Nuranə İBADOVA: "Nizami Gəncəvinin əsərlərində demokratik ideyaların tərənnümü və insan haqları məsələləri"

Nuranə İBADOVA: "Nizami Gəncəvinin əsərlərində demokratik ideyaların tərənnümü və insan haqları məsələləri" XII əsr bədii təfəkkürümüzün təməllərini formalaşdırmış, yaratdığı nadir sənət inciləri ilə bəşər mədəniyyəti tarixində silinməz iz buraxmış, mədəni həyatda güclü axın yaratmış və həmin axının məcrasını müəyyənləşdirmiş Nizami Gəncəvi eyni zamanda demokratik fikirlərin, humanizm və sosial ədalət ideyalarının təbliğatçısı kimi ictimai-fəlsəfi və hüquqi düşüncələrdə yeni dövr açmışdır.
Nizaminin əsərləri yarandığı gündən bəri sevilərək oxunmuş və Nizaminin parlaq dühası hər zaman dünya alimlərinin diqqət mərkəzində olmuşdur. Nizaminin yaşayıb-yaratdığı dövrdən çox zaman ötmüş, nəsillər bir-birini əvəz etmiş, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoymuş, yeni fəlsəfi və hüquqi düşüncələr formalaşmış, insan zəkası möcüzəvi elmi-texniki yeniliklərə nail olmuşdur. Lakin onun yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır və fundamental elmi tədqiqatların obyekti kimi çıxış edir. Həmin əsərlərdə ifadə olunan bəşəri məzmun və dərin fəlsəfi ideyalar yeni elm baxımından da mühüm əhəmiyyət kəsb edir.


Nizaminin dünya mütəffəkirləri arasında xüsisi məqama malik olmasının və Nizami “Xəmsə”sinin dünya mədəni irsində xüsusi yer tutmasının əsas səbəbini nə ilə izah etmək olar?


Böyük şair və görkəmli alim Xəlil Rza bunun səbəbini göstərərək qeyd edirdi ki: “Maraqlıdır ki, ömrü boyu yalnız şairlik etmiş Nizami Gəncəvi hətta böyük hərflər ilə yazdığımız “ŞAİR” sözünə sığmır, adı hər dəfə çəkiləndə fəlsəfə, astronomiya, hüquq, təbabət tarixi, dilçilik, etnoqrafiya kimi elm sahələrinin mahir bilicisi epitetlərini söyləməyi sanki bizdən tələb edir. Görünür, böyüklüyü də elə bundadır ki, saydığımız və saymadığımız epitetlərin hamısını o, bircə “ŞAİR” anlayışına sığdıra bilmiş və bu kəlməyə o vaxtacan misli görünməmiş mündəricə və məna, şərəf və ləyaqət nuru gətirməyi bacarmışdır. Azərbaycan xalqının XIII yüzilədək keçdiyi tarixi keşməkeşlərin çoxəsrlik zəngin təcrübəsi, fikir və ehtiras burulğanları, maddi və mənəvi mədəniyyətinin böyüklüyü, çörək və istiqlal uğrunda qarşısıalınmaz mübarizəsi Nizami Gəncəvinin poeziya aynasında aydın görünür. Nizami yaradıcılığı o vaxta qədərki Azərbaycan gerçəkliyinin və mənliyinin bədii ensiklopediyasıdır. Ulusun və xüsusən də zəhmətkeş xalqın elə bir müqəddəs niyyəti, fikir və ümid çırpıntısı yoxdur ki, bədii möcüzə kimi yaranmış Nizami poeziyasında əbədiləşməsin. ”
Nizami Gəncəvi öz ölməz “Xəmsə”si vasitəsilə təkcə poeziya zirvəsini kəşf etməyib, eyni zamanda elm sahələrinin əksəriyyəti haqqında, o cümlədən hüquq elminin bir çox məsələləri haqqında məlumat vermişdir.
Nizaminin əsərlərini öyrənərkən aşkar edilir ki, bu əsərlərdə hüquqi dövlət, dövlət hakimiyyətinin məhdudlaşdırılması, bərabərlik, insan ləyaqəti, ifadə azadlığı, zülmə müqavimət, qanunun aliliyi, sosial dövlət və insanın fəal həyat mövqeyi haqqında xeyli müddəalar vardır.
Nizaminin əsərlərində birinci planda sadə insan dayanır. Hüquqi ideyalarının inkişafında Nizaminin böyük rolu da məhz bunda-insana verdiyi böyük dəyərdə ifadə olunur. Nizaminin fikrincə insan dünyanın əşrəfidir. Təbiət insanı bütün varlıqlardan üstün yaratmış, digər varlıqlardan fərqli olaraq ona ağıl, dərrakə vermişdir. Bütün əsərlərində Nizami üçün əsas məsələ insan uğrunda mübarizədir.
Nizami ilk iri həcmli əsəri, didaktik poema janrının ən qiymətli nümunəsi olan "Sirlər xəzinəsi" poemasında yeddinci söhbəti “İnsanlıq mərtəbəsinin bütün xilqətlərdən üstünlüyü” adlandıraraq yazır ki:

Sən ey fələklər qədər uca, dəyərli İnsan!
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkəşan.
Heç xəbərin varmı ki, səsin yetişir hara?
Sənin zənn etdiyindən xeyli ucalıqlara!
Səni öncə bəsləmiş dayəni yad eylə, an,
Qənd, şəkər dadmayınca süd əmmədin sən ondan.
De, sənə bundan böyük yaxşılıq olardımı?
Sən də artırmalısan yaxşılığı, yardımı.
Əgər yar olmasaydı ağlın, idrakın sənə,
Səni kim qaldırardı insanlıq pilləsinə?


İstinad edilən bu misralar bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən insan hüquqları ideyasının Nizaminin əsərlərində ifadə olunduğunu deməyə əsas verir. Bu fikirləri “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin birinci maddəsi ilə müqayisə etmək maraqlı olardı: “Butun insanlar öz ləyaqətləri və huquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə munasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.”
Nizaminin fikrincə ulduzlardan belə ucada dayanmalı insan layiq olduğu mərtəbədə deyil. Azad və qüdrətli olmalı ikən müti və zəif görünür. Nə üçün belədir?
Nizami bunun səbəbini zülm və ədalətsizlikdə görür. Zülm və ədalətsizliyə qarşı mübarizə Nizami əsərlərinin əsas qayəsini təşkil edirdi və öz amalının gerçəkləşməsi, zülmün, ədalətsizliyin yox olması üçün şair Allaha və peyğəmbərə də üz tutur:

Su səp, sönsün cahanda zülmün odu, ocağı,
Bu havanı, bu yeli endir Yerdən aşağı.


Ümumiyyətlə zülmə qarşı müqavimət, ədalət, xalq və hökmdar problemi Nizami poeziyasının əsasını təşkil edir.
Böyük Nizamişünas alim Xəlil Yusifli bununla əlaqədar yazır ki, “Çox vaxt bu problemi ədalətli hökmdar ideyası şəklində ifadə edirlər. Guya Nizaminin məqsədi ədalətli hökmdar surəti yaratmaq imiş ki, şair sonrakı əsərlərində buna çalışmış, lakin arzuladığı ideal hökmdar surətini İskəndərin simasında, son əsərində yarada bilmişdir. Nizami yaradıcılığında xalq və hökmdar probleminin həllinə, inikasına bu cür yanaşmaq birtərəfli və yanlışdır. Nizaminin məqsədi ideal şah obrazı yaratmaq olsaydı, ilk əsərindən başlayaraq son əsərinəcən istənilən qədər ədalətli şah surətləri yarada bilər, onlarda heç bir nöqsan da görməzdi. Nizami dühasının böyüklüyü ondadır ki, mütəfəkkir şair xalqla hökmdar, fərdlə cəmiyyət arasındakı münasibətləri və bu münasibətlərin kölgəli cəhətlərini qorxmadan, cəsarətlə açıb göstərə bilmiş, onların səhvlərini, cinayətlərini üzlərinə deməkdən çəkinməmiş, ibrətləndirmək, qorxutmaq, öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa, sülhə istiqamətləndirmişdir. Əsərlərində şahların ədalətini təsvir etmək Nizami üçün az əhəmiyyətlidir, dövrün hökmdarlarını isə xəcalətləndirmək, utandırmaq, həvəsləndirmək, ağıllandırmaq yolu ilə ədalətə yönəltmək, onların ədalətli olmasına nail olmaq şairin zəngin ədəbi irsinin əsas qayələrindən birini təşkil edir.”
Ədalət anlayışı Nizaminin bütün yaradıcılığı boyu düşündürən əsas məsələ olmuş və hüquqi-fəlsəfi düşüncələrinin təməl prinsipi kimi onun bütün əsərlərində ifadə edilmişdir. "Sirlər xəzinəsi" əsərindəki "Ədalət və insafı gözləmək haqqında" ikinci məqalət bu baxımdan xüsusilə böyük əhəmiyyət kəsb edir. Şair həmin məqalətdə yazır ki,

Ədalət müjdəsilə cahanı şad eylə sən,
İşlər gör ki, iş olsun, yurdu abad eylə sən!
Ədalət təşnəsidir, inan bu gözəl diyar,
Ədl ilə iş görənlər əbədi özül tapar.


Qeyd olunan misraları Azərbaycan Respublikası Konstitusiyasının preambulası və 149-cu maddəsi ilə müqayisə etmək maraqlı olardı.
Azərbaycan xalqının əsas niyyət və istəklərini, onun ideallarını bəyan edən Konstitusiyasının preambulasına görə, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi Azərbaycan xalqının istəyi, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi isə onun arzusudur.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinə görə isə qanunvericilik sistemini təşkil edən “Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
Göründüyü kimi Nizaminin XII əsrdə arzuladığı, təbliğ etdiyi ədalət bu gün Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də əsas beynəlxalq hüquqi aktların təməl prinsipini təşkil edir və bu ideyanın konstitusion sənəddə öz əksini tapması, ölkənin hüquq sisteminin təməl prinsiplər etibarilə ona uyğunlaşmasını, hüququn digər sahələrinə və cəmiyyətin həyat tərzinə siraət etməsini şərtləndirir.
Nizaminin əsərlərinin böyük əksəriyyətində bu günki hüquq elmi üçün də müasir və aktual olan problemlərdən bəhs edilir. Bu baxımdan şairin ən qiymətli yaradıcılıq nümunələrindən biri “Sirlər xəzinəsi”ndəki hekayələrdən biri olan "Sultan Səncər və qarı" hesab edilə bilər. Hekayənin məzmununa görə, şahın darğası sərxoş halda gələrək kimsəsiz qadını təhqir edir, gecəyarısı hansısa küçədə öldürülən şəxsin qatilinin kimliyi ilə bağlı onu sorğu-suala tutur, üzünə şillə çəkməklə, saçlarından yolmaqla və saçlarından sürüyüb evindən çölə atmaqla qatili onun evində axtarır. Buna görə qarı Sultan Səncərin yaxasından yapışdı və:

Dedi: - Ey Sultan, səndən görməmişəm yaxşılıq,
Fəqət neçə zülümə şahid olmuşam artıq.
Kefli bir darğa gəlib alt-üst etdi yerimi,
Şillə çəkdi üzümə, yoldu birçəklərimi.
Suçum varmı ki, məni öz evimdən çıxartdı?
Saçlarımdan yapışdı, sürüyüb çölə atdı.
Onun zülümlərindən nəfəs çəkə bilmirəm,
Dağlar basıb köksümə bu vəhşilik, bu sitəm.
Yaxamdan yapışır ki, de qatilin adını?
Filan gecə kim vurdu kənddə filan adamı?
Qapımı sındırır ki, söylə, hardadır cani?
Belə də zülm olarmı, ey bu yurdun sultanı?


Hadisələrin təsviri elə dəqiqliklə verilib ki, sanki XII əsrdə poema janrında yazılmış hər hansı bir əsərin deyil, Avropa Məhkəməsinin qərarlarından birində hadisələrin faktiki hissəsinin təsviri verilir və Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatınnın toxunulmazlığı, mənzil hüququnun pozulması ilə bağlı nəticəyə gəlirik. Xəlil Yusifli həmin hekayə ilə əlaqədar yazır ki, “Şahın üzünə, hərəkətlərinə diqqətlə baxan qarı onu yaxşıca öyrənir, hökmdarın bu zülmdə iştirak etdiyini, özbaşınalıq və cinayətlərə şərait yaratdığını başa düşür. Bu yerdən hekayənin ikinci hissəsi başlayır. Əgər birinci hissədə qarı şikayətçidirsə, ikinci hissədə bir ittihamçı - xalq ittihamçısıdır. Qarı onu şahlığa layiq olmayan qul, qarətçi, utanmaz, hünərsiz, oğru adlandırır.”
Nizaminin müasir hüquq baxımından aktuallıq kəsb edən ideyaları "Xəmsə"nin ikinci poeması "Xosrov və Şirin" əsərində də aydın şəkildə ifadə olunmuşdur. Əsərin baş qəhrəmanı olan Xosrovun rəiyyətin xeyrinə qoyulmuş qanunları pozduğuna görə atası Hürmüz şah tərəfindən cəzalandırılmasını göstərməklə dahi Nizami hələ XII əsrdə qanun qarşısında hamının bərabər olması kimi qabaqcıl bir ideya irəli sürür.
Bu ideyanın Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit edildiyini müəyən etmək mümkündür. Konstitusiyanın 25-ci maddəsinə görə, “Hamı qanun və məhkəmə qarşısında bərabərdir.” Cinayət Məcəlləsinin 6-cı maddəsinin tələblərinə görə isə, “Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.”
Həmid Araslı bununla əlaqədar yazır ki, “Orta əsrlərdə qoyulan qanunlar feodal əyanları tərəfindən pozula bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanların, xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandırılmasını zəruri hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır.”
Nizami ölməz məhəbbət əsəri kimi yaratdığı “Leyli və Məcnun” əsərində də bu günki dövr üçün də aktuallıq kəsb edən qadın və kişilərin hüquq bərabərliyi məsələsinə toxunur və qadının cəmiyyətdəki zəif mövqeyinə qarşı narazılığını, etirazlarını özünü Məcnunla müqayisə edən Leylinin dili ilə ifadə edir:

Bir qadın deyildir, o heç olmasa,
Sevda yollarında göstərir hünər,
Kimsədən nə qorxar, nə də çəkinər,
O deyil mənimtək zillət dustağı
İstədiyi yeri gəzir ayağı.


Xalq yazıçısı Mirzə İbrahimov bununla əlaqədar yazırdı ki, “Böyük şair yaşadığı şəraitdə qadının qul kimi əzildiyini, arzu və istəklərinin çeynəndiyini görmüş və bunu çox təbii və real şəkildə yana-yana təsvir etmişdir.”
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi bilavasitə müəyyən edir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
Məcburi evlənmələrə, zorakı izdivaclara qarşı çıxan Nizami deyir:

Quru bir çörəklə, şor bir halvadan
Pisdir zorla gələn bir arvad, inan


Qeyd olunan misraların Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müddəaları ilə müqayisəsi maraqlı olardı. Ailə Məcəlləsinə əsasən, “Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.”
Nizaminin əsərlərində diqqət çəkən əsas məqamlardan biri də onun sülh və müharibəyə münasibət məsələsidir. Bu baxımdan böyük mütəfəkkirin sonuncu əsəri olan "İskəndərnamə" xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bütün əsər boyu Nizaminin dəyərlərinin daşıyıcısı rolunu oynayan İsgəndər ixtilafların, mübahisələrin sülh yolu ilə həll edilməsi üçün qızıl, söz, elm kimi bütün vasitələrdən istifadə edir və yalnız həmin vasitələr heç bir nəticə vermədikdə silahın gücünə əl atır.
Münaqişələrin həllində müharibənin ən sonuncu vasitə hesab edilməsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir və bu Dağlıq Qarabağ probleminin həllində də özünü biruzə verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq.”
Əsərdəki bu günki beynəlxalq hüquq üçün də vacib sayılan digər bir məsələ isə hərbi əsirlərə münasibət məsələsidir. Məlum olduğu kimi hərbi əsirlərlə davranış məsələləri beynəlxalq humanitar hüququn tənzim etdiyi münasibətlər dairəsində xüsusi yerə malikdir. Əsərin qəhrəmanı İsgəndər onunla müharibə edən İran hökmdarı Daranı öz sərkərdələri tərəfindən ağır yaralanmış gördükdə ona qayğı ilə yanaşır və deyir:

And olsun hər qəlbi bilən sərrafa.
Daraya ürəkdən istərəm şəfa.


Nizami tərəfindən müsbət bir hal kimi tərənnüm edilən İsgəndərin bu davranışı Hərbi əsirlər ilə rəftara dair Cenevrə Konvensiyasının tələblərinə tam uyğun gəlir. Bu baxımdan deyə bilərik ki, Azərbaycan Respublikasının dövlət sərhədləri daxilində işğalçı Ermənistanla aparılan müharibə zamanı Azərbaycan tərəfinin təcavüzkar ordunun hərbi əsirlərinə humanist münasibəti təkcə beynəlxalq öhdəliklərin tələblərinin yerinə yetirilməsi deyil, Nizami irsini mənimsəmiş Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təzahürü idi.

Nizami Gəncəvinin əsərlərində ifadə olunan demokratik və hüquqi ideyaların çəkisi və əhəmiyyəti yaşadığı zamanın və məkanın çərçivəsinə sığmır. O, zülmə qarşı ədalət, zalıma qarşı zəhmətkеş, şərə qarşı хеyir mübarizəsi aparırdı. Onun bütün mübarizəsi insan nəslinin maraqlarına xidmət edirdi. Ona görə də insan nəsli var olduqca Nizami həmişə adı kimi Gənc qalacaqdır.


Nuranə Akif qızı İbadova,
Ədliyyə Akademiyasının
Ədliyyə sahəsində idarəetmə
kafedrasının baş müəllimi


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: