XIX əsr maarifçisi
Səid Əfəndi Ünsizadənin
dərsliklərindən biri -
"ƏQAİD və NƏSAYİH"
(ƏQİDƏLƏR VƏ NƏSİHƏTLƏR-N.N.)
Tiflis, "Ziya" mətbəəsi, 1882, 98 səhifə
Açar sözlər -
maarifçilik, əqidə, nəsıhət, tərbiyə,təlim, dərs kitabları
Səid Əfəndi Ünsizadənin
dərsliklərindən biri -
"ƏQAİD və NƏSAYİH"
(ƏQİDƏLƏR VƏ NƏSİHƏTLƏR-N.N.)
Tiflis, "Ziya" mətbəəsi, 1882, 98 səhifə
Açar sözlər -
maarifçilik, əqidə, nəsıhət, tərbiyə,təlim, dərs kitabları
Bu kitab Türkiyədə ən bahalı, əski kitablardan biridir.
Onun bir nüsxəsini kürdəmirli Əlisa müəllimin şəxsi kitabxanasında görmüşdüm.
Əvvəlcə oxuculara Səid Ünsizadə haqqında müəyyən məlumat vermək gərəkli görünür.
…Səid Əfəndi Ünsizadə hələ də ictimai-siyasi, ədəbi-publisistik həyatımızda öz layiqli yerini tapmayan ziyalılarımızdandır. Onun Şərq ölkələrində ali dini təhsil almasını yazsalar da, bu fikri təsdiq edən heç bir sənəd yoxdur. Lakin cəmiyyətin ictimai və dini həyatında tutduğu təyinatlara və vəzifələrə görə, onu öz dövrünün qabil ziyalılarından biri hesab edənlər heç də yanılmırlar. Səid Ünsizadə Şamaxının qazısı vəzifəsində, işləyərkən dini vəzifə çərçivəsində maarif məsələlərinə əhəmiyyətli yer vermişdir.
O, 2014-cü ilin dekabr ayının 13-də Şamaxıda təntənə ilə qeyd etdiyimiz məşhur “Məclis məktəbi”ni yaratmışdır. Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev nitqində Səid Ünsizadənin yaratdığı, Seyid Əzim Şirvani və Cəlal Əfəndi Ünsizadənin müəllim işlədiyi, Ələkbər Tahirzadənin-M.Ə.Sabirin ibtidai təhsil aldığı məktəbin – “Məclis məktəbi”nin Şamaxıdakı yubileyində bu təhsil ocağını çox yüksək qiymətləndirmişdir.
S.Ünsizadənin Şamaxıdan sonrakı fəaliyyəti Zaqafqaziyanın o vaxtkı inzibati mərkəzi Tiflis şəhəri ilə bağlı olmuşdur. O, burada Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü vəzifəsində çalışmışdır. Əslində bu vəzifə ona Tiflisdə yüksək maarifçilik ideyalarını həyata keçirmək üçün lazım idi. S.Ünsizadə dini vəzifə çərçivəsində o vaxta qədər heç bir azərbaycanlının görmədiyi və ya görə bilmədiyi işlərləri həyata keçirdi. O, Tiflisdə əvvəlcə litoqrafiya açır, sonra litoqrafiyanın bazasında tipoqrafiya yaradır, dini, ədəbi və tərcümə əsərlərinin nəşrinə başlayır.
Bu gün fəxrlə deyə bilərik ki,Azərbaycan dilində kitab və mətbu orqanların sistemli şəkildə fəaliyyətində birincilik Səid Əfəndi Ünsizadəyə məxsusdur. S.Ünsizadə başladığı bu böyük işi daha da genişləndirmək məqsədilə əqlinə, qələminə, mətbu sözünün gücünə inandığı ziyalıları Tiflisə dəvət etmişdir.
Dəvət alanlardan biri də Səid Ünsizadədən əvvəl Azərbaycan dilində mətbu orqan yaradan Moskva Universitetinin məzunu, Şamaxıda ali ibtidai, Tiflisdə real məktəb təhsili almış Həsən bəy Məlikov (H.Zərdabi) idi. Səid Ünsizadə Bakıdan uzaqlaşdırılan H.Zərdabiyə "Ziya" qəzetinin Tehran və İstanbul müxbirliyini təklif edirdi.
Təəssüf ki,S.Ünsizadənin bu təklifinə H.Zərdabi cavab verməmişdir.
S.Ünsizadə 1879-1884-cü illərdə Tiflisdə həftədə bir dəfə nəşr olunan “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetlərini nəşr etdirmişdir.1883-cü il yanvarın 31-də “Ziya” mətbəəsində S.Ünsizadənin özündən kiçik qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə “Kəşkül” adlı ayda bir dəfə çıxması müəyyənləşdirilən ilk Azərbaycan jurnalı nəşr olunmuşdur.
11 nömrədən sonra ”Kəşkül” qəzet kimi (qəzet formatında) çıxmışdır. Maraqlıdır ki, İ.Qasralının “Tərcüman” qəzetindən əvvəl nəşr olunan kiçik həcmli bir neçə jurnalı( “Tunğuc”, “Ay”, “Qəmər” və s.) S.Ünsizadənin mətbəsində çap olunmuşdur.Ən maraqlı cəhətlərdən biri də budur ki, İ.Qaspralı “Tunğuc”un ilk və yeganə nömrəsində S.Ünsizadəyə növbəti dəfə yüksək qiymət vermişdir.
1881-ci ildə Zaqafqaziya müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadənin vəfatından sonra müftilik vəzifəsi uğrunda gərgin, açıq və örtülü mübarizələr gedir. Müftiliyə əsas namizəd olan Səid Ünsizadə bu mübarizədə 1879-cü ilin sentyabr ayınadək onun tabeliyində - Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib vəzifəsində işləyən Hüseyn Əfəndi Qayıbova uduzur.
H.Ə.Qayıbov Azərbaycan ədəbiyyatının təbliği yolunda M.F.Axundova, milliyyətcə ata xətti ilə fransız,ana tərəfdən alman olan, Peterburq Universitetində vaxtilə fars dilini öyrənən , Azərbaycan şairlərinin şeirlərinin toplanmasında Qafqaz Canişinliyində yüksək vəzifədə işləyən Adolf Petroviç Berjeyə əhəmiyyətli dərəcədə köməklik göstərmişdi. A.P.Berje bu şeirləri 1867-ci ildə Almaniyada çap etdirmişdi.
H.Ə.Qayıbovun 1879-cu ildən Qori Müəllimlər Seminariyasında sünniməzhəb tələbələrə Azərbaycan dili və şəriət dərsləri müəllimi vəzifəsinə təsdiq olunmasında Peterburq Universitetinin şərq fakültəsini bitirmiş A.P.Berjenin himayədarlığı aydın hiss olunur.
Sonralar - 1884-cü ilin yanvarında H.Ə.Qayıbovun müftiliyə gətirilməsi də məhz A.P.Berjenin xidmətləri kimi dəyərləndirə bilər.
1883-cü ilin sonlarında S.Ünsizadə Tiflisdən uzaqlaşdırılır: onu Şamaxıyada fəaliyyət göstərən Bakı Quberniyası Əhli-Təsənni İdarəsinə qazı vəzifəsinə göndərirlər. H.Ə.Qayıbov isə Qoridən müəllimlik vəzifəsindən Tiflisə Zaqafqaziya Əhli Təsənni İdarəsinə sədrliyə gətirilir.
S.Ünsizadə Şamaxıda böyük maarifçilik tədbirlərinə başlayır. Onun bu xidmətləri və çalışmaları "Ziya"nın Şamaxı müxbiri S.Ə.Şirvaninin 117 beytlik qəsidəsində təntənəli şəkildə işıqlandırılmışdır. Qəsidə “Ziyayi-Qafqaziyyə” qəzetinin 1884-cü ilə aid 4-cü nömrəsində dərc olunmuşdur. Bu qəsidəni Şamaxıya göndərilən Səid Ünsizadənin yeni fəaliyyət manifesti kimi də başa düşmək olar:
Düşüb ol fikrə kim, Şirvanı bir darülfünun etsin,
Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani.
Bilibdir kim, cəhalət mayeyi fəqrü xəsarətdir,
Təriqi-elmə tərğib eyləmək vacibdir insani.
Təəssüf ki, S.Ünsizadənin Şamaxıda yaşayıb işləmək imkanları məhdudlaşdırılır. Ayrı-ayrı adamların adından Tiflisə donoslar-iftira məktubları göndərilir, S.Ünsizadəni rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda günahlandırırlar.Hər dəfə yoxlamalar zamanı bu informasiyaların böhtan və şər olduğu üzə çıxır. Bir neçə il davam edən Tiflis-Şamaxı, Şamaxı-Tiflis yazışmalarındakı çuğulçuluq çuğulçuları gülünc vəziyyətə gətirib çıxarır. Tiflisə yazılan məktublardakı iddialar, fakt kimi göstərilənlər iftiralar quberniya rəhbərliyi tərəfindən ciddi qarşılanmasa da, S.Ünsizadə Şamaxıdan uzaqlaşıb, Bakıya köçməli olur. Çuğulçular burada da ona rahatlıq vermirlər.
S.Ünsizadə 1890-cı ildə Bakıdan İstanbula küçür, 1905-ci ilin iyun ayınadək - dünyadan köçənədək burada yaşayır.
Dini vəzifədə çalışdığı üçün sovet dövründə Səid Ünsizadəyə layiqli qiymət verməmişlər. Azərbaycan ictimai-siyasi həyatındakı böyük və çoxsahəli fəaliyyətini görməzliyə qoyaraq, o, həmvətənlilərinə hər bir məsələyə dini mövqedən yanaşan vətəndaş kimi tanıdılmışdır.
S.Ünsizadənin zəngin elmi-publisistik irsi vardır. Onun bir neçə dərsliyi və dərs vəsaiti, risalə və təqrizləri, pedaqoji görüşlərini əks etdirən onlarla məqaləsi hələ də öz elmi tədqiqata cəlb olunmamışdır.
S.Ünsizadəyə ən böyük qiymət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci ildə imzaladığı fərmanında verilmışdir.
Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı bu fərmanında deyilir:
“XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə aid ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi bəy Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Əfəndiyev, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır”
S.Ünsizadənin bir neçə dərslik və dərs vəsaiti vardır.
Onlardan biri - “Təlimül-ətfal, təhzibül-əxlaq“ (Uşaqların təlimi və əxlaq tərbiyəsi-N.N.) adlanır.
Bu kitab 06.01.1882-ci ildə (27 mah səfər 1299) tamamlanmış, həmin il martın 15-də senzura tərəfindən çapına icazə verilmişdir. Azərbaycan dilindədir. Həcmi 128 səhifədir. Hər səhifəsində 18 sətir var.
S.Ünsizadənin digər dərsliyi "ƏQAİD və NƏSAYİH" (Əqidələr və nəsihətlər) adlanır. Yazı üçün istifadə etdiyimiz bu dərsliyin üz qabığında yazılma tarixi ayrıca göstərilməyib. Lakin dərsliyin üz qabığında onun əvvəlinci dəfə 1882-ci il fevral ayının 9-da (fi 2 mah rəbiülaxir səneyi 1299) Tiflisdə müəllifin öz şəxsi mətbəəsində çap olunduğu göstərilir. Bəzi tədqiqatçılar dərsliyin 9 aprel 1883-cü ildə çap olunmuş tirajını elmi ictimaiyyətə ilk nəşr kimi tanıdırlar.
Hacı Səid Əfəndi Ünsizadənin bu dərsliyi nəzmlə-şeirlə yazılmışdır. Əsər 98 səhifədir. Hər səhifədə 24 misra var. Cüt-cüt qafiyələnən şeirdir- məsnəvidir. Üz qabığında əsərin adının altında “nazim və naqili Səid Ünsizadə” sözləri yazılmış, onun altında isə “Tiflisdə əvvəlinci dəfə FOMİNA küçəsində 11 nömrəli evdə yerləşən ”Ziya” mətbəəsində basıldığı” göstərilən tarix əsərin çap olunma tarixi kimi başa düşülməlidir. Səid Ünsizadə əsərin üz qabığında özünü risalənin nazim və naqili (nəql edəni-N.N.) kimi təqdim etsə də, əslində bu, böyük yaradıcılıq nümunəsi kimi tanınmalıdır.
Klassik əsərlərin çoxu kimi bu risalə də ənənəvi başlıqla başlayır. Əsərin “Səbəbi – nəzmi – kitab” adlı hissəsində kitabın yazılma səbəbindən danışılır:
Qazan dili (tatar dili-N.N.) ilə idi bu məktub,
Əqaid, həm nəsayih, qürbi-məhbub.
Sufi Allahyar təsnif etmişdi.
Əqaidlə nəsayih söyləmişdi.
Onu gördükdə oğlum Əbdürrəhman
Dedi: – Ata, olarmı səndə imkan,
Bizim dilə bunu nəzm eyləyəsən.
Uşaqlara dəxi bəzl (bağışlama -N.N.) eyləyəsən
Ki, məktəbdə oxuyub hifz edələr,
Dürüst yolda olub, doğru gedələr.
Əslində oğlunun xahişi ilə əsər yazmaq klassik ədəbiyyatda ənənə şəklini alan bir üsul idi. Nizami də, Füzuli də bu üsuldan istifadə edərək maraqlı və yadda qalan əsərlər yazmışlar. Hiss olunur ki, S.Ünsizadə yazacağı mövzunun məsuliyyətini dərk etmiş, Şərq ədəbiyyatının təlim və tərbiyə, nəsihətçilik ruhunda olan seçmə nümunələrini diqqətlə oxumuşdur.
S.Ünsizadə əsərin giriş hissəsində XVI əsrin ən böyük türk şairlərindən biri, atalar sözü və məsəlləri mənzum şəkildə əsərlərinə gətirən Güvahinin adını çəkir, onun nəhayətsiz yaradıcılığna öz heyranlığına bildirir:
Bütün dindən dini bala,
GÜVAHİ-həzrəti -vacibü-təala.
Onun ovsafının yox intəası,
Məgər mədh ilə vəsf edə Xudası.
Səlavat olsun ol şaha səd həzaran,
Səlam olsun ona min dəfə hər an.”
Güvahinin ünvanına rəğbət və məhəbbətlə deyilən sözlər heç də səbəbsiz deyildi. O, klassik Şərq ədəbiyyatında “Pəndnamə”si ilə məşhurdur. Bu əsər atalar sözü kitabı kimi də tanınır.
S.Ünsizadənin “Əqaid və nəsayih” kitabı ilə Güvahinin əsərləri arasında müəyyən müqayisələr aparmaq olar ki, bunlar da ədəbi əlaqələr baxımından maraqlı görünür.
“Əqaid və nəsayih” əsərindəki şeirlər 100 -dən artıq başlıq altında düzulmüşdür.Şairin əsas məqsədi məktəb yaşlı uşaqlara öyüd-nəsihət, varislik prinsipinə əsaslanan əxlaqi və elmi biliklər vermək, onlarda layiqli vətəndaş üçün lazım olan yüksək səviyyəli təhsilalma vərdişləri formalaşdırmaqdır. Əsərdə Azərbaycan xalq ədəbiyyatından, “Kəlilə və Dimnə”dən (“Humayunnamə”) gələn işıqlı fikirlər də var.
Yeri gəlmişkən qeyd edək ki, 9 avqust 1884- cü il tarixli “Tərcüman” qəzetində Səid Ünsizadə Şirvaninin “Hümayunnamə” adlı əsər yazdığı (tərcümə etdiyini) xəbər verilmişdir. Bu vaxt artıq bir aydan artıq idi ki, “Ziyayi-Qafqasiyyə” qəzeti qapanmışdı. Amma S.Ünsizadə “Ziyayi-Qafqasiyyə”də “Kəlilə və Dimnə”dən tərcümə etdiyi 3 lətaifi sahibi- imtiyazı olduğu “Ziyayi-Qafqasiyyə” qəzetində çap etdirə bilmişdi. S.Ünsizadənin “Əqaid və nəsayih” kitabında verilən bəzi materialların adlarını sadalamaq istəyirəm:”Sifati- səlbiyə bəyani”, ”Elm”, ”Qüdrət”, ”İradə”, “Cənnət bə cəhənnəmin əyanı”, “Gözünü haramdan saxlamaq bəyanı”, ”Kəlam”, “Kəramət”, “Yaman sözlərdən pəhriz edib şirin zəban olmaq bəyanı”…
Əsərdə süjet xətti olan bir neçə mövzu “HEKAYƏ” adı ılə çap edilmişdir. “Əqaid və nəsayih “əsəri məktəb yaşlı uşaqlar üçün yazıldığından müəllif mümkün qədər çətin başa düşülə biləcək sözlərdən qaçmış, yeri gəldikcə atalar sözü və məsəlləri mənzum şəkildə işlətmişdir. Əsərin morfologiyası da, sintaksisi də dövrün əksəriyyət tərəfindən qəbul edilmiş və bəyənilmiş ədəbi dil normalarına, məktəb və mədrəsə şagirdlərinin öyrəndikləri və vərdiş etdikləri orfoqrafiya qaydalarına uyğundur.
Dərsliyin leksikasında ərəb mənşəli sözlərin nisbəti milli leksika ilə müqayisədə daha çoxdur. Alınma sözlərin çoxu əsrlərin sınağından keçərək milliləşən , əksəriyyət tərəfindən qavranılan, başa düşülən dil vahidləridir.
“Əqaid bə nəsayih” kitabının üz qabığındakı tarix (fi 9 mah fevral 1882 – fi 2 mah rəbiülaxir sənə 1299) dərsliyin yazılıb qurtarandan sonra senzor komitəsinə verilən tarixdir. Dərsliyin sonuncu- 98-ci səhifəsində onun çap tarixi dəqiq göstərilmişdir: “1300-ci ilin cəmadiyül axir (ərəb qəməri təqvimində altıncı ayın adı -N.N.) ayının 13-mcü günündə (fi 1383-9 mah aprel) Tiflisdə Hacı Səid Əfəndi Ünsizadənin “Ziyayi- Qafqasiyyə” ilə bənam olan mətbəəsində izn olunmaq ilə təb olunubdur. Bu tarix əsərin son iki misrasında da göstərilir:
Qutarıb təb olanda nəzmimiz düz
Buna tarix oldu min üç yüz.
S.Ünsizadənin bir neçə dərsliyinin taleyi hələ də qaranlıq qalır. Yaxşı ki, müəllif özü buna aydınlıq gətirir. Bu cəhətdən onun iri həcmli dərs kitabının -“Təlimül-ətfal, təhzibül – əxlaq” dərsliyinin sonuncu- 128-ci səhifəsindəki qeydlər diqqəti cəlb edir: “Hifzi-səhhət və təhzibül -əxlaqə çalışmaq barəsində hərçənd, yazılmağı münasib olan NÖVBƏNÖV HEKAYƏLƏR və NƏSİHƏTLƏR var isə də, amma uşaqların məcazına siqlət (ağırlıq, sıxıntı -N.N.) gətirməməkdən ötrü bu qədəri CƏM və TƏRTİB etmək ilə iktifa ( kifayətlənmə -N.N.) olundu. Bu halda “TƏFHİMÜL-ƏTFAL” (uşaqları başa salma) risaləsi ilə QIZ UŞAQLARININ oxumağına lazım olan ”Vəzaifül-nisa” (Qadınların vəzifələri) risaləsinin tərtibinə mübaşir olduğumuzdan ümid ki, onlardan sonra ÖZGƏ SƏLİQƏ ilə hekayələrə şamil olan səyaqda əlahiddə bir risalənin dəxi tərtibinə hümmətgüzar olaq. (S.Ünsizadə bu sözləri 1882-ci ilin mart ayının 15-də yazmışdır – N.N.)
* * *
80 illik ömrünün son 15 ilini (1890-1905) İstanbulda yaşayan S.Ünsizadə müxtəlif vaxtlarda üç dəfə maarif naziri olmuş Münif Paşanın köməyi və qayğısı ilə Türkiyədə maarif sahəsində çalışmıışdır. O, bu illərdə Quranın Azərbaycan dilinə təfsirini yazmışdır. Təəssüf ki, təfsirdən təkcə bir surə bu günümüzə qədər gəlib çıxmışdır.
Hacı Səid Əfəndi Əbdürəhman Əfəndi oğlu Ünsizadə Şirvaninin bütün əsərlərini axtarıb tapmaq və çap etmək həm Azərbaycan, həm də Türkiyə ədəbi və elmi ictimaiyyətini düşündürməlidir.
Nazim NƏSRƏDDİNOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.
Bakı-Qəbələ.
14.04.2016.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.