“Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzalanıb
AzTU-dan "Ziya" qəzetinin baş redaktoru Müşfiq Borçalı xəbər verir ki, Oktyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəblə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
İmzalanma mərasimində AzTU-nun rektoru, Əməkdar Elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb.
Rektor bu il oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı qarşıya çox mühüm vəzifələr qoyulduğunu xatırladıb.
Müasir dünyada elmin, təhsilin, texnologiyanın mühüm rolunu qeyd edən professor H.Məmmədov rəhbərlik etdiyi AzTU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Rektor ali təhsil müəssisələrində müasir tələblərə cavab verən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb, AzTU ilə “Bakı Metropoliteni” QSC arasında elmi-texniki əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
O, bildirib ki,bu gün imzalanacaq müqavilə aramızdakı uzun illər işgüzar münasibətləri, dostluq əlaqələrini daha da möhkəmləndirəcək və elmi-texniki işlərə, həmçinin təcrübə mübadiləsinə geniş imkanlar açılacaqdır. Rektor istehsalat üçün bacarıqlı və yüksəkixtisaslı mühəndis kadrların hazırlanması üçün ali məktəblərdə tələbələrin elmi biliklərə daha da dərindən yiyələnməsi üçün istehsalat müəssisələri ilə sıx əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb. Tələbələrin istehsalat müəssisələrində uzun müddətli təcrübə keçə bilmə imkanlarının təmin edilməsi ali məktəblərdə vacib məsələlərdəndir. Bu məqsədlə son illər AzTU respublikada fəaliyyət göstərən digər müəssisə və təşkilatlarla əlaqələrini gücləndirmişdir.
“Bakı Metropoliteni” QSC İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışıb, müəssisədə bacarıqlı mütəxəssislərə önəm verildiyini diqqətə çatdırıb.
T.Dadaşov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.
Sonra iki müəssisə arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənəddə AzTU ilə “Bakı Metropoliteni” QSC arasında tədris və texniki işləri sahəsində təcrübə mübadiləsinin aparılması, ixtisas səviyyəsinin artırılması məqsəd ilə kursların təşkili, tələbələrin uyğun ixtisaslar üzrə istehsalat təcrübələrinin təşkili, birgə tədbirlərin keçirilməsi, elmi-texniki seminarların təşkili, birgə layihələrin işlənməsi və istehsalatda tətbiqi, AzTU-nun professor-müəllim heyətinin “Bakı Metropoliteni ”QSC-nin Tədris Mərkəzində mühazirə, laboratoriya və məşğələ dərslərinin aparılması və s.məsələlər nəzərdə tutulur.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.