Yenilik ciddi tədqiqat tələb edir...

 Yenilik ciddi tədqiqat tələb edir... Soltan Hüseynoğlu,
Azərbaycan Dövlət Pedaqopji Universitetinin dosenti


Bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən konfransda bir orta məktəb müəlliminin təlaş dolu çıxışını dinləməsəydim, bu yazı da meydana çıxmayacaqdı. Müəllimənin dediklərini olduğu kimi təkrar edirəm: “Yeddinci sinifdə keçdiyim açıq dərsdə ev tapşırığı verərkən şagirdlərə dedim ki, Azad və Fərda surətlərinin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirin, Venn diaqramından istifadə edin. Dərsimdə iştirak edən müəllim yoldaş¬larımın çoxu “Venn diaqramı” sözlərini işlətdiyim üçün mənə irad tutdu. Onların fikrincə, biz şaxələndirmə, BİBÖ, Venn diaqramı, fasilələrlə oxu və s. istifadə etsək də, onların adını çəkməməliyik, yəni onların adını şagirdlərin bilməsi vacib deyil. Mən onlarla razılaşmasam da, yeni qəbul etdiyim V sinifdə tətbiq etdiyim metodların adlarını çəkmir, onlardan istifadə qaydalarını praktik olaraq öyrətməklə kifayətlənirdim. Bu, ciddi çətinlik yaradır, hər dəfə uzun-uzadı izahat verərək şagirdlərə nə etməli olduqlarını anladırdım. Bir müddət sonra isə sinifdə həm gülüş, həm də təəssüf doğuran bir hal müşahidə etdim; hansı metodu tətbiq etmişdimsə, şagirdlər ona ad qoymuşdular. Bunu təsadüfən bildim. “Yetim İbrahimin nağılı” öyrənilərkən padşahla vəzirin müqayisəsi üzrə tapşırıq vermişdim, şagirdlərin bir-birinə dediklərini ucadan təkrar etmələrini xahiş etdim. Onlardan biri utana-utana dedi : –Müəllim, qarpız şəkli çəkəcəyik?
Müqayisənin nəticələrinin əks olunduğu bu diaqramı şagirdlərim “qarpız şəkli çəkmək” kimi yadda saxlayırdılar”.


Çıxış edən müəllimə konfransda iştirak edən metodist alimlərdən məsələyə münasibət bildirməyi xahiş edir, həqiqəti üzə çıxarmaq istəyirdi. Əlbəttə, məsələyə münasibət bildirildi, problemin haradan və necə yarandığı barədə də ətraflı danışıldı. Lakin bu qəbildən suallar müəllimlərin arasında geniş yayıldlğın¬dan konfransda deyilənlərlə kifayətlənməyi məqbul saymadıq, möv-qeyimizi oxu¬cu¬larla paylaşmağı lazım bildik. Son illər pedaqoji anlayış və ter-minlərin xeyli artması, əlbəttə, çətinlik yaradır. Uzun illər işlətdiyimiz, səslənmə baxımından da məqbul sayılan bir çox terminlərin yeni adda, həm də yersiz olaraq, pedaqoji ədəbiyyatımıza yol tapması, haqlı olaraq, narazılığa səbəb olur. Onların adlarının öyrənilməsi, məna baxımından fərqləndirilməsi və s. asan olmur. Bu baxımdan şagirdlərin də, belə demək olarsa, termin yükünün çoxaldılması məqsə¬dəuyğun deyildir. Lakin bir sıra anlayış və terminlərin həm mahiyyətinin, həm də adlarının şagirdlərə öyrədilməsi vacibdir. Çünki onlar dərsdə özlərini o qədər çox və ardıcıl göstərir ki, ad çəkməmək mümkün deyildir. Bu, hələ işin bir tərəfidir. Unudul¬mamalıdır ki, termin və anlayışların öyrədilməsi və fərq¬lən¬dirilməsi təlim işinin sonrakı təşkili üçün əhəmiyyətlidir. Məsələn, təcrübə göstərir ki, müəllim ikihissəli gündəlik deyilən “metodun” (dırnaqda ona görə yazıram ki, onun metod adlandırılmasını doğru hesab etmirəm) mahiyyətini, tətbiqi qaydalarını öyrətməkdə çətinlik çəkmir. Bu “metodun” necə adlanması da şagirdlərə çatdırılır. Və tez-tez də evə bu məzmunda tapşırıq verilir: Əsərlə bağlı düşüncələrinizi ikihissəli gündəlikdə yazın. Bu, icra edəcəkləri işlə bağlı şagirdlərdə aydın təsəvvür yaradırsa, nəyi pisdir? Eləcə də, BİBÖ, şaxələndirmə (klaster), nişanlama ilə oxu (İNSERT), rollu oxu... ilə praktik tanış olan şagirdlərə onların adının öyrədil-məsi işi¬mzə ancaq fayda gətirər. Daha dəqiq deyilsə, müəllim şagirdlərinə yerinə yetirəcəkləri işi birbaşa adı ilə təklif edir, heç bir əlavə izaha-filana ehtiyac da qalmır...
Məni narahat edən mühüm məsələlərdən biri odur ki, pedaqoji ədəbiy-yatımıza yanlış, pəltək dildə gətirilənlər barədə sonralar nə qədər yazılsa da, təbliğat aparılsa da, nöqsanı aradan qaldırmaq, qüsura düzəliş vermək olmur. “Novator alimlər” (oxu: “tərcüməçi alimlər”) “anlayışın çıxarılması” deyilən bir iş növündən (onu da metod sayırlar) ardıcıl danışırlar. Onun mahiyyətini, tətbiqi qay¬¬dalarını bir neçə mənbədən (tutuquşu kimi bir-birini təkrar edirlər; götürdükləri mənbə eynidir axı...) diqqətlə öyrəndim və öz iş təcrübəmdə – məktəbdə xeyli dəyişiklik və yaradı¬cılıqla tətbiq etdim. Şagirdlər də, özüm də məmnun qaldıq. Amma onu “an¬la¬yışın çıxarılması” adlandırılmasını bir kənara qoydum, çünki hərfi tərcümədir. Yaxşısı belədir: anlayışın müəyyənləşdirilməsi, yaxud anlayışın tapılması. Və bir bəla da budur ki, müəllimlərimiz bu qəbildən məsələlərdə yara¬dıcılıq, yenilik etməkdən çəkinirlər. Məsələn, “tərcüməçi alimlər” qeyd edirlər ki, anlayışın müəyyənləşdirilməsindən dərsin motivasiya mərhələsində istifadə olunur. Lakin əlahəzrət praktika təsdiq edir ki, o, bədii əsərin təhlilində tətbiq edilə bilir və nəti¬cə¬si də faydalı olur.(Oxucular maraqlanarsa, dərslərdən nümunələri nümayiş etdirən yazını elə burada verə bilərəm). Fikrimin canı odur ki, bu məsələlərə ya¬radıcı yanaşmaq, yeniləşdirməyə səy göstərmək vacibdir. Bu gün idxal olunan onlarla “təlim metodunun” hamısı faydalıdırmı? Əlbəttə, yox. Onların vətənində məsələyə, şübhəsiz, fərqli yanaşılır, daim təkmilləşmə və yeniləşmə aparılır. Bu gün bizdə faydalı sayılan, necə deyərlər, gözümüzə təpdiklərimiz orda, bəlkə də, artıq yararsız və ya az faydalı hesab olunur. Pedaqoji ədəbiyyatımıza səpələnən “metodların”, tapşırıq modellərinin mahiyyəti, tətbiqi ilə bağlı yazıları mütaliə edəndə dərslə¬rimizin məqsədindən, quruluşundan, imkanlarımızdan çox-çox fərqli, hətta bəzən onlara zidd mövqe ilə qarşılaşırsan. Məsələn, həmin yazılarda bir metod, yaxud bir tapşırıq modelindən danışılanda onun tətbiqi üçün 50-60 dəqiqə vaxtın lazım olması, şagirdlərin sayının 90 nəfərə qədər ola biləcə¬yinin müm¬künlüyü vurğulanır. Bu, fərqli təhsil sistemindən, təlimin fərqli təşkilin¬dən irəli gələn məsələdir. Belə olan halda idxal olunan metod, priyom, iş növünün və s. məktəbdə eksperiment əsasında yoxlanılması vacib deyilmi? Əlbəttə, vacibdir. Bu isə ciddi elmi araşdırma, başlıcası isə ardıcıl eksperiment tələb edir. Belə olanda tətbiq olunanların faydalılıq səviyyəsini müəyyənləşdirmək xeyli asanlaşır. Ədəbiyyat dərslərində aparılmış eksperimentin bəzi nəticələrini diqqətə çatdırıram. 2005-2009-cu illərdə fəal/interaktiv “metodların” tətbiqi yollarını xüsusi həvəs və mənəvi aclıqla araşdırırdım. İki məktəbdə işləməyim geniş əl-qol açmağa imkan vermişdi. “Metodları” müxtəlif siniflərdə, fərqli təlim materialları üzrə tətbiq edir, vəziyyəti təhlil edir, nəticələrin müqayisəsi əsasında obyektiv qənatə gəlməyə çalışırdım. Üç ildən artıq çəkən araşdırmadan mənə aydın oldu ki, fəal/interaktiv təlimin məktəbdə uğur qazanmasını birinci şərti təlim material-larının ikiqat azaldılmasıdır. Yəni, məsələn, V sinifdə 19-20 əsər yox, 11-12 əsər tədris olun¬ma¬lıdır. Məhz bu halda fəal/interaktiv dərsin tələblərini həyata keçir¬mək, təklif olunan “metodları” səmə¬rəli tətbiq etmək mümkündür. (Yeri gəl¬mişkən: Bu tələb əsas götürülməklə VI sinif üçün hazırladığımız “Ədəbiyyat” dərsliyi süni əngəlləri aşa bilmədi). Təşkil etdiyim eksperimentdən bir faktı xat¬ırladıram. VIII sinifdə Ə. Haqverdiyevin “Mirzə Səfər” hekayəsinin tədrisində (məzmun üzrə iş aparılarkən) ziqzaq ( “mozaika” da deyilir; biz “zəncirvarı oxu” adlandırmışıq) “metodunu” tətbiq etmək üçün ciddi hazırlıq işi apardım. Şagirdlər icra edəcəkləri iş barədə zəruri təlimat almışdılar. Sərf olunan vaxt məni hey¬rətləndirdi: İşi iki dərs saatı müddətində ye¬kun¬laşdırmaq mümkün oldu. Bu vəziyyət digər təlim materiallarının tədrisində də təkrar olundu...
Yenilik, təbiidir ki, özü ilə yeni əndişələr də gətirir. Bunun aradan qal-dırılması metodist alimlərlə orta məktəb müəllimlərinin birgə fəaliyyəti, əmək-daşlığı sayəsində mümkündür. Bu gün həllini gözləyən onlarla problem, məsələ və suallar var. Bunun həlli bir neçə xarici məqalənin, təlimatın tərcüməsi ilə (hələ on¬ların hansı dərəcədə etibarlı olduğunu demirəm) mümkün deyildir. Bu, idxal olu¬nanların, tətbiq edilənlərin yerindəcə sistemli öyrənilməsini və araşdırılmasını tələb edir.
Elə buradaca yadıma komik bir əhvalat düşdü. Kurikulumla bağlı rayon¬larda treninqlərdə oldum. Aradan bir müddət keçəndən sonra, yəni dərslər başla¬yandan az keçmiş Qaxdan, Oğuzdan, Balakəndən və digər rayonlardan telefonu¬ma ara vermədən zənglər gəlməyə başladı. Müəllimlər şikayətlənirdilər ki, ev tapşırığı¬nın verilməsinin barədəki fikrimə məktəb rəhbərliyi etiraz edir. Qax rayonundan zəng edən Vəfa müəllimə göz yaşı içində dedi:”Ev tapşırığı verdiyimə görə açıq dərsimi zay hesab elədilər. Deyirlər ki, sizin təlimçidən – Soltan müəllim¬dən başqa, hamı ev tapşırığının verilməsinin əley¬hinədir, hətta “Mədəd” təşkilatından gələnlər də... Onu da deyirlər ki, fəal/interaktiv dərsin mərhələlərində sin¬fin təşkili, ev tapşırığının yoxlanılması da yoxdur, bunlara da dərsdə vaxt ayırmaq olmaz”.
Buna bənzər başqa bir əhvalatı da xatırladım. Adlı-sanlı bir metodist alim 2009-cu ildə dedi ki, təlimin təşkil forması kimi sinif-dərs 2017-ci ildə mövcud olmayacaq. Bunun cəfəngiyyat olduğunu kəsdirdiyimdən – “Nə yaxşı ki, o vaxt mən olmayacağam” – dedim. Yəni “Bu, mümkün deyildir” demək istəyirdim. Sinif-dərs fərqli forma ala bilər, məsələn ABŞ-da şagirdin iştirakının vacib olmadığı dərslər var, lakin əsas fənlər üzrə dərslərdə iştirak etmələri vacibdir, lakin onun – dərsin bilmərrə ləğvi mümkün deyildir. Dedyim odur ki, dərs varsa, sinfin təşkili də var, ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması da... və ev tapşırığı da... Məktəbin maddi durumu artanda şagird dərslərinə burada hazırlaşmaq imkanı əldə edəcək...
Yuxarıdakı fikrimin üzərinə qayıdıram. İstedadlı və zəhmətkeş metodist alimlərin vaxtaşırı xarici ölkələrə ezam edilməsi, orada proqram əsasında qısamüddətli fəaliyyət göstərməsi, qayıdandan sonra bizim üçün treninqlər keçir¬məsi, əcnəbilərin son tədqiatlarının nəticələri ilə həmkarlarını tanış etməsi bir çox problem¬lərin uğurlu həllinə, ağlabatan tədqiqatların ərsəyə gəlməsinə imkan yaradardı. Belə olsa, fərqli fikirlərə meydan açan şagird nailiyyətinin qiymətləndirilməsi, eləcə də bir sıra digər mühüm məsələlərlə bağlı mübahisələrə də son qoyular. Belə olsa, inanıram ki, məsələn, ətəyindən möhkəm yapışdığımız B. Blumdan da canımız qurtarar, daha müasir və əsaslandırılmış taksonomiyalarla işləmək imkanı qazanarıq. (B. Blumu fetişləşləşdirmişik. Halbuki onun təklif etdiyi taksonomiyada baş-ayaq olanlar az deyil. Kim sübut edə bilər ki, dərketmədə tətbiqetmə təhlildən əvvəl reallaşa bilər? Mənbələrlə orijinalda tanış ola bilməyən pedaqoq və metodistlərimiz qalıblar yarımçıq tərcüməçilərin ümidinə...)

Buradan o da aydınlaşır ki, elmi dərəcə almaq istəyənlərin, universitetlərdə işləmək niyyətində olanların qarşısında, heç olmasa, bir xarici dili mükəmməl bilmək tələbinin qoyulması məqsədəuyğun olar. Bu, zaman istəyir, amma çox faydalı olduğu da danılmazdır.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: