O, 1964-cü il fevralın 26-da Gəncə şəhərində anadan olmuşdu.
Soy kökü Ulu Borçalıya bağlı olan Azadə xanımın atası Sarvanın Qasımlı, anası isə Sadaxlı kəndindən idi.
Azadə Hüseynova Gəncə şəhərindəki 1 N:-li orta məktəbi qızıl medalla bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə daxil olub.
1985-1987-ci illərdə Tələbə Elmi Cəmiyyətinin üzvü olub.
1988-1989-cı illərdə M.Qədirli adına Hövzə-klinik xəstəxanasında interna keçib.
1989-1992-ci illərdə 13 saylı Bakı Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi kimi çalışıb, eyni zamanda kardiologiya üzrə tam kurs keçib.
Qeyd edək ki, 19-21 yanvar 1990-cı il tarixində A.Hüseynova 2 yaşlı oğlu Talehlə növbədə qalıb, terapevt olduğu halda cərrahı əvəz edib.
1992-1994-cı illərdə Ə. Əliyev adına II terapiya kafedrasında klinik-ordinaturanı bitirdikdən sonra baş laborant işləyib.
2002-2005-ci illərdə Kliniki kardiologiya, 2005-ci ildə Allerqologiyanın aktual məsələləri ixtisaslaşdırma və təkmilləşdirmə kursu keçib.
Daha sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının həkimi - assistenti işləyib.
Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar cəmiyyətinin üzvü seçilib.
Ədəbi yaradıcılığa erkən başlayan Azadə xanım ilk qələm təcrübələrini 1984-1988-ci illərdə «Tibb kadrları uğrunda» qəzetində çap etdirib.
1984-1988-ci illərdə ATİ-də İctimai İxtisaslar fakültəsində xüsusi jurnalistika kursu keçərək jurnalist ixtisasına da yiyələnib.
1994-cü ildə «Səhər» qəzeti redaksiyasında şöbə müdiri olub.
1996-cı ildən «Borçalı» qəzetinin və eyni adlı jurnalın baş redaktoru olub.
1998-ci ildə Yeni Azərbaycan Partiyasının, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyyətinin (1995), Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin, 2014-cü ildə Rusiya, Dağıstan, Dərbəndə fəaliyyət göstərən "Gülüstan" Ədəbiyyatçılar ittifaqının üzvü, Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin və Gürcüstan Azərbaycanlıları Jurnalistlər Birliyinin fəxri üzvü, 2017-cı ildən Avrasiya Sanat Kultur və Bilim Fedarasiyonunun Azərbaycan təmsilçisi seçilib.
Dünyanın 32 ölkəsində olub, 20-yə yaхın хarici dövlətlərdə müхtəlif diplomlara layiq görülüb.
Respublikaməzda 200-dən artıq Fəхri fərman və diplomlarla təltif olunub.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən "Prezidentin xüsusi təqaüdünə" layiq görülmüşdü.
Dünyanın 16-dan çox ədəbiyyat məcmuələrində, o cümlədən "Aşıq Pəri Məclisi" (2004), "Zirvə" (2018), "Xarıbülbül", "Bakı-Təbriz" (2021-2022) və s. poeziya antologiyalarında şeirləri çap olunub.
Əsərləri rus , ingilis, gürcü, alman, özbək, fars, ərəb dillərinə tərcümə olunub.
Bir patentin, bir səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 60-a yaхın elmi məqalənin, bir dərsliyin müəllifidir.
Daha bir dərsliyini çapa hazırlayırdı.
2002-ci ildə «Kardiologiya», «Hakimiyyət və zaman» jurnallarının təsis edib.
2003-cü ildən «Qafqaz Media» Ictimai Birliyinin sədri, «Qafqaz Press» qəzetinin təsisçisi və baş redaktoru, 2018-ci ildən Xalq TV-nin və QafqazMedia TV-nin direktoru olub.
O, həm də xeyriyəçi xanım kimi tanınırdı; Rəhbərlik etdiyi «Qafqaz Media» İctimai Birliyinin təşkilatçılığı ilə 450-yə yaхın tədbir keçirib ki, bunun 400-ü sırf хeyriyyə tədbiri olub.
Yeganə oğlu Taleh Hüseynov 2020-ci ildə dünyasını dəyişmişdi. Zemfira adında bir nəvəsi var.
Azadə Taleh Hüseynova 2023-cü il martın 7-də Bakıda vəfat edib.
Biz də Allahdan Azadə xanıma rəhmət diləyir və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az
Mən bu yurdun şairiyəm
Mən bu yurdun şairiyəm,
Şerim sözüm müqəddəsdir.
Mən şan şöhrət istəmirəm,
Məni xalqım sevsin müdam
Bu məhəbbət mənə bəsdir.
Doğru sözün aşiqiyəm,
Xoş gündüzün aşiqiyəm.
Rəbbin, Haqqın aşiqiyəm,
Arzularım müqəddəsdir.
Bu məhəbbət mənə bəsdir!
Azadənin könlü dolu,
Dövran keçir,ömür ulu.
Qarşıdadır həyat yolu.
Yaradan gələn yazı,
Unudulmaz müqəddəsdir!
Ata
Əməli,niyyəti örnəkdir bizə
Məsləyin ən uca yoludu,Ata.
Ucalıq bəxş edib ismətimizə,
Bəşərin tarixi qoludu, Ata!
Adəmi yaratdı, Uca Yaradan,
Nəsillər törədi yaratdığından.
Dədə Qorqud andı bizə ərmağan,
Bəşərin tarixi qoludu, Ata!
Azadəyəm hicrin fərağındayam,
Atalı günlərin sorağındayam.
Yaradan qorusun Ata adını,
Bəşərin tarixi qoludu, Ata!
Nağıl tək şirin olsun
Bir ömür istəyirəm,
Mənayla dolu olsun.
Bir ömür istəyirəm
Həqiqət yolu olsun.
Bir ömür istəyirəm
İşıqlı məşəl olsun.
Bir ömür istəyirəm
Min ömrə bədəl olsun.
Bir ömür istəyirəm
Hər anı dəryadan dərin olsun.
Bir ömür istəyirəm
Nağıl tək şirin olsun.
Əzəl məhəbbəti bir dastan Bakı
Görənlər olubdu hüsnünə heyran,
Bir dövran qurmusan azad-firavan.
Doğmasan,əzizsən can sənə qurban.
Sən Cənnət qoxulu Gülüstan Bakı
Əzəl məhəbbəti bir dastan Bakı!
Ellər söhbət açır Qız Qalasından,
Xəzərə boylanan astanasından.
Doya bilməyirəm xoş havasından,
Sən Cənnət qoxulu Gülüstan Bakı
Əzəl məhəbbəti bir dastan Bakı!
Azadə-Talehə sirdaş olmusan,
İçəri Şəhərdə yaddaş olmusan
Hopub varlığıma yurddaş olmusan,
Sən Cənnət qoxulu Gülüstan Bakı
Əzəl məhəbbəti bir dastan Bakı!
Başqa hər şey yalan, oğlum
Bu gün sənin ad günündür,
Mənim igid, aslan oğlum.
Həyat çətin bir sınaqdır,
Allaha arxalan, oğlum.
Mənim qartal gözlü balam,
Nazın çəkəm, qadan alam.
Şöhrətinlə mən ucalam,
Dağlar kimi boylan, oğlum.
Zenfiramın atasısan,
Min arzuna çatasısan.
Başına dolansın anan,
Taleyi gülüstan oğlum.
Talehimsən, taleyimsən,
Sevgi dolu ürəyimsən.
Hər an mənim gərəyimsən,
İnan mənə, inan, oğlum.
Qoy duam dayağın olsun,
Səadət bayrağın olsun.
Bir oğul balan doğulsun,
Adı olsun Cavan, oğlum.
Azadə Talehəm duam
Haqqa çatar, alaram kam.
Allah verib mənə ilham,
Tək onadır güman, oğlum.
Allaha arxalan oğlum.
Başqa hər şey yalan, oğlum.
Ölə bilərəm
Sən mənə əzizsən,doğmasan bacı,
Dərdimi səninlə yarı bölərəm.
Daima sevginə var ehtiyacım,
Ürəkdə ağlaram,üzdə gülərəm.
Sən mənim qürurum,güvənc yerimsən,
Qəlbimdə döyünən ürəyim bacı,
Adını hər yerdə uca tutmuşam,
Hər zaman olmusan gərəyim bacı.
Azadə-Talehəm dosta vəfalı,
Xəyalım dolaşır eli, mahalı.
Nə yaxşı sən varsan, könlümdən halı,
Tək səni düşünüb anıram bacı!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.