“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi” Azərbaycan ədəbiyyatının öyrənilməsində ilk mənbə kimi təzkirələrdən istifadə olunub. Aydındır ki, təkcə Azərbaycan ədəbiyyatının deyil, Yaxın və Orta Şərq klassik ədəbi irsinin tədqiqində, təbliğində təzkirəçiliyin gördüyü işi unutmaq olmaz. Bunu da qeyd edək ki, mövcud ədəbiyyat tarixlərimizin hazırlanmasında təzkirəçilərin materiallarından kifayət qədər istifadə olunub. Xüsusən də XIX-XX əsr təzkirəşünaslığımız qiymətli elmi mənbədir.
Bu təzkirələrdə klassik poeziyamızın ən yaxşı ədəbi örnəkləri, o cümlədən M.P.Vaqifin həyat və yaradıcılığı öz əksini tapıb. S.Ə.Şirvaninin, M.İ.Xəyalinin, M.Müstəhidzadənin, M.Nəvvabın, M.Tərbiyətin, C.R.İsmayılzadənin, R.Hidayətin, Ə.Dövlətabadinin, B.Mirzənin təzkirələrində M.P.Vaqifin ədəbi irsi xüsusi çəkiyə malik idi. S.Ə.Şirvani təzkirəsi Azərbaycan dilində yazılmış, daha əhatəli və mükəmməl hazırlanmışdı. Mirzə İsa Xəyalinin (1850-1917) “Təzkireyi-Ziyai” əsərində də M.P.Vaqif yaradıcılığına ayrıca diqqət yetirilib, şairin əsərlərinin dünyəvi mahiyyəti, dilinin sadəliyi, poetik imkanlarının genişliyi təqdir olunub.
Azərbaycan ədəbiyyatının ilk mənbələri sırasında M.M.Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri də qeyd edilir. Təzkirə XIX əsrin 70-ci illərində yazılıb. Təzkirənin birinci hissəsində M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, Aşıq Pəri kimi şairlərin həyat və yaradıcılığı əhatə olunur. M.M.Nəvvab “Kövhəriyyə” adlı məktəbdə klassik Şərq ədəbiyyatını öyrədirdi. Belə ki, o öz dərslərində M.P.Vaqifin də ədəbi irsi haqqında söhbət açırdı.
M.Müctəhidzadənin “Riyazül - aşiqin” təzkirəsi “Müştari” təxəllüsü ilə yazılıb. Azərbaycan və fars dillərində qəzəl, mənzumələr yazıb, mükəmməl divan yaradan təzkirəçi Qarabağ ədəbi mühitinə yaxşı bələd olmuşdu. Müctəhidzadə bədii irsimizin XVIII əsr mərhələsinə yığcam münasibət bildirmiş, M.V.Vidadi, M.P.Vaqif yaradıcılığı haqqında maraqlı faktlar, müxtəlif ədəbi nümunələr çıxarmışdır.
Salman Mümtaz “Füyuzat” jurnalının 1920-ci ildə çıxan 2-ci nömrəsində “Rudaki və Molla Pənah Vaqif” məqaləsində fars-tacik şairi Rudaki ilə Molla Pənah Vaqif yaradıcılığı arasında maraqlı ədəbi paralellər aparmış, onların əsərlərinin forma və məzmun yaxınlığını ədəbi faktlar əsasında sübut etməyə çalışmışdır. Hər iki sənətkarın müxtəlif ictimai şəraitdə yaşamalarına baxmayaraq, S.Mümtaz onların tale yaxınlığı, ictimai-siyasi hadisələrə münasibəti haqqında maraqlı faktlar üzə çıxarmışdır.
Burada maraqlı bir məsələ də ortaya çıxır. S.Mümtazın müqayisəsindən aydın olur ki, M.P.Vaqif dövlət işlərində İbrahim xana güclü təsir etmək imkanına malik olmuşdur. Ancaq Rudaki bu cür imkanlara malik olmayıb. O ancaq alim kimi şöhrət tapıb. Vaqif isə həm də dövlət xadimi kimi yadda qalıb. Əsərdə şairin dövrü, ədəbi mühiti, Qarabağ xanlığının o dövrdəki vəziyyəti barədə maraqlı faktlar yer alıb. Müəyyən təhlillərlə yanaşı, əsərlərindən xeyli sayda ədəbi parçalar verilib.
M.P.Vaqif yaradıcılığı klassik Şərq poeziyasından Avropa tipli maarifçi-realist ədəbiyyata keçidin əsasını qoyub. Klassik ədəbi ənənənin ən yaxşı cəhətlərini-humanizmi, insanpərvərliyi, milli və bəşəri dəyərləri birləşdirən, sintez edən şairin yaradıcılığı ilk ədəbiyyat tarixçimiz olan F.Köçərlidən üzübəri tənqid və ədəbiyyatşünaslığımızın diqqət mərkəzində olub.
F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinin bir sıra mərhələləri ilə yanaşı M.P.Vaqif yaradıcılığına da xüsusi diqqət yetirirdi.
O, ilk milli ədəbiyyat tariximizin əsası XVIII əsrdə M.P.Vaqiflə qoyulan realist yaradıcılıq tipinə daha çox üstünlük verirdi. Nəhayət ki, Azərbaycan tatarlarının ədəbiyyatı” (1903) adı ilə Tiflisdə rus dilində kitab nəşr etdirdi. “Azərbaycan tatarlarının ədəbiyyatı”nda (1903) ədəbiyyatımızın tarixi M.P.Vaqiflə başlayır, klassik ədəbi irsdə ana dilinə, realist yaradıcılıq metoduna üstünlük verirdi.
Əvvəlki tədqiqatlarında olduğu kimi, “Azərbaycan türklərinin ədəbiyyat tarixi” əsərində də ədəbiyyatşünas M.P.Vaqif yaradıcılığına xüsusi yer ayırmış, onu realist Azərbaycan ədəbiyyatının “baneyi-karı” hesab etmişdir. Bilirik ki, M.P.Vaqif yaradıcılığında realizmin xüsusiyyətlərini axtarmaq, üzə çıxarmaq məsələsini birinci dəfə F.Köçərli ortaya qoymuş, bu cəhətdən M.P.Vaqif və Q.Zakir yaradıcılığına yüksək qiymət vermişdir. Hətta bir qədər də irəli gedərək M.P.Vaqifi realist Azərbaycan ədəbiyyatının banisi kimi dəyərləndirmişdir.
Müəllifləri M.Rəfili, F.Qasımzadə, H.Araslı, M.H.Təhmasib, M.Cəlal, redaktorları H.Hüseynov və M.Arif olan, müharibə illərində çapdan çıxan “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (1943-1944) birinci cildində M.P.Vaqif yaradıcılığı ayrıca oçerklə təmsil olunub. Ədəbiyyat tarixində şairin həyat və yaradıcılığı, Qarabağ xanlığındakı fəaliyyəti, dövrün qabaqcıl ziyalıları ilə əlaqəsi tarixilik və müasirlik işığında təhlil olunub.
Burada ədəbi fakt və hadisələr, o cümlədən M.P.Vaqif yaradıcılığı dövrün ictimai-siyasi hadisələri fonunda verilib, XVII əsr Azərbaycan ədəbiyyatı üçün səciyyəvi olan realizm, realist şeir, müasir poeziyanın klassik şeir ənənələri ilə əlaqəsi geniş aspektdə təqdim olunub.
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”də realizmin təzahürü və xarakteri dinamik inkişaf prosesində verilməklə yanaşı, onun mərhələlərinin spesifik cəhətlərinə, tipologiya tədqiqinə də aydın elmi baxış ifadə edilib. Məsələn, XVIII əsr realizminin M.P.Vaqif mərhələsi ilə XIX əsr ədəbi-tarixi prosesində realizmin fərqli cəhətləri diqqət mərkəzinə çəkilib və belə qənaətə gəlinib ki, “XIX əsrdə yaranan realizm, Vaqif dövrü realizmdən fərqli olaraq, həyatın, dövrün geniş təsvirini verirdi. Bu dövrün realist yazıçıları köhnə cəmiyyətin mənfi tərəflərini ümumiləşdirərək, zəmanənin tipik surətlərini yaradırdılar”.
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kimi üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” də M.P.Vaqif yaradıcılığı ilə tamamlanırdı. Bu o demək idi ki, hər iki ədəbiyyat tarixinin müəllifləri və redaktorları şairin bədii irsini ədəbiyyatımızın keçid mərhələsi kimi dəyərləndirir. Ədəbiyyat tarixindəki “Vaqif” oçerkinin müəllifi Həmid Araslıdır. Oçerkdən görünür ki, o M.P.Vaqif yaradıcılığı haqqında əvvəlki illərdə yazdığı məqalələr və monoqrafiya ilə kifayətlənməmiş, yeni ədəbi mərhələnin - 60-cı illər ədəbiyyatşünaslığının meyarlarına uyğun elmi-ədəbi nümunə meydana çıxarmağı bacarmışdır. Burada Vaqif yaradıcılığı ilə Azərbaycan poeziyasında yeni səhifə açılması xüsusi olaraq vurğulanır. Müəllif sosioloji mülahizələrə daha az yer verərək bədii-estetik təhlillərə üstünlük vermiş, şairin yaradıcılığında ictimai motivlər, qadına münasibət, realist bədii sistem haqqında konkret, bitgin fikir formalaşdıra bilmişdir.
M.P.Vaqif yaradıcılığı dünyəvi mahiyyətdədir, klassik ədəbi ənənələri yaşatmaq və mənəvi dəyərləri qorumaqla yanaşı, həm də novator sənətdir. Bütün bunlara görə hesab edirik ki, şairin yaradıcılığı bundan sonrakı dövrlərdə də tədqiqatçıların diqqət mərkəzində olacaq.

Salatın ƏHMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
Azərbaycan dili və pedaqogika kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: