Heç kəsə sirr deyildir ki, Sovetlər ölkəsində qadınlar tam azadlığını 1920-ci il inqilabından sonra əldə edə bilmişlər. Bu da danilmaz faktdır ki, Azərbaycan qadınlarının yaşadıqları dövrlərlə müqayisədə azadlıq əldə etməsi məhz Böyük Oktyabr İnqilabının nəticəsində olmuşdur. Qadın hüquqsuzluğunun, qadın əsarətinin doğurduğu əziyyətin sonu elə o illərdən başladı. Bunun mənfi və yaxud müsbət tərəfinin olması başqa bir mövzunun söhbətidir.
Azərbaycanın mədəniyyət tarixinə nəzər saldıqda, ziyalılarımızın əksəriyyətinin qadınların azadlığı uğrunda mübarizə apardıqlarının şahidi oluruq. Bu ziyalılar ilk olaraq 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin birinci qurultayında qadınlara səsvermə hüquqi qazandırdı. Çox təəssüflər olsun ki, bu Cümhuriyyətin ömrü cəmisi 23 ay oldu, lakin, Azərbaycan Cümhuriyyətinin süqutundan sonra yaradılmış sovetlər birliyinin vaxtında, bu məsələ yenidən gündəmə gəldi.
Qadınlarımız istər ölkə daxilində, istərsə də ölkənin hüdudlarından kənarda hər zaman adlarını Azərbaycanın mədəniyyət tarixinə layiqincə yaza bilmişlər. Bu xüsusilə ziyalı qadınlara daha çox şamil edilir. Təhsilli qadınların açıq düşüncəli olması onları digər qadınlardan fərqləndirirdi. Öz açıq düşüncələri ilə fərqlənən qadınlardan biri də Azərbaycan mədəniyyət tarixindən bizə yaxşı məlum olan Qeysər xanım Kaşıyevadır. Qeysər xanım Kaşıyeva Azərbaycan mədəniyyət tariximizə ilk professional qadın rəssam kimi daxil olubdur.
Qeysər xanım Kaşıyeva - 1893-cü ildə iyunun 7-də mədəni mühiti çox zəngin olan Tiflis şəhərində anadan olmuş və ilk təhsilini də orada I qız gimnaziyasında almışdır. Kiçik yaşlarından rəngkarlığa böyük həvəs göstərən Qeysər xanım təhsil aldığı müddətdə çəkdiyi şəkillər gimnaziyada hər kəsin diqqətini cəlb edirdi. O, hələ VI sinifdə oxuyarkən görkəmli alman rəssamı, “Molla Nəsrəddin” jurnalının karikaturaçısı, Oskar Şmerlinq Qeysərin böyük gələcəyi olduğunu bildirmişdi. O zaman Qafqazda ayrıca rəssamlıq məktəbi yox idi (1.s.37). O, Tiflisdə Qafqaz İncəsənəti Təşviq cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında dərs keçir və bu sənətə yiyələnməyi bacarır. Bu studiyada cəmi bir il (1907-1908) dərs keçən Qeysər xanım sevdiyi sənətində dövrün tanınmış rəssamları R.Zommer və O. Şmerlinqdən sənətin sirlərini öyrənərək, bir çox maraqlı rəsm əsərlərini yarada bilmişdir(3).
Müəllimlərinin köməyi ilə rəssamlıq sənətinin sirlərin öyrənməyə çalışan Qeysər xanım portret janrına böyük həvəs göstərirdi. Oxuduğu müddətdə çəkdiyi şəkillər cəmiyyət tərəfindən təşkil edilmiş rəssamlıq sərgilərində müvəffəqiyyət qazanırdı. Qeysər xanım Kaşıyevanın sənət əsərləri əsasən kömür, tuş, yağlı və sulu boya ilə çəkilmişdi. Onun əsərləri sayca azlıq təşkil etsə də mövzu cəhətdən çox zəngin idi. Bu əsərlərin sırasında “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”. “Yanğınsöndürən”, “Küpəgirən qarı”, “Azərbaycan ziyalısı” və s. əsərləri xüsusilə maraqlıdır. Rəssam xanımı başqa rəssamlardan fərqləndirən cəhəti onun əsərlərində təkrarçılığın olmaması id. O, qeyri adiliyi, yeniliyi çox sevirdi. Çalışırdı ki, əsərləri insanları düşündürsün, təəssibləndirsin və uzun müddət yaddaşlarda qalsın. Qeysər xanım Kaşıyevanın Bakıda nəşr olunan “Şərq qadını” jurnalına çəkdiyi illyüstrasiyalar daha düşündürücü və baxımlı idi. 1923-1938 illəri əhatə edən “Şərq qadını” jurnalının oxucular tərəfindən sevilməsinin bir səbəbi də onun tərtibatının və rəsm işinin gözəlliyi olmuşdur. Bəlkə də Qeysər xanım bir qadın olaraq qəlbinin saflığını, incə duyğularını, sevgisini əsərlərində daha dolğun göstərməyi bacara bilirdi.
Müəllimi Riçard Zommer Qeysər xanımın istedadlı və bacarıqlı olduğunu görüb, onu Moskvadakı Stroqonovski adına rəssamlıq məktəbinə göndərmək istəyirdi. Lakin o dövrün bəlası olan dini fanatizm, cahillik, nadanlıq və qadın hüquqsuzluğu nəinki Qeysər Kaşıyevanın, eyni zamanda bütün Şərq dünyasının, müsəlman qadınlarının tərəqqisinə mane olurdu. Bu səbəbdən onun yad ölkəyə getməsinə icazə verilmir və Qeysər xanım istəməsə də bununla razılaşmalı olur. Yaşadığı dövrün adətinə uyğun olaraq Qeysər xanımı da rəssamlıq kursunu bitirən kimi ərə verirlər. Lakin, o, fəaliyyətini evdə davam etdirir və Tiflisdə yaradılmış “Qadın Xeyriyyə Cəmiyyəti”nin keçirdiyi mədəni tədbirlər üçün afişalar hazırlamağa başlayır.
Qeysər xanım tez-tez Tiflisdə təşkil olunan tədbirlərə dəvət edilirdi. Orada şəhərin tanınmış adamları, ziyalıları, şairləri və jurnalistləri ilə görüşürdü. Belə tədbirlərin birində o, polkovnik Şirin bəy Kəsəmənli ilə tanış olur. Bir müddət sonra Şirin bəy Qeysər xanıma evlilik təklifi ilə müraciət edir. Sevgiləri qarşılıqlı olsa da, Qazaxda məşhur bəy ailəsindən olan Şirin bəyin atası Çingiz bəy “bəy oğlu gərək bəy qızı alsın, o tacir qızı ilə evlənə bilməz” deyə onların bu izdivacına razılıq vermir. Lakin, fikri qəti olan Şirin bəy bütün bu narazılıqlara baxmayaraq, Qeysər xanımla evlənir.
Qeysər xanımın həyat yoldaşı Şirin bəy Kəsəmənli Tiflisdə hərbi gimnaziya təhsili alaraq, yüngül süvari alayında qulluq etmiş və sonra Kiyev şəhərində II Konstantin Topçu məktəbində hərbi təhsilini davam etdirmişdir. Şirin bəy I Dünya müharibəsində “Dikaya diviziya”nın tərkibində vuruşaraq, “İgidliyə görə” medalı və IV dərəcəli “Müqəddəs Georgi” ordeni mükafatına layiq görülmüşdür. Azərbaycanda Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, Milli orduda xidmət göstərmiş və Gizirlər məktəbinin ilk azərbaycanlı rəisi vəzifəsində çalışmışdır.
1919-cu ilin 8 aprelində 2-ci Bakı Piyada Alayının komandiri təyin edilən Şirin Kəsəmənli, şimal sərhədlərinin müdafiəsi üçün yaradılmış Xaçmaz dəstəsinin rəhbəri olur. Bunları sadalamaqda məqsədimiz, Qeysər xanımın sevgi uğrunda etdiyi mücadilənin sonunda xoşbəxtliyinin yarımçıq qaldığını dəyərli oxucuların nəzərinə çatdırmaqdır. 1930-cu ildə müəmmalı şəkildə vəfat edən Şirin bəyin ölümü haqqında müxtəlif mülahizələr söylənilsə də, ölümü haqqında dəqiq heç bir məlumat əldə edilməmiş və bu günə qədər də onun ölümü sirr olaraq qalmışdır. Kimisi onun ağır xəstəlikdən vəfat etdiyini, kimisi də ermənilər tərəfindən qətlə yetirildiyini deyir. İkinci məlumat daha inandırıcıdır. Çünki, ermənilərin türklərə(azərbaycanlı) olan sonsuz nifrəti hər dövrdə özünü göstərmişdir. Bu dövr də erməni şovinistlərinin ölkəmizdə yaratdıqları qarışıqlıqla bir vaxta təsadüf etdiyi üçün, həqiqətə daha çox uyğun gəlir. Eyni zamanda bizim üzdə olan və xalqını müdafiə edən ziyalılarımızın ermənilər tərəfindən ayrı-ayrı vaxtlarda güllələnməsini nəzərə alsaq, ikinci məlumatın daha doğru fakt olması mümkündür.
Qeysər xanım Kaşıyeva sovet hakimiyyəti illərində inqilabçı Əli Bayramov adına qadınlar klubunda çalışmış, təsviri sənətin rəngkarlıq və qrafika sahəsinə marağı olduğu üçün sevimli peşəsini “Şərq qadını” jurnalına illüstrasiyalar çəkməklə həyata keçirə bilmişdi. Rus dilini mükəmməl bilən Qeysər xanım hərtərəfli inkişaf etməyə səy göstərirdi. O, işini təkcə rəssamlıqla bitmiş hesab etmir, qurama və toxuma ilə də məşğul olurdu. Öz üzərində daim çalışan Qeysər Kaşıyeva, onu qabaqda nələrin gözlədiyindən xəbərsiz olaraq gözəl arzularla yaşayırdı.
Qeysər xanım Kaşıyeva çox ağır, iztirablı ömür yolu keçmişdir. Həyat yoldaşının vəfatından sonra qızı Ləyiyə ilə yalnız qalan Qeysər xanım, ərinin ailəsi tərəfindən qəbul edilmir. Müəllimlik edərək qızını saxlayan bu xanım sonralar rayonda hərbi komissar vəzifəsində çalışan Zülfüqar bəy Abbas bəy oğlu Seyidbəyli ilə ailə qurur. Qeysər xanım xarici görkəmcə yaraşıqlı qadın olub. Belə bir xanımın ailə başçısı olmadan tək qalması, o dövr üçün heç də yaxşı hal deyildi. Bəlkə də bu səbəbdən Qeysər xanım təkrar ailə qurmaq məcburiyyətində qalır.
1892-ci ildə Şuşada anadan olan Zülfüqar bəy ilk təhsilini Şuşada almış, realni məktəbi bitirmiş və hərbçi peşəsinə yiyələnmişdir. Zülfüqar bəy Qeysər xanımla evlənərək, onun qızını ata kimi qəbul etmiş və evləndikdən sonra onların daha bir qız övladları dünyaya gəlmişdir. Lakin, ailə taleyi ilk gündən uğursuz gələn Qeysər xanım bilmirdi ki, onu qarşıda hələ daha hansı ağır sınaqlar gözləyirdi.
1937-ci ilin repressiya kabusu onların da ailəsindən yan ötmədi. Əri Zülfüqar bəy “xalq düşməni” adı ilə həbs edilərək güllələndikdən sonra, Qeysər xanım da həbs edilərək, sürgünə göndərilir. Iki körpə balası qoca nənənin himayəsində qalan Qeysər xanım çəkdiyi uzun-uzadı əzabdan sonra, nəhayət 1942-ci ildə sürgündən azad olur. Sürgündə olduğu müddətdə onun bütün əsərlərini və əlyazmalarını yandırırlar. 1956-cı ildə bəraət alan Qeysər xanım Kaşıyeva övladlarını yanına yığaraq, sevimli peşəsi ilə məşğul olmağa başlayır. Azərbaycan qadınının bu qədər işgəncə, əzab-əziyyət gördükdən sonra təkrarən yaradıcılığa başlaması təbii ki, bir şücaətdir, qəhrəmanlıqdır.
Azərbaycanın ilk qadın rəssamı kimi mədəniyyət tariximizə adı yazılan Qeysər xanım Kaşıyeva hətta həbsdən sonra da daim səksəkə içərisində yaşamışdır. Həbs və ölüm qorxusu ilə yaşayan Qeysər xanımın həyat yolu və yaradıcılığı doğrudan da insanı heyrətləndirməyə bilmir.
XIX əsrin sonlarını və XX əsrin əvvəllərini Azərbaycanın mədəniyyət tarixinin inkişaf mərhələsi hesab edirlər. Bu dövrdə bütün sahələrdə olduğu kimi incəsənət sahəsində də tərəqqi özünü hiss etdirirdi. Təhsillə yanaşı incəsənətin inkişafı ölkə üçün uğur hesab edilə bilər. Rəssamlıq, teatr, musiqi sahəsində irəliləyişlər əldə olunduqca təhsilə, mədəniyyətə maraq göstərənlərin də sayı artırdı. Çünki Azərbaycan xalqının ziyalı adamları istismarçı siniflərin, cahil adamların iddia və təbliğatının əksinə olaraq qadının idrak və kamalına inanaraq, onlara saf, səmimi münasibət bəsləyirdilər. Azərbaycan qadınları da onlara bəslənən bu inamdan məharətlə, ağılla istifadə edərək xalqımızın təşəkkül tapmasında, millət kimi formalaşmasında, xüsusilə də çoxcəhətli mədəniyyətimizin tərəqqi etməsində böyük rol oynamışlar. Azərbaycan qadınlarının həyat və yaradıcılığının tədqiqi ilə məşğul olan görkəmli tarixçi alim Sabir Gəncəli (S.Məmmədov-P.M) araşdırmalarında bir çox qadınlarla yanaşı Qeysər xanım Kaşıyevanın da yaradıcılıq yolunu işıqlandırmışdır. Bu dəyərli məqalələrin hər biri oxucu üçün yetərincə maraqlı tədqiqat mənbəyidir.
Qeysər xanım Kaşıyeva rəssamlıqla yanaşı, həm də musiqi təhsili almışdır. Bundan əlavə o, rəssamlıq və bədii qurama sahəsində də gözəl istedada malik idi. Qeysər xanım Kaşıyeva dövrün çətin tələblərinə baxmayaraq müasir düşüncəli, açıqfikirli idi. Yaşaşdığı dövr Qeysər xanımı qürurundan endirə bilmədi. O başına gələn bütün bu çətinliklərə sinə gərməyi bacardı.
Dövrün ağır, iztirablı illəri içərisində ziyalı qadınların məşəqqətli günlər yaşamalarından sonra bir də repressiyaya məruz qalmaları onların hər biri üçün ikiqat əzab, işgəncə və faciə idi. Qadının ağlının, əqidəsinin inkişaf etməsinə mane olan mövhumatçı dindarlar təhsilli qadını ümumiyyətlə qəbul etmirdi. Nə yazıq ki, o dövrdə açıqdüşüncəli, bir qədər sərbəst fikirli qadına ümumiyyətlə yaxşı nəzərlə baxılmırdı. Belə qadınlar bir qayda olaraq cəmiyyətdə ya alçaldılırdı, ya da təzyiq və təqiblərə məruz qalırdılar.
Böyük inqilabçı-demokrat N. Q. Çernışevski özünün “Nə etməli?” əsərində yazmışdı: “Təbiət qadına böyük zəka və idrak bəxş etmişdir. Lakin müasir cəmiyyətdə bu qüvvə inkar edilir. Cəmiyyət onu rədd etməyib, bu qüvvədən istifadə etmiş olsa idi, onda insan cəmiyyəti on qat sürətlə inkişaf edərdi” (2.s.5).
Azərbaycan xanımları bu deyilənlərin əksinə olaraq, mədəniyyət tariximizi daha da zənginləşdirmək üçün ilk növbədə təhsil almağa üstünlük verdilər və kişilərlə bərabər hüquq qazanaraq, bacarıqlarını nümayiş etdirmək yolunda fəaliyyətə başladılar.
Qeysər xanım Kaşıyeva və onun kimi qadınların cəmiyyətdə heç də kişilərdən geri qalmadığını artıq zaman özü sübut etdi.
Hal-hazırda Qeysər xanım Kaşıyevanın az sayda olsa da əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanmaqdadır.
Qeysər xanım Kaşıyeva 1972-ci il mayın 4-də Bakıda 79 yaşında vəfat etmişdir. Azərbaycan mədəniyyəti tarixinə öz imzasını yazan, tanınmış simalarından Qeysər xanım Kaşıyevanın həyatının açılmayan səhifələrinin gələcək nəsillərə çatması üçün tədqiqinə hələ də ehtiyac vardır.
ƏDƏBİYYAT:
1. S.Gəncəli: “Azadlıq yollarında”, Bakı.1980.
2. S.N.İmanzadə: Qadınlar cəmiyyətdə və ailədə”, Bakı.1963.
3 “Kaspi” qəzeti, 1913-cü il, № 213.s.5.
PƏRİXANIM MİKAYILQIZI,
"Elm və Təhsil" qəzetinin Baş redaktoru,
"Abdulla Şaiq", "Qızıl qələm" və
"Sülh təbliğatçısı" mükafatları laureatı,
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun
"ZİRVƏ" mükafatıçısı və Fəxri Diplomçusu
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.