Dünən Facebooku açan kimi birinci xəbər yenə intihar xəbəri oldu. Yenə cavan bir həkim-psixiator, qadın özünü asaraq intahar edib. Oxudum ki, bu həkim yaxında ərindən boşanıb. Onun da ailə problemləri varıymış.
Bundan bir həftə öncə də bir gəlin iki qız uşağı ilə özünü pəncərədən atıb. O da ailədə söz-söhbətin üstündə, qaynanası yola vermirmiş.
Bir ay öncə tanınmış qinekoloq-həkim Xalidə xanım özünü çoxmərtəbəli evin binasından atdı, öz uşaqlarının gözü önündə.
Daha saymaq istəmirəm, ancaq demək olar ki, hər gün belə bir halla rastlaşırıq. Xəbər tez gəlib çatır.
Gəlin fikirləşək, nədən boşanmış qadınlar, ya boşanmaq istəyən qadınlar intihar edir? Ola bilərmi ki, ərə gedəndə valideynlərin sözləri: - "get, otur ər evində, nə də olsa bir də evə qayıtma, kəfənin çıxsın ər evindən"- bu sözlər qızlarının sırğa kimi qulağında qalıb?
Kəfənin çıxsın nə sözdür? Bu nədir toy ərəfəsində, hətta toy günü qızlarına xeyir-dua edəndə, valideyn deyir ki, "kəfənin çıxsın".
Bu nə bir ürəksarsıdıcı bir mintalitetdir? Demək, sənin qızını ər evində döyüb öldürsələr də evə qayıtmasın, qoy öldürsünlər, kəfəni çıxsın. Bu nə sadizmdir, bu nə münasibətdir öz övladına qarşı? Siz necə valideynsiz, ay bu sözü qızlarına deyənlər? Qorxursunuz ki, çıxıb gələr, başınıza qalar? Qorxursunuz ki, kim nə deyər? Demək, siz "kim nə deyər"ə görə öz övladınızdan keçməyə hazırsınız?
Qadın bilir ki, valideyn onun qayıtmağını istəmir, ər evində də boğaza yığılıb, aciz qalıb özünə qəsd edir. Demək, burda günahkar kimdir? Yenə valideyn.
Ər də pis ola bilər, qaynana da pis ola bilər, çünki ailə qurmaq kəsilməmiş bir qarpızdır, həyatı uğurlu ds ola bilər, uğursuz da. Bəs sənə nə qalıb, ay valideyn?
Sən niyə öz doğma övladına qarşı pis olursan, onu ölümə düçar edirsən?
Sizə valideyn demək olar? Sizin onda heyvanlarla nə fərqiniz var? Heyvan öz yavrularını böyüdür, buraxır çölə və sonra onlarla heç bir ünsiyyətdı olmur, hamısı özbaşına qalır. Sizin onda onlarla nə fərqiniz var? Siz, axı, adamsınız, insansınız, heyvan deyilsiniz. Siz necə öz övladınıza sahib çıxmırsınız? Cəmiyyətdə pis baxarlar, qonşular söz eyləyər, buna görəmi qayıtmaq istəyən qızlarınıza ölüm arzuladınız? Keçmişdə gəlinlər işgəncəyə dözüb otururdu. İndiki qızlar buna dözə bilmir. O vaxt oxumuş, savadlı qızlar da az idi, əlacsızlıqdan ər evində şiddət görən gəlinlər ağızlarına su alıb otururdular. İndiki qızların çoxu ali savadlı, dünyagörüşlü qızlardı, onlar belə özlərinə qarşı alçaldıcı münasibəti götürmür. Niyə götürməlidir? Məcburdurmu? Hansı əsirdə yaşayırıq? Cəmiyyətdə də boşanmış cavan qıza pis gözlə baxırlar. Qadınlar arxası ilə danışır, kişilər də yol vermir, elə çalışır bunun bu halından istifadə etsin. Sizin öz ananız, qızınız, bacınız yoxdur?
Yadınızda qalsın ki, bir bumeranq qanunu var, sən kimə nə etsən, qayıdıb bir gün özünə deyəcək. Sən kiminsə bacısına, qızına bu gün pis niyyətlə yanaşsan, sabah da sənin bacına, qızına pis niyyətlə yanaşacaqlar. Qaldı, əxlaq insanın qanında olmalıdır. Əxlaqsız qadını lap sandıqda da saxlasan, yenə yol tapıb istədiyini edəcək. Onun ərdə olub, ya boşanmış olmağından deyil. Bunu başa düşməyin vaxtı gəlmədimi?
Bir düşünün. Qızlarınızı ərə verəndə xeyir-dua verib axırını qatıqlamayın.
SƏMA SEVƏR,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.