“ÖLÜMÜNÜN ÜSTÜNƏ GÜLƏ-GÜLƏ GEDƏN YUSİFİM"
“Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, (bunların əvəzini vermək üçün) 10 dəfə dünyaya qayıdıb öldürülməyi arzu edər”.
Məhəmməd Peyğəmbər (s.ə.s)
…Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisə baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.
Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.
Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirələrini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Öncə Vətən…
Dostluq kəlməsinin hikmətini, əzəmətini çox uca tutardı. Deyərdi, bəxtiyar o insandır ki, ayrılmaz duyğularla bağlandığı, tapdığı sadiq dostları var. Adama arxadır, dayaqdır dost. Elə bu səbəbdən “dostum qonaq gəlir”, - deyəndə gözlərində parlayan balaca bir uşaq sevincini doğmaları dərindən hiss edərdi. Bu gün şəhidlik zirvəsindən bizi qürur və sevinclə seyr edən Yusif Budaqovun əsl dostluğundan, fədakarlığından danışıram.
Dostluğu elə gözəl ifadə edir, həvəslə səsləndirirdi ki, dostu olmayanlar onu bircə dəfə görsəydilər, mütləq dost axtarışına çıxardılar. Çünki dostlarını elə bir zirvəyə qoymuşdu ki, o zirvə çox mötəbər yerləri fəth etmək gücünə sahib idi. Onun dostum dediyi sevdiklərini sıralasaq, birinci dostu Vətən (birinci sinifdə “Əlifba” kitabında özünün seçərək əzbər dediyi “Vətən” şeiri ilə başlamışdı bu dostluq), digər dostları isə ailə və ailəsi qədər sevdiyi ən yaxın mənəvi dostları idi. Hətta dostlarının hər birini ailənin bir üzvü hesab edirdi. Dostuna elə ürəkdən bağlanır, elə sahib çıxırdı ki, yer-yerindən ayrıla, qalaktika dünyadan üz çevirə, dostlarının təəssübünü kimsəyə verməzdi. Vətəni də bu niyyətlə birinci yerə qoymuşdu. Qorumaq, sahib çıxmaq, keşiyində dayanmaq üçün. Yaman qədir-qiymət bilən, dostcanlı oğul idi. Dost dediklərinə canını qurban verərdi, özünü fəda edərdi. Dost kimi dost, mərd kimi mərd idi. Əsl dostu, əzəli dostu, əbədi dostu olan Vətənə məftunluğu isə bütün vətənpərvər oğullar kimi uşaqlıqdan baş qaldırmışdı.
Şəhidlik məqamına qovuşdu
Gəlin şəhid Yusf Budaqovu tanıyaq. 11 Oktyabr 1997-ci ildə Bakı şəhərində Ramiq kişinin ailəsində doğulmuş Yusif orta məktəbə getmiş, 2003-2014-ci illərdə Bakı şəhər 132 saylı orta məktəbdə təhsil almısdı. O, 2015-ci ildə Səbail rayonundan həqiqi hərbi xidmətə yollanmışdı. Ömür taleyinə 2016-cı il Aprel doyusləri də istirak yazılmışdı. Bu döyüşlərdən müəyyən təcrübələr əldə edən Y.Budaqov fəallığına, cəsarətinə və xüsusi bacarığına görə tərifnamə və təşəkkürnamələr almışdı. Xidmətini kişi kimi başa vuran Yusif evlərinə qayıtmış, məhz bundan sonra əmək fəaliyyətinə başlamaq barədə düşünmüşdü. Ailənin yeganə övladı olduğu üçün mütləq işləməli, tək anasına dayaq olmalı idi. Buna görə də Bakı şəhərində Mərkəzi Klinikaya işə düzəlmişdi, baş texnik vəzifəsində çalışırdı.
