AzTU-dan "Ziya" qəzetinin Baş redaktoru Müşfiq Borçalı ZiM.Az -a bildirib ki, tədbirdə AzTU-nun rektoru, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov Xocalı faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıb. Qeyd edilib ki, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni qəsbkarlarının həyata keçirdikləri bu soyqırımı, misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşüb. Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə-yeksan edilib.
Bildirilib ki, Azərbaycanın o vaxtkı hakimiyyəti silahlı hərbi birləşmələrlə, erməni millətçi separatçıları ilə qeyri-bərabər döyüşdə Xocalı əhalisinə nəinki heç bir kömək göstərməyib, hətta bu cinayət barədə məlumat belə yaymayıb. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə dövlət səviyyəsində qiymət verilib, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılıb. Artıq bir neçə ildir ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları Xocalı faciəsi barədə həqiqətləri tam aydınlığı ilə, mütəmadi dünya ictimaiyyətinin nəzərinə çatdırır. “Xocalıya ədalət!” kampaniyası xarici ölkələrdə xüsusilə geniş əks-səda doğurub. Hazırda dünyanın bir çox ölkəsi Xocalı faciəsini soyqırımı kimi qəbul edib. Söz yox ki, Xocalıda baş verən dəhşətlərin tanınmasının miqyası getdikcə artacaqdır.
Tökülən günahsız qanların yerdə qalmayacağını diqqətə çatdıran rektor gəncləri Vətən yolunda həmişə mərd və mübariz olmağa, dövlətimizin başçısının ətrafında sıx birləşməyə çağırib.
Milli Məclisin deputatı Tahir Rzayev Xocalı soyqırımına həsr olunan bu cür tədbirlərin keçirilməsinin gənc nəslin məlumatlandırılmasında əhəmiyyətini qeyd edib. Zaman–zaman ermənilərin xalqımıza qarşı həyata keçirdikləri deportasiya və işğalçılıq siyasətindən, Xocalı faciəsinin başvermə səbəblərindən söz açan T.Rzayev o dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat verib, Xocalı soyqırımını dünyada insanlığa sığmayan vəhşilik adlandırıb.
Tədbirdə Xocalı şəhər 2 nömrəli orta məktəbinin direktoru Fiqurə Rüstəmova və Xocalı sakini Nazim Hüseynov faciə ilə bağlı acı xatirələrini bölüşüb, ermənilərin törətdikləri vəhşiliklərdən söz açıblar.
Digər çıxış edənlər də 24 il əvvəl Xocalıda dinc əhaliyə amansız divan tutulmasından danışıb, haqq və ədalətin gec-tez qalib gələcəyinə inamlarını ifadə edib, gəncləri tariximizin bu qanlı səhifəsini unutmamağa çağırıblar.
Sonra ermənilərin törətdikləri qırğınlarla bağlı kadrlar nümayiş etdirilib, tələbələr Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya göstəriblər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.