BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ

24/11/15

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ Noyabrın 24-də beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edirdi.
Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq dedi:

“Zati aliləri, möhtərəm cənab Prezident!
Sizi salamlamaqdan qürur duyuram. Milli Məclisə xoş gəlmisiniz!
Hörmətli deputatlar!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış beşinci çağırış Milli Məclis fəaliyyətə başlayır. Ulu öndər, müstəqil Azərbaycan dövlətinin yaradıcısı böyük Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik strategiyası uğurla yerinə yetirilir. Bu seçkilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi müvəffəqiyyətli siyasətinin böyük yeni qələbəsi olmuşdur.
Zati aliləri !
Gördüyünüz əzəmətli işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Fəttah Heydərova nəsib olmuşdur.
Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclası başlayasınız.”

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Fəttah Heydərov dedi:

-Möhtərəm cənab Prezident, Sizi səmimi qəlbdən salamlayır, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın rifahı naminə gördüyünüz bütün işlərdə, Heydər Əliyev yolunun davam etdirilməsində yeni-yeni uğurlar və qələbələr arzulayırıq.
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi təbrik edirəm, parlament fəaliyyətində sizin hamınıza böyük uğurlar, cansağlığı arzulayıram.
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.
Fəttah Heydərov beşinci çağırış
Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİSonra beşinci çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev geniş nitq söylədi.

Prezident beşinci çağırış Milli Məclisə seçilmələri münasibətlə bütün deputatları təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Prezidentin çıxışı sürəkli alqışlarla qarşılandı. (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə söylədiyi nitqin geniş mətni mətbuatda dərc olunacaq.)

İclasa sədrlik edən Fəttah Heydərov dərin məzmunlu nitqinə və Milli Məclisin fəaliyyətinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə deputatlar adından minnətdarlığını bildirdi. O, Prezident İlham Əliyevə Azərbaycanın bundan sonra da çiçəklənməsi və rifahı naminə deputatlar adından ən xoş arzularını çatdırdı.

Sonra Fəttah Heydərov Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva Hesablayıcı Komissiyanın üzvləri seçildilər. Hesablayıcı Komissiyanın üzvləri İsa Həbibbəylini komissiyanın sədri, Sədaqət Vəliyevanı isə komissiyanın katibi seçdilər.

Sonra Milli Məclisin Daxili Nizamnaməsinin 31-ci maddəsinə uyğun olaraq parlamentin sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasından deputat seçilmiş Oqtay Əsədovun namizədliyi irəli sürüldü.

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ Deputat Oqtay Əsədov çıxış edərək dedi:

“Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar, xanımlar və cənablar!
İlk öncə icazə verin, Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və partiya həmfikirlərimə öz dərin minnətdarlığımı bildirim.
Mən Milli Məclisin qarşısında dayanan başlıca vəzifəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən siyasəti parlament ölçüsündə dəstəkləməkdə görürəm. Mən hesab edirəm ki, parlament cənab Prezidentin yürütdüyü daxili və xarici siyasəti bundan sonra da dəstəkləyəcək, beynəlxalq təşkilatlarla, eləcə də dünya ölkələri ilə parlamentlərarası əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Əgər Milli Məclis mənə etimad göstərərsə, bütün bilik və bacarığımı sərf edərək, bu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışacağam.”

Sonra Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verdi və gizli səsvermə keçirildi. Səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun lehinə səs verdi. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək dedi:

“Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm.
Fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ardıcıl inkişaf edən Yeni Azərbaycan Partiyasının nümayəndəsiyəm.
Hörmətli deputatlar, 2015-ci ilin parlament seçkiləri ölkəmizin demokratik inkişafı yolunda mühüm bir addım oldu. Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün Azərbaycan dövləti və onun başçısı tərəfindən bütün zəruri tədbirlər görülmüşdü. Demokratik mühitdə keçirilmiş seçkilər yolu ilə xalqın etimadını qazanan namizədlər parlamentin üzvü mandatını əldə etmişlər. Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyasının üzvləri parlamentdə yerlərin əksəriyyətini qazanmışlar. Bu fakt möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla partiyamızın xalq arasında çox böyük nüfuza malik olduğunu bir daha nümayiş etdirmişdir. Beləliklə, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlamışdır.
Bu münasibətlə icazə verin, mən də siz həmkarlarımı ürəkdən təbrik edim və gələcək fəaliyyətinizdə uğurlar arzulayım!
Hörmətli deputatlar, dördüncü çağırış Milli Məclis artıq tarixə qovuşmuşdur. Ötən dövrdə parlamentin fəaliyyəti səmərəli olmuşdur.
Milli Məclis Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Milli Məclis öz fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuşdur. Qanunyaratma prosesində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Аli Məhkəmə, digər icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil, yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlanılmışdır.
Dördüncü çağırış Milli Məclisin 116 iclası keçirilmiş, ümumən 1410 akt, o cümlədən 1267 qanun və 143 qərar qəbul edilmişdir. Parlamentdə qanun layihələri hazırlanarkən milli dəyərlərimiz əsas götürülməklə, qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə edilmişdir. Bu isə qanun yaradıcılığı prosesinin səmərəliyini artırmağa imkan vermişdir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik iqtisadi inkişafını nümayiş etdirən dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər vaxtlı-vaxtında müzakirə və təsdiq edilmişdir.
Bundan əlavə, hər il dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılmışdır. Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun və İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabat, məruzə və məlumatları dinlənilmişdir. Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layihəsi təqdim edilən 1 amnistiya aktı qəbul olunmuşdur. Bu amnistiya aktı təqribən 9 min insana şamil edilmişdir.
Ötən dövrdə Milli Məclisə əhalidən 27 minə qədər təklif, ərizə və şikayət daxil olmuş, 20 mindən çox vətəndaş deputatlar və parlamentin rəhbərliyi tərəfindən qəbul edilmişdir. İnsanlar parlamentə internet vasitəsi ilə müraciət etmək imkanından istifadə etmişlər.
Son 5 ildə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. 80-dən çox ölkəyə 700-ə qədər səfər həyata keçirilmiş, 85-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 850-dən artıq nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli iş aparılmışdır. Bütün ikitərəfli və çoxtərəfli görüşlərdə və danışıqlarda müzakirəyə çıxarılan əsas mövzu bu münaqişənin ədalətli şəkildə həll edilməsi olmuşdur.
Ümumiyyətlə, Milli Məclis beynəlxalq fəaliyyətində dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament diplomatiyası yolu ilə öz töhfəsini verməyə çalışmışdır. Bu sahədə görülən işlərin müsbət nəticələri daha da artmışdır. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama və Honduras parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.
Rumıniya, Bosniya və Herseqovina, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Bütün bunlar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Eyni zamanda, bu uğurlu siyasətə parlament səviyyəsində də dəstək verilmişdir.
Milli Məclisin vəzifələrindən biri də bəzi qüvvələrin Azərbaycana qarşı qərəzli fəaliyyətinin qarşısını almaqdan ibarət olmuşdur.
Parlament bir neçə müraciət, bəyanat və qərar qəbul edərək, ölkəmiz barəsində həyata keçirilən qarayaxma və böhtan kampaniyasına, ikili standartlar siyasətinə qəti etirazını bildirmiş və adekvat tədbirlər görmüşdür.
Dördüncü çağırış Milli Məclisin fəaliyyəti Azərbaycan dövlətinin daxili və xarici siyasətində çox böyük uğurların əldə edilməsi ilə eyni vaxta təsadüf etmişdir. Ölkə daxilində ardıcıl və dinamik inkişaf dövlətimizin yüksək beynəlxalq nüfuzunu nümayiş etdirən hadisələrlə müşayiət olunmuşdur. Azərbaycanın tarixdə ilk dəfə olaraq dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və müəyyən müddət ərzində həmin təşkilata sədrlik etməsi, Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsini yerinə yetirməsi, nüfuzlu beynəlxalq qurumların müxtəlif toplantılarının, tarixdə ilk Avropa Oyunlarının, “Eurovision” mahnı müsabiqəsinin, digər möhtəşəm mədəniyyət və idman tədbirlərinin Bakıda təşkil edilməsi ölkə daxilində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamı və nəticəsi olmuşdur.
Hörmətli xanımlar və cənablar,
Milli Məclisin son 5 ildə yerinə yetirdiyi işlərin təhlili göstərir ki, özünün fəaliyyəti ilə parlament möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır.
Ötən dövrdə parlamentin fəaliyyətində biz dövlət başçısının böyük qayğı və diqqətini həmişə hiss etmişik.
Azərbaycan Prezidenti Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə dəyərli töhfələr vermişdir.
Buna görə möhtərəm Prezidentimizə Milli Məclisin bütün deputatları adından səmimi minnətdarlığımı bildirirəm!
Hörmətli cənab Prezident,
Hörmətli deputatlar,
Dördüncü çağırış Milli Məclisin fəaliyyəti qarşıdakı dövrdə də parlamentin səmərəli işləməsi üçün əlverişli zəmin yaratmışdır.
Dövlət başçısının dəstəyi ilə Azərbaycan parlamenti qabaqcıl dünya ölkələrinin parlamentləri səviyyəsinə yüksəlmək yolunda uğurlu addımlar atmışdır.
Son beş ildə Milli Məclisin fəaliyyəti bu məqsədə yönəlmişdir. Hesab edirəm ki, bundan sonra da biz bu istiqamətdə hərəkət etməliyik.
Parlament qanunvericilik və qanunyaratma fəaliyyətində həmişəki kimi yenə də qabaqcıl dünya təcrübəsindən bəhrələnməlidir. Milli Məclisin fəaliyyətində demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri daha da genişlənməlidir. Milli Məclis ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini, qaçqınların və məcburi köçkünlərin güzəranının daha da yaxşılaşması məsələlərini diqqət mərkəzində saxlamalıdır. Parlament dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament vasitələrinin verdiyi imkanlar daxilində dəstək göstərməkdə davam etməlidir. Parlamentlərarası İttifaq, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası ilə qarşılıqlı əlaqə daha da gücləndirilməlidir. Asiya Parlament Assambleyası ilə münasibətlər dərinləşdirilməli və inkişaf etdirilməlidir.
Hörmətli deputatlar, əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyələri və dəstəyi sayəsində sizinlə birlikdə səmərəli fəaliyyət göstərəcək, Azərbaycan parlamentinin üzvü adını şərəflə qoruyacağıq.
Diqqətinizə görə minnətdaram.”

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ Sonra iclasda Milli Məclis sədrinin müavinləri seçildi. Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar MuradovaValeh Ələsgərov sədrin müavinləri seçildilər.

Yarım saatlıq fasilədən sonra Milli Məclisin beşinci çağırışının ikinci iclası işə başladı. İclasda Milli Məclisin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında Qərar səsə qoyularaq təsdiqləndi. Sonra Milli Məclis komitələrinin sədrləri seçildi.

Deputat
Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,
Ziyafət Əsgərov - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,
Ziyad Səmədzadə - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin,
Valeh Ələsgərov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin,
Eldar İbrahimov - Aqrar siyasət komitəsinin,
Hadi Rəcəbli - Əmək və sosial siyasət komitəsinin,
Arif Rəhimzadə - Regional məsələlər komitəsinin,
İsa Həbibbəyli - Elm və təhsil komitəsinin,
Rafael Hüseynov - Mədəniyyət komitəsinin,
Bahar Muradova - İnsan hüquqları komitəsinin,
Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin,
Əhliman Əmiraslanov - yeni yaradılan Səhiyyə komitəsinin,
Aqiyə Naxçıvanlı - yeni yaradılan Ailə, qadın və uşaq məsələləri komitəsinin,
Siyavuş Novruzov - yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin,
Fuad Muradov - yeni yaradılan Gənclər və idman komitəsinin sədrləri təsdiq edildilər.

Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti




REDAKSİYADAN:

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ
Azərbaycan Respublikası
Milli Məclisinə seçilmiş
bütün deputatları
ürəkdən təbrik edir
və onlara
respublikamızın daha da
çiçəklənməsi naminə
fəaliyyətlərində
uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: