VÜSAL FATEH (1990)

VÜSAL FATEH (1990) Vüsal Fateh (Vüsal Mübariz oğlu Mamedov) - 26 aprel 1990-cı ildə Kəlbəcərdə anadan olub. 1993-cü ildən məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşıblar və hazırda da Gəncədə yaşayır. 1997-ci ildə Kəlbəcər rayon 4 saylı orta məktəbin 1-ci sinifinə daxil olub, 2008-ci ildə həmin orta məktəbi bitirib. 2008-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 2012-ci ildə ali təhsilini başa vurub. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Daxili Qoşunlarında hərbi xidmət¬də olub. 2014-cü ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində məsul vəzifədə işləyir.

Vüsal Fateh həm də bədii yaradıcılıqla da məşqul olur. Biz də ona yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Bayram AŞIQLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
“Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatı

ZiM.Az


QOCALDIM

İstəməzdim saçlarıma dən düşə
Dərdi yedim yavan-yavan, qocaldım.
Qəmli keçdi həyat yolum, yaşadım
Ruhum qoca, yaşım cavan qocaldım.

Vaxt varıydı bəxtə günəş doğardı
Xoşbəxt idim üzdən gülüş yağardı
Qəhər boğdu qara saçım ağardı
Heç olmadı dərdi qovan, qocaldım.

Mən Vüsalam, yolun azdı taleyim
Mən sağikən qəbir qazdı taleyim,
Dərddən yazdı , qəmdən yazdı taleyim
Olmaz oldu bəxtim rəvan, qocaldım.

QƏM ARASINDA

Yenə ürəyimə qəmlər dolanır
Sevinc axtarıram qəm arasında
Elə dolmuşam ki, bulud kimiyəm,
Sıxılıb qalmışam nəm arasında.

Qəlbində dərdinə döz ha deyirlər,
Gileydən əlini üz ha deyirlər,
Əyrini görürlər düz ha deyirlər,
Tutulur zil səsim bəm arasında.

Əlacım olsaydı qəmdən yazmazdım,
Taledən qismətdən yazıb pozmazdım,
Dərd-qəmin içində belə azmazdım,
Gülərdi gözlərim cəm arasında.

Xoşbəxtlik gəzirəm yoxluq içindən
Ox dəyir könlümə oxluq içindən
Vüsalam qaçıram çoxluq içindən,
Dolanıb gəzirəm kəm arasında.

DEYİRƏM

Hanı ürəyimdən keçən arzular
Ölür ümidlərim sağ-sağ, deyirəm.
Mənim ürəyimdir dözüb dayanır
Dözməzdi bu dərdə heç dağ, deyirəm.

Kiçilir , əriyir sevinc içimdə,
Çoxalır könlümdə qəm bu biçimdə,
Düşünür düşüncəm qalır seçimdə,
Düz getmir bu zaman, bu çağ deyirəm.

Vüsalam, ağlımda yalnız gerçəklər
Azalır ömürdən hər gün ləçəklər,
Solur ümidlər tək solur çiçəklər,
Açmır nə baxçalar, nə bağ deyirəm.

GƏL DEYİR

Gözümdən yaş qətrə-qətrə süzülür
Muncuq-muncuq yanağımda düzülür
Yazıq canım gündən-günə üzülür
Həsrət çəkir iki gözüm gəl deyir.

İtir sevinc tapır kədər doluram
Damla-damla, gilə-gilə soluram
Bəxtə dönük, bəxtə asi oluram
Odlanıram odum, közüm gəl deyir.

Xatirələr, xəyalların önümdə
Boğuluram heç çıxmayır ünümdə
Sənsiz ötən ayda, ildə, günümdə
Dilimdəsən kəlməm, sözüm gəl deyir.

Çox çəksəm də həsrət, hicran bezmirəm
Gələcəksən ümiddən əl üzmürəm
Darıxıram sənsizliyə dözmürəm
Camalına həsrət özüm gəl deyir.

Sən gedəli danışmıram susur dil
Həsrət qalıb bu ürəyim həsrət bil
Gəl Vüsalın göz yaşını qurut, sil,
Bu tükənən taqət, dözüm gəl deyir, deyir...

SAXLAMIRAM

O qədər yanmışam dərdin əlindən
Daha xoşbəxtlikdən söz saxlamıram.
Cavanlıq ömrümü qoca yaşadım
Daha qocalığa diz saxlamıram.

Qara imiş bəxtim mən bilməmişəm
Gözüm açılandan heç gülməmişəm
Min dərdi sinəmdə kül eyləmişəm,
Özüm od-alovam köz saxlamıram.

Ağladım qoşulub kamana, neyə
Qurban verdim ömrü gör kimə, nəyə
Dərdli Vüsalam dərd, tapmasın deyə
Gəzdiyim yerlərdə iz saxlamıram.

TALEYİM

Döndün zimistana, döndün borana
Ələdin üstümə qarı, taleyim.
Dur! Yatma yazığam, oyan sən Allah,
Bir yol xoşbəxtlikdən yarı, taleyim.

Düzülmə yoluma kələklər kimi
Ələmə dərdini ələklər kimi,
Qasırğalar kimi, küləklər kimi
Yıxma həyatımı, barı taleyim.

Gülüş gizlətmədin kədərin altda
Gör nələr yatırmış qədərin altda,
Boğdunsa Vüsalı qəhərin altda,
Neyləyim dövləti, varı, taleyim.

HARAYINDA

Əriyir dərdlərim dolur könlümə
Yanır ilmə-ilmə saz harayında.
Həsrətdən eşqimin solub baharı
Dolanıb, gəzirəm yaz harayında.

Bu necə saatdır, bu necə andır
Sənsiz ürəyimə qatil zamandır
Həsrətlə yaşamaq vallah yamandır
Gəl olma bu qədər, naz harayında.

Vüsalam, gözümdən yaş da çıxmazdı
Sevgimi, eşqimi kədər sıxmazdı
Ayrılıq küləyi bizi yıxmazdı,
Olsaydın sevgimin, az harayında.

YAZIQSAN

Gözlərini həsrət, hicran göynətsə
Məhəbbətin daşa dəysə, yazıqsan.
İnsan oğlu qaç qəmlərdən uzağa
Sevinc dərdə boyun əysə, yazıqsan.

Uyma pula, var-dövlətə gen dolan
Hörmət olar, izzət olar tək qalan
Elə dönük, yurda satqın, şər olan,
Bu el-aləm səni söysə, yazıqsan.

Çalış, vuruş baxmasın ha göz ələ,
Tale gülsün qurmasın heç bəxt tələ,
Oğulsansa dərtlərini üstələ,
Vüsal səni dərd-qəm döysə, yazıqsan.

SƏN DEMƏ

Doğulandan ağladığım dünyada
Dərdin-qəmin gözüyəmmiş, sən demə.
Yaralardan susqun qalan könlümün
Söhbətiyəm, sözüyəmmiş, sən demə.

Sözlərimdə kəlmə-kəlmə düzülən
Gözlərimdən qətrə-qətrə süzülən
Ürəyimdə nakam qalıb əzilən
Arzuların özüyəmmiş, sən demə.

Vüsal, bir gün həsrət qalan əllərin
Sığal çəkə, tumarlaya tellərin,
Düz danışan, doğru olan dillərin
Doğrusuyam, düzüyəmmiş, sən demə.

SƏN DEYİR

Sən gedəli qan ağlayır ürəyim,
Dolur gözüm, susmur dilim, sən deyir.
Günlər aya, aylar ilə dəyişir
Sənsiz ötən ayım, ilim, sən deyir.

Əzbərisən, dolanırsan dilimdə
Dən olursan bircə-bircə telimdə,
Həsrət çəkir qəlbim kimi əlim də
Siyah zülfə həsrət əlim, sən deyir.

Vüsal çəkən həsrət, hicran dözülməz,
Şirin olar yar cəfası bezilməz,
Ürəyimdən özgə yerə süzülməz -
Gözdən axan yaşım, selim, sən deyir.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: