Qonşu Gürcüstanın
Kvemo Kartli bölgəsinin
Bolnisi rayonunda
20 Yanvar faciəsinin
29-cu ildönümünə
həsr olunmuş anım
mərasimi keçirilib.
ZiM.Az xəbər verir ki,
tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Bolnisi Rayon İcra Hakimiyyəti Başçısının müavini Cumber Qobeçişvili, Bolnisi şəhər merinin müavini Lonqinoz Həsənov, Kvemo-Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı, eləcə də digər rəsmi şəxslər, gürcü ictimaiyyətinin nümayəndələri, ziyalılar və tələbələr iştirak etdilər.
Bolnisi Rayon İcra Hakimiyyəti Başçısının müavini Cumber Qobeçişvili çıxış edərək bildirib ki, gürcü xalqı şad gündə də, ağır tarixi günlərdə də qardaş Azərbaycan xalqının yanındadır. 20 Yanvar və 9 Aprel hadisələri bizim ortaq kədərimizdir. Amma xalqlarımızın göstərdiyi mübarizə və qardaşlıq əzmi qırılmazdır. Şəhidlərimiz 1989-cu il aprelin 9-da və 1990-cı il yanvarın 20-də bunu öz qanları və canları bahasına bir daha sübut ediblər.
Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri
Dursun Həsənov tədbirdə çıxış edərək 1989-cu ilin 9 Aprel və 1990-cı ilin 20 Yanvar hadisələrinin baş vermə səbəbləri, xalqlarımızın müstəqillik uğurundakı mübarizəsi barədə ətraflı məlumat verib.
Diplomat bildirib ki, 20 faciəsi anti-Azərbaycan qüvvələrin azərbaycanlılara qarşı başlatdığı mənfur siyasətin davamı idi. Amma həmin qüvvələr xalqımızın mübarizə əzmini, azadlıq hissini boğa bilmədilər. Ona görə də deyə bilərik ki, 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb.
D.Həsənov qeyd edib ki, 20 Yanvar faciəsinə ilk və ən kəskin etirazı həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bildirib: "Ümummilli liderimiz bütün təhdid və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə hüquqi, siyasi qiymət verilib".
Səfir faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin xidmətlərini qeyd edib, onun 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Sonra Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələrindən danışıb, iki xalqın oxşar tarixindən, ortaq dəyərlərindən söz açıb. Bildirib ki, sovetlər birliyinin dağılması ilə bir sıra xalqlar müstəqillik uğrunda mübarizəyə qalxdılar. Bu xalqlar sırasında Azərbaycan və Gürcüstan xalqları da var idi. Həmin dövrdə ən qatı cinayətlər məhz Azərbaycana və gürcü xalqına qarşı törədildi. Bütün olanlara baxmayaraq, nə Azərbaycan, nə də Gürcüstan öz müstəