HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ

HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ Azərbaycan mədəniyyətinin özünəməxsus gözəlliyinin bir cəhəti də odur ki, ədəbiyyatımızda klassiklərdən üzü bəri hər bir tanıdığımız kişi dahilərin ömür-gün yoldaşları əsl Azərbaycan xanımlarına xas olan səbirli, iradəli, təmkinli, ismətli olmaları və xanım-xatınlıqları ilə bir çox millətlərin qadınlarından seçiliblər. Belə xanımlardan onlarla. Yüzlərlə misal göstərmək mümkündür. Bu gün haqqında söhbət açdığımız Mişkinaz xanım da belələrindəndir, desəm yəqin ki, səhv etmərəm.
Kim idi Mişkinaz xanım?

1902-ci ildə Naxçıvanda anadan olmuş və Azərbaycan ədəbiyyatının nəhənglərindən hesab edilən dahi Hüseyn Cavidin sevimli xanımı, uşaqlarının anası və sədaqətli həyat yoldaşı, ömür-gün dostu, ən əsası isə əsl Azərbaycan xanımı idi.
Mişkinaz xanım haqqında araşdırmalara başlayarkən belə qənaətə gəldim ki, bir insan nə qədər zülmə, əzaba, haqsızlığa davam edə bilər. Özü də zərif cinsin nümayəndəsi olan bir varlıq-qadın. Heyrətlənməmək mümkün deyil.

Araşdırmalarımda bir daha Azərbaycan qadınlarının dəyanətinin, qeyrətinin və nəcibliyinin şahidi oldum.
Mişkinaz xanımın adı bəzi mənbələrdə bir qədər mübahisəli yazılsa da, (bəzən mənbələrdə Müşkünaz yazılır-P.M.) biz onun Hüseyn Cavid haqqında qələmə aldığı “Cavidi xatırlayarkən” kitabında özünün qeyd etdiyi müəllif adının Mişkinaz Cavid kimi göstərdiyini daha məqsədəuyğun hesab etdik.
Mişkinaz xanımın iki övladı ilə yaşadığı dəhşətləri izlədikcə, insan bu qadında olan dözümə, səbirə heyran qalır. Doğru deyiblər ki, zaman özü hər şeyi həll edir, hər şeyi yerinə qoyur.
Sovetlər birliyinin tərkibində olan Azərbaycanın tarixində ən dəhşətli qətl, soyqırım hesab edilən, günahsız insanların seçilərək həbs olunması və doğmalarından xəbərsiz sürgünə göndərilməsi, güllələnməsi qara ləkə olaraq yaddaşlara yazılmışdır. Bu 1937-ci ilin dəhşətli repressiyası idi.
1937-ci ilin repressiyası Hüseyn Cavid ailəsindən də yan keçmədi. Hüseyn Cavidin millətsevərliyi onun repressiya qurbanına çevrilməsinə, əlyazmalarının məhv edilməsinə, həbs edilərək sürgünə göndərilməsinə səbəb olsa da, Mişkinaz xanımın da iki uşaqla Cavidsiz yaşamasına, hər gün həbs olunacağı qorxu ilə ömrünü səksəkədə keçirməsinə səbəb oldu. Zamanın sürgün kabusundan qorxaraq hər kəsin onlardan üz çevirməsi, onların vətən xaini ailəsi kimi damğalanması, təklənmiş ailəyə daha bir ağır zərbə idi. Belə ailələr olduqca dəhşətli günlər yaşayırdılar. Mişkinaz xanım da ağır, məşəqqətli günlər yaşasa da qürurunu sındırmamağa, başını dik tutmağa çalışırdı. O, ölkədə gedən ictimai-siyasi proseslərin nəticəsində əmələ gələn bu qorxunu, insanların bir-birindən uzaqlaşmasını, soyuqluğunu, ünsiyyətdən qaçmasını çox gözəl anlayırdı.
Mişkinaz xanım Cavidlə 1918-ci ilin isti yay günlərinin birində ailə qurmuşdu. Maraqlı tarixçəsi olan bu ailə bir-birilərini sevərək hörmət edir, imkansız yaşasalar da özlərini xoşbəxt sayırdılar. Ailə qurduğu zaman heç bir savadı olmayan Mişkinaz xanımın ilk müəllimi elə həyat yoldaşı Hüseyn Cavid olur. O, Mişkinaz xanımı özünün ilk oxucusu görmək istəyi ilə evləndikdən bir neçə gün sonra ona əlifbanı öyrətməyə başlayır.

HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ Mişkinaz xanım “Cavidi xatırlayarkən” kitabında o qədər maraqlı xatirələrə toxunmuşdur ki, insan bir anlıq təkcə Hüseyn Cavidin deyil, elə Mişkinaz xanımın özü haqqında şəxsiyyət sözünü dilə gətirmək istəyir.
Onlar bir-birilərinə təkcə ömür-gün yoldaşı olmadılar, eyni zamanda etibarlı ürək dostu, arxa-dayaq oldular. Mişkinaz xanım həm də gözəl ana idi. Oğlu Ərtoğrul və qızı Turanın təlim-tərbiyəsi ilə məşğul olan gözəl bir ana idi Mişkinaz xanım.
Naxçıvanda bir müddət müəllimlik edən Cavidi, dərs demək üçün Bakıya dəvət edirlər. Bakıya gələndən az sonra Mişkinazı yanına gətirən Cavid, heç bir avadanlığı olmayan, kirayişini olduğu ağır şəraitdə Mişkinazla yaşamalı olur.
Bakıda müəllimliyə başladığı ilk vaxtlarda Cavidin ailə vəziyyəti o qədər də pis olmur. Lakin, dərs saatlarının azalması onların dolanışıqlarında çətinlik yaratdı. Mişkinaz xanım var qüvvəsi ilə çalışırdı ki, Cavid maddi vəziyyətlərinin çətinləşdiyinin fikirini etməsin. Həyat yoldaşına mənəvi dayaq duran Mişkinaz xanım inanırdı ki, vəziyyətləri tezliklə düzələcək. Doğrudan da az zaman içərisində Cavidə Bakıdakı qızlar məktəbində şəriət dərsləri demək təklifi olundu.
XX əsrin görkəmli ədəbiyyat nümayəndəsi olan H. Cavid 1882-ci ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxtlı kəndində ruhani ailəsində dünyaya gəlsə də hər zaman dini mövhumata qarşı mübarizə aparmışdı.
Mişkinaz xanım xatirələrində qeyd edir ki, valideynləri Cavidi ruhani görmək üçün ona nə qədər təzyiq göstərsələr də Cavid öz yolunu seçir və İstanbula gedərək orada universiteti bitirir. Dini mövhumata qarşı mübarizə aparan Cavid ona təklif olunan şəriət dərsi üzrə müəllimliyini isə məcburiyyət qarşısında qəbul etməli olur.

Mişkinaz xanım xatirələrində Cavidin bu dərs prosesini çox maraqlı işıqlandırmışdır. Belə ki, Cavid sinfə girəndə üzünü qızlara tutaraq “məni sizə molla göndəriblər, lakin görürsünüz mən mollaya oxşamıram” deməsi və bu zaman bir qızın “Cavid əfəndi, bizim çoxdan ki, arzumuz idi ki, siz bizə ədəbiyyat dərsi keçəsiniz” sözü sanki Cavidin ürəyindəki arzusunu reallaşdırdı. O, şəriət dərsini qəbul edərkən düşünürdü ki, onsuzda mən onlara şəriəti yox, ədəbiyyatı öyrədəcəyəm. Bunun özü o dövr üçün maarifçiliyin təbliğ edilməsinin bir yolu idi.
Mişkinaz xanım Azərbaycan ədəbiyyatında xüsusi yeri olan dahi Hüseyn Cavidin təkcə sədaqətli həyat yoldaşı deyildi, eyni zamanda onun əziyyətini çəkən, ona yaradıcılığına rəvac verən, hər cür şəraitə dözən səbirli cəfakeşi olmaqla yanaşı, həm də bu günümüzə qədər gəlib çıxmış əsərlərinin ilk oxucusu idi.
Mişkinaz xanımın ərindən aldığı dərs, yazıb-oxumağı bacarması bir çox hallarda onun köməyinə çatırdı. Aldığı bu təhsil sonralar onun ailəsinin ağır günlər yaşadığı zamanlarda yuxarı dairələrə etdiyi müraciətlərdə, işə düzəlməsində və. s. işlərdə ona kömək etmişdir. Baxmayaraq ki, təhsili ibtidai təhsil səviyyəsində idi, lakin, o dövr üçün bu böyük bir iş idi.

H.Cavidin həddindən artıq Vətənə, millətə bağlılığı onun millətçi kimi damğalanmasına səbəb oldu. Cavid həbs edilərək səkkiz illik sürgünə göndərilir. Əri sürgünə göndərildikdən sonra, Mişkinaz xanım Stalinə dalbadal bir neçə məktub yazaraq ərinin vətən xaini, xalq düşməni olmadığını, olduğunu sübut etməyə çalışır və hər məktubunun sonunda “Sizə sədaqətli Mişkinaz xanım” sözünü də qeyd edirdi. Bu sözün özündə böyük məna var idi. Həddindən artıq saf, qəlbi təmiz, ailəsinə bağlı olan Mişkinaz xanım nəzərə çatdırmaq istəyirdi ki, Cavidin günahı yoxdur, Cavid kimi vətənini, millətini sevən biri heç zaman xəyanətkar ola bilməz.
Mişkinaz xanımın ağır vəziyyətdə iki övladı ilə tək qalsa da nə vaxtsa Cavidin mütləq dönəcəyinə inanırdı.
Araşdırma zamanı mənbələrdə belə bir yazıya rast gəldim və dünyada belə vicdansız insanların olduğuna təəssüf hissi keçirdim. Yaşadığı məşəqqətli günlərin birində Mişkinaz xanıma bir nəfərin xəbər gətirərək, Cavidin həbs müddətinin bitdiyini, hətta xəbər gətirən “o adam” Cavidin onunla birlikdə həbsdən azad olunduğu xəbərini verir. Mişkinaz xanımın sevincdən hansı vəziyyətə düşdüyünü təsəvvür etmək belə mümkün deyildi. Lakin, həsrətlə yol gözləyən, bir qarnı ac, bir qarnı tox tikiş atelyesində çalışaraq uşaqlarına bir tikə çörək aparan Mişkinaz xanımın bu ağır günündə də ona zərbə vuranlar, qadın dəyanətini sarsıtmaq istəyənlər tapılırdı. Cavidin yolunu gözləyən Mişkinaz xanım iki övladı, xəbər gətirən həmən kişi ilə(əgər o ada layiqsə), bir də Cavidi sevənlər dəmiryolu vağzalına gələrək onu qarşılamağa hazır dayanırlar. Qarışıqlıqda xəbər gətirənin yoxa çıxmasını kimsə hiss etmir. Saatlar keçir, hava qaralır, bütün qatarlar gəlir, lakin Cavidi gətirən qatar gəlib çıxmayır. Mişkinaz xanım kiminsə onlara qəsddən ikinci ağır zərbəni vurduğunu anlayır.
Mişkinaz xanımın H. Cavidin ilk oxucusu olduğunu qeyd etmişdik. Bununla əlaqədar bir məsələni bir qədər də işıqlandırmaq istərdim. Belə ki, Hüseyn Cavidin həbs olunması ilə bağlı evdə axtarışa gələnlər, dramaturqun bütün əlyazmalarını özləri ilə apararkən, yazı masasının bir siyirməsinə baxmağı necə olursa unudurlar. Onlar getdikdən sonra Mişkinaz xanım həmən əlyazmaları götürür və gizlədir. Əgər Mişkinaz xanımın bu cəsarəti, qorxmazlığı olmasaydı şübhəsiz ki, Cavidin demək olar ki, heç bir əlyazmaları gəlib bu günümüzə çatmayacaqdı.
Hüseyn Cavidin həbsindən sonra evləri əllərindən alınan Mişkinaz xanım bu əzab, əziyyətə də dözdü, lakin kimsənin yanında qürurunu sındırmadı, şərəf və ləyaqətini qorudu. O, minbir çətinliklə olsa da 1938-ci ildə “Klara Setkin” adına tikiş artelində işə düzələ bilir və gecə-gündüz balalarına bir parça çörək aparmaq üçün hər əzaba qatlanır. 10 il bu arteldə çalışan Mişkinaz xanım dərziliklə balalarını dolandırmaq və Cavidin xatirələrini yaşatmaq üçün Bakıda qalmalı olur. Mişkinaz xanımın xatirələrindən başa düşmək olur ki, o bir daha kəndə qayıtmayaraq, Cavidli xatirələrlə Bakıda yaşamağı seçir.
Ailə taleyi uğursuz olan bu xanım hələ övlad faciəsi də yaşamalı olur.
1919-cu ildə 22 oktyabr tarixində Bakıda anadan olan Ərtoğrul Cavid, 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirir. Musiqiyə olan sonsuz sevgisi onu ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə gətirib çıxarır. Dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində təhsil alan və Üzeyir bəyin sevimli tələbələrindən olan Ərtoğrul, fortepiano üçün yazmış olduğu ilk əsərini məhz sevimli müəllimi Üzeyir Hacıbəyliyə həsr etmişdir.
Mişkinaz xanım övladlarını atasız böyütsə də tərbiyəli övladlar yetişdirə bilmişdi. 19 il Cavidlə birlikdə ailə həyatı sürən Mişkinaz xanım, Cavidin arzu etdiyi kimi Ərtoğrul və Turanın təhsilli olmaları üçün əlindən gələni etdi. Müharibənin ağır günlərində tələbə ola-ola orduya çağırılan Cavid yadigarı Ərtoğrul, vətən xaininin oğlu kimi cəbhəyə deyil, Gürcüstanda fəhlə batalyonunda işləməyə göndərilir. Ərtoğrulun vərəm xəstəliyindən vəfat etdiyi qeyd olunur. Şübhəsiz müharibə vəziyyətində olan ölkədəki şəraitsizlik, aclıq, soyuq hava, bədəncə zəif olan Ərtoğrulun xəstələnməsinə və 1943-cü ilin 14 noyabrda vəfat etməsinə səbəb olur.
Gənc vaxtından dünyasını dəyişən Ərtoğrul da atası kimi qürurlu, məğrur idi. Mişkinaz xanım kimi bir ana üçün həm övladını itirmək, həm ərinin sürgündə olmasının nə qədər çətin olduğunu anlamaq olar. Çəkdiyi əzab-əziyyətdə yeganə ümidi olan qızı Turan xanımla yaşadığı ağır həyat Mişkinaz xanımı son dərəcə mətanətli, dözümlü etmişdi. Ömrünün sonuna qədər qızı ilə birlikdə yaşayan Mişkinaz xanıma, ailəsinin yeganə yadigarı qalan Turan xanımdan nə ailə, nə övlad görmək nəsib olmadı. Turan xanım həyatını anasına həsr edərək, ailə qurmur və sona qədər onunla bir olur.
1976-cı ilin 16 noyabrında Mişkinaz xanım gözlərini dünyaya əbədi yumdu və yeganə qızı Turanı yenə həyatda tək qoydu.
1976-cı ildə Mişkinaz xanımın Cavid haqqında olan xatirələrini qələmə alması oxucunu onun sanki tanrıdan bu işi başa çatdırmaq üçün möhlət istəməsinə inandırır. “Cavidi xatırlayarkən” adlanan bu kitabda Mişkinaz xanım illərdən bəri ürəyində yığılıb qalmış sözlərini bizlərə çatdırmaqla, eyni zamanda da Cavidə ünvanlaya bilmişdi. O, elə həmən ildə o dünyaya xəbər aparmaq üçün Cavidinin yanına tələsdi. Bəlkə də yaşaya bilərdi, lakin sevimli həyat yoldaşına qovuşmaq üçün tələsdi.
1982-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə bir qrup nümayəndə Rusiyanın İrkutsk vilayətinin Tayşey rayonunun Şevçenko kəndinə ezam olunur. Azərbaycandan gedənlər kənd sakinlərinin köməkliyi ilə meşənin dərinliyində H.Cavidin uyuduğu 59 nömrəli məzarı tapa bilirlər. H.Cavidin nəşi Naxçıvana gətirilərək, yaşadığı evin yaxınlığına dəfn edilir.
Deyirlər həyat zaman-zaman Vətən, yurd həsrətindən başqa bütün dərdlərə sığal çəkir. Cavidin də Vətənindən, əzizlərindən uzaqda vəfat etməsi onun qəlbində yatan yurd, Vətən sevgisinə belə sığal çəkdi. Gec də olsa nə yaxşı nəşi Vətənə döndü. Sözsüz ki, Cavidin Vətən göylərində dolanan ruhu şairin nəşi ilə birlikdə torpaqda rahatlıq tapdı.
1996-cı ilin 29 oktyabr tarixində Hüseyn Cavidin anadan olmasının 114 illiyinə töhfə olaraq Heydər Əliyevin sərəncamı ilə H.Cavidin qəbri üstündə məqbərə inşa edilmiş, şairin qızı Turan xanımın icazəsi ilə Ərtoğrulun və Mişkinaz xanımın nəşi dəfn olunduqları yerdən götürülərək, məqbərədə şairin qəbri ilə yanaşı dəfn olunmuşdu.

2004-cü ildə Turan xanım dünyasını dəyişir və o da doğmaları ilə birlikdə olmaq üçün Naxçıvanda əzizlərinin uyuduğu məqbərədə dəfn edilir. Sağ ikən bir-birindən ayrı yaşayan və heç bir nişanələri qalmayan bu ailənin üzvləri vəfat etdikdən sonra yenidən bir ailə olaraq əbədiyyətə qovuşdular. Nə yaxşı ki, dahi Cavidin övladları qədər sevdiyi əsərləri Azərbaycan tarixində nişanə olaraq qaldı. Mişkinaz xanımın Cavidli xatirələri onunla həyatda sakin ola bilmədisə də ailə məqbərəsində əbədi sakin oldu. Sədaqətli ömür-gün yoldaşı yenə ailəsinin başına döndü, balalarını bir yerə toplayaraq dahi Cavidi yalqız buraxmadı.

HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ Pərixanım Mikayılqızı,
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
AJB-nin üzvü, şair, nasir,
F.b.Köçərlinin tədqiqatçısı,


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: