Bir daha M.F.Axundzadənin doğum və ölüm tarixləri barədə

Bir daha M.F.Axundzadənin doğum  və ölüm tarixləri barədə Son illərin nəşrlərində - monoqrafiya, dərslik və dərs vəsaitlərində Mirzə Fətəli Axundzadənin doğum tarixi 1812-ci il 30 iyun (köhnə stil), vəfatı isə 1878-ci il 28 fevral (köhnə stil) kimi göstərilir. M.F.Axundzadənin 1878-ci ildə vəfat etdiyi heç bir mübahisə doğurmur. Mübahisə doğuran və bizim yanlış hesab etdiyimiz doğum ili kimi götürülən 1812-ci il və ölüm günü kimi qəbul edilən 28 fevral tarixidir. Digər tərəfdən, təəccüblüdür ki, heç bir əsas olmadan M.F.Axundzadənin təvəllüdü ilə bağlı bir-birini təkzib edən iki sənədin birindən onun doğum ili, digərindən isə doğum günü götürülərək qoşalaşdırılmış və «1812-ci il 30 iyun» kimi elmi dövriyyəyə buraxılmışdır.
Biz əlimizdə olan arxiv materiallarına istinadən bunun yanlış olduğunu söyləyirik. Həmin sənədlərdən isə irəlidə bəhs edəcəyik.


Öncə böyük ədibin doğum tarixi ilə bağlı Azərbaycan ədəbi-mədəni fikrinin bəzi görkəmli nümayəndələrinin versiyalarına nəzər salaq. M.Tərbiyət, Ə.Haqverdiyev, F.Qasımzadə, N.Məmmədov M.F.Axundzadənin 1812-ci ildə anadan olduğunu yazmışlar. Onların heç biri böyük ədibin doğum gününü göstərməmişlər.
M.F.Axundzadənin həyatı və yaradıcılığı ilə bağlı ilk ciddi elmi-tədqiqat işi yazmış görkəmli Azərbaycan ədibi F.Köçərli 1903-cü ildə Tiflisdə rus dilində nəşr etdirdiyi «Azərbaycan ədəbiyyatı» adlı əsərində onun 1812-ci ildə anadan olduğunu qeyd etmişdir. F.Köçərli M.F.Axundzadənin anadan olmasının 100 illiyi münasibətilə yazdığı və 1911-ci ildə Tiflisdə nəşr etdirdiyi “Mirzə Fətəli Axundzadə həzrətlərinin təvəllüdündən yüz il mürur etmək münasibətilə yazılmış risaleyi-yadigaranə” kitabında isə böyük ədibin 1811-ci ildə anadan olduğunu göstərmiş, “Əvəli təvəllüd günü və ayı məlum deyil” - deyə qeyd etmişdir. O, 1811-ci il tarixinin daha dəqiq olduğuna şübhə etmədiyini də xüsusi vurğulamışdır: “Mirzə Fətəlinin tərcümeyi-halına dair məlumatı onun oğlu mərhum Rəşid bəy lütf üzü ilə cəm edib bizə vermişdi. Onun dürüst olmağına şübhə yeri qalmır. Əlimərdan bəy Topçubaşov cənablarının verdiyi məlumat ilə biz yazdığımız müvafiq gəlir”.
Görkəmli ədəbiyyatşünas Ə.Şərif də Tiflisdə nəşr olunan “Dan yıldızı” (1926-1931) jurnalında (1927, ¹12) dərc etdirdiyi “Mirzə Fətəli Axundzadə” məqaləsində böyük ədibin 1811-ci ildə anadan olduğunu göstərmişdir. Şübhəsiz ki, Ə.Şərifin bu qənaətdə olması F.Köçərlinin məlum kitabı və həmin kitab əsasında müəllifin M.F.Axundzadənin 100 illik yubileyində çıxışı ilə bağlıdır. Bunu Ə.Şərifin çox-çox sonralar - 2 may 1971-ci ildə qələmə aldığı memuarında F.Köçərli ilə məhz həmin yubiley gecəsində ilk dəfə görüşdüyünü qeyd etməsi, eyni zamanda, görkəmli ədibin M.F.Axundzadənin məlum kitabı ilə tanışlığı barədə yazması da təsdiqləyir: “Atamın arxivində Firidun bəyin 1911-ci ildə Tiflisdə çap edilmiş «Mirzə Fətəli Axundzadə həzrətlərinin təvəllüdündən yüz il mürur etmək münasibətilə yazılmış risaleyi yadigaranə»si qiymətli bir yadigar olaraq qalır...” Onu da qeyd edək ki, Ə.Şərif həmin memuarında M.F.Axundzadənin 1811-ci ildə doğulması ilə bağlı 1927-ci ildə “Dan yıldızı” jurnalında yazdığına bir düzəliş etməyi də lazım bilmişdir: “Bu kitabça (F.Köçərlinin kitabı nəzərdə tutulur - Ş.Ş.) Mirzə Fətəlinin yubileyi ərəfəsində buraxılmışdı. O zaman böyük yazıçının anadan olduğu il, səhv olaraq, 1811-ci il hesab edilirdi, buna görə də onun yüz illik yubileyi 1911-ci ildə qeyd edilirdi”. Beləliklə, Ə.Şərif də M.F.Axundzadənin 1812-ci ildə anadan olması barədə XX əsrin altmış-yetmişinci illərində artıq elmi dövriyyədə qətiləşdirilən fikirlə razılaşdığını göstərmişdir.
M.F.Axundzadənin doğum gününün məhz 30 iyun olduğunu yazan müəlliflərdən biri A.N.Lermandır. O, “M.F.Axundov rus mətbuatında 1837-1962-ci illər. Biblioqrafiya” adlı kitabında (rus dilində) böyük ədibin 1812-ci il iyunun 30-da (yeni stillə iyulun 12-də) doğulduğunu yazmışdır. M.F.Axundzadənin təvəllüdü ilə bağlı həmin il və gün dərsliklərdə, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş «Ədəbiyyat» (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait) kitabında da öz əksini tapmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, sonralar işıq üzü görmüş müvafiq elmi ədəbiyyatlarda M.F.Axundzadənin məhz 1812-ci il 30 iyunda (köhnə stillə) anadan olduğu yazılmış və həmin tarix artıq mübahisəsiz bir fakt kimi götürülməkdədir.
Bəs M.F.Axundzadənin artıq «mübahisəsiz fakt» kimi götürülən doğum tarixi, yəni «1812-ci il 30 iyun» öz mənbəyini haradan almışdır? Biz əvvəldə bunun «bir-birinə zidd iki sənəddən» qaynaqlandığını qeyd etmişik. Yenə vurğulayaq ki, sənədlərdən birindən onun doğum ili (1812), digərindən doğum günü (30 iyun) götürülmüşdür. Hesab edirik ki, bu, yolverilməzdir və heç bir tarixi sənədə əsaslanılmamışdır. Bu anlaşılmazlığı aydınlaşdırmaq üçün məhz “1812-ci il”i və “30 iyun”u özündə əks etdirən bir-birinə zidd iki sənədə nəzər salmağımız vacibdir.
