Onu da qeyd edim ki, məqalənin birinci hissəsi, yəni fevralın 26-na qədər baş verən hadisələr “Xocalı kömək gözləyirdi...” adı altında “Ədalət” qəzetinin 2016-cı il fevralın 24-25 tarixli sayında dərc edilmişdi. Həmin anların iştirakçısı olmuş, Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin qardaşı, BM-21-lərin batareya komandiri Nəsimi Quliyev bu dəfə Xocalının qətlə yetirildiyi gün - fevralın 26-dan iyun ayınadək baş verən hadisələr, döyüşlər haqqında danışır.
Fevralın 25-dən 26-na keçən gecəyə qədər Ağdamda yerləşən Qərargahdan Xocalıyla rabitə vasitəsilə hər an əlaqə saxlanılırdı. Xocalıdan verilən məlumata görə, saat 12-yə kimi şəhərin dörd bir tərəfindən avtomat və pulemyotlardan atırdılar. Amma hələ şəhərə hücum edilmirdi. Rabitə əlaqəsində Xocalılar dayanmadan kömək istəyirdilər. Hələ Fevralın 25-də saat 15:00-da reaktiv raketlərin, “Qrad” qurğularının komandiri Nəsimi Quliyev də Qərargahda idi. O, rabitə ilə Xocalıdakı uşaqlarla danışırdı ki, onlar üçün Bakıdan kömək istəyəcək. Belə ki, Nəsimi rabitə ilə yenidən Bakı ilə əlaqə saxladı. Və Xocalı üçün kömək istədi. Həmin gün, fevralın 25-i saat 12-yə kimi Bakıdan kömək gəlmədi. Bunu görən Nəsimi Quliyev döyüşçü yoldaşı Telmanı Ağcəbədidə yerləşən iki BM-21- in dalınca göndərdi. Telman BM-21-ləri ancaq fevralın 26-sı səhər çağı saat 5-ə gətirib çıxara bildi. Bu zaman Xocalıyla həm Ağdamın poçt idarəsindən, həm də Qərargahdan artıq əlaqə tamam kəsilmişdi. Anlaşıldı ki, Xocalıya hücum olub və şəhər əhalisi də pərən-pərən düşüb. Xocalıda nə baş verdiyindən Qərargahdakılar da daxil olmaqla kimsə heç bir xəbər əldə edə bilmədi. Nəsimi reaktiv qurğuları yenidən əvvəlki yerinə - Uzundərəyə gətirdi. Onlar maşınların kordinatlarını Xocalının içərisini deyil, onun ətrafını, qıraq kəndlərini vurmaq üçün hazır atəş vəziyyətinə gətirdilər. Səhərə yaxın Xocalıdan heç bir səs-soraq çıxmadığını görən Nəsimi Quliyev bir paket mərmi ermənilərin yaşadığı Noraguxa, bir paket də ermənilərin ikinci kəndi olan Yeni Noraguxa atdı. Sonra “Qrad” maşınlar yenidən dolduruldu.
“Qaraqaya” əməliyyatı
Bu dəfə Nəsimi hədəf olaraq “Qanlı qaya” adlanan Qaraqayanı seçdi. Çünki o, fikirləşdi ki, Xocalıdan çıxanlar olarsa, hökmən bu istiqamətdə gələcəklər. Buna görə də Nəsimi rəhmətlik Allahverdi Bağırovla məsləhətləşdi ki, Qaraqayada yerləşən ermənilərin postunu hökmən vurmaq lazımdır. Xocalıdan çıxanlar ya Qaraqaya istiqamətindən, ya Əsgəranla Ağdam arasındakı 19-cu postdan, ya da Şelli istiqamətindən gələcəklər. Nəsimi dedi ki, Qaraqayanı hökmən götürmək lazımdır. İlk olaraq oraya reaktiv mərmilərdən atəş açmaq, sonra da tank və piyada dəstələr hücuma keçməlidir. Nəsiminin təklifi ilə Allahverdi də razılaşdı. Qaraqayaya bir paket reaktiv mərmi yağdırıldı. Atəşdən dərhal sonra bizim piyada dəstələr hücuma keçdilər. Hücum müvəffəqiyyətli oldu. Ermənilərin öləni öldü, sağ qalanları da qaçıb canlarını qurtardılar. Beləliklə, bizimkilər Qaraqayanı götürdülər. Bu vaxt hələ səhər açılmamışdı, amma Qaraqaya istiqamətində atəş səsləri gəlirdi. Atəşin kim tərəfindən açıldığı məlum deyildi. Bu zaman “Qatır Məmməd” kimi tanınan Yaqub Rzayevin oğlu Canpolad tankı ilə Qaraqayanı keçib irəliləməyə başladı. Məlum oldu ki, Qaraqaya istiqamətində gələn Xocalıları ermənilər mühasirəyə salaraq çoxlarını qırıblar, qalanlarını da, xüsusən cavan oğlanları və qızları əsir götürüb BRDM və BTR-lərə doldurub Əsgərana tərəf aparırlar. Canpolad erməni hərbi maşınlarının qabağını kəsib, onların getmələrinə mane olmağa çalışdığı zaman minaya toxundu və o, tankın lükunu açıb çıxarkən ermənilər həm onu, həm də digər ekipajları vurdular. Canpolad daxil olmaqla tankın bütün heyəti həlak oldu. Həmin yolda əks istiqamətdə irəliləyən bir erməni BTR-i də minaya toxundu və yerində qaldı. Bununla Qaraqayadan hər hansı nəqliyyatla keçid mümkün olmayan hala gəldi. Yəni, “Qanlı qaya”dan dar keçid yolu hər hansı texnika üçün bağlandı. Qaraqaya tam bizimkilərin nəzarətinə götürüldükdən sonra Xocalıdan sağ çıxanları qarşılamağa getdilər. Onlar nə gündəydilər?! Onlardan yaşlı birisi doğma soydaşlarını görəndə, özünü saxlaya bilməyib hökürtüylə, ucadan qışqırdı: “Ay millət, ruslarla ermənilər Xocalını qətlə yetirdilər!”
Fevralın 26-sı güdüz saat 12-yə kimi artıq Xocalıdan gələnlərin bir hissəsi bizimkilərə qovuşmuşdu.
Ancaq əsas məsələ yolda həlak olanların meyitlərini döyüş meydanından götürməkdi. Bunun üçün ermənilərlə danışığa getmək zərurəti yarandı. Xocalıdan gələnlər məlumat verirdilər ki, bir qrup Xocalı Abdal-Gülablı istiqamətində, bir qrup isə Şelli istiqamətində gediblər. Nəsimi gələnlər arasında Xocalıda birgə döyüşdükləri uşaqları - İsmayılı və bölük komandiri Nazimi görcək digər uşaqları və komandiri, qardaşı Aqili soruşdu. Onlar dedilər ki, komandiri mülki adamlar gətirirdilər, amma harada olduğu dəqiq bilinmir.
Nəsimi “Qrad” qurğuları Bağbanlar istiqamətinə gətirtdi ki, buradan Kətik istiqamətində hər hansı atəş səsi gələrdisə, oranı vurmaq asan olsun. Uşaqlar dedilər ki, komandir Aqil Quliyev bir gün öncə Kətik istiqamətində hərəkət edib. Bu vaxt səmada iki MİQ göründü. Bunlar Gəncədən havaya qalxmış rusların təyyarələriydi. Onlar havada bir neçə dəfə dövrə vurdu. Görünür ki, vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün müşahidə uçuşu edirdilər. Sonra xəbər gəldi ki, Ağdam aeroportuna bizim vertolyotlar - iki “Korokodil” və bir ədəd də Mİ-8 gəlib. Həmin “Korokodil”lər buraya Şahin Musayevin rəhbərliyi altında gəliblər.
Meyitləri götürmək üçün belə qərara gəldilər ki, iki “Korokodil” təhlükəsizlik baxımından səmada dövrə vuracaq, Mİ-8-ə də meyitlər yığılacaq. Bundan sonra “Korokodil”lər bir dəfə havaya qaxdılar və az keçməmiş geri qayıtdılar. Onlar dedilər ki, havada həmçinin rus vertolyotları da fırlanır. Ola bilsin ki, burada hava döyüşü olsun. Bir az keçəndən sonra rus vertolyotları getdilər. Mİ-8-ə bir neçə qorxmaz uşaqlar oturdu və onlar meyitləri gətirmək üçün havaya qalxdı. “Korokodil”lər də Mİ-8-i qorumaq üçün birgə uçdu. Amma birinci uçuşda uşaqlar Mİ-8-lə çox az meyit gətirə bildilər. Komandirlər belə qərara gəldilər ki, vertolyotla meyitlərin hamısını oradan çıxarmaq mümkün olmayacaq. Meyitləri oradan götürməkçün hökmən yük maşınları lazımdır. Yağış yağdığından elə belə maşınların orada hərəkəti də çətindi. Dedilər ki, Ağdamın Polis İdarəsində bir ikidifirli “Ural” maşını var. O vaxt Ağdam RPİ-nin rəisi rəhmətlik Rəşid Məmmədov idi. Nəsimi həmin maşın üçün öz “Moskviçi” ilə polis rəisinin yanına getdi. Rəşid müəllim dedi ki, “Ural” maşınını 845-in komandiri Allahverdi Bağırov götürüb. Sonra Nəsimi Allahverdi Bağırovun yanına getdi. O zaman 845-ci batalyon Çay evi deyilən yerdə qərar tuturdu. Nəsimi həmin Çay evinin zirzəmisinə enərkən orada çoxlu adamın bir yerə toplaşdığını gördü. Nəsimi onlara yaxınlaşanda, əsgərlərin kiminləsə bərk mübahisə etdiklərinin şahidi oldu. O, operator Çingiz Mustafayevi görən kimi tanıdı. Nəsimi bu vətənpərvər, qorxmaz oğlanı müharibə bölgələrində çox görmüşdü. O, gördü ki, bəzi döyüşçülər Çingizi haqsız yerə ittiham edirlər. Nəsimi adamları aralayıb Çingizdən soruşdu:
- Çingiz bəy, siz buraya çəkiliş aparmağa gəlmisiniz, elədirmi?
- Əlbəttə, çəkiliş aparmağa gəlmişəm, - deyə Çingiz bəy tez cavab verdi.
- Elə isə bəs burada nə edirsiniz?
- Məni burada kimsə çəkiliş üçün bir yerə aparmaq istəmir, yəni burada mənə çəkiliş aparmağıma icazə vermirlər.
- Bir az burada gözlə, mən sizi çəkilişə aparacağam, - deyə Nəsimi Allahverdi ilə danışmaq üçün onun otağına getdi.
Allahverdi “Ural” maşınını Nəsimiyə verdi. Nəsimi də Çingizi öz “Moskviçi”nə əyləşdirdi, “Ural”ı da digər sürücü ilə oradan götürüb geri qayıtdı. O, “Ural” maşınını Şelliyə göndərdi. Nəsimi isə Çingizlə bərabər aeroporta gəldi. O, Çingizi çəkiliş aparmaq üçün Mİ-8 vertolyotuna mindirdi. Özü isə başqa bir “ZİL” maşınıyla Şelli istiqamətinə getdi. O, Xocalı uşaqlarından da bir neçəsini özüylə götürdü. Mİ-8 vertolyotu yenə də bir neçə, xüsusən də qoca və uşaqların meyitlərini götürüb geri qayıtdı. Çingiz Mustafayev uşaq meyitlərini həmin vaxt çəkmişdi. O, orada 15 dəqiqəlik çəkiliş aparmışdı. Beləliklə, o zaman meyitlərin ilk çəkilişini operator Çingiz Mustafayev apardı. Orada bundan artıq vaxt qalmaq çox təhlükəliydi, çünki “Korokodil”lərin özünümüdafiə raketləri tükəndiyindən onlar havada uzun müddət dövrə vura bilməzdilər.
Nəsimi Quliyev gördü ki, bu vəziyyətdə onlar oradan heç cür meyitlərin hamısını çıxara bilməyəcəklər. O zaman Nəsimi Allahverdi ilə belə qərara gəldilər ki, onlar ermənilərin Əsgəran batalyonunun komandiri Vitaliklə danışıqlar aparsın. Həm biz, həm də onlar meyitlərini döyüş meydanından götürmək üçün qısamüddətli atəşkəs elan etsinlər. Nəsimi rəhmətlik Əlif Hacıyevin dəstəsindən olan Nazim adlı polislə görüşdü və yenidən qardaşı Aqili soruşdu. Nazim dedi ki, Aqil qıçından yaralanmışdı. Yolda gətirərkən yenidən güllə dəydi və dünyasını dəyişdi. Sonra onlar Aqilə mülki paltar geyindirib Kətikdən bir az aşağıda, bir ağacın dalında gizlədiblər. Çünki ermənilər hərbi formada olanlarla qəddarcasına rəftar edirdilər. Məlum oldu ki, bu çox uzaq məsafədir. Nazimin dediyinə görə, Aqilin meyitini ordan götürmək üçün komandirlərinin dalınca oraya döyüşçü dostları gedib. Amma ermənilərlə qeyri-bərabər döyüşdə onlar da həlak olublar.
Onu da qeyd edim ki, Aqilin necə həlak olması barədə mən “Aqil yanğısı” adlı essemdə daha ətraflı yazmışam.
Sonra belə qərara gəlindi ki, həqiqətən də atəşkəs olmadan nə buradakı meyitləri, nə də Kətiyə gedib Aqil və onun yoldaşlarının meyitlərini götürmək heç cür mümkün olmayacaq. Nəsimi bu barədə Allahverdi Bağırovla danışdı. O, dedi ki, ermənilərlə bəzi meyitlərin və girovların geri alınması haqqında danışıqlar aparır. Sonra Allahverdi dərhal rabitə ilə ermənilərin Əsgəran batalyonunun komandiri Vitaliklə əlaqəyə girdi. O, erməniylə meyitlərin döyüş meydanından götürmək üçün qısamüddətli atəşkəs elan olunması barədə razılığa gəldi.
Onu da qeyd etmək yerinə düşər ki, həmin vaxt meyitlərin və girovların dəyişdirilməsində batalyon komandiri Allahverdi Bağırovun xidmətləri çox böyük olmuşdu. Həmin bölgədə ermənilər təkcə rəhmətlik Allahverdini eşidirdilər və onunla razılığa gəlirdilər...
Rusların “Uzundərə” oyunu
Həmin vaxt nə baş verdi?! Hamımız artıq bilirdi ki, Xocalını ruslarla ermənilər soyqırıma məruz qoyublar. Ona görə də onlar düşünürdülər ki, azərbaycanlılar bu dəhşətli, görünməmiş faciənin intiqamını almaq üçün nəsə edəcəklər. Çünki hamının gözü qızmış, hamı hiddətlənmiş, bütün insanlarda intiqam hissi alovlanırdı. Bu zaman ruslar taktiki bir gediş etdilər. Onların Ağdam ərazisindəki Uzundərə deyilən yerdə ən böyük hərbi sursat bazası yerləşirdi. Bu bazada silah deyil, ancaq müxtəlif növ hərbi sursatlar saxlanılırdı.
Birdən xəbər gəldi ki, ruslar Uzundərəni tərk ediblər. Düzü, əvvəlcə bu məlumatın doğru olduğuna kimsə inanmadı. Amma tezliklə məlum oldu ki, xəbər doğrudur. Ağdamda yerləşən bütün batalyonlar, mülki vətəndaşlar da daxil olmaqla rusların sursat anbarına hücum çəkdilər. Yəni, bütün hərbçi və mülki vətəndaşların başı həmin anbarlardan hərbi sursatların daşınmasına qarışdı. Beləliklə, Uzundərədə “talan” başladı. Həmin talan düz bir həftə çəkdi.
Ağıllı adamlar anladılar ki, bu rusların azərbaycanlılara qarşı növbəti oyunudur. Onlar bunu etməklə, özlərini Xocalıda törətdikləri amansız cinayət əməllərindən yayınmaq məqsədi güdərək, daha başqa planlar qurmaq üçün vaxt qazanmağa çalışırdılar. Çünki Xocalıdakı cinayəti, qətliamı, soyqırımı gizlətmək heç cür mümkün deyildi. Bir anlığa meyitlər, Xocalı, əsirlər, girovlar yaddan çıxdı. Amma bunun qarşısı alınmalıydı. İnsanları bu xaosdan çıxarmaq lazımdı. Sonra çətinliklə də olsa, OMON Uzundərəyə yeridildi və Milli Ordunun əsgərləriylə birlikdə hərbi sursat anbarlarını nəzarətə götürdülər.
Tərəflər arasında danışıqlar
Uzundərəyə baş qarışdığından ermənilərlə meyitləri götürmək üçün danışıqlar dayanmışdı. “Talan”dan sonra Allahverdi Bağırov yenidən ermənilərin Əsgəran batalyonunun komandiri Vitaliklə danışıq apardı. Danışıqlarda ermənilər bəzi şərtlər irəli sürdü. Onların şərtlərindən biri buydu ki, ermənilərin Qaraqayada minaya düşmüş BTR-in üstündəki pulemyot geri qaytarılmalıdır. İkinci şərtləri isə bizim ölmüş əsgərlərin avtomat silahlarını onlar geri verməyəcəklər. Bu şərtlərin müqabilində bizinkilər meyitləri götürə bilərlər. Allahverdi bu şərtlərlə razılaşdı.
Ertəsi gün, yəni martın 2-3-də Bakıdan həm bizim jurnalistlər, həm də xarici jurnalistlərdən ibarət çəkiliş qrupu gəldi. Nəsimi yoldaşları və bir neçə digər əsgərlərlə birlikdə bir “Ural” və bir “QAZ-53” maşını götürüb meyitləri yığmaq üçün Xocalı və Əsgəran istiqamətinə yola düşdülər. Onlar özləriylə çəkiliş üçün Bakıdan gəlmiş hərbi operator Seyidağa Mövsümovu və bir neçə xarici jurnalisti də götürdülər. Nazim Aqil Quliyevin vurulduğu yeri bilirdi. Allahverdi danışıq zamanı Vitalikə bildirdi ki, bizim Rusiyadan Xocalıya gəlmiş bir qonağımız olub. Onu çıxarkən Kətikdə vurublar, meyiti ordadır, onu da götürmək lazımdır. Daha erməniyə Aqilin kim olduğu barədə məlumat verilmədi. Bilsəydilər ki, Aqil bölük komandiridir, onun meyitini verməzdilər. Çünki ermənilər Aqili çoxdandı ki, axtarırdılar. Yaxşı ki, Aqil öləndən sonra döyüşçü yoldaşları ona mülki paltar geyindiriblər. Aqilin meyitini Kətikdən gətirmək üçün Oruc, Nazim və digər yoldaşlar getdilər. Onların gedib-gəlməkləri iki saat çəkdi. Həmin vaxtda Nəsimigil Əsgəran yaxınlıqdakı meyitləri maşınlara yığmağa başlayırdılar. Meyitləri maşınlara yığarkən Allahverdi ilə Vitalik arasında maraqlı söhbət oldu. Vitalik əvvəlcə çəkilişin aparılmasına razı olmadı. Bu zaman Allahverdi Vitalikə üzərində işgəncə və zorakılıq əlamətləri olan meyitləri göstərib dedi: “Bu nə vəhşilikdir, Vitalik?! Bu cür etmək olmaz! Siz bizimlə döyüşürsünüz, bəs niyə görə dinc əhalini qətlə yetirmisiniz?”
Vitalik cavabında yalandan dedi: “Bu qırğını biz yox, 366-cı motoatıcı alayın əsgərləri, yəni ruslar törədiblər”.
Sonra Allahverdi dedi: “Madam ki, bu qırğını siz törətməyibsiniz, demək, bunun sizə dəxli yoxdur. Əgər belədirsə, onda imkan verin çəkiliş də aparaq”.
Bundan sonra erməni Vitalik çəkiliş aparmağa icazə verdi. Amma iki erməni silahlısının müşayiətiylə.
Bu dəhşətli anları hərbi operator Seyidağa Mövsümov lentə aldı. Ermənilər Seyidağaya xüsusilə nəzarət edirdilər. Avtomatı başına tuşlamışdılar. Artıq hərəkətə yol versəydi, onu öldürə bilərdilər. Onlar Əsgəran körpüsünə çatanda, burada çox dəhşətli mənzərə ilə qarşılaşdılar. Körpünün altı və ətrafı insan cəsədləri ilə dolu idi. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. Adamlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Ermənilər burada çəkiliş aparmağa Seyidağaya icazə vermədilər. Bizimkilər meyitləri yığmağa başladılar. Çox dəhşətli səhnə idi. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Açıq-aşkar görünürdü ki, onlar işgəncələrə məruz qalmış, vəhşiliklə qətlə yetirilmişdilər. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər... Bir az qabağa gedəndə xeyli sayda döyüşçümüzün cəsədlərini gördülər. Onlar döyüş vəziyyətində idilər. Hiss olunurdu ki, bu igidlər mülki əhalinin xilas olması üçün axıradək vuruşublar. Azərbaycanın qəhrəman oğlu Əlif Hacıyevin də meyiti orada idi. Əlif ermənilərə qarşı döyüşdə çox qəhrəmanlıq göstərmişdi. Qardaşları ilə birlikdə son ana qədər Xocalıda döyüşmüş, şəhərin müdafiəsi mümkünsüz olduqdan sonra sağ qalan əhalini düşməndən qorumaq üçün əlindən gələni etmişdi. Geri çəkilərkən, ermənilərə divan da tutmuşdu. Xocalı aeroportunu parlatmış, yerlə-yeksan etmişdi. Bu zaman sevinə-sevinə oraya can atan ermənilərdən xeylisi cəhənnəmə vasil olmuşdu. Daşnaklar Əlifdən o qədər dad çəkmişdilər ki, onun başına qiymət də qoymuşdular. Yaxşı ki, Əlifin sırıqlısının ətəyi onun üzünə düşmüşdü. Ona görə də onu tanımamışdılar. Yoxsa, ermənilər Əlifin meyitini tanısaydılar, onu aparmağa imkan verməyəcəkdilər. Bir az qabaqda isə ağsaqqal kişinin meyiti vardı. Vəhşilər onun qulaqlarını kəsmişdilər. Başqa bir yerdə bir ailəni uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Ermənilər Xocalını işğal edəndə əhali xilas olmaq üçün dəstə-dəstə müxtəlif istiqamətə üz tutmuş və yollarda pusquda duran qansızlar bu biçarə insanların heç birinə aman verməmişdilər. Erməni vəhşiləri yaşlı ər-arvadı bir-birinə məftillə bağlamışdılar. Ermənilər amansızcasına kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər. Qadının isə qulaqlarını və burnunu kəsmişdilər. Əhaliyə elə dəhşətli işgəncələr vermişdilər ki, o dəhşətli mənzərələri görən hərbi operator Seyidağa Mövsümovun elə oradaca saçları ağarmışdı. Hamı təəccüblə Seyidağanın ağarmış saçlarıma baxırdılar. Ancaq bütün bu əzablı anlara baxmayaraq operator gördüklərinin hamısını lentə köçürməyə çalışdı.
Sonra Seyidağa çəkdiyi həmin kaseti Bakıya göndərdi. Gec olsa da, AzTV-nin “Xəbərlər” proqramında bu çəkilişi verdilər və camaat da gördü ki, necə dəhşətli hadisələr baş verib.
Artıq Nəsimigil bir “ZİL” maşını və iki yük maşını dolu meyiti Ağdama göndərmişdilər.
İki saatdan sonra Aqilin meyitini gətirdilər. Onlar dedilər ki, orada çoxlu meyit qaldı. Həmin meyitlərin çoxusunun başı kəsilmişdi. Ermənilər arasındakı danışıqların vaxtı isə başa çatırdı. Əsgəran və Şelli istiqamətində olan bütün meyitlər oradan götürülmüşdü. Götürülən meyitlər arasında özünümüdafiə batalyonun komandiri Tofiq Hüseynov da vardı.
Nəsimi qardaşı Aqilin meyitini digər meyitlərlə bərabər Ağdamda yudurduqdan sonra uşaqlarla Bakıya göndərdi. Amma özü getmədi. Çünki həmin vaxt orada bir çox təşkilatçılıq işi Nəsiminin üzərindəydi.
Bir neçə gündən sonra Allahverdinin səyi nəticəsində uşaqların Kətikdə gördükləri meyitlər də ermənilərdən geri alındı. Onu da qeyd etmək lazımdır ki, 1300-ə yaxın Xocalı əsirinin geri qaytarılması, Ağdamda həyata keçirilən bir çox uğurlu əməliyyatlar məhz şəhid Allahverdi Bağırovun sayəsində baş tutmuşdur. Amma onu da deyək ki, Xocalıda hər yerdə rəsmi olaraq deyildiyi kimi 613 nəfər deyil, əslində 2000-dən çox insan oldürülüb. Bu rəqəmləri Xocalı şahidləri də təsdiqləyiblər. Çünki həm Qarqar çayının sağ və sol yataqlarındakı, həm də Əsgəran körpüsü yanındakı məftillərlə bağlanmış meyitlərin sayından kimsə söhbət açmır. Həmin meyitlər ermənilər tərəfindən kütləvi məzarlıq kimi bu günə qədər gizlədilir. Amma vaxt gələcək Xocalı soyqırımının yeni-yeni cinayətləri dünya ictimaiyyətinə bəlli olacaq.
Rusların “Əsgəran” əməliyyatı
Təxminən martın 4-5-i olardı. Xəbər gəldi ki, Göytəpə deyilən ərazidə yerləşən rus hərbi hissəsindən bir batalyon əsgər hərbi texnika ilə gəlib. Onlar guya azərbaycanlılara kömək məqsədilə Əsgərana hücum edəcəklər. Onların BTR-ləri, tankları və bir neçə topu vardı. Rus zabitləri dedilər ki, əməliyyat planı hazırlayıblar və Əsgərana hücuma keçəcəklər. Bu hücum əməliyyatı general Dadaş Rzayevin rəhbərliyi altında olacaqdı. Bu barədə Nəsimi məlumat əldə edəndən sonra generalın yanına getdi. Ştab İcra hakimiyyətinin binasında yerləşirdi. Nəsimi hücum əməliyyatı barədə generaldan soruşanda, Dadaş Rzayev dedi ki, Əsgərana hücum əməliyyatı hazırlayırlar, ruslar da kömək edəcək. Bunu eşidəndə Nəsimi gülərək dedi:
- Cənab general, Xocalını qətlə yetirən elə ruslardır da. İndi xeyir ola, onlar bizə kömək edirlər? Bəlkə, vicdanları cuşa gəlib? Bu necə olan şeydir, mən anlamıram. Bu olsa-olsa bizi sakitləşdirmək üçün rusların bizə qarşı növbəti taktiki oyunudur. Çünki onlar bizə kömək etmək istəsəydilər, Xocalı əldən getməmişdən öncə kömək edərdilər. Amma bunu etmədilər.
Buna baxmayaraq Əsgərana hücum əməliyyatı hazırlandı. Ruslar Bağbanlar tərəfdən beş saata yaxın toplardan, Qradlardan, tanklardan Əsgəranı mərmi yağışına tutdu. Onlar Əsgərandakı fin evlərini, Əsgəran qalasını, onun arxasındakı Xanabadı vurdular. Nəsimi isə reaktiv qurğularını hazır vəziyyətdə saxlayaraq rusların bu artilleriya hazırlığının nə ilə nəticələnəcəyini gözlədi. Artilleriya atəşindən sonra BMP-lər, BTR-lər və piyada hissələri hücuma keçdilər. Amma onların haraya getdikləri, haranı alacaqları hələlik Nəsimi üçün müəmmalıydı. Rusların bir dəstəsi Qaraqaya istiqamətində hərəkət etdi. Burada bir şey maraqlı idi ki, əks tərəfdən, yəni ermənilərdən bircə atəş səsi belə gəlmirdi. Bir saat keçdikdən sonra rus əsgərləri itkisiz-filansız geri qayıtdılar.
Bəli, bu rusun azərbaycanlıları sakitləşdirməkdən ötrü növbəti oyunu idi. Burada belə bir sual yaranır. Ruslar həmin vaxt azərbaycanlılara kömək etmək məqsədləri vardısa, o zaman onlar Xocalını niyə geri almadılar?! Və yaxud Əsgəranı niyə almadılar? Bəli, görünən kəndə bələdçi lazım deyildi...
Bu tapmacalı hücum əməliyyatından sonra Nəsimi Quliyev götürdükləri tanış meyitləri valideynlərinə təhvil verərək qardaşı Aqilin yas mərasimində iştirak etmək üçün Bakıya gəldi.
Yeni batareya yaradılır
Rəhmətlik Aqilin yas mərasimindən sonra Nəsimini Müdafiə Nazirliyinə çağırdılar. Orada ona dedilər ki, nazirliyin tərkibində yeni Artilleriya İdarəsi yaradılır. Artilleriya İdarəsinə rus ordusunda xidmət etmiş, hazır kadr olan podpolkovnik Əli Bağırov rəhbərlik edəcək. Həmin batareya Zığ ərazisində yerləşirdi. Nəsimiyə dedilər ki, reaktiv maşınların sayı artırılacaq. Amma həmin batareyaya rusiyada Artilleriya Məktəbini bitirmiş leytenant Cəsarət Rüstəmov başçılıq edəcək. Nəsimi də həmin batareyada kəşfiyyat bölüyün komandiri kimi fəaliyyət göstərəcək. Burada artilleriya və reaktiv qurğular üzrə əsasən keçmiş döyüşçülər və Politexnik institutunu bitirmiş uşaqlardan seçim etdikdən və təlim keçdikdən sonra may ayında onlar döyüş bölgəsinə yollandılar. Batareya yenə də əvvəlki yerində, Göytəpədə yerləşdi. Amma buna baxmayaraq təcrübəli bir mütəxəssis kimi batareyaya komandirlik yenə də Nəsimi Quliyevin üstündə qaldı.
O zaman Uzundərədə podpolkovnik Elxan Orucovun rəhbərlik etdiyi 708-ci briqada yerləşirdi. Nəsimi kəşfiyyat qrupunu Şellinin sol istiqamətində, Naxçivanikin altındakı yüksəklikdə yerləşdirmişdi. Onu da qeyd edək ki, bu yüksəklik Fred Asifin batalyonunun əlindəydi. Həmin yüksəklikdən teleskopla Xocalı aeroportu aydın görünürdü.
Bir gün Nəsimi teleskopla aeroporta tərəf baxanda gördü ki, ayrı-ayrı vaxtlarda oraya təyyarələr düşür. Həmin təyyarələri vurmaq üçün Nəsimi Artilleriya İdarəsinin baş zabiti podpolkovnik Əli Bağırova məlumat verdi. Podpolkovnik dedi ki, buna görə yuxarının icazəsini almalıdır. Bundan sonra Nəsimi Elxan Orucova müraciət etdi. E.Orucov bunu eşidən kimi, dərhal həmin təyyarələrin vurulmasına göstəriş verdi. Onu da deyək ki, Elxan Orucov çox qeyrətli və qorxubilməz bir zabit idi.
Xocalı aeroportu vuruldu
E.Orucovun razılığından sonra Nəsimi aeroportu gecə-gündüz nəzarətə götürdü. Buraya gələn təyyarələr ermənilərə silah-sursat gətirirdilər. İki gündən sonra Xocalı aeroportuna gündüz saatlarında iki təyyarə düşdü. Əvvəlcə bir təyyarə düşdü. O uçuş zolağından keçərək gəlib dayanma meydançasında durdu. Nəsimi tələsmək istəmədi. O, ikinci təyyarənin də dayanma meydançasına gəlməsini gözlədi. Bu vaxt reaktiv maşınlar hazır vəziyyətdə komanda gözləyirdi. Komandir dayanma meydançasının kordinatlarını qabaqcadan dəqiq hazırlatmışdı. Atəş əmri verildi. Reaktiv qurğularda çıxış şahmat formasında olur. Yəni birinci lülədən çıxış olur, sonra 16-dan çıxır və beləliklə, mərmilər lülələrdən şahmat üsuluyla bir-bir atılır. Atəşdən sonra aeroportu toz-duman bürüdü. Toz-dumanla bərabər bir-birinin ardınca güclü partlayışlar oldu. Həmin partlayışlar təyyarədə silah-sursat olduğunu bir daha təsdiq etmiş oldu. Həmin axşam Rusiyanın NTV+ kanalı xəbər verdi ki, Xocalı aeroportu Ağdam istiqamətindən URAQAN atəşinə məruz qalıb. Ölənlər arasında qadın və uşaqlar da var.
Əlbəttə, ruslar bu dəfə də azərbaycanlılara qarşı yalan maşınını işə salaraq ermənilərə göndərdikləri silah-sursatı qadın və uşaqlarla səhv salmışdılar. Bu hadisə 1992-ci ilin may ayında oldu.
Bu hadisədən sonra təxminən iyirmi gün Xocalı aeroportuna heç bir təyyarə düşmədi. Bundan sonra Naxçivanik istiqamətində döyüşlər başladı. Əməliyyat planları artıq hazırdı. Əməliyyat planına əsasən sağ istiqamətdən 703-cü briqadanın komandanı Nəcməddin Sadıxov hücum edəcəkdi. Tərtər, Ağdərə, Marquşavan, sonra Papravənddən Minaxorlu kəndinə qədər olan ərazidən isə 708-ci briqada, yəni podpolkovnik Elxan Orucovun briqadası, Beyləqan istiqamətindən isə 161-ci briqada eyni vaxtda hücuma keçəcəkdi. Bu əməliyyat iyun ayına planlaşdırılmışdı. Hücum eyni vaxtda başladı və bir günə Naxçivanik, Pircamal, Aranzəmin kəndləri ermənilərdən alındı. Həmin vaxt 703-cü briqada da Marquşavanı aldı. Marquşavanın alınmasında batalyon komandiri Şahin Tağıyevin xüsusi xidməti oldu. Sonra üç günə Ağdərə (keçmiş Mardakert) alındı. Ağdərə Dağlıq Qarabağda ərazisinə və əhalisinə görə ən böyük rayon idi. Təkcə onu qeyd etmək kifayətdir ki, 1992-ci ilin yayında Dağlıq Qarabağ adlanan ərazinin yarısı - Ağdərə bölgəsi, Əsgəranın və Xocavəndin bir çox kəndləri düşməndən azad edildi, ermənilər Xankəndi ətrafına qədər sıxışdırıldı. Orada təkcə Vəng qalmışdı.
Yəni, 16 iyun 1992-ci ildə Azərbaycan Ordusu Ağdərə rayonuna 4 istiqamətdən – Tərtər, Ağdam, Goranboy və Kəlbəcərdən genişmiqyaslı güclü hücuma keçdi. Hücumda 123, 703, 708, 701, 235, 778, 224, 820 saylı hərbi hissələr, OMON, Daxili Qoşunlar alayı, Ağdam polis batalyonu, Ağdam özünümüdafiə alayı, “Qatır Məmməd” adına batalyon, “Milli Qurtuluş”, Tərtər özünümüdafiə batalyonu, 1-ci Göranboy, 2-ci Göranboy, Xanlar, Bərdə batalyonları, “Azadlıq” batalyonu, Migəçevir-1, Mingəçevir-2 batalyonları, Zaqatala rotası və başqa qüvvələr iştirak edirdilər.
Əvvəlcə gərgin döyüşlər Ağdərə rayonun ətraf yüksəklikləri və kəndləri uğrunda aparıldı. Həmin vaxt Madagiz, Tonaşen, Karmiravan, Cerabert, Akop-Kamari, Minqrelsk, Maqavuz, Metsşen, Sırxavənd, Ballıqaya, Kiçan, Baş və Orta Güneypəyə, Canyataq, Gülyataq, Levonarx, Həsənqaya və başqa kəndlər ermənilərdən təmizləndi.
Ağdərə əməliyyatı hələ davam edirdi. Belə ki, 701-ci briqada qərbdən Ağdərənin Getavan, Qozlu Körpü, Çapar, İmarət-Qərvənd, Aterk, Zeylik, Umudlu kənd və qəsəbələrini düşməndən azad edərək, Sərsəng gölünün şimal sahilini tamamilə tutdu və Tərtər çayının cənub sahilinə keçərək, Vaquazı tutdu.
Həmin vaxt ordumuzun əsas məqsədi Vəngə çıxmaqdı. Vəngi götürəndən sonra Xaçınçaya çıxmaq asan olacaqdı. Xaçınçayın digər ucu Fərruxa qədər uzanıb gedirdi. Döyüşlərin qızğın çağında Müdafiə Nazirliyində dəyişiklik oldu. Rəhim Qazıyev Müdafiə naziri oldu. O zaman ruslarla təhvil-təslim əməliyyatları başladı. Həmin vaxt Nəsimi Quliyev diviziya komandiri oldu. Rusların silah-sursatının Azərbaycana təhvil verməsi nəticəsində Nəsiminin diviziyasındakı reaktiv maşınların da sayı artdı. Silahlar tam təhvil alınandan sonra Nəsimi bir diviziyanı Füzuli istiqamətində, bir diviziyanı Ağdam istiqamətində, bir diviziyanı da Ağdərə istiqamətində yerləşdirdi.
Sonrakı hücum planlarının çoxu Gəncədə hazırlanırdı. Məsələn, Fərrux və Vəng istuiqamətində hücum planı hazırlandı, amma uğursuzluqla nəticələndi. Bu istiqamətdə iki dəfə böyük hücum oldu. Amma hər iki hücumda çoxlu Azərbaycan əsgəri həlak oldu. Çünki hücum planlarından ilk öncə rus agenturası xəbər tuturdu və dərhal da onları ermənilərə ötürürdülər. Hücum planı olan paket qərargahda açılmamışdan qabaq, bu barədə artıq çayxanada danışılırdı ki, sabah Azərbaycan Ordusu haraya hücum edəcək. Əməliyyat planı haqqında kənd camaatı danışırsa, bu necə plan hazırlamaqdı?!
Onu da qeyd edək ki, Fərrux və Vəng istiqamətində hazırlanmış hücum planı Azərbaycan Ordusu üçün çox mühüm strateji əhəmiyyət kəsb edirdi. Fərruxu və Vəngi ələ keçirmək Xaçınçaya çıxmaq deməkdi. Xaçınçaya çıxmaq isə Xocalının ətraf kəndlərini, eləcə də Xankəndini aydın görmək deməkdi. Buradan reaktiv qurğularla həm Xankəndini, həm də Xocalının bütün ətraf kəndlərini vurmaq çox asandı. Nəsimigilin batareyası Xaçınçaya çıxsaydılar, Xankəndində bircədənə də olsa erməni qalmayacaqdı. Necə ki, onlar Xanabadda, Əsgəranda ermənilərin yaşamasına imkan vermirdilər. Amma bütün cəhdlərə baxmayaraq Xaçınçaya çıxmaq mümkün olmadı. Çünki həmin strateji mövqelər rusların hərtərəfli köməyi sayəsində ermənilər tərəfindən möhkəmləndirilmişdi.
Camal Zeynaloğlu
20.02.2017
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.