Bu xatirəmizin əvvəlində qeyd etdiyimiz kimi, Yusif Budaqov Vətəninə, torpağına, əsasən də dövlətinə bağlı gənc idi. Hərbi xidmətdən sonra bir dəqiqə də sakit dayana, cəbhədən gələn həyəcanlı xəbərləri adi qarşılaya bilmirdi. İçində hansısa hiss onu rahat buraxmırdı. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşı onun hansı hisslə yaşadığını sübut etdi. Sentyabrın 5-də Müdafiə Nazirliyinin xətti ilə keçirilən hərbi təlimlərə dəvət edilən Yusifin içi sanki qaynayır, erməniyə qəzəbi hər addımda hiss edilirdi. Odur ki, bu təlimlərdən bir həftə sonra Qarabağa yollandı. Gözləri ilə odun qorunu götürmək istəyən Yusif təlimlərdə istifadə etdiyi adi silahı həqiqi silahla əvəzlədi. İkinci Qarabağ savaşı ərəfəsi dostları ilə birlikdə acı xəbərlər eşidir, cəbhəboyu ağır səhnələrin şahidi olurdu. Artıq onun əsəbləri buna dözmürdü. Ön cəbhədə gedən döyüşlərdə iştirak etmək istəyirdi. Qeyd edək ki, ilk döyüş yolu Füzulidən başlayan Y.Budaqov özünü mübariz, döyüşkən əsgər kimi göstərir, kişi xüsusiyyətlərinə görə seçilirdi. Fəallığı döyüşçü dostlarının diqqətindən yayınmırdı. Döyüşkən əsgər kimi Cəbrayılın, Zəngilanın, Qubadlının erməni quldurlarından təmizlənməsi üçün bacarığını əsirgəmirdi.
Doğum gününü oktyabrın 11-də döyüşçü dostları ilə qeyd edən Yusifi təbrik etmək üçün evlərinə qohumları toplaşmışdı, bu günün şərəfinə söz demək növbəsinə düzülmüşdülər. Təbii ki, bu ürək sözlərini anası Lətafət xanım telefonla oğluna çatdırırdı. Ürəklərindən qara qan axan qohum-əqrəbanın çöhrəsində həmin gün sevinc, fərəh hissi duyulurdu.
Son dəfə oktyabrın 13-də anası ilə telefon əlaqəsi saxlayan Yusif Lətafət xanıma demişdi ki, dualarınızı əsirgəməyin. Bu dəfə isə döyüş yolunu Xocavənddən salmışdı. Burada şiddətli döyüşlər gedirdi. Qan su yerinə axırdı. Bu döyüş Yusif Budaqov üçün son oldu, şiddətli döyüşlərdə canını fəda etdi, şəhidlik məqamına qovuşdu. Oktyabrın 31-də cəbhə bölgəsindən Bakıya bir şəhid tabutu yollandı. Bu, 23 yaşlı Yusifin nəşi qoyulmuş tabut idi. Həmin gün yaşadığı evin qarşısında böyük canlanma var idi. Hacı Surxay, Səbail Rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon polis idarəsinin rəhbərliyi burada idi. Şəhər əhalisi öz şəhidini qarşılayırdı. Bəli, şəhidlə vida mərasimi keçirildikdən sonra döyüşçü dostlarının müşayiəti ilə Yusif Badamdar qəbiristanlığında el qaydasınca dəfn edildi.
Azərbaycan dövləti şəhidlərimizi, qazilərimizi daim diqqətdə saxlayır, onların ailələrinə xüsusi qayğı göstərir. Şəhid olmuş minlərlə azərbaycanlı kimi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə komandanlığının verdiyi tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə, ləyaqətlə yerinə yetirdiyi üçün ölümündən sonra Yusif Ramiq oğlu Budaqov da Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda" və "Xocavəndin azad olunmasina görə" medalları ilə təltif edilib.
Ölümə gülə-gülə gedən
qəhrəman şəhidimiz Yusif Budaqov
… Övladını itirmiş atanın, ananın yanında dərdim var deməyin. Çünki bu dünyada övlad itkisindən və dərdindən ağırı yoxdur. Bütün dərdlər unudulur, bütün ağrılar səngiyir, amma övlad itkisinin ağrısı, sızıltısı ürəkdə səngimir. Hər dəfə şəhidlərimiz haqqında məqalə hazırlayanda şəhid analarının ürək ağrısı gəlir çökür ürəyimə, nəfəsim daralır. Ancaq Allaha olan sonsuz inancım məni üsyan etməkdən yayındırır. Axı onlar sorğusuz-sualsız cənnəti qazanan Allahın ən sevimli qullarıdır. Düzdür, hər halda, ayrılıq acıdır. Ancaq övladının cənnətdə olması ataya, anaya az olsa da, təsəlli verir.
Haqqında bəhs etdiyim şəhidimiz Yusif Budaqovun ailəsini tanımasam da, xalası, həmkarım İradə Əbdürrəhmanovanı illər öncədən tanımışam. Xalası danışarkən onun Allaha olan inancına, vətənə olan məhəbbətinə heyran qalıram. Deyir ki, ancaq bu cür böyük ürəyə malik analar qəhrəman oğullar dünyaya gətirə bilərlər. Xala ana yarısıdı, - deyiblər. Bizə Qələbə sevinci yaşadan oğulların sırasında İradə xanımın bacısı oğlu, bu gün adını qanıyla QƏLƏBƏ TARİXİNƏ yazan, ÖLÜMƏ GÜLƏ-GÜLƏ gedən qəhrəman şəhidimiz Yusif Budaqov da var idi. Yusif atasına, anasına, ailəsinə çox bağlı oğul idi. Atası Ramiq müəllimin rəhmətə getməsindən sonra evin bütün yükü Yusifin çiyinlərində idi. Sadəliyi, mehribanlığı ilə qohum-əqrəbanın sevimlisi sayılırdı Yusif.
Şair dostumuz Oqtay Zəngilanlının təbirincə desək,
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən - istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Bir stol arxasına yığışmış qohum-əqrəba bir ilə yaxındır ki, şəhid anası Lətafət xanımı yalqız buraxmır, Yusifli xatirələri dilə gətirirlər. Xalası Sədaqət Allahyarova, əmisi Tahir Budaqov, bibisi Tahirə Budaqova, Böyükkişi dayısının oğlu Bəhruz Əbdurrahmanov, xalası qızları Sevinc İbrahimova, Tərgül Əliyeva, xalası oğlu Rəfail Əliyev, İradə xalasının yeganə oğlu Amil, bir sözlə, Yusifin qohumları, əzizləri, yaxın dostları bu gün də onun yoxluğuna inanmaq istəmir, hələ də yanıb-yaxılırlar. Təkcə bir faktı qeyd edək ki, xala oğlu Rəfailin, Amilin Yusiflə uşaqlıqları birlikdə keçib, qardaş kimi böyüyüb, bir-birinə can deyib, can eşidiblər.
Şəhid Yusif Budaqovun anası Lətafət xanımın oğlu haqqında dediyi fikirləri olduğu kimi qeyd etmək istədim:
"Oğlum Yusif həyat dolu bir uşaq idi. O, hər zaman pozitiv fikirli, gülərüz, şən, zarafatcıl oğul idi. Hər zaman bizə, qohumlarına dayaq durardı. Oğlum Yusifin həmişə arzusu idi ki, tanınsın, hər zaman adı dillərdə hallansın, qısası, unudulmasın. Həqiqətən də o öz arzusunu fərqli bir şəkildə yerinə yetirdi, indi onu hamı tanıyır, adı hallanır və həmişə də hallanacaq. Yusifim idmanı da çox sevərdi. Güclü görünməyi sevərdi. O, gücünü II Qarabağ müharibəsində də göstərdi və adını öz canını vətən uğrunda fəda edərək qızıl hərflərlə tarixə yazdırdı, ən ali məqama - Şəhadətə ucaldı. Oğlumun adı indi bütün qəzetlərdə və hər yerdədir: ÖLÜMÜNÜN ÜSTÜNƏ GÜLƏ-GÜLƏ GEDƏN YUSİFİM".
Sonda qeyd edək ki, atası Ramiq müəllimin uyuduğu Hökməli kəndində Yusufun adına “Şəhidlər bulağı” inşa edilib.
Yazımızı Məhəmməd Peyğəmbərin fikri ilə başladığımız kimi, elə Onun fikri ilə də bitirmək istəyirik:
“Allaha and olsun, istəyim budur ki, Allah yolunda şəhid olum. Sonra dirilib yenə şəhid olum, yenə həyata qayıdım, yenə şəhid olum”.
Və sonda: Yusifin parlaq xatirəsinə həsr etdiyim “Yusifim” adlı şeirimi nəzərinizə çatdırıram.
Bu vətən, bu torpaq mənimdi deyib,
Üstündə vüqarla gəzdi Yusifim.
Əyninə qanından bir köynək geyib,
Düşmənin yolunu kəsdi Yusifim.
Təki vətənimiz düşməsin dara,
Baxmayıb soyuğa, borana, qara.
Cavab vermək üçün o azğınlara,
Hər bir çətinliyə dözdü Yusifim.
Arzusu göylərə, yerə sığmayan,
Araza sığmayan, Kürə sığmayan.
Nağıla, dastana, şeirə sığmayan,
Ən ali məqama çatdı Yusifim.
Daşdəmir ƏJDƏROĞLU
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.