Bizdə isə tam başqa mənzərənin şahidi oluruq. Valideynlərin təkidi və istəyi ilə uşaq rəqsə, musiqiyə, futbola və yaxud sevmədiyi digər məşğuliyyət və elmlərlə məşğul olmağa vadar edilir. Bu təkcə təhsil sahəsində deyil, məişətdə də özünü göstərir. Uşaqlar öz zövqlərində paltar və ayaqqabı, oyuncaq almaq əvəzinə valideynlərin zövqünü oxşayan əşyalar alırlar. “Filankəsin uşağı filan şey geyinir, mənim uşağımda da olmalıdır” fikrini dəstəkləyərək uşağın sərbəst seçimini əllərindən alırlar.
Valideyn artıq uşaq aşağı siniflərdə oxuyandan qərar verir ki, o gələcəkdə kim olacaq, hansı universitetdə oxuyacaq, hansı şəhərdə və kənddə yaşayacaq, kimə gedəcək və ya kimi alacaq? Oğlan müəllimlik ixtisasını sevirsə, “kişi nədir, müəllim nədir, özünə kişi sənəti seç” deyib tənbeh edirlər. Qızlarda vəziyyət daha acınacaqlıdır: “Qız oxumaz, qızın ən böyük sənəti namusla oturub bakirəliyini qorumaqdır”. Özünü ziyalı sayan bəzi dırnaq arası müasirliklə ayaqlaşan ailələr qızlarını oxudurlar. Lakin o qızın arzu və istəkləri nəzərə alınmadan “yalnız və yalnız müəllim ixtisasına sahiblənməlisən” deyə qarşılarına şərt qoyurlar.
“Qız üçün ən münasib sənət müəllimlikdir, gedib 2-3 saat dərsini deyib gəlib şorbasını bişirsin”.
Yetkinlik yaşına çatmış hər hansı bir yeniyetmə əgər xaricdə təhsil almaq istəyirsə nəinki valideynləri, özlərini ağıllı bilən qohum-əqraba hərə bir ağıl verəcək. Tanımadığın ölkə, yad insanlar, qürbət, fərqli adət-ənənələr, oxuyursan oxu öz vətənində. Hətta bəzi 1-2 folklor nümunəsi bilənlər folklordan bayatı, atalar sözləri də misal gətirəcəklər: “Qürbətdə xan olunca vətənində dilən gəz”.
Bizim gənclik artıq idarə olunmağa, azadlıqları əllərindən alınmağa alışıblar. Uşaqlıqdan onlara dostu, rəfiqəni belə valideyn seçir: kimsə oğraş adamdır, onun uşağı ilə dostluq etmə. Kimsə ərindən boşanıb, kimsə arvadını boşayıb, kimləsə valideyn danışmır, onların uşaqları ilə dostluq etməyə imkan vermirlər. Əgər bir uşaqdan şorunsan sənin dostun kimdir, gələcəkdə kim olmaq istəyirsən, hansı sahələrə marağın var suallarını valideyn cavablandıracaq. Artıq özünün şüurlu bir məxluq olduğu unudan uşaq və ya yeniyetmə valideyninin üzünə boylanacaq, çünki özünün bütün düşüncələrinin yanlış olduğu qənaətindədir.
Hər bir normal gənc artıq sərbəst düşünmək, azad qərar vermək, çəkinmədən öz fikrini bildirmək iqtidarındadır. Lakin onların fikri valideynlərin düşüncələrinin səsli surətidir. İşlətməyə ehtiyac olmayan, günü-gündən pas atan beyin cihaz kimi valideynlər və yaşlı nəsil tərəfindən idarə edilir. Bir oğlana sual versən “ailə qurduğun qızla harada tanış olmusan?”, 90 faizinin cavabı “atam, nənəm, anam və s. seçib” deyəcək.
Bizi ayaqlarına bağlayıb sürüyən valideynlərimiz “zəmanənin zayı çıxıb, övlada nəzarət etmək lazımdır” deyərək özlərinə haqq qazandıracaqlar. Çünki onlar öz valideynlərindən bunu görüblər. Valideynlərimizi öz valideynləri sürüyüb, onlar da bizi.
Gənclər eşitdikləri informasiyanı, oxuduqları xəbəri analiz edə bilmirlər. Dərhal bunu valideynlə bölüşür, valideynin cavabına sözsüz inanırlar. Sanki onların daşıdıqları beyin, dünyaya gətirdikləri övladlarınınkı balqabaqdır.
Seçkilərdə 18 yaşına çatan hər bir gənc iştirak və azad seçim edə bilər.
Gənclərin azad seçimi isə valideynin seçimidir.
Azad sözümüzü deyib fikrimizi çatdıra bilməməkdə ən böyük müqəssir valideynlərdir.
Onlar bizi məngənəyə salır, onlar bizləri şikəst edirlər.
Onlar inkişafımıza mane olur, onlar tərəqqinin yolunu kəsirlər. Lakin günahı təkcə valideynlərdə axtarmayaq.
Yaşadığımız cəmiyyət, məktəb və ali məktəblərdəki müəllimlər də bu siyahıda yer alır.
Şagird və tələbə rahat oturmalı, artıq söz danışmamalı, fikir bildirməməli, müəllimin səhvinə göz yummalıdır.
Hətta müəllim tərəfindən təhqir olunub şillə- dumbuz yedikdə səsini çıxarmamalıdır.
Əgər uşaq haqqını tələb edərsə onun ancaq bir adı olacaq – “ailə tərbiyəsi görməyən”.
Universitetlərdə vəziyyət daha bərbaddır.
Yetkinlik yaşına çatan şagirdlər və gənclər arasında heç bir fərq yoxdur.
Bütün bunlar uşaqlıqdan başlayır.
Bunun nəticəsində də cəmiyyətdə sözünü deyə bilməyən gənclik yetişir.
Elida MUXAYEVA,
BDU-nun II kurs tələbəsi.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.