijinalının fotosurətləri Tiflis arxivlərinin hansı küncündəsə tədqiqatçılarımızı gözləyir. Əgər İrəvanda - Matenadaranda (Əlyazmalar İnstitutunda) saxlanılan orijinal sənədlərə əlimiz çatmırsa, K.N.Smirnovun 1936-cı ildə İrəvandan Tiflisə gətirdiyi fotosurətlər köməyimizə çata bilər. Alimin şəxsi arxivində saxlanan çapa hazırlanmış kitabları nəşr etdirsək, xalqımız bundan çox faydalana bilər.
Burada bir haşiyəyə çıxmaq yerinə düşərdi. K.N.Smirnov yazır: “1936-cı ilin əvvəlində 564 sənədi (12 qovluqda) Tiflisə gətirdim. Onlar, əsasən, fars və türk, bir neçəsi isə ərəb dillərində idi. Ən köhnə sənədlər XVI əsrə aiddir”. Əlbəttə, alim sənədlərin orijinalını yox, fotosurətini dövlətin tapşırığı ilə Tiflisə gətirib. Onun yazdığına görə, Qafqazda “Şərq dillərində olan sənədlərin kolleksiyası” Gürcüstan Dövlət Tarix Muzeyində olub. İndi zaman Azərbaycanın xeyrinə işlədiyindən, ciddi elmi axtarışlar bu sənədləri də üzə çıxara bilər.
K.N. Smirnovun şəxsi arxivində 13 səhifəlik bir əlyazma da saxlanılır.
“Cənubi Qafqazın İran xanlıqları XVI-XIX əsrin sənədlərində” adlanan bu əlyazmada Naxçıvan xanlığından da ətraflı söhbət açılır.
Həmçinin Üçkilsədəki arxivdən gətirilən 50 səhifəlik “Eçmiədzin-İrəvan sənədləri” də bizim tariximizi əks etdirir. İrəvan xanlarının “Məktublar külliyyatı”nda Naxçıvan xanı Abbasqulu xanın İrəvan xanı Hüseynəli xana yazdığı məktuba cavab olaraq Hüseynəli xanın Naxçıvan xanına -- Kəngərli tayfasının ağsaqqalı, vəkili Kərim Sultana və naxçıvanlılara məktubu, həmçinin İrəvan xanının münşisi tərəfindən naxçıvanlı naşir Molla Məhəmmədə yazılan məktublar var.
Haqqında qısa şəkildə bəhs etdiyimiz bu dəyərli sənədlər özünün kompleks tədqiqatını gözləyir
Musa RƏHİMOĞLU (QULİYEV),
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.