Öncə M.f.Axundzadənin doğum ili kimi götürülən “1812-ci il”i əks etdirən tarixi sənəd barədə. Bu sənədin müəllifi elə böyük ədibin özüdür. Bu, M.f.Axundzadənin 1874-cü ildə yazıldığı güman edilən və ilk dəfə 1887-ci ildə “Kəşkül” qəzetinin 43-45-ci nömrələrində çap edilən “Bioqrafiyayi, yəni sərgüzəşti-kolonel Mirzə fətəli Axundzadə” adlı tərcümeyi-halıdır. Qeyd edək ki, böyük ədibin qələmə aldığı bioqrafiya onun AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutundakı arxivində mühafizə olunur. Burada böyük ədibin özü də doğum günü ilə bağlı heç bir tarixi, o cümlədən 30 iyunu qeyd etməmişdir. Həmin sənəd sonralar M.F.Axundzadənin işıq üzü görən bəzi külliyyatlarında öz əksini tapmışdır. Böyük ədibin 1988-ci ildə çap olunan üçcildliyinin 3-cü cildində özünə yer alan həmin avtobioqrafiyada M.F.Axundzadə əsil-nəcabəti ilə bağlı qısa məlumatdan sonra (həmin sənəddə ədibin əsil-nəcabəti ilə bağlı qeydi şübhə və təəccüb doğurur. Müvafiq sənədlər onun yazdığını təkzib edir. Bu barədə ayrı bir yazımızda bəhs edəcəyik - Ş.Ş.) miladi 1812-ci ildə doğulduğunu yazmışdır. M.F.Axundzadənin məhz bu qeydi sonralar onun bioqraflarını böyük ədibin doğum tarixi kimi 1812-ci ili göstərmələrini şərtləndirmişdir. M.F.Axundzadənin ən sanballı tədqiqatçılarından biri F.Qasımzadənin müxtəlif versiyalar içərisindən məhz 1812-ci ili götürməsi və bunu «həqiqətə daha yaxın və inandırıcı» sayması təsadüfi deyildir; o, böyük ədibin özünün qeydlərini daha mötəbər hesab etmişdir. Sonrakı ədəbiyyatşünaslar nəsli də F.Qasımzadənin mövqeyi ilə razılaşmışlar...
M.F.Axundzadənin məhz 30 iyunda doğulmasını göstərən tarixi sənəd barədə. Bu, cəmayüdil - əvvəlin 25-ci günündə, 1252-ci ildə (miladi 1836) Şəkinin tanınmış 12 nəfər din xadiminin özlərinin möhürləri və imzaları ilə təsdiq etdikləri azərbaycanca yazılmış şəhadətnamədir. Böyük ədibin arxivində saxlanılan həmin şəhadətnamədə M.F.Axundzadənin “...rəcəb ayının 12 yovmində səneyi-1229-da” doğulduğu və “şəvval ayının 24-cü yovmində səneyi-1230-da xətana olunduğu” (xətəna - sünnət - Ş.Ş.) qeyd edilmişdir. Bu da böyük ədibin doğum tarixinin miladi 1814-cü il iyun ayının 30-na müvafiq olduğunu göstərir. Qeyd edək ki, şəhadətnaməni Şəki vilayətinin qazısı Ağa Şeyx Məhəmməd, Axund Molla Ağa ibn Axund Molla Əhməd xan, Şəki vilayətinin imamı Əziz Əfəndi və başqaları olmaqla, 12 nəfər nüfuzlu din xadimi imza etmişdir.
Beləliklə, M.F.Axundzadənin doğum ili böyük ədibin özünün qeydləri əsasında 1812-ci il, doğum günü isə Şəki ruhanilərinin şəhadətinə əsasən 30 iyun kimi götürülmüşdür. Bizim də razılaşmadığımız və yanlış saydığımız məqam budur.
İndi isə hər iki sənətdə öz əksini tapan tarixlərin səhih olub-olmaması məsələsinə diqqət yetirək. M.F.Axundzadə məhz hansı real sənədə əsaslanaraq özünün 1812-ci ildə doğulduğunu yazdığı məlum deyil. Əgər o, real bir sənədə istinad etmək istəsəydi, şübhəsiz ki, Şəki ruhanilərinin 1836-cı ildə imzaladığı şəhadətnamə onun yardımına gələrdi. Amma böyük ədib həmin şəhadətnamədəki doğum ili (1814) və doğum gününü (30 iyun) öz əli ilə qələmə aldığı tərcümeyi-halına gətirməmişdi. Görünür, həmin tarixlər elə M.F.Axundzadənin özünə də inandırıcı görünməmişdir. Zənnimizcə, həmin şəhadətnamə M.F.Axundzadəyə 1836-cı ildə Tiflis qəza məktəbində müəllim vəzifəsinə işə götürülərkən lazım olmuşdur. Şəhadətnamənin də məhz 1836-cı ildə (hicri 1252) yazılması bu ehtimalı xeyli qüvvətləndirir. Lakin həmin şəhadətnamədə M.F.Axundzadənin doğum ili və doğum günü kimi qeyd edilən 1814-cü il 30 iyun tarixinin mötəbərliyinə şübhə ilə yanaşırıq. Bunun üçün məntiqi (eləcə də faktiki) əsaslarımız vardır. Yenə 1836-cı ildə Şəki ruhaniləri tərəfindən yazılan və onların şəxsi möhürləri ilə təsdiqlənən başqa bir şəhadətnamədə Axund Hacı Ələsgər «mərhum» deyə yad edilir. Əgər şəhadətnamə yazılan zaman Axund Hacı Ələsgər sağ olsaydı, Fətəlinin doğum ili və günü ilə bağlı həmin sənəddə öz əksini tapan tarixin onun tərəfindən göstərildiyinə inanmaq olardı...
Beləliklə, M.F.Axundzadənin 1812-ci il iyunun 30-da doğulması ilə bağlı mülahizələri qəbul etmirik. Böyük ədibin arxivində mühafizə olunan və rəsmi dövlət möhürü ilə təsdiqlənən, məsul şəxslər tərəfindən imzalanan bir sənəd M.F.Axundzadənin həyatını və fəaliyyətini əks etdirmək baxımından olduqca qiymətlidir. Bu, M.F.Axundzadənin ölümündən sonra - 8 mart 1878-ci ildə hazırlanmış “Tam xidməti siyahı”nın surətidir. Qeyd edək ki, həmin sənədin arxivdə 2 surəti mühafizə olunur və sənədin əsli 8 mart 1878-ci ildə hazırlanmışdır. Surətlərdən biri M.F.Axundzadənin həyat yoldaşı Tubu xanımın 3 mart 1878-ci il tarixli xahişi əsasında ərinin ölümü ilə bağlı pul vəsaiti almaq üçün topladığı sənədlərə əlavə etmək məqsədilə hazırlanmışdır. Sənədi Qafqaz Hərbi Dairəsi Ştabının baş adyutantı vəzifəsini icra edən (podpolkovnik) və baş adyutantın köməkçisi (kapitan) imzalamışlar. F.Qasımzadə həmin sənədin M.F.Axundzadənin vəfatından on gün sonra oğlu Rəşid bəyin xahişi ilə verildiyini yazmışdır. Görkəmli tədqiqatçı yanılır. Rəşid bəyə qeyd etdiyimiz sənədin ikinci surəti verilmişdir. Surətə əlavə olunan kiçik arayışda sənədin Rəşid bəyə 23 oktyabr 1895-ci ildə verildiyi göstərilir. 17471 nömrəli arayışı Qafqaz Hərbi Dairəsi Ştabının rəis köməkçisi (general-mayor) və baş adyutant (polkovnik) imzalamışlar. 8 mart 1878-ci il tarixində hazırlanmış sənədin əsli ilə doğru olduğunu isə baş adyutant (polkovnik) və onun köməkçisi (kapitan) öz imzaları ilə təsdiq etmişlər. Nüsxələrlə bağlı təfərrüata varmağımız onun mötəbərliyini bir daha diqqətə gətirməkdir. Həmin sənəddə M.F.Axundzadənin məhz 1811-ci ildə anadan olduğu yazılmışdır. Məlumdur ki, M.F.Axundzadəni Tiflisə Axund Hacı Ələsgərin özü aparmışdır və Qafqaz Canişinliyində 1834-cü ildən xidməti vəzifəsini icra etməyə başlayan Mirzə fətəlinin 1811-ci ildə anadan olduğuna şəhadətlik edə bilərdi və bunun əsasında da böyük ədibin əmək fəaliyyəti ilə bağlı başlanılmış işdə onun doğum tarixinin 1811-ci il göstərilməsi tamamilə təbii görünməlidir. Beləliklə, biz M.F.Axundzadənin 1811-ci ildə anadan olduğu qənaətindəyik. İstinad etdiyimiz sənəddə isə onun doğum günü göstərilmədiyindən bu barədə heç nə söyləməməyi üstün tuturuq.
