TƏBRİK EDİRİK!..
1940-cı il oktyabrın 10-da qədim saz-söz yurdu, Ağır elli Borçalı mahalının böyük ellərindən olan Sadaxlı kəndində kasıb, lakin olduqca halal, zəhmətkeş İsmayıl kişinin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Uşağın adını Məsim qoyurlar. Məsim 9-10 yaşlarında olanda böyük qardaşı Aşıq Dursunun yoluyla gedir, sirli-sehirli xalq yaradıcılığı dünyasının əsas qollarından olan aşıqlıq sənəti ilə maraqlanır, saza müqəddəs bir alət kimi baxır, gələcək xoşbəxtliyini ancaq sazda görür. Bu maraq onu adı-sanı-sənəti bütün Borçalıda, qonşu Qazaxda, Tovuzda, Gəncədə, eləcə də Göyçədə, İrəvanda dillər əzbəri olan, bir sözlə, bütün Azərbaycan elləlrində məşhur olan Ozanlar Ozanı Ustad Aşıq Əmrahın yanına çəkib aparır. 11 yaşlı cəlimsiz, cılız uşağın - Məsim İsmayıl oğlunun istedadı, saz tutub oxumağı, söz qoşmağı hamını təəccübləndirir. Aşıq Məsim sonralar yazır:
On bir yaşımdan sənə bağlanmışam,
İnsaf eylə könlümü al, ay sazım.
Hər zaman, hər vaxt sənlə şad olmuşam,
Pünhan könlümün sirrini bil, ay sazım.
Gənclik illərində ulu aşığımız, Borçalının fəxri Əmrah Dədənin barmaqlarına, duzlu söhbətlərinə vurulur Məsim İsmayıl oğlu. 20-25 il həm şagird, həm dostu olur Əmrah Dədəyə. Neçə-neçə şeirlər həsr edir ustadına…
…Vaxt gəlir, vədə yetişir, Dədə Əmrahın şagirdi Məsim İsmayıl oğlu müstəqil olaraq aşıqlar meydanına atılır. El şənliklərində, dövlət tədbirlərində iştirak edir, Ustadının adını, etimadını doğruldur, şərəfini ucaldır… Aşıq şeiri üslubunda yazdığı qoşqular dillər əzbəri olur, mətbuatda işıqüzü görür, dərgilərdə, almanaxlarda dərc olunur, radio və televiziya verilişlərində səslənir, müəllifinə hörmət, şan-şöhrət gətirir…
Bəli, bu gün elinə-obasına qırılmaz tellərlə bağlı olan Aşıq Məsim artıq özü, Borçalıda yaradıcı aşıq sənətkar kimi tanınır, öz şəyirdləri ilə fəxr edir.
Bəli, 15-ə yaxın şəyirdi olan aşığın öyünməyə haqqı var…
Aşıq Məsim yazır:
Dahilər məskəni Borçalımız var,
Mərd oğul yetirən elimə qurban,
Şöhrətli, qüdrətli, ozan hikmətli,
Sazım üstə ötən telinə qurban.
Yaxud:
İnamlı Sadaxlı kimi elim var,
Borçalı kimi ağır mahalım var.
Məkkəyə, Haca getməyə yolum var
Mən heyranam elimin haqq dilinə
Mən elinəm, qurban olum elimə.
Bəli, Aşıq Sadıx, Aşıq Xındı Məmməd, Dədə Əmrah, Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Əhməd Sadaxlı, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Ziyəddin və b. kimi ustadlar yetirmiş Ulu Borçalımız tarixin yaddaşına, yeni bir ustadı - Aşıq Məsimi yazmağa hazırlaşır. Aşığın yaradıcılığı çox genişdir. Onun təcnisləri, divaniləri, qoşmaları, dodaq-dəyməzləri çox maraqlıdır və el arasında həvəslə oxunur.
Aşıq Məsimin 2010-cu ildə bu sətirlərin müəllifinin təqdimatı əsasında «Borçalı» nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmiş «Birdi, bir…» adlı kitabında aşığın divaniləri, müxəmməsləri, təcnisləri və deyişmələri ilə yanaşı «Əmrah və Novruz» və «Şərif Sultanov» dastanları da özünə yer tapmış, saz-sözsevər oxucularımız tərəfindən böyük maraqla, rəğbətlə qarşılanmışdır.
Bu günlərdə isə Aşıq Məsimin «Könlümün səsi» adlı ikinci şeirlər (qoşmalar, gəraylılar) kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.
Yeni kitabının işıqüzü görməsi və 70 illik yubileyi münasibəti ilə Aşıq Məsimi ürəkdən təbrik edir, Ustad zirvəsinə qalxan yolla cəsarətlə irəliləyən sənətkara uzun ömür, möhkəm cansağlığı arzulayır və bu şərəfli yolda yeni-yeni uğurlar diləyirik. Ulu Tanrımız Allah köməyi olsun!
Müşfiq BORÇALI.
"ŞƏRQİN SƏSİ" qəzeti, oktyabr, 2010
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.