Türkdilli mətbuatımızın «Ziya»lı səhifələri
və yaxud,
qaranlıqda və alatoranlıqda qalan «Ziya» qəzeti
XIX əsrin ikinciyarısında Bakıda Azrbaycan dilində nəşr edilən "Əkinçi" qəzeti (1875-1877) sovet dönəmində dövrün siyasətinə uyğunlaşdırılsa da, Tiflisdə Azərbaycan dilində çıxan "Ziya"( 1879,yanvar -1884,iyun) həmişə kölgədə qalmış,onun səhifələrində qaldırılan məsələlərə etinasız münasibət göstərilmişdiı.Bu, hər nəsnədən əvvəl qəzetin naşiri və redaktoru Səid Ünsizadəninin Zaqafqaziya Əhli-Təsənni idarəsini üzvi olması ilə izah oluna bilərdi.Məsələ burasındadır ki, Səid Ünsizadə təyin olunduğu dini vəzifə çərçivəsində böyük maarifçilik işləri görür, Azərbaycanda və türkdilli digər məkanlarda yeni tipli məktəblərin yaradılması yolunda, məktəb yaşlı uşaqların məktəblərə təhsil cəlb olunmasında əhəmiyyətli fəaliyyət göstərirdi.
Gün geçdi, ay gəldi, il gəldi. Hələ bundan sonra da günlər keçəcək, aylar gələcək, ay il olacaq, illər əsrlərın hörgüləri kimi tarıxdə bərqərar olacaq.
Təəssüf ki, 140 il bundan əvvəl dünyaya Tiflisdə göz açan sadə türki dilimizdə maarifimiz, təhsilimiz, dinimiz və dilimiz , imanımız, gələcəyə gümanımız haqqında gah şirin-şirin, gah da acı-acı danışırdıan, özünə həm dost, həm də düşmən tapan "Ziya" qəzetinə hələ də layiq olduğu qiymət verilməmişdir. Doğrudur, 2014-cü ildə "Ziya" qəzetinin ərəb əlifbasından latın qrafikalı yazımıza transfonoliterasiyası böyük təmtəraqla keçirildi. Lakin sonda məlum oldu ki, transfonolitrerasiya edilən yarımçıq "Ziya"dır.Belə ki,qəzetin ilk 46 nömrəsi unudulmuş, 47-ci nömrə (qəzetin ilkinci ilinin ilk nömrəsi) elmi ictimaiyyətə və oxuculara "Ziya"nın yaranış nömrəsi kimi təqdim edilmişdir. Maraqlı burasındadır ki, bu biabırçı yanlışlığa görə hələ də cavab verən yoxdur.
Mən ilk yazılarımın birində səhvən "Ziya" qəzetinin 18 yanvar 1879-cu ildə nəşrə başladığını yazmışdım.Məsələ burasındadır ki, mən bu tarixi, qəzetin ilk iki nömrəsinin hələ tapılmadığına görə "Ziya"nın birinci sənəsinin 3-cü nömrəsinə əsasən söyləmişdim.Sonrakı tədqiqatlar göstərdi ki, "Ziya"nın tarixi 1879-cu il yanvarın 25-dən başlayır. Mən Moskva, Leninqrad (indiki və lap əvvəlki Peterburq-N.N.), Tiflis arxivlərində "Ziya"nın ilk iki nömrəsini çox axtardım, tapmadım, gümanım gəldiyi yerlərdən birinə -Odessaya gedə bilmədim ki, oradakı arxivlərdə bu nömrələri arayıb axtarım.
Odessa arxivlərini arayıb-axtarmaq fikri yoxdan yaranmayıb. Oxuduğum arxiv materiallarından birindən məlum oldu ki, Qafqaz canişininin əmri ilə Tıflisdə nəşr olunan bütün materrıallar məcburi nüsxə kimi Odessadakı arxivə də göndərilirmiş.
Kim bilir, bəlkə müharibə vaxtı bu materiallar itib-batıb. Belə ki, 1917-ci ildə - hərc-mərclik vaxtlarında Odessada arxiv materiallarını sobaya ataraq istisinə qızınanlar çox olub. Bu, Cəlil Məmmədquluzadənin öz əlyazmalarının istisinə qızınmağına oxşasa da, birincilik bu məsələdə odessalılara məxsusdur.
Nə isə...
Arxiv və kitabxanalarımızda "Ziya"nın bizə məlum olan ilk nömrəsi 8 fevral (pəncşənbə günü-cümə axşamı) 1879-cu il tarixli üçüncü nömrədir.
Bəzi tədqiqatlar heç bir fakt göstərmədən "Ziya"nın ilk nömrəsinin 14 yanvar 1879-cu ildə çıxdığını yazsalar da, bu birincilik tarixinin tarixi düzgün görünmür.
"Ziya"nın Gənc tədqiqatçılarından çoxu "Ziya"nın 1879-cu ilin yanvarından noyabrınadək türkdilli oxuculara göndərilən 46 nömrəsindən bixəbərdr. Halbuki hər bir elmi iş mözuya aid olan materialların düzgün araşdırılması ilə başlanmalıdır.
"Ziya" qəzetinin 1879-cu il noyabrın 19-da çıxan 44-cü nömrəsinin ilk 3 səhifəsi bu mətbu orqanın tarixindən, üzləşdiyi abunə çətinliklərindən bəhs edir. Yazı naşirin dilindən yazllmışdır:
"Tiflis. 17 noyabr. "Ziya" qəzetəsinin təb və nəşr olunmasını dürüst dost tutan həzərata məlum ola ki,həmin ildə qəzetə verməkligi öhdəmizə götürən vəqtdə niyyətimiz ona müncərr (sürüklənən-N.N.) olmuş idi ki, qəzetəmizi keçən məhərrəm ayının (ərəb qəməri ilinin birinci ayı-N.N.) ibtidasında verək. Çünki səneyi -islamiyyənin (islam ilinin-N.N ) ibtidası ondan başlanır və leykin işin ibtidası düşvar olmağə görə bacara bilmədük ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edüb, məzkur niyyətimizi əmələ gətürək. Ona görə naçar olub, səfər ayının on altsında əvvəlimci nömrəmizi zühurə gətirib ahəstə-ahəstə səy və hümmət göstərdik".
(Yadda saxlayın - 1296-cı il səfər ayının 16-ı - N.N.)
Deməli, "Ziya" qəzetinin əvvəlinci nömrəsi hicri qəməri təqvimi ilə 1296-cı ilin səfər ayının 16-da çıxmışdır ki, bu da miladi təqvimin 1979-cu il yanvar ayının 25-nə uyğun gəlir.
Təqvimlərin müqayisəsini yaxşı bilənlərdən bu hesablanmanı yoxlamağı xahiş edirik.
Aşkarda olan - 8 fevral 1879-cu ildə çıxan 3-cü nömrədə qəzetin pəncşənbə günlərində çıxdığı aydın-aşkar görünür. Əvvəcədən müəyyənləşdirilmiş qaydaya görə, "Ziya"nın birinci sənəsinin ilk iki nömrəsinin - 1879-cu il 8 fevral tarixli üçüncü nömrəsindən əvvəlki həftələrin pəncşənbə günləri fevralın 1-i və yanvarın 25-dir. Deməli, bu fakta - "Ziya" qəzetinin pəncşənbə günlərində çıxması faktına əsaslanaraq, qəzetin ilk nömrəsinin tarixi 25 yanvar 1879-cu il kimi göstərilməlidir.
Əlbəttə, şəraitdən asılı olaraq bu nömrələr həftənin başqa günlərinə də düşə bilər.
Hər halda dəqiqləşdirmə aparılmalıdır.
"Ziya" qəzetinin bizə məlum olan ilk nömrəsinin (08.02.1879, N 3) başlığının - "ZİYA" sözünün altında qəzetin islam təqvimi ilə 1296-cı ildə çıxdığı göstərilir. Yuxarıda ayrıca sətirdə bu tarixin miladi tarixlə 8 fevral 1879-cu ilə aid olması yazılmışdır.
Qəzetin sonrakı nömrələrin çoxu pəncşənbə günləri çıxmışdır: N 4 (15 fevral), N 5 (22 fevral), N 6 (1 mart), N 7 (8 mart), N 8 (15 mart)...
8 fevral 1879-cu il tarixli 3-cü nömrənin baş məqaləsinin sərlövhəsi belə adlanır: "Oxumaq və yazmaq barəsində".
Bu, proqram xarakterli yazıdır. Yazıdan nümunələr gətiririk:
"Bu zəmanələrdə bəni növ bəşərin cümləsinə (hamısına-N.N.) xətt və kitabiyyət sənətini və qiraətə qadir olmaq qüdrətini təhsil eləməkdən başqa, əvvəlimci və zimmə və laziməli iş yoxdur. Və hər kəs bundan bibəhrə və binəsib qalıbdır".
"Ziya"qəzetin naşiri və sahibi-imtiyazı bu baş məqalədə daha sonra qəzetin məram və məqsədlərini vurğulayır:
"Ətfalımızın (uşaqlarımızın-N.N.) təlim və tərbiyəsindən və təlim və müəllim qaidəsindən və müəllim və şagirdlərin ədəbindən və bu vəqtəcən əksərimizin bisavad qalmağından və onun səbəblərindən və xəttimizin qüsur və nöqsanatından və nə vəchlə onu cəbr -nöqsan edib, təğyir və təbdil ...eləməkdən qəzetimizin ibtidalarında söz danışılacaqdır"..
Naşır dediyi sözlərə 4-cü nömrədə də (15 fevral) əməl edir. 4-cü nömrənin baş məqaləsi belə adlanır: "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində".
Burada oxuyuruq:
"Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri- bəyanı və insanlara məxsus olan nemətlərdən olub baisi-şərif və iftixar olmağını üçüncü nömrədə yazmışdıq...Bu zəmanədə mülk və millətin tərəqqisi elm və mərifətə və növbənöv dillərə, xətlərə arif olmaqdadır"...
Xatırladırıq ki, islam təqviminə görə il başlayanda"Ziya" qəzetinin təzə il nömrəsi 1 rəqəmindən başlamışdır:
N 1 - 6 dekabr 1879-cu il
N 2 - 13 dekabr 1879-cu il
N 3 - 20 dekabr 1879-cu il
N 4 -27 dekabr 1879-cu il
N 5 - 3 yanvar 1880-ci il
N 6 - 10 yanvar 1880-ci il
N 7 - 15 yanvar 1880-ci il....
Mənfətdən xali olmadığı üçün "Ziya" qəzetinin birinci ilininn nömrələri haqqında tanıtma materiallarını tədqiqatçılara təqdim edirik
«Ziya» qəzetinin birinci ilinin nömrələri
N - - - Tarix - - - N - - - Tarix - - - N - - -Tarix - - - N - - - Tarix
01. 25.01.1879; 13. 19.04.1879; 25. 13.07.1879; 37. 04.10.1879;
02. 01.02.1879; 14. 26.04.1879; 26. 19.07.1879; 38. 11.10.1879;
03. 08.02.1879; 15. 03.05.1879; 27. 26.07.1879; 39. 17.10.1879;
04. 15.02.1879; 16. 10.05.1879; 28. 03.08.1879; 40. 26.10.1879;
05. 22.02.1879; 17. 17.07.1879; 29. 10.08.1879; 41. 01.11.1879;
06. 01.03.1879; 18. 26.05.1879; 30. 16.08.1879; 42. 07.11.1879;
07. 08.03.1879; 19. 31.05.1879; 31. 23.08.1879; 43. 15.11.1879;
08. 15.03.1879; 20. 07.06.1879; 32. 30.08.1879; 44. 19.11.1879;
09. 20.03.1879; 21. 16.06.1979; 33. 06.09.1879; 45. 23.11.1879;
10. 29.03.1879; 22. 21.06.1879; 34. 13.09.1879; 46. 29.11.1879;
11. 05.04.1879; 23. 27.06.1879; 35. 20.09.1879; İkinci sənə
12. 12.04.1879; 24. 05.07.1879; 36. 27.09.1879; 01. 06.12.1879;
"Ziya" qəzeti haqqında faktlara və ilk mənbəyə əsaslanan (de vize-N.N.) yazılarımız çoxdur. Layihə çərçivəsində oxuculara bu materialları təqdim etməyə söz verirəm. Yazımın sonunda oxuculara "Ziya" ("Ziyayi-Qafqasiyyə") qəzetinin ümumilikdə sonuncu - 187-ci nömrəsində (26 iyun 1884-cü il, N 11) soyadı qəzetdə rus qrafikası ilə "АЛИБЕКОВЪ" göstərilən müəllifin "Tərcümeyi-məktub" adlı yazısındakı bu sözləri xatırladıram:
"Səid Ünsizadənin dər-öhdə aldığı əmr ( iş-N.N.) və niyyət mətbuat vasitəsilə rus müsəlmanlarını (Rusiyada yaşayan müsəlmanları - N.N.) yuxudan oyatmaqdır".
(Bax: "Ziyayi- Qafqasiyyə" qəzeti, 26 iyun 1884, N4, səhifə 2, sütun 3).
"Ziya"nın qeyb olmasınını əsas səbəblərindən biri də məhz bu açıq-aşkər deyilən sözlər oldu. Bu nömrədən sonra "Ziya" bir də ayaq üstə dura bilmədi.
Çar hökumətinin qazdan ayıq məmurları Səid Ünsizadənin hələ İsmayıl bəy Qaspralıdan, Məhəmməd ağa Şahtaxtlıdan, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, Əlimərdan bəy Topçubaşovdan xeyli əvvəl öhdəsinə görürdüyü böyük vəzifənin - rus müsəlmanlarını yuxudan oyadılması işinin yerinə yetirilməsinə imkan vermədilər.
Səid Ünsizadə 1890-cı ilin əvvəllərində hamıdan inciyib doğma ölkəsindən baş götürüb İstanbula getdi, orada yaxın dostu, üç dəfə Türkiyənin maarif naziri olan Münif Paşanın köməyi və qayğısı ilə təhsil və maarif işlərində çalışmış, Quranın türk dilində təfsirini yazmışdır.
Səid Ünsizadə "Ziya" qəzetinin redaktoru və imtiyaz sahibi, bir neçə dərsliyin müəllifi, "Hümayunamə" ("Kəlilə və Dimnə") əsərinin Azərbaycan dilinə tərcüməçisidir.
Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində - 1905-ci ildə İstanbulda vəfat etmişdir. Onun ölümü haqqında 1905-ci ildə "Həyat" və "Kaspi" qəzetlərində nekroloqlar verilmışdir.
Səid Ünsizadə -"Həyat" qəzetindəki nekroloqda türk dünyasının fazillərindən biri kimi dəyərləndirilmişdir.
Bakıda nəşr olunan "Həyat" qəzetindəki (1905, N 21) nekroloqun altında türk dünyasının üç böyük şəxsiyyətinin adı yazılmışdır: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov.
Əlbəttə, yazımın əvvəlində adlarını böyük hörmətlə çəkdiyim mətbu orqanların hamısının öz adı, cəmiyyətdə öz yeri var. Onların nə qədər yaşayacaqlarını söyləmək çətindir.
Amma "Ziya" - maarif ziyasıdır. O, ilk pedaqoiji mətbuatımızdır. Onun tarixinin daha uzun olacağı şübhəsizdir.
Nə vaxtsa mənim bu sözlərimi dərk ediləcək, "Ziya"ya, onun redaktoru və naşirinə ən hühdür yerlərin birində abidə qoyacaqlar. Onda, çox güman ki, bizim heç birimiz bu dünyada olmayacayıq. Heç birimizin adını bəlkə də, dəftərə də yazmayacaqlar. Amma "Ziya" ziyalılığını göstərəcək.
Mən çoxunuz üçün darıxdırıcı olan bu sözlərimi yazıram. Sərt reaksiya olacağını da bilirəm. Amma nə etməli? Sabah biz olmayacayıq, amma "Ziya" olacaq. Mütləq, olacaq.
Olmayanlar- boynu qalstuklu bizlər olacayıq. Məsələ burasındadır ki, onda danışmağa halımız olmayacaq. Axı o dünyanın sakinləri məskunlaşdığı yerdən Yer üzünə qayıda bilmirlər.
Əlhəd daşı başlarına dəysə də, uzaq başı qəbirlərində bir az çevrilə bilərlər.
Hörmətli "Ziya" tədqiqatçıları, hörmətli ziyalılar, aydınlar, dosentlər, doktorlar, profesorlar, akademiklər!
"Ziya"nı quyudan çıxarmalıyıq. Bu, bizim, alimlik, elmi tədqiqatçılıq bir tərəfə, vətəndaşlıq borcumuzdur. Bizim bu halımız mütləq tarixə düşəcəkdir. Bizdən sonra dünyaya gələnlər bizi, işlər belə getsə, yel dəyirmanı ilə döyüşənlərin qiyafəsndə görəcəklər. Şəxsən mən indidən bizim bu halımıza inanıram. Gəlin, papağımızı başımıza qoyub, fikrimizi cəmləşdirək, fikirləşək.
"Ziya" qəzeti (1879,yanvar, Tiflis-1884,iyun,Tiflis) ictimai fikir tariximizin XIX əsrin bir neçə ilinin güzgüsüdür. Bu güzgüdən çox nəsnələr görünür. "Ziya" qəzetinin bütün nömrələri MÜTLƏQ müasir əlifbaya transliterasiya edilməlidir.
Həftəlik "Ziya" qəzetinin dəsti (bütün nömrələrinin toplandığı məcmuəsi) hər bir ziyalı ailəsinin stolüstü kitabı olmalıdır.
İlk 46 nömrəsi unudulan "ZİYA" kitabı nöqsanlıdır, bizə baş ucalığı gətirməyən, hələ tamamlanmayan nəşrdir.
Biz türk dünyasının böyük nümayəndələrindən biri, ümummilli liderimiz Heydər Əliyev cənablarının marifçilik fəaliyyətinə çox yüksək qiymət verdiyi görkəmli publisist, din xadimi, pedaqoq, naşir, tərcüməçi, Quranın türk dilində təfsirini yazan Hacı Səid Əfəndi Əbdürrəhman Əfəndi Ünsizadə (1825, Şamaxı-1905, İstanbul) haqqında - "Ziya"nın təsisçisi, naşiri və redaktoru haqqında danışırıq.
...Türk dünyasının hər yerində-Tiflisdə də, İstanbulda da, Ankarada da, Təbrizdə də, Şamaxıda da, Bakıda da, Şəkidə də, Bağçasarayda da. "Ziya" qəzeti və onun qələm əhli haqqında ciddi elmi axtarışlar aparılmalı, dünyaya səpələnmiş Ünsizadələr, Ünsilər, Berksanlar, Şirvanilər yanvarın 25-də Ünsizadələrin ata ocağında -Şamaxıda, maarifçilik fəaliyyəti üçün sığınacaq axtardığı Bakıda və İstanbulda "Ziya" qəzetinin 140 illik yubileyinə - hamımızın bu işdəki hesabat təntənəsinə ciddi hazırlaşmalıyıq.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq.
Bakı, 02.01.2019.
Ədəbiyyat siyahısı:
1. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18.06.2001-ci il).
2. "Ziya" qəzetinin komplektləri. (1879,yanvar-1884,iyun).
3. İ.Qaspirinski. "Tonğuc" jurnalı. Tiflis, "Ziya mətbəəsi", 1881.
4. Azərbaycan Respublikasl Dövlət Tarix Arxivi. Fond 291. Siyahı 1.,iş 31.
5. Nazim Axundov. Azərbaycanda dövri mətbuat.(1832-1920). Bakı,1965.
6. Nazim Nəsrəddinov."Ziya" qəzetində işlənən bəzi terminlər haaqında.
Azərbaycan SSR Elmlər Akademiyasının aspirantlarının Elmi Konfranslarının materilları. Bakı,1977. səhifə 308-313.
7. Nazim Axundov. Sənədlərin dili ilə. Bakı, 1980.
8. Nazim Nəsrəddinov. Unudulmuş Ünsizadə. "Həyat" qəzeti, 09.02.1993,
N 13 (7748).
9. Ağarəfi Zeynalzadə. Azərbaycan mətbuatı və çar senzurası. Bakı, 2004
10. Nazim Nəsrəddinov. "Ziya"lı ziyalı, "Strategiya.az" 20.02.2014.
11. Solmaz Rüstəmova-Tovhidi. Azərbaycan dövri mətbuatı. 1875-1990. Biblioqrafiya.
12. Müşfiq Çobanlı. "Ziya"dan "Çənlibel"ədək. (Gürcüstanda Azərbaycan mətbuatı). Bakı, 1998.
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.