İndi isə M.F.Axundzadənin məhz hansı gündə öldüyü barədə. Yuxarıda böyük ədibin doğum tarixi ilə bağlı əsərlərinə istinad etdiyimiz görkəmli tədqiqatçılar M.F.Axundzadənin 1878-ci ilin məhz hansı günündə vəfat etməsi məsələsinə də toxunmuşlar. Burada da müxtəlif versiyalar irəli sürülür. F.Köçərli və Ə.Haqverdiyev böyük ədibin fevralın 28-də vəfat etdiyini yazmışlar. Ə.Şərif ölüm tarixi kimi 12 martı götürmüşdür ki, bu da köhnə stillə fevralın 28-nə uyğun gəlir. Bugünkü monoqrafiya və dərsliklərdə də böyük ədibin köhnə stillə fevralın 28-də vəfat etdiyi birmənalı şəkildə qeyd edilməkdədir.
Bir sıra nüfuzlu tədqiqatçılar isə M.F.Axundzadənin fevralın 27-də vəfat etdiyini yazmışlar. Bu sıraya M.Tərbiyəti, A.Lermanı, N.Məmmədovu daxil etmək olar. Həmin tarix isə yeni stillə martın 11-nə uyğun gəlir.
Tanınmış tədqiqatçılar Ə.Səidzadə və F.Qasımzadə isə böyük ədibin məhz köhnə stillə fevralın 26-da, yeni stillə martın 10-da vəfat etdiyini yazmışlar.
Ə.Səidzadə “Literaturnıy Azerbaydjan” jurnalında (1938, ¹10-11) dərc etdirdiyi «M.F.Axundov nə vaxt vəfat etmişdir» adlı çox dəyərli məqaləsində Moskvadakı Hərbi-Tarixi Arxivdə M.F.Axundzadənin adı keçən sənədlərə, eləcə də A.Berjenin qeydlərinə əsaslanaraq onun fevralın 26-da vəfat etdiyini yazmışdır. Onun yazdığına görə, A.Berje özünün qeydlərində tamamilə başqa bir məsələdən bəhs edərkən M.F.Axundzadənin ölüm tarixi məsələsinə də toxunmuşdur. A.Berjenin qeydlərindən bəlli olur ki, M.F.Axundzadəninin ölümündən iki gün sonra onun oğlu Rəşid bəy bu barədə atasının qulluq etdiyi idarəyə məlumat vermişdir; idarə isə elə həmin gün Rəşid bəylə hesablaşmış, lakin “ödəniş yalnız 26 fevrala - M.F.Axundzadənin ölüm gününə qədər aparılmışdır”.
Biz də Ə.Səidzadə və F.Qasımzadəninin qənaətlərini tamamilə bölüşdürürük və M.F.Axundzadənin 1878-ci il fevralın 26-da vəfat etdiyini təsdiqləyirik. Bunun üçün əlimizdə tarixi sənəd vardır. Bu, əvvəldə bəhs etdiyimiz “Tam xidməti siyahı”dır. Həmin sənəddə M.F.Axundzadənin məhz 1878-ci il fevralın 26-da vəfat etdiyi yazılmışdır.
Bir daha M.F.Axundzadənin doğum  və ölüm tarixləri barədə
Beləliklə, M.F.Axundzadə 1811-ci ildə anadan olmuş,
1878-ci il fevralın 26-da (yeni stillə martın 10-da)
vəfat etmişdir.


Şahbaz Şamıoğlu,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun
aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru.

"Şərqin səsi" qəzeti,
N: 68 (298) Oktyabr, 2014-cü il.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: