Narınc Xatunun adı ilə bağlı olub"
Aşıq Ulduz Sönməz: "Fədakar, istedadlı, zəhmətkeş,
vətənpərvər Narınc Xatun həmişə könüllərdə yaşayacaq"
Mən elimin aşiqiyəm,
Demərəm ki, yorulmuşam.
Həqiqətin cövhəriyəm,
Məhəbbətdən yoğrulmuşam.
Narınc Xatunun misralarıdır. Xalqının, elinin, sazının, sözünün həqiqi aşiqi idi Narınc Xatun. Azərbaycanı qarış-qarış gəzərək elin saz-söz xəzinəsini yaşadan istedadlı, ilhamlı qız-gəlinləri başına toplayardı. Narınc Xatun Azərbaycan mədəniyyətində yer tutan elə şəxsiyyətlərdən, qiymətli xanım analardan-qadınlardandır ki, onu ancaq Burla Xatunla, Sara Xatunla müqayisə etmək olar. Dilimizin, mədəniyyətimizin, folklorumuzun, aşıq sənətimizin od qoruyan xanımlarından biri kimi tarixə düşən Narınc Xatun "Aşıq Pəri" məclisinin yaradıcısı və 20 il ona rəhbərlik edən dəyərli şəxsiyyət kimi tarixə düşüb. Narınc Xatun əzəmətin, qeyrətin, yurdsevərliyin, vətənsevərliyin nümunəsi kimi hər zaman xatırlanır. Elinin-yurdunun aşiqi olan fədakar Azərbaycan qadını qeyrət simvolu olan qədim aşıq-şairə qadınların ruhunu özündə daşıyırdı. Yaratdığı "Aşıq Pəri" məclisinə istedadlı qızları, qadınları cəlb edər, oba-oba, oymaq-oyman dolaşar, sazımızı, sözümüzü təbliğ edərdi. Narınc Xatun səhnədə şeir deyəndə qarşındakı sanki zərif, incə bədən quruluşuna malik olan bir xanım yox, əzəmətli, hünərli, döyüşkən ruhlu bir cəngavər dayanırdı. O, şeir deyəndə sanki döyüşürdü, cəngi-cidaya çıxırdı...Sözə döyüş ruhu qatan azsaylı şairələrdən biri kimi yaddaşlarımıza köçüb o.
Zirvədə mən, güneydə sən,
Ömür keçir boşa qartal.
Həsrət olduq, kədər olduq,
Döndük axan yaşa qartal.
Ustad aşıq, könül dostu Mikayıl Azaflının "Qoca qartal" şeirinə yazdığı nəzirədə belə deyirdi şairə. Azərbaycan dilinin incəliyindən, gözəlliyindən, şəhdi-şirəsindən, bir də qadın ürəyinin mehr-ülfətindən, məhəbbətindən yaranıb bu şeir.
Yaşasaydı 85 illik yubileyini "Aşıq Pəri" məclisinin iştirakı ilə qeyd edəcəkdi... Amma ona bu yaşa çatmaq qismət olmadı...Murazı gözündə gedən qızı Tamellanın ağır xəstəliyə düçar olması və vaxtsız vəfatı Narınc Xatunun həyata inamını sarsıtdı. Son illər Bakıya gələndə qızının xəstəliyindən, narahat günlərindən danışırdı. Narınc Xatunun ömrünün gödəlməsinə də səbəb bu oldu elə. Ayrılıq olmasaydı, 85 yaşlı Narınc Xatun səhnədə olardı...
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, "Aşıq Pəri" məclisinin qurucusu, şairə Narınc Xatun - Cəfərova Narınc Əvəz qızı 1930-cu ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. İlk şeirləri orta məktəb illərində yerli mətbuatda dərc edilib. Aşıq Mikayıl Azaflı ilə birlikdə "Azaflı və Narınc Xatun dastanı" yaradıblar.
Şairin "Burla xatun nəvəsiyəm" adlı şeirlər toplusu 2002-ci ildə işıq üzü görüb. Kitaba Narınc Xatunun müxtəlif illərdə qələmə aldığı şeirlər, eləcə də görkəmli saz və söz ustadı aşıq Mikayıl Azaflı ilə birgə yaratdıqları "Azaflı və Narınc Xatun dastanı" daxil edilib.
Narınc Xatun uzun illər Azərbaycan Aşıqlar Birliyinin nəzdindəki "Aşıq Pəri" məclisinə rəhbərlik edib.
Şairənin 2004-cü ildə "Burla xatun nəvəsiyəm", 2006-cı ildə isə "Mən xalqımın aşiqiyəm" şeirlər, deyişmələr, bayatılar, dastanlar kitabı çap olunub.
Qeyd edək ki, Narınc Xatun haqqında filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin maraqlı fikirləri var: "Bu gün çəkinmədən deyə bilərik ki, yarandığı vaxtdan "Aşıq Pəri" məclisinin bütün uğurları Narınc Xatunun adı ilə bağlı olub. Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə "Aşıq Pəri"nin təsis yığıncağı keçirildi. Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə və İraqda da yayılmağa başladı. Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular. Xalq tərəfindən sevilən, bütün ailələrin, el-obanın arzulanan qonağına çevrilən Narınc Xatunun zəhməti dövlət tərəfindən də layiqincə qiymətləndirilib, əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Narınc Xatun həm də şairədir. O, ömrünü aşıq poeziyasına həsr edərək onun bütün janrlarında poeziya nümunələri yaratmağa nail olub".
Narınc Xatun maralyanlı aşıq Pəri yolunun davamçısı olan neçə-neçə aşıq-şairə xanımı Azərbaycan xalqına tanıtdı, onların yeni yaradıcılıq uğurlarını oxuculara çatdırdı.
"Aşıq Pəri" məclisinin ilk üzvlərindən olan, qadın aşıqlar arasında öz istedadına, ifaçılıq qabiliyyətinə, biliyinə görə xüsusilə seçilən aşıq Ulduz Sönməz Narınc Xatun haqqında fikirlərini çox böyük sevgi ilə "Bakı-Xəbər"ə bildirdi. Ulduz xanım bildirdi ki, Narınc Xatun həm bir insan kimi, həm də bir sənət fədaisi kimi hər zaman xatırlanmağa, dəyərləndirilməyə layiqdir: "Narınc Xatun o qədər gözəl insan idi ki, sözlə ifadə etmək çətindir. Bununla yanaşı, o, xalqının vurğunu idi. Torpağı, vətəni, saz-sözü çox sevirdi, yorulmadan təbliğ edirdi. O əsl fədai idi. Fədakarlıq nümunəsi görmək istəyən Narınc Xatunun həyat və fəaliyyətinə nəzər sala bilər. Bu adam yorulmaq bilmirdi. "Aşıq Pəri" məclisinin yaranması indiyə qədər yadımdadır- 1984-cü ilin mart ayında Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirilirdi. Mən də qurultaya nümayəndə seçilmişdim, burada rəhbərlik etdiyim "Sazçı" qızlar ansamblı ilə iştirak edirdim. Bizim qızların çıxışı qurultay iştirakçılarında böyük maraq yaratdı. Həmin tədbirə şairə Səadət Buta Borçalıdan, Narınc Xatun isə Neftçaladan dəvət edilmişdi. Narınc Xatun qadın aşıqlardan ibarət bir qrup yaratmaq istədiyini bildirdi. Təklif maraqla qarşılandı. Beləliklə, qadın aşıqlar, şairələr bura dəvət olundu. "Aşıq Pəri" məclisi yarananda sayımız elə də çox deyildi, sonra sıramız genişləndi. Yadımdadır, 1984-cü ilin 22 sentyabr tarixində Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda bizim ilk çıxışımız oldu. Narınc Xatunla keçən günlər unudulmazdır. Bu qadının fədakarlığı sayəsində "Aşıq Pəri" məclisi uzun illər yaşadı, fəaliyyət göstərdi. O, 20 il bu məclisə rəhbərlik etdi".
Aşıq Ulduz onu da dedi ki, Narınc Xatun aşıq sənəti və ədəbiyyatımız üçün gördüyü bu işləri təmənnasız edib. O dedi ki, "Aşıq Pəri" məclisinin üzvlərinin geyiminə, davranışına belə ciddi önəm verən Narınc Xatun həmişə qızlara qayğı ilə yanaşıb: "Deyim ki, o vaxt bizə milli geyim vermirdilər, paltarlarımızı öz hesabımıza tikdirirdik. İnanın ki, Narınc Xatun paltarlarımızı da özü ilə aparırdı ki, birdən cırılar, sökülər. O, paltarları böyük çantalara yığıb Bakıdan Neftçalaya, Neftçaladan da Bakıya gətirirdi. Demək olar ki, hansı rayona konsertə gedirdik, Narınc Xatun geyimlərimizi ora gətirirdi. Bu böyük bir qayğı idi. Məclis üzvü olan hər bir qıza diqqət və qayğı ilə yanaşırdı. O, "Aşıq Pəri" məclisini yaşatmaq üçün çox zəhmət çəkdi, əziyyətlərə qatlaşdı. Onunla bağlı xatirələr unudulmazdır. Məndə bilirsiz onun nə qədər teleqramları var... Saxlayıram o teleqramları. Narınc Xatunu heç zaman unutmaram. Fədakar, istedadlı, zəhmətkeş, vətənpərvər Narınc Xatun həmişə könüllərdə yaşayacaq. Mübaliğəsiz deyərdim ki, belə insanlar yüz ildə bir gəlir dünyaya".
O, bu gün könül dostu Səadət Butanın, Ulduz Sönməzin, Gülarə Azaflının, Telli Borçalının, Solmaz Kosayevanın, Fərqanə Mehdiyevanın, Gülnigar Rəhimlinin və başqalarının xatirələrində yaşayır.
Yeri gəlmişkən, mayın 20-də Rəşid Behbudov adına Mahnı Teatrında "Aşıq Pəri" məclisi üzvlərinin iştirakı ilə Narınc Xatunun 85 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
Xatun söylər bir hekayət,
Həkk olunar daşa qartal...
Narınc Xatun-zamanın yetişdirdiyi güclü, əzəmətli, ilhamlı, istedadlı qadınlardan olub. Bizi sazımıza, sözümüzə, özümüzə qaytaran analardan biri kimi yaddaşlarda yaşayır. Azərbaycan dövləti onun əməyini, zəhmətini, gördüyü işləri hər zaman qiymətləndirib. Unudulmaz Narınc Xatun dövlətimizin və dövlətçiliyimizin, sözümüzün, sazımızın sevdalısı kimi dünyadan köçüb.
Ruhu şad olsun!
İradə SARIYEVA
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.