QƏDİM BALAXANI BU GÜN (Jurnalistin gündəliyindən)

QƏDİM BALAXANI BU GÜN                           (Jurnalistin gündəliyindən) “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyeva, 2020-ci ilin 23 sentyabr tarixində Balaxanı da həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmağa gəlmişdirlər. Dövlət başçısı görülən işlərdən məmnun qaldığını söyləmiş, bu cür işlərin davamlı olacağını, təkcə Balaxanı da deyil, Əmircan, Pirşağı və daha bir neçə kənd də həyata keçiriləcəyini qeyd etmişdir. Cənab Prezident onu da nəzərə çatdırmışdır ki, abadlaşacaq hər bir kənd özünəməxsus görkəmi ilə digərindən fərqlənəcək, bir-birinin təkrarı olmayacaqdır. Bu işlər hər zaman dövlətin nəzarətində olacaq və dövlət tərəfindən də hər cür qayğı və köməklik göstəriləcəkdir”.

Azərbaycanın tarixən qədim ölkə olduğunu və onun hal-hazırda paytaxt şəhəri Bakının da əsrlərlə yaşının olduğunu hər birimiz bilirik. Bakı və onun ətraf kəndlərinin bir çox mənbələrdə maraqlı keçmişinə nəzər saldıqda, həqiqətən də burada keçmişin izlərini görmək mümkündür.
Bu gün söhbətimiz Bakının qədim kəndlərindən olan və mərkəzdən çox da uzaq olmayan, Abşeron yarımadasının tam ortasında yerləşən, əvvəl kənd, bir qədər sonra qəsəbə, indi isə şəhər tipli qəsəbəyə çevrilən Balaxanı haqqında olacaqdır. Balaxanıda olarkən bir neçə qeydlərim oldu ki, onları bu gün sizlərlə paylaşmaq qərarına gəldim.

QƏDİM BALAXANI BU GÜN                           (Jurnalistin gündəliyindən) Əslində mənim əvvəldən də Balaxanı kəndi haqqında bir az da olsa bilgilərim var idi. Bilirdim ki, qədim Balaxanı əhalisinin neft hasilatından əvvəlki əsas məşğuliyyəti əkinçilik və bağçılıq olmuşdur. Sonralar isə neft hasilatı başlayanda, tədricən əkinçilik və bağçılığı neft çıxarmaq işləri əvəz etmiş, kənd əhalisinin əksəriyyəti bu işlə məşğul olmağa başlamışdır. Beləliklə Balaxanı kəndi ən çox neft çıxarılan kəndlər siyahısına daxil oldu.
Mən Balaxanının mənfi cəhətləri ilə yanaşı, müsbət tərəfini də bilirdim. Bu gün isə gördüyüm mənzərə fikrimdə qalan köhnə Balaxanının inanılmaz dərəcədə dəyişdiyinin şahidi oldu.

Balaxanıda neft hasilatı başlayan zamanlar da heç bir texniki avadanlığın, qurğunun olmadığı bir vaxtlarda neft çox çətinliklə çıxarılırdı. Quyular əl ilə qazılardı, çıxarılan nefti isə vedrələr vasitəsilə xüsusi hazırlanmış hovuzlara toplayardılar. Bütün neft istehsal edən mədənlərdə sözsüz ki, neft fontan vuran ərəfədə insan tələfatı da olurdı. Səbəb isə dərin quyuda qazıntı aparan adamlar neftin nə zaman çıxacağını bilmirdilər, ya da həmən saatda quyudan çıxmağa imkan tapmırdılar.
Onu da qeyd edim ki, Balaxanı da 1869-cu ildə ilk dəfə olaraq mexaniki vurma üsulu ilə neft quyusu qazılmışdır.

QƏDİM BALAXANI BU GÜN                           (Jurnalistin gündəliyindən) Fəhlələrin minbir əziyyətlə çıxatrdıqları neft belə ki, orda günlərlə, bəzən də aylarla toplanmış halda qaldığından neftin və mazutun pis qoxusu ətrafa yayılardı.
Bu ən çox günəş istisinin təsirindən yaz-yay aylarında olurdu.
Kənd sakinlərinin dediyinə görə giləvar küləyi əsəndə bu qoxu daha çox duyulurdu.

Buna görə də, hələ çox qədimlərdə Balaxanının havasından hər zaman mazut, neft qoxusu gəldiyi söylənilirdi.
Sonralar isə bu kəndin yaxınlığında məişət tullantıları toplanıldığından, Balaxanın havasındakı üfunət qoxusu neft qoxusunu üstələmişdir.
Bu da ki, təbii olaraq kənd sakinlərinin haqlı narazaılığına səbəb olurdu.
Lakin, 2009-cu ildə Fransanın CNİM şirkəti tərəfindən Balaxanıda zibil emalı zavodunun tikilməsi bu problemin aradan qalxmasına nail oldu.

Kənd sakinlərinin sözlərinə görə bu səbəbdən də Balaxanı dedikdə insanların ağlına ya neft, ya da zibil qoxusu gələn kənd düşərdi. Bu gün isə inanılmaz dərəcədə həm görkəmi, həm havası dəyişmiş Balaxanıda insanların simasında da bir rahatlıq, bir razılıq duyulur.

QƏDİM BALAXANI BU GÜN                           (Jurnalistin gündəliyindən) Bu gün artıq turizm məkanına çevrilmiş Balaxanı qəsəbəsi gözəl siması ilə göz oxşamaqdadır.
Balaxanıya yaxın olan bir neçə Bakı kəndləri vardır ki, onlardan Sabunçu qəsəbəsi ilə yanaşı, Zabrat qəsəbəsini, eləcə də Ramana, Digah və Məhəmmədli kəndlərini misal göstərə bilərik.

Balaxanı müasir tələblərə cavab verən qədim məkan olaraq, mənə sanki İçəri şəhəri xatırlatdı. Kiçik daş döşənmiş təmiz küçələr, qədim qapı-pəncərə və balkonlar(təbii ki, bu günün tələblərinə uyğun olan yeni qapı, pəncərələr də mövcuddur), məhəccərlər, bir çox halda İçəri şəhərin küçələrinə bənzəyən dar küçə və döngələr insanda ruhən bir dinclik, sakitlik yaradırdı. Bir də gördüklərimdən ən çox xoşuma gələn küçələrdə qoyulmuş oturacaqlarda istirahət edən yaşlı, qoca insanların üzündəki təbəssüm mənə 30-40 il öncəki Bakını xatırlatdı.
Yaxınlaşıb salam verirsən, “əleyküməssalam” deyib, o saat da “kəndimizə xoş gəlmisiniz” demələri adamın istər istəməz üzünə xoş gülüş bəxş edirdi.
Getmək istədiyin məkanın harda olduğunu soruşduqda isə o qədər gözəl izah edirdilər ki, adam elə dayanıb onlarla söhbət etmək istəyirdi.

QƏDİM BALAXANI BU GÜN                           (Jurnalistin gündəliyindən) Doğrudur biz qəsəbəni tam gəzə bilməsək də, amma yetərincə gəzdik. Küçə boyu evlərin hasarlarını bəzəyən müxtəlif personajların təsviri, qəsəbənin bütün küçələrində qoyulmuş rəngbərəng dibçəklərdə olan ekzotik gül və çiçiəklər, al-əlvan rəngli quş yuvaları, kiçik olçüdə olan müxtəlif quş və heyvan rəsmləri, kiçik heykəlləri həqiqətən də göz oxşayırdı. Yəni burada darıxmaq mümkün deyildi. Balaxanı da yaşıllaşdırma işinə xüsusi diqqət verilir. 200-dən artıq evə müxtəlif növ ağac və gül kolları paylanmışdır ki, bu da estetik gözəllik üçün böyük əhəmiyyət kəsb edir.

Dövlət tərəfindən Balaxanının qədim abidələrinin təmiri və yenidən qurulması, eləcə də kəndə turist axınının təşkil olunmasına nəzarət işləri öz bəhrəsini göstərməkdədir. Abadlıq və yenidənqurma işlərinə kənd camaatının da cəlb edilməsi sakinlərin ürəyincədir.
Bir sözlə, Balaxanı gəzdikcə bitməyən bir gözəllik dünyası idi. Lakin buranı bir günə, bir neçə saata gəzib, qədim abidələri tam seyr etmək olmazdı.
Kəndi iki “Yuxarı və Aşağı” məhəlləyə bölən qəbiristanlıq var idi ki, biz onu gördük.
Tarixi abidələrdən olan XIV əsr memarlıq abidəsi olan “Hacı Şəhla və “Şakir Ağa” türbələri vardır ki, deyilənə görə bu türbələr memarlıq baxımından çox dəyərlidir. Tarixi abidələr siyahısına daxil olmuş “Şah Səfi Karvansarası”, “Qırx pilləkənli su ovdanı” və bir neçə qədim hamamlar da vardır ki, bunlardan ən məşhuru “Qum hamamı”dır.

QƏDİM BALAXANI BU GÜN                           (Jurnalistin gündəliyindən) Balaxanı Azərbaycana istər mədəniyyət, incəsənət sahələri üzrə, istərsə də siyasət, təhsil və digər sahələr üzrə görkəmli şəxsiyyətlər bəxş etmişdir. C. Cahangirov(bəstəkar), E.Qafarova(siyasətçi-dövlət xadimi), İlhüseyn Hüseynov (Azərbaycanın ilk Milli Təhlükəsizlik naziri), Lev Landau( fizika üzrə Nobel mükafatçısı), Lidiya Rəsulova(təhsil naziri), Rəfiqə Mustafayeva( professor, əməkdar müəllim) və s. və ilaxır.

Balaxanı kəndini onlarla belə görkəmli şəxsiyyətləri olmuşdur və bu gün də vardır.
Azərbaycanın görkəmli şairi M.Ə.Sabir də keçən əsrin əvvəllərində bir müddət Balaxanı da müəllim işləmiş, burada yaşayıb, yaratmışdır.

Gəzintimiz maraqlı keçirdi. Artıq hava qaralmaq üzrə idi. Küçələrdən birində xudmani “ZONTİK” adlanan ailəvi bir restoran diqqətimizi cəlb etdi.
Düz yolun kənarında, qapının qabağında iki samovar qoyulmuş, yavaş-yavaş tüstülənirdi. Samovara 15-16 yaşlarında olan gənc bir oğlan kömür atırdı. Biz içəri, yəni həyətə daxil olduq. İlk növbədə diqqətimizi kiçik bir restoranda olan təmizlik cəlb etdi. İki qadın səliqəli geyimdə xüsusi bir otaqda əyləşib, Bakılılara məxsus olan qutab(ət, qarın və göyərti) hazırlayırdılar. Biz keçib əyləşdik. Həmən gənc oğlan bizə yaxınlaşıb sifarişimizi qoruşdu. İlk baxışdan diqqətimizi cəlb edən bu gəncin rəftarı, cavabı onun necə tərbiyəli bir gənc olduğu bildirirdi. Buranın Emin Seyidova məxsus olduğunu və bu gənc oğlanın, yəni Əziz Qubadzadənin məhz bu gün ilk iş günü olaraq bura kömək etməyə gəldiyini öyrəndik. Orda olan Emin bəyin xanımı da söhbətimizə qoşuldu. Mən, Emin bəyin xanımına(təəssüf ki, xanımın adını soruşmadım) nədən restoranın adını öz dilimizdə “Çətir” deyil, “Zontik” yazmısınız sualını da verdim. Xanım bu restoranın artıq neçə illərdir məhz bu ad altında fəaliyyət göstərdiyini dedi. Xidmətdən son dərəcə razı qaldıq. Təkrar bura gələcəyimi düşünüb, xudafizləşdik.

Bu mənim Balaxanıya ilk gəlişim idi.
Oradan o qədər xoş, gözəl təəssüratlarla ayrıldım ki, yenə də oraya getməyi düşünürəm.
Axı bütün qəsəbəni hələ gəzməmişik.


QƏDİM BALAXANI BU GÜN                           (Jurnalistin gündəliyindən)
PƏRİXANIM MİKAYILQIZI
“Elm və Təhsil” qəzetinin Baş redaktoru,
AJB-nin üzvü, şair-publisist, nasir, jurnalist,
F.b.Köçərlinin tədqiqatçısı,
“Xarı Bülbül” medalı mükafatçısı,
“Qızıl Qələm, “Abdulla Şaiq” və bir çox
media mükafatları laueratı,
Dövlət qulluğunun baş müşaviri.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: