AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif-Ala Mehdiyevin “Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığı üçün artıq tibbi problemdən sosial problemə çevrilib. İnsan şəxsiyyətinin deqradasiyasına gətirən narkotik asılılığın öyrənilməsi üzrə tədqiqatlardan söz açan alim qeyd edib ki, müxtəlif preparatların narkotik asılılığı olan heyvanlara yeridilməsi baş beyin strukturlarında serotoninin miqdarının kəskin artması ilə müşayiət edilir. A.Mehdiyev bu göstəriciləri nəzərə alaraq, Fiziologiya İnstitutunda tədqiqatlar aparıldığını, alınmış nəticələrin gələcəkdə müxtəlif mənşəli narkotik maddələr vasitəsilə yaranan asılılığın korreksiyası məqsədilə tətbiq edilə biləcəyini vurğulayıb.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Fiziologiya İnstitutuna narkotik asılılığın korreksiyasının yeni üsulunun işlənməsi üzrə aparılan tədqiqatları genişləndirmək tapşırığı verilib. Zəruri elmi nəticələrin əldə olunması üçün maddi-texniki bazanın gücləndirilməsi, həmçinin Səhiyyə Nazirliyi ilə birgə elmi tədqiqatların aparılmasının məqsədəuyğunluğu ifadə olunub.
Rəyasət Heyətinin digər qərarı ilə mənzil məsələsi üzrə Komissiya yaradılıb.
İclasda Komissiyanın tərkibi təsdiq edilib.
Gündəlikdə yer alan növbəti məsələ yalançı elmə qarşı mübarizə ilə bağlı olub.
Akademik Akif Əlizadə son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çoxşaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəldiyini deyib. Lakin bununla yanaşı, elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyaların da müşahidə olunduğunu vurğulayan akademik xüsusilə yalançı elmə marağın artdığını, elmi imitasiya tipli fəaliyyətin genişləndiyini söyləyib.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirilmək məqsədilə Komissiya yaradıb. Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın tərkibi təsdiq edilib.
Sonra tədbirdə AMEA-nın İşlər İdarəsinin strukturunda qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Bildirilib ki, idarənin Elm və Texnologiya Parkında çalışan mütəxəssislərin daha səmərəli işləməsi və Akademiyanın elmi müəssisələri ilə lazımi səviyyədə iş birliyi imkanlarının yaradılması üçün struktur dəyişikliklərinin həyata keçirilməsi zərurəti yaranıb. Bu məqsədlə İşlər İdarəsinin strukturunda fəaliyyət göstərən Elm və Texnologiya Parkının ləğv edilməsi, onun ştat vahidlərinə uyğun olaraq idarənin strukturunda elmi-tədqiqat laboratoriyalarının yaradılması barədə qərar verilib.
İclasda AMEA-nın İqtisadiyyat və Folklor institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında məsələyə də baxılıb.
İnstitutların aid olduğu elmi bölmələrə seçkilərin müəyyən olunmuş qaydada həyata keçirilməsini təmin etmək tapşırılıb.
Gündəlikdə əksini tapan digər məsələlər akademik Bahadur Zeynalovun 100 illik, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun isə 90 illik yubileyləri haqqında olub. Azərbaycan elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, Rəyasət Heyəti alimlərin yubileyinə həsr olunmuş iclas və Beynəlxalq elmi konfransların keçirilməsi barədə qərar verib.
Tədbirdə Rəyasət Heyəti AMEA-nın Nizami adına Ədəbiyyat və Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Digər qərarlarla, Məhəmməd Füzuli adına Əlyazmalar, Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarının strukturunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Sonda kadr məsələlərinə baxılıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev AMEA-nın Elm və Texnologiyalar Parkı MMC-nin direktoru təyin olunublar.
AMEA-nın Biofizika İnstitutuna biologiya üzrə elmlər doktoru Kərim Qasımov elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürrəhimov isə innovasiya və transfer üzrə direktor müavini təyin olunublar. Bundan başqa fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Elm Tarixi İnstitutunun elmi katibi və tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva isə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.
Yeni vəzifəyə təyin olunanları təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.