Əvvəlcə Əhməd Cavadın müəllifi olduğu Azərbaycan Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri idi.
Rektor deyib ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsində Əhməd Cavad yaradıcılığının böyük rolu var. Azərbaycançılıq, türkçülük ideyaları, türk xalqlarının birliyinə çağırış kimi mövzular Əhməd Cavad yaradıcılığının əsasını təşkil edib. Vilayət Vəliyev Əhməd Cavad kimi ədiblərin hər zaman minnətdarlıqla xatırlanacağını bildirib.
Tarix elmləri doktoru, professor, Əhməd Cavad haqqında yazılan ilk kitabın müəllifi Nəsiman Yaqublu görkəmli ədibin yaradıcılığından danışıb. Qeyd edib ki, üçrəngli bayrağımız haqqında ilk şeirlərin müəllifi olan Əhməd Cavad tarixdə istiqlal şairi kimi tanınıb. Təəssüf ki, dövrün parlaq şəxsiyyətləri sırasında olan Əhməd Cavad 1930-cu illərin ağır repressiyalarına məruz qalıb və sovet totalitarizminin qurbanına çevrilib.
Əhməd Cavadın ailəsi adından çıxış edən nəticəsi Cavad Axundzadə ədibin irsini yaşatdığına, onun yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzaladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bildirib ki, Əhməd Cavad Dövlət Himninin müəllifi kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Cavad Axundzadə milli mübarizəyə, istiqlala xidmət edən Əhməd Cavad irsinin Azərbaycanda yaşadıldığı qədər, qardaş Türkiyədə də dəyərləndirildiyini deyib. O, Əhməd Cavadın türk dünyasında məşhur olan şeirlərindən misralar səsləndirib.
Çıxışlardan sonra Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir tələbələrin ifasında Əhməd Cavadın şeirləri və şeirlərinə yazılmış mahnıların səsləndirilməsi ilə davam edib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.