Sərvanə Dağtumas: "Firuz Mustafanın “At günü” hekayəsində “insanlığın” ölümü"

Sərvanə Dağtumas: "Firuz Mustafanın “At günü” hekayəsində “insanlığın” ölümü" Əsər triptix (“Qaçış”, “İntihar”, “Son”) formasında yazılıb. Hekayədə iki insanın daxili aləmi qarşılaşdırılır. Onların ata münasibəti nəticəsində xarakterləri açılır. At hekayədə detal rolunu oynayaraq, əsərin qəhrəmanlarından birinə çevrilir. Əsərdəki ideya, müəllifin oxucuya ötürdüyü mesaj at vasitəsilə məlum olur.

Qonşulardan biri atla onun balasını cütləşdirmək istəyir və bu çirkin niyyəti gerçəkləşdirir. Hekayənin baş qəhrəmanı olan dayça insandan abırlı çıxır, anası ilə yaşadığı intim münasibəti bağlı gözləri açılandan sonra anlayır, bunu qüruruna sığışdırmır, intihar edir. İnsanlar o qədər vəhşiləşib ki, öz oyunlarına dilsiz, şüursuz canlıları da alət edirlər və bunu rahatlıqla həyata keçirirlər, günah hesab etmirlər, hamını özləri kimi bilirlər. Öz ailəsinə sahib çıxmayan, şərəfdən, əxlaqdan xəbəri olmayan qonşu camaatın namusunu, təəssübkeşsizliyini müzakirə edir. İnsan bilə-bilə hər cür vəhşilik edir, öz qızına belə təcavüz etməkdən çəkinməyən ata, öz bacısının namusuna toxunan qardaş əsla vicdan əzabı çəkmir, zahirən onların gözləri açıq olsa da, qəlb gözləri bağlıdır. Dayça adlı bu məsum, zavallı heyvansa insandan qeyrətli, abırlı çıxır, sanki o, öz “namusunu” intiharı ilə təmizləyir. Atın zahirən gözləri bağlı olur. Atın ölümü də incəliklə təsvir olunur, onun ağzından qan gəlirdi.
Qan ədəbiyyatda ritual canlılığın simvolu,İlahi enerjinin bir hissəsi kimi mənalandırılır. Əvvəllər sehrli gücü saxlamaq üçün qandan istifadə olunurdu. Qan xeyirlə şərin elementlərinin daşıyıcısıdır.
Niyə məhz at? At canlılığın, gözəlliyin, qüdrətin simvoludur. Qədim inanclara görə, at yeraltı dünyanın sirlərini bilirdi.
Hekayədəki iki qonşu qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var, əsrə bərabər” romanındakı Sabitcan və Yedigeyə bənzəyir. Təhsilli olmaq, müdir olmaqla insanlıq olmur, bu həyatda vicdanlı,mərhəmətli olmalısan. Həyat kitablardan çox real dünyadadır. Qonşu (müsbət obraz) öz həyat yoldaşına məhəbbət bəsləməsə də ona hörmət edir, ev işlərində köməklik edir, digər qonşu (mənfi obraz) “sevsə” də...Öz “sevdiyi” xanımını qətlə yetirir. Real həyatda belə “sevgilərin” sonunun dəfələrlə şahidi olmuşuq. Bir insan ailəsinə hörmət etməlidir, övladlarını xoşbəxt görmək istəyirsə, həyat yoldaşını xoşbəxt etməlidir və belə mənəvi məsələlər kitabla, jurnalla öyrənilmir. On diplomun olsun, lap nazir ol. Savadına, yiyələndiyin biliyə, sənətinə, peşənə uyğun davranmırsansa, sən bir “heçsən”.
Ana-balanın sayəsində bu iki qonşunu daxili dünyası kəşf olundu. Qonşular ümumiləşdirilmiş obrazlardır. Müəllif qonşularına ad verməyib. Qonşu burada bizim “qonşu” ölkə ola bilərmi? Bu barədə düşünməyi oxucuların ixtiyarına buraxıram.

Sərvanə Dağtumas
Ədəbiyyatşünas

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: