Məşhur general: "Mən Azərbaycanda, Bakıdayam. Heç bir ölkəyə köçməmişəm. Heç bir ölkəyə də köçmək fikrində deyiləm!.."

Məşhur general: "Mən Azərbaycanda, Bakıdayam. Heç bir ölkəyə köçməmişəm. Heç bir ölkəyə də köçmək fikrində deyiləm!.." Cavanşir Məmmədov:
“Sabah yazsalar ki,
“Eyfel” qülləsini də
mən almışam,
heç təəccüblənmərəm...”

“Mən öz gərgin və
qaynar ömrümün
sakit baba dövrünü
yaşayıram...”


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,
polis general-mayoru
Cavanşir Məmmədovun haqqında son günlər
ayrı-ayrı saytlarda yazılar dərc olunur.
Həmin yazılarda iddia olunur ki, guya general Cavanşir Məmmədov Fransaya köçüb və
həmin ölkədə 20 milyon avro miqyasında biznes qurub.
Bu gün C.Məmmədov KİV əməkdaşlarının bu və başqa iddialarla bağlı ona ünvanladığı
sualları cavablandırıb.
ZiM.Az-ın dəyərli oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq həmin müsahibəni
aşağıda dərc edirik.


- Salam, cənab general. Sizin telefonunuzu çox çətinliklə tapdıq. Ona görə də xahiş edirik ki, bizi dinləyin.
Sizə bir neçə sualımız var. Olarmı, onları cavablandırasınız?.


- Əlbəttə, olar, buyurun.

- Cavanşir müəllim, neçə gündür ki, saytlar sizdən yazır, siz isə susqunluq göstərirsiniz.


- Nə yazırlar ki, maşallah, o qədər sayt var ki. Hamısını oxumağa vaxtmı var?...

-Yazırlar ki, Avropaya - Fransaya köçüb, orada 20 milyon avro civarında biznes qurmusunuz, doğrudurmu?

- Xeyir, mən Azərbaycanda, Bakıdayam. Heç bir ölkəyə köçməmişəm. Heç bir ölkəyə də köçmək fikrində deyiləm. Nəinki Fransada, ümumiyyətlə, dünyanın heç bir ölkəsində, hətta doğulduğum Gürcüstanda 1 manat da olsa, sərmayə yatırmaq ağlıma belə gəlməyib. Bir də ki, mən xaricə getmişəm ki, orada da biznes quram?! Bu lap gülməlidir ki!... Xaricə getmək qəbahət deyil. Amma sözlərimin səmimiyyətinə inanın. Bakımız gözəl şəhərdir. Bakı kimi doğma, yaşamalı şəhərmi var?..

Mən bütün varlığımla Azərbaycana bağlıyam. 1988-ci ildə Azərbaycanın ağır günlərində mən Rusiyada öz isti iş yerimi qoyub, bir zabit kimi vətənin harayına gəlmişəm. Və bundan da heç vaxt peşman olmamışam. Əksinə, hər zaman qürur duyuram. Bütün varlığımla Azərbaycanımıza layiqli xidmət edib fayda verməyə çalışmışam. Ölkəmizdə ictimai təhlükəsizliyin qorunmasında, stabilliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin gördüyü danılmaz xidmətlərdə təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim də müəyyən əməyim olub. Azərbaycan dövlətinin varlığı mənim üçün hər şeydir. Və bu dövlət, bu vətən, ulu öndərimiz Heydər Əliyev və bu günkü prezidentimiz İlham Əliyev, mənim xidmətlərimi yüksək qiymətləndirib. Mən Azərbaycan generalıyam. Bundan artıq fəxr olunmalı başqa nə var ki?!

- Cavanşir müəllim, başqa bir məlumat da yazıblar ki, Sabunçu rayonunda “Oba market” və digər obyektlər sizə məxsusdur.
İndi də o boyda Parisdən Sabunçudakı hansısa marketəmi qayıtdınız?


- Bəs bayaq deyirdiniz ki, Parisə köçmüşəm. İndi də Sabunçu?

Sabah yazsalar ki, “Eyfel” qülləsini də mən almışam, heç təəccüblənmərəm.
İnanın, bunların hamısı boş və mənasız uydurmalardır.

- Bəs bu söhbətlər nə ilə əlaqədardır?

-Vallah bilmirəm. Həmişə dedi - qodulardan, yalanlardan, çəkişmələrdən uzaq olmuşam.
Və bu sayaq adamlarla əlaqəm olmayıb.
Hazırda təqaüddəyəm. Nəvələrimin təhsili ilə məşğulam. Məni tanıyanlar bilirlər ki, həm də yazı-pozu adamıyam.
Öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: