Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU" Səadət Şahpələngova,
İmişli şəhərindəki
2 saylı uşaq bağçasının müdiri,
"Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm"
mükafatları laureatı




UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU

Uşaqların ətraf aləmi dərk etmələrində və onların şəxsiyyətinin inkişafında oyunların böyük rolu vardır.
Görkəmli pedaqoq A.S.Makarenko demişdir:
”Yaşlı insanın həyatında iş nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər əhəmiyyətlidir”.

Oyun uşağı əməyə və təlimə hazırlayır.Həmçinin uşaq ilk müstəqil fəaliyyətə oyun vasitəsilə başlayır.
K.D.Uşinski yazırdı:
”Oyunda uşaq yetişkən adam olub, öz gücünü sınayır, özünün quraşdırdığı şeylər üzərində müstəqil olaraq hakimlik edir”.
Burdan belə bir nəticəyə gəlirik ki, oyunda uşaq öz arzu və istəyinə uyğun olaraq müstəqil hərəkət edir.


Əlbəttə uşaq oyunları öz məzmununa və xarakterinə görə müxtəlif olur: yaradıcı, mütəhərrik,didaktik.Yaradıcı oyunları uşaqlar öz fantaziyaları əsasında yaradırlar. Hərəkətli və didaktik oyunlar isə qaydalı oyunlara aiddir. Qaydalı oyunlar yaşlılar tərəfindən hazırlanır,müəyyən məzmun və qayda ilə uşaqlara təqdim edilir.Hərəkətli oyunların əsasında müxtəlif hərəkətlər(hoppanmaq,topu tutmaq və s)durur ki,bunlar da orqanizmin fəal hərəkətlərə tələbatını təmin edir.Uşaqların fiziki hazırlığı,qamətin düzgün inkişafı, yeriş, qaçış vərdişlərinin təkmilləşdirilməsi üçün hərəkətli oyunlardan geniş istifadə olunur. Bu oyunlar nəticəsində orqanizmdə fizioloji proseslər düzgün gedir, ürəyin və tənəffüs yollarının fəaliyyəti yüksəlir,qan dövranı və maddələr mübadiləsi qüvvətlənir.Hərəkətli oyunlar nəinki fiziki tərbiyə vasitəsidir, habelə bu oyunlar nəticəsində nitq və düşüncə inkişaf edir,iradə və xarakter tərbiyə olunur. Bütün oyunlar uşaqların tərbiyəsinə müsbət təsir göstərir. Lakin onların əqli inkişafı və təlimində didaktik oyunlar daha önəmli yer tutur. Didaktik oyun sırf təlim xarakteri daşıyıb, uşaqları təlim əməyinə hazırlayır. Uşaqları əqli əməyə alışdırmaq üçün,onu maraqlı,əyləncəli etmək lazımdır. Bu məqsədlə didaktik oyunlardan istifadə etmək faydalıdır. Didaktik oyun, əsasən diqqətin,qavrayışın,hafizənin,təfəkkürün,nitqin inkişafına xidmət edir.O,həm də şəxsiyyətin hərtərəfli tərbiyəsinin mühüm vasitəsidir.
Didaktik oyunun əsas mahiyyəti ondan ibarətdir ki, onda təlim vəzifələri-didaktik məqsəd uşaq qarşısında birbaşa açılmır,gizlədilir.Bu oyunda uşagı hər şeydən öncə onun situasiyası cəlb edir. Oyuna cəlb edilən uşaqlar hiss etmirlər ki, onlar həm də öyrənirlər,yenini yadda saxlayır, qeyri-adi şəraitdə səmtləşir,təsəvvürləri genişlənir,fantaziyaları inkişaf edir.Bu oyunlarda didaktiklik əyləncəliliklə birləşir.Didaktik oyunlar,təlimi,uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir. Bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur. Bu oyunlar müxtəlif pedaqoji məqsədlərlə (sadə riyazi təsəvvürlər, ana dili, ətraf aləmlə tanışlıq və s) istifadə olunur.
Didaktik oyunların aşağıdakı növləri var:
1)Əşyalarla oyunlar-qavrayışlarla əlaqədar olub,uşaqlar üçün ən əlverişli oyun növüdür.
2)Çap əsaslı stolüstü oyunlardır ki,bunlar əyanilik prinsipinə əsaslanır və bu oyunlarda yalnız əşyanın təsviri verilir.
3)Şifahi oyunlar-Bu oyunlar daha mürəkkəb olub,təsəvvürlərə əsaslanır,oyunçuların sözləri və hərəkətləri üzərində qurulur.Şifahi didaktik oyunlarda uşaqlar bilavasitə qavramadıqları əşyalar haqqında düşünməyi öyrənirlər.Bu oyunlar uşaqları vəzifənin həllində əvvəllər qavradıqları əşyalar haqqında təsəvvürlərinə istinad etməyə alışdırır.
Hər bir qaydalı oyun uşaqların oyun fəaliyyəti üçün səciyyəvi olan struktur elementlərinə malikdir:məqsəd,oyun hərəkətləri,qayda,nəticə.
Məqsəd qaydalı oyunun əsas elementidir.O,məşğələlərin proqramı ilə sıx əlaqədardır.Qalan elementlər isə bu məqsədə tabe olub,onun yerinə yetirilməsini təmin edir.
Oyunun qaydası uşaqların hərəkətlərini,davranışını təşkil edir,onların tərbiyəçi ilə qarşılıqlı münasibətlərini istiqamətləndirir.Oyun qaydalarını mənimsəmə və onlara tabe olma uşaqları dözümlülüyə,intizamlılıga alışdırır.Hər bir oyunun qaydalarından biri də başqasına söyləməməkdir.Yalnız tapan uşaq cavab verməlidir. Uşaq əlini qaldırmalı,çağırılanadək dinməməlidir. Beləliklə, uşaqlar oyun formasında həm də məktəb qaydalarına hazırlanırlar.
Uşaqları oyun hərəkətlərinə öyrətdikdə,o,öyrədici xarakter alır və məzmunlu olur.
Qaydalı oyunlardan istifadə edərkən aşağıdakı tələblərə əməl olunmalıdır:
1)Tərbiyəçi hər bir oyunun məzmununu və qaydalarını bilməlidir.
2)Hər bir oyunda özünün rolunu,iştirakını aydın təsəvvür etməlidir.
3)Oyunun məqsədi,məzmunu,aparılma qaydası uşaqlara yıgcam,aydın şəkildə izah olunmalıdır.
4)Uşaqların fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
5)Uşaqlarda yüksək əhval-ruhiyyə,emosionallıq,oyuna maraq oyadılmalıdır.
6)Oyunun gedişi sürəti qaydanın asanlıqla mənimsənilməsini təmin etməlidir.
7)Oyun prosesində musiqi,yumor,zarafat,şən əhval-ruhiyyənin yaradılmasına diqqət yetirilməlidir.
8)Tərbiyəçi taktiki məsləhəti,təklifi ilə oyunu istiqamətləndirməlidir.
9)Milli oyun elementlərindən istifadəyə,nağıl personajlarının iştirakına yer ayrılmalıdır.
10)Oyunun nəticələri təhlil olmalı,fərqlənənlər qeyd edilməli,digərlərinə də ürək-dirək verilməlidir.
11)Oyun bitdikdən sonra tərbiyəçi uşaqları növbəti oyunlara həvəsləndirməlidir,gələn dəfə daha maraqlı oyun oynayacaqsınız, deməlidir. Ümumiyyətlə,oyundan əvvəlki dövrlərdə də xalq pedaqoqikasında tərbiyə vasitəsi kimi idtifadə olunurdu.Oyunun elmi pedaqpqikası görkəmli alman pedaqoqu Fridrix Frebelin adı ilə bağlıdır. O,pedaqoji fikir tarixində ilk dəfə olaraq didaktik oyunlar və müxtəlif məşğələlər sisteminin əsasını qoymuş,onların keçirilməsi metodikasını hazırlamışdır.Frebel uşaqların oyun fəaliyyətinə olan tələbatını nəzərə alaraq oyun-məşğələlər yaratmışdır ki, bunun nəticəsində təlim uşaqlara oyun formasında verilirdi.
Məlumdur ki, uşaq təqlidçidir və oyun prosesində o yaşadığı sosial mühiti,yaşlıların fəaliyyətini əks etdirir.Məsələn,yaradıcı oyunlarda (“Məktəb”,Xəstəxana”, ”Kitabxana”və s.) oyunun süjeti həyatdan götürülür.Uşaq oyunları sosial mahiyyət daşıyır. O,uşağın hərəkətli inkişafına kömək edir,uşaq şəxsiyyətinin formalaşmasında,gələcək həyata hazırlanmasında mühüm rol oynayır.
Müəllim və tərbiyəçilər oyundan təlim-tərbiyə vasitəsi kimi istifadə edə bilmək üçün onun yüksək səviyyədə təşkili metodikasına mükəmməl yiyələnməlidirlər.
Görkəmli çex pedaqoqu Y.A.Komenski hesab edirdi ki,uşaqların inkişafının başlıca vasitəsi oyun oldugundan onların müxtəlif bacarıq və vərdişlərə yiyələnmələri mütləq həmin formada baş verməlidir.

Görkəmli alim Aristotel isə uşaqların əqlini inkişaf etdirən oyunlardan istifadə olunmasını məktəbə hazırlıgın mühüm şərti kimi qiymətləndirirdi.
Umid edirəm ki, məktəbəqədər müəssisələrimizdə keçilən oyunlar da gələcəyimiz olan körpə fidanlarımızın ətraf aləmi dərk edərək, onların şəxsiyyət kimi formalaşmasında mühüm vasitə olacaqdır.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: