Gənclər Günü münasibətilə sizi təbrik edirəm!
Gənc və gələcək sözləri həm deyilişdə, həm mahiyyət etibarilə bir-birinə o qədər yaxın ifadələrdir ki, zamanın iti axarı, məkanın virtual ölçüsü bu adlar qoşa çəkiləndə gerçək görünür. “Gənc” anlayışı həyatın bütün sahələrində - elmdə, təhsildə, mədəniyyətdə atılan ilk addım, başlanğıc kimi qəbul olunur. Dahi Üzeyir bəy Şərqin ilk operasını yazanda, elmdə misilsiz imza sahibi Eynşteyn ilk ciddi araşdırmalara başlayanda, böyük rus şairi Lermontov “Zəmanəmizin qəhrəmanı”nı nəzmə çəkəndə gənc idilər. Bu insanlardakı gənclik ruhu onları gələcək üçün səfərbər edib və uğur hekayələrinə zəmin olub.
Əziz gənclər! Siz həm də yuxarı sinif şagirdi, tələbə, elm yolunda ilk qədəmlərini atan tədqiqatçı, müəllimsiniz. Hamımızın ana Vətəni olan Azərbaycan üçün çalışmağımızın bir məqsədi var: ölkəmiz güclü olsun! Sevinirəm ki, bu məqsəd üçün ölkəmizdə kifayət qədər güclü gənclik potensialı var. Onlar ölkəmizin gələcək hədəfləri haqqında düşünür, çalışır və yarışırlar. Demək olar ki, hər gün görüşdüyüm bu cür gənclərdən bir neçəsi ilə elə bu günlərdə tanış olmuşam. Bu tanışlığa səbəb onların qurucu, yaradıcı fikirləri, əldə etdiyi uğurlardır.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Cavidlə söhbət edərkən onun mütaliə dairəsi, dünyanın ən yaxşı universitetlərində oxumaq əzmi və qətiyyəti, astronavtika sahəsində ixtisaslaşmaq istəyi (həm də iddiası) qürur hissi yaratdı. Cavidin təhsil məsələləri ilə bağlı özünəməxsus fikir yürütmə bacarığını xüsusi qeyd etmək lazımdır. Beynəlxalq fənn olimpiadalarında medallar qazanan Sergey Styopin, Hüseyn Babayev, Cəfər İsbarov və onlarla digər gənclə bağlı eyni fikirləri söyləmək olar.
Eləcə də 10 gün bundan öncə London səfəri zamanı burada oxuyan tələbələrimizlə görüşdə London Universitet Kollecində nanotexnologiya və regenerativ tibb ixtisasında təhsil alan Mədinə Quliyevanın gələcəkdə ölkəmizdə bu sahənin inkişafına vermək istədiyi töhfələrlə bağlı fikirlərini eşitmək olduqca xoş idi. Həmin universitetdə informasiya texnologiyaları üzrə təhsil alan azərbaycanlı tələbələr - Nicat Baxşəliyev və Nuray Müzəffərovanın ölkəmizin təhsil sistemində informatikanın tədrisinə dair yeni təkliflərlə çıxış etməsi kifayət qədər maraqlı və ibrətamiz idi. Ötən ilin noyabrında Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun ölkəmizə səfəri zamanı ona ünvanlandığı maraqlı sualı, eləcə də bu yaxınlarda keçirilən 2-ci SABAH Forumunda komandada işləmək bacarığı ilə diqqəti çəkən Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Tamerlan Hacıyevə böyük ümidlər bəslənilir. Bu gənclərin qazandıqları nailiyyətlər gələcəkdə onları gözləyən həyat sınaqlarından da uğurla çıxacaqlarına inam hissi yaradır. Ona da inanıram ki, bu və digər istedadlı gəncləri irəlidə ən böyük qələbələr gözləyir. Bunlardan ən böyüyü özləri üzərində qələbədir. Həyatın və cəmiyyətin sınaqlarına baxmayaraq nikbin olmaq, səslənən təriflərə rəğmən daim özünə tənqidlə yanaşmaq, dövlətimizin amal və məqsədləri naminə yeniləşən peşəkar bacarıqlara nail olmaq əsas hədəflər olmalıdır.
Azərbaycan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və respublikamızı təmsil edir. Bu bizim sərvətimiz və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyidir.
Əlamətdar haldır ki, hər il cənab Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatlarının verilməsi təqdirəlayiq ənənə halını alıb. Bu il də mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində mükafatlar xüsusi fərqlənən gənclərə təqdim olunacaq.
Bu günlərdə bir qrup gənclə görüşən Azərbaycan Prezidenti İlham Əliyevin sözləri həm də günün çağırışı, gəncliyə xitabdır: “... Burada təhsil, bilik ön plandadır. Yəqin, biz hamımız və balaca uşaqlar, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma doğrudan da budur əsas. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək...”
Firavan yaşayan cəmiyyətə aparan yol bilikdən keçir. Tarazlı və uğurlu sosial-iqtisadi inkişaf mükəmməl təhsilə bağlıdır. Təhsil isə cəmiyyətə və onun bəslədiyi dəyərlərə.
Əziz gənclər, sizə bu əməllər naminə sözün həqiqi mənasında gənclik enerjisi arzulayıram!
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.