USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA
BƏZİ İNSANLAR VAR Kİ, ONLARA ƏBƏS YERƏ
USTAD DEMİRLƏR. ÇÜNKİ BELƏ İNSANLAR
SÖZÜN ƏSİL MƏNASINDA ÇALIŞDIĞI
HƏR HANSI BİR SAHƏDƏ GENİŞ VƏ
DƏRİN MƏLUMATI VƏ QABİLİYYƏTİ OLAN
ŞƏXSLƏRDİR.
ŞAİR İLYAS ƏFƏNDİ VƏFALI DA
MƏHZ BELƏ İNSANLARDAN BİRİDİR.


"Şərqin səsi" qəzetinin redaktorlarından biri, istedadlı şair-publisist, bir çox ictimai-siyasi, ədəbi-bədii, publisistik məqalələrin və şeir kitablarının müəllifi İlyas Əfəndi Vəfalı - 29 avqust 1960-cı ildə Ulu Borçalının qədim Sarvan elində (indiki Gürcüstanın Marneuli rayonunda) anadan olub. Marneuli rayonunda orta məktəbi və Moskva Dövlət Pedaqoji Universitetini bitirib. Hal-hazırda "Borçalı" NPM-də və "Şərqin səsi" qəzetində redaktor kimi fəaliyyət göstərir. Şeir yazmağa həvəs gənclik yaşlarından olub. Bu da təbiidir ki, sazlı-sözlü Borçalının təmiz havası, halal çörəyi, buz kimi təbii bulaqlarından coşub qaynayan suları ilə söz, saz İlyas müəllimin qanına və canına hopub.

-Borçalıda doğulmuşam anadan,
Ehram çalıb ilk laylamı binadan,
Yaxşı bilir yeri-göyü yaradan,
Bu diyarın öz baharı, yazı var.

İlyas Əfəndi Vəfalının təmiz və ülvi düşüncələrdən, bəşəri hislərdən doğulan məhəbbət şeirləri insan ruhunu oxşayır:

-Bu rəqs gecəsində səndən gözəl yox,
Barı düşündünmü gözə gələrsən.
Gözə gəlimlisən sən həddindən çox,
Qəfil söz atarlar, sözə gələrsən.

Ustad şairin vətənpərvərlik mövzusunda yazdığı şeirlər yüksək məhəbbətdən, əsil vətənpərvərlik hislərindən doğulub, kağız üzərinə sətir-sətir, misra-misra yazılıb:

-Yaram sağalmayır, hələ qan verir,
Paralanmış Vətən, dözə bilmirəm.
İlyas yaşamayır, inan can verir,
Uralanmış Vətən, dözə bilmirəm.

Ustad şairin vətənpərvərlik mövzusunda yazdığı şeirlərində həm də nisgil var, vətən yanğısı var, el dərdi var. Çünki ustad şair vətənində qərib, vətənində vətənsiz yaşayır. Doğulub boya-başa çatdığı Borçalı mahalı əsirlərdir ki, Azərbaycanımızdan aralı-ayrı düşüb.

Bu gün Ustad şairin ad günüdür. İlyas müəllim ömrünün 59-cu payızını geridə qoyub, 60-cı payızını soraqlayır. Mən də ustad şairi təbrik edir, cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayırıq!...


YUNİS QARAXANOV,
"Şərqin səsi" qəzetinin və "Zim.Az" saytının xüsusi müxbiri,
"Borçalı" NPM-nin ədəbi redaktoru, şair-publisist, 5 kitab müəllifi.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: