YAZIÇI ƏZİZƏ CƏFƏRZADƏNİN AZƏRBAYCAN SEVGİSİ

YAZIÇI ƏZİZƏ CƏFƏRZADƏNİN AZƏRBAYCAN SEVGİSİ Görkəmli yazıçı, ədəbiyyatşünas alim, ictimai xadim, tarixi romanlar müəllifi olan Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci ilin 29 dekabr tarixində Bakıda anadan olub. Yaşadığı illər Azərbaycanda Sovet hakimiyyətinin formalaşdığı vaxta təsadüf etdiyindən Əzizə xanımın həyatı keşməkeşli keçmişdir. Əzizə xanım Cəfərzadə kiçik yaşlarından ədəbiyyata maraq göstərib. O, müsahibələrində hər zaman bu marağın ona ailədən gəldiyini, daha doğrusu analığı olan qadın tərəfindən yarandığını vurğulayırdı.

Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin mahir bilicisi kimi tanınır. Mənbələrdə qeyd olunur ki, Əzizə xanım müasir Azərbaycanın nəsr tarixinin roman janrını yenidən həyata gətirmişdir. Onun əsərlərinin hər birində, xüsusilə tarixi romanlarında Vətən sevgisi, torpaq yanğısı, xalq məhəbbəti özünü aşıq şəkildə büruzə verir. O, Azərbaycan tarixini ədəbi, bədii, hətta elmi çalarlarla oxucuya çatdırmağı bacarmışdır. Əzizə xanımın əsl Azərbaycan xanımlarına məxsus olan xanım-xatınlığı, xasiyyəti, bu xasiyyəti ilə də adət-ənənələrimizi təbliğ etməsi, milli dəyərlərimizə hörmətlə yanaşması, folklora vurğunluğu yaradıcılığında bir-birini tamamlayır. Bəlkə də bəziləri onun bir qədər sərt olduğunu deyə bilərdi, lakin qəlbən uşaq qədər kövrək olan Əzizə xanım böyüklərə həddindən ziyadə hörmət göstərir, uşaqlara isə rəğbətlə yanaşırdı. Tələbkarlığı sevən Əzizə xanımın bu tələbkarlığı isə əsasən gənclərin düzgün yol seçməmələrindən, onların valideynlərinə hörmət etməsindən irəli gəlirdi. Ona ünvanlanan məktubların əsasını tərbiyəvi mövzular təşkil edirdi.
Əzizə Cəfərzadənin yazdığı əsərlərin də ana xəttində Azərbaycanın milli adət-ənənələri dayanmışdır.

Onun ilk hekayəsi 1937-ci ildə “Əzrayıl” adı ilə “Ədəbiyyat” qəzetində dərc olunmuşdu. İlk hekayəsindən sonra daha da həvəslənən Əzizə xanım bir-birinin ardınca məqalələr yazmağa başlayır və hətta qələmini tarixi romanlar üzərində çalışmaqla da sınayır. Azərbaycana, doğma yurda olan hədsiz sevgisi onu tariximizi araşdırmağa sövq etmişdi. Əzizə xanım əsasən roman janrında yazan yazıçı idi. Lakin o, təkcə roman deyil, eyni zamanda povest, hekayə və nağıl janrında da əsərlər yazaraq, geniş oxucu kütləsi toplaya bilmişdi.

Əzizə Cəfərzadənin ilk tarixi romanı “Aləmdə səsim var mənim” (1973-1978) adlı əsəridir. O, eyni vaxtda “Vətənə qayıt”(1977) əsərini də yazmış və bu əsəri XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi zamanı şair Nişat Şirvaninin həyatında baş verən hadisələrə həsr etmişdir.

Əzizə xanım Cəfərzadə apardığı hər bir araşdırmalarda fərqli mövzularla rastlaşır və maraqlı fikirləri ilə Azərbaycanın tarixindən bəhs edən əsərləri meydana çıxarırdı. O, bu işdə həvəslə, yorulmadan çalışırdı. 1980-ci illərdə “Yad et məni” adlı romanını yazan Əzizə xanım artıq bir anını belə hədər etməmək üçün ardıcıl olaraq yeni-yeni tarixi əsərlərlə oxucuların qarşısına çıxırdı.
Əzizə Cəfərzadənin ən maraqlı əsərlərindən olan “Bakı 1501” romanı(1981) Şah İsmayıl Xətainin Bakıya yürüşünün tarixinə həsr edilmişdi. Bundan başqa XII əsrdə Naxçıvanın qadın hökmdarı olmuş Cəlaliyəyə həsr etdiyi “Cəlaliyyə”(1983), XIX əsrin tanınmış coğrafiyaşünası adlandırılan Zeynalabdin Şirvaniyə həsr etdiyi “Eldən-elə”(1992), XIX əsrdə rus qoşunlarının Azərbaycana hücum etməsinə aid “Gülüstan”dan öncə”(1996), XIX əsrdə Cənubi Azərbaycanın qadın şairəsi və o dövrə orada cərəyan edən Bab hərəkatının liderlərindən olmuş Tahirə Qürrətüleynin həyatından bəhs edən “Zərrintac-Tahirə”(1996), XX əsrdə İranda Bab hərəkatının nəticəsində baş verən faciəvi tarixi hadisələrə həsr edilmiş “İşığa doğru”(1998), XVI əsrdə Azərbaycanın xanlıqlara parçalanması nəticəsində cərəyan edən hadisələrə həsr olunmuş “Bəla”(2001) əsəri, XX əsr Azərbaycanın ictimai-siyasi hadisələrini əks etdirən bioqrafik “Rübabə-sultanım”(2001) romanı, 1938-ci ildə Stalin rejiminin tüğyan elədiyi bir vaxtda Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların zorla yenidən İrana deportasiya olunmasına həsr etdiyi “Xəzərin göz yaşları”(2003) povesti xanım yazıçının ən dəyərli əsərlərindəndir.
Əzizə Cəfərzadənin əsərləri heç də həmişə müsbət qarşılanmayırdı. Hətta onun 1948-ci ildə qələmə aldığı əsərinin ilk kitab nəşrinin buraxılışına icazə verilməmiş yandırılır. Sovetlər dönəmində bir çox məsələlərin müzakirə olunmasına qadağalar qoyulduğu kimi, milli məsələlərə də sərt qadağalar var idi. Bu xüsusilə Azərbaycan haqqında yazılan tarixi həqiqətləri üzə çıxaran əsərlərin qadağası idi. Əzizə Cəfərzadənin qələmə aldığı əsəri söz yox ki, bu səbəbdən senzuradan keçməmiş və məhv edilmişdi. Onun əsərlərinin hər birində Azərbaycanın əsrarəngiz təbiətindən tutmuş, ta adət-ənənələrinə, dahilərinin həyat və yaradıcılığına, torpağımızın qədimliyini sübut edən əsasların olması, millətin soyuna-kökünə toxunan yazılar yer almışdır. Bu baxımdan da Əzizə xanımın Vətən haqqında olan tarixi əsərləri bu günümüzdə bizim üçün daha dəyərli olmalıdır.

XV-XVI əsrdə yaşayıb-yaratmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin həyatına həsr etdiyi “Eşq Sultanı”(2003) romanı və s. bu tipli onlarla povest və romanları Əzizə xanım Cəfərzadənin təkcə gözəl qələm sahibi olduğunu deyil, eyni zamanda iç dünyasını açaraq, onun xalq məhəbbətini, qeyrət və qürurunu göstərir.
Əzizə xanım Cəfərzadənin yaradıcılığı təkcə bu sadalananlarla bitməyir. O, Azərbaycanın klassik kişi və qadın şairlərinin həyat və yaradıcılığından bəhs edən onlarla əsərlər yaratmışdır. Xanım yazıçının “Sahibsiz ev”(1966), “Əllərini mənə ver”(1970, “Sənsən ümidim”(1984), “Xəyalım mənim”(2002) və s. bu kimi povestləri də vardır ki, bu əsərlər müasir həyatımızdan götürülmüş faktlar əsasında yazılmışdı.

Əzizə Cəfərzadə Vətən eşqi ilə yazan yazıçılardan olub. Onun əsərlərinin hər birində Azərbaycanın xeyirxah insanlarını, zəhmətkeş kənd adamlarını, xalqın milli dəyərləri olan müxtəlif mərasimlərini o qədər dolğun, incə zövqlə qələmə almışdır ki, oxucu özünü o aləmdə hiss etməyə bilmir. O, bir-birindən maraqlı əsərlərini geniş oxucu auditoriyasını nəzərə alaraq yazırdı. Əzizə xanım Cəfərzadənin əsərlərində güclü maarifçilik ideyalarının olduğunu görməmək mümkün deyil. O istər tarixi, istərsə də müasir mövzuda qələmə aldığı yazılarında xalqı, xüsusilə də gəncləri irəliyə addımlamağa səsləyir, həmçinin onlara adət-ənənələrimizə hörmət etməyi və keçmiş tariximizi öyrənməyi, vətəni, torpağı sevməyi öyrədirdi. Əzizə Cəfərzadə Azərbaycan şifahi ədəbi irsinin öyrənməsində, araşdırmasında və üzə çıxarılmasında böyük zəhmət çəkmişdir. Onun oxucular tərəfindən sevilməyən əsəri yoxdur. Bir-birindən maraqlı əsərlərini yazarkən Əzizə xanım sanki hər yaş dövrünü nəzərə alırdı. Onun Azərbaycan elmi qarşısında əvəzolunmaz xidmətləri çoxdur.

YAZIÇI ƏZİZƏ CƏFƏRZADƏNİN AZƏRBAYCAN SEVGİSİ Görkəmli yazıçının qələmə aldığı əsərlərinin əsasını ana və qadın mövzusu təşkil edir. Əzizə Cəfərzadə yaradıcılığa başladığı zamandan Şərq qadınlarının, xüsusən də Azərbaycan qadınlarının acınacaqlı həyatından bəhs edən yazılara daha çox üstünlük verir və diqqətlə yanaşırdı. O, istedadlı, qəhrəman Azərbaycan qadınlarının dünyada tanınmasına çalışırdı. Onun 1971-ci ildə yazdığı “Fatma xanım Kəminə”, 1972-ci ildə “Könül çırpıntıları”, 1974- və 1991-ci illərdə “Azərbaycanın aşıq və şair qadınları”, 2003-cü ildə II nəşri olan “Azərbaycanın şair və aşıq qadınları” adlı əsərləri məhz bu qəbildən olanlardır. Bundan başqa onun “Şirvanın üç şairi”(1971), “Mücrüm Kərim Vardani, Sünbülistan”(1978), “Abdulla Padarlı”(1979), “Hər budaqdan bir yarpaq”(1983) adlı qələmə aldığı əsərləri seçilmiş əsərlər olaraq külliyyata daxil edilmiş və oxucuların istifadəsinə verilmişdir.
Azərbaycana olan sevgisini qələmi ilə işıqlandırmağa çalışan görkəmli yazıçı Əzizə Cəfərzadə xalqının tarixini dünyaya bəyan etməyə, başqa xalqlar tərəfindən tanınmasına səy göstərirdi. O, bütün bunları şöhrət xətrinə deyil, əsl vətəndaşlıq xətrinə edirdi. Qeyd olunduğu kimi Əzizə xanım Azərbaycan nəsr tarixinə bir müasirlik həyatı vermişdir.
XX əsr Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirə həsr etdiyi “Sabir” (1989), müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən “Bir səsin faciəsi”(1995) adlı əsərlərini geniş ictimaiyyət tərəfindən sevilərək oxunan əsərlərdən hesab edə bilərik.
Əzizə Cəfərzadə çox sevdiyi körpə balaları da unutmamışdı. O, 1964-cü ildə “Qızımın hekayələri”, 1982-ci ildə “Anamın nağılları”, 1988-ci ildə “Çiçəklərim”, 2001-ci ildə “Pişik dili” adlı hekayə və nağılları ilə balaca oxucularını sevindirmişdi.
Yazıçının qələmə aldığı istər kiçik hekayə, məqalə, yaxud böyük roman və povest olsun hər bir əsərində onun Azərbaycana olan Vətən sevgisini, yurd məhəbbətini və marağını görürük. Əzizə Cəfərzadənin əsərlərində millilik hissi olduqca yüksək idi. O, əsərlərində Azərbaycanın adət-ənənəsindən bəhs edən, Azərbaycan xanımlarına xas olan xüsusiyyətlərdən, saf sevgi və məhəbbətdən o qədər incə, zövqlü çalarlarla işləmişdir ki, oxucu hər bir tarixi əsəri oxuyarkən özünü bir anlıq sanki həmən dövrdə yaşadığı kimi o məhəbbəti hiss edir, bu da yazıçının yüksək bacarıq və istedadının göstərən əsas şərtdir. Əzizə xanım əsər yazmaqla işini bitmiş hesab etmirdi, o daim yeni-yeni elmi axtarışlar edir, tədqiq etdiyi maraqlı mövzuların üzərində ciddi araşdırmalar aparır və tarixi faktlar, sənədlər əsasında əsərlərini meydana çıxarırdı.

İstedadlı yazıçı Azərbaycan etnoqrafiyası, folkloru və ədəbiyyatının tədqiqi ilə məşğul olmuş, daim araşdırmalar aparmışdır. Azərbaycan ədəbiyyatına göstərdiyi misilsiz xidmətləri onun oxucu kütləsinin sayca çox olmasına və xalq tərəfindən sevilməsinə səbəb olmuşdu.
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan Əzizə xanım Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə isə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Yaradıcılığında və əməli fəaliyyətində bacarıqlı, işgüzar, yorulmadan ictimai işlərdə fəal olan bu xanım müxtəlif vəzifələrdə çalışaraq həmişə də özünü doğruldurdu. Sadəliyi, şirindilliliyi, söhbətcilliyi, əsl Azərbaycan xanımlarına məxsus rəftarı, hərəkətləri ona xalq məhəbbətini qazandıra bilib.
Dövlət tərəfindən Əzizə xanım Cəfərzadə Azərbaycan xalqına göstərdiyi xidmətləri müqabilində öz dəyərli qiymətini almışdır. Belə ki, 2001-ci ildə Əzizə xanım “Azərbaycan anası”, “Xalq yazıçısı” kimi yüksək adlara layiq görülmüşdü. O, müxtəlif yüksək vəzifələrdə çalışmasına baxmayaraq, yaradıcılığını bir an da olsa dayandırmadı. Daim öz üzərində çalışan və özünə qarşı tələbkar olan Əzizə xanım əmək fəaliyyətində də tələbkarlığı və məsuliyyəti unutmurdu.
Əzizə xanım, 1946-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin(Azərbaycan Yazıçılar İttifaqı-P.M) üzvü idi. O, əmək fəaliyyətinin bir hissəsini pedaqoji işə həsr etmişdi. Belə ki, o, ikiillik müəllimlər institutunu bitirdikdən sonra 1942-1944-cü illərdə Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyir, Bakıya qayıdaraq təhsilinin 1946-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində davam etdirir.

1944-1946-cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ssenari şöbəsinin rəisi olan Əzizə xanım daha sonra 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb.
Əzizə xanımın belə yüksək vəzifələrdə irəli çəkilməsi onun işinə bağlılığı və tapşırılan işin icrasını vicdanla yerinə yetirdiyinə görə idi. O, xeyriyyəçiliyi ilə də daim diqqət mərkəzində olub. 1979-cu ildə Əzizə xanım Hacıqabul rayonunun Tağlı kəndində öz şəxsi vəsaiti hesabına orta məktəb və klub binası inşa etdirmişdir. O, Prezidentin fərdi təqaüdçüsü idi. 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alan Əzizə xanım dəfələrlə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və nəhayət ən ali mükafat olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Əzizə xanım Cəfərzadə 1981-1989-cu illərdə Azərbaycan Respublikası Qadınlar Şurasının sədri vəzifəsində çalışıb. Belə ki, o bir ana, bacı olaraq qadın və uşaqların hüquqlarının qorunmasında fəallıq edər, onların dərdlərinə şərik olar, daxil olan məktublar əsasında ən ucqar rayonlara belə özü gedərdi. O, bu insanlarla yaxından tanış olar, onları dinləyər və köməklik göstərərdi.
Əzizə xanım Cəfərzadənin həyat və yaradıcılığını işıqlandıran iki telefilm çəkilmişdi. Yaradıcılığı rəngarəng və genişşaxəli olan bu xanım, bir çox xalqların əsərlərindən tərcümələr edir, radio-televiziya verilişləri üçün çoxlu sayda ssenarilər, bayatılar yazırdı. Qeyd edildiyi kimi Azərbaycanın adət-ənənələrinə, folkloruna dərin sevgisi olan Əzizə xanım, anaların, nənələrin dilindən eşitdiyi bayatıların, laylaların, tapmacaların əhatəsində böyüdüyü üçünmü, yaxud bu tipli janra məhəbbəti olduğundanmı qəlb göynədən, insanı düşündürən bayatılar da qələmə almışdır.

Arazam keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryaz al, biç üstümdən.

Şirvana binə gəlləm,
Gedərəm yenə gəlləm.
Bir dəfə üzün gülsə,
İmana, dinə gəlləm.

Mən aşiq gül üşüdü,
Şeh düşdü gül üşüdü.
Güldün əqlim apardın,
Bu necə gülüş idi?

Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq, Türkiyə kimi ölkələrə səyahət edən dəyərli qələm ustası, getdiyi ölkələrin adət-ənənələri ilə maraqlanır və gördüyünü səyahət gündəliyinə qeyd edirdi. 1968-ci ildə həyat yoldaşının işi ilə əlaqədar Afrikanın Qana respublikasına səfər edən Əzizə xanım orada gördüklərini “Qızıl sahilə səyahət” adlı xatirələrində yazmışdı.
Hər bir əsrdə yazıb-yaradan, adları Azərbaycan mədəniyyət tarixində əbədiləşən xanımlarımız kimi, Əzizə Cəfərzadənin də adının bu tarixdə xüsusi yeri vardır. Onun tariximizi, adət-ənənələrimizi, folklorumuzu əks etdirən əsərləri illər keçsə də mədəniyyətimizin səhifələrində qalacaq və gələcək nəsillər üçün maraqlı mənbəə olacaqdır.
Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət göstərən, mədəniyyətimizə bir-birindən dəyərli əsərlər bəxş etmiş Əzizə Cəfərzadə, eyni zamanda maarifpərvər qadın olmuşdur.
O demək olar ki, bütün çıxışlarında hər zaman qadınların, gənclərin təhsildən geri qalmamağının, elmə, savada yiyələnməyinin vacib olduğu məsələlərinə də toxunurdu.
Azərbaycan ədəbiyyatı tarixində tanınmış həm klassik, həm də müasir simalarla bir sırada yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə xanım Cəfərzadənin də adı daim xatırlanır.

Əzizə xanım Cəfərzadə 2003-cü il sentyabrın 4-də Bakıda gözlərini əbədi olaraq bu dünyaya yumur.

Azərbaycan xalqı hər zaman öz sənətkarlarına dəyər verir.
Xalq yazıçısı Əzizə xanım Cəfərzadənin xoş xatirəsi hər zaman onu sevən xalqının və dəyərli oxucularının qəlbində yaşayacaqdır.


YAZIÇI ƏZİZƏ CƏFƏRZADƏNİN AZƏRBAYCAN SEVGİSİ Pərixanım Mikayılqızı
“Elm və Təhsil” qəzetinin Baş redaktoru,
şair-publisist, AJB-nin üzvü,
F.b.Köçərlinin tədqiqatçısı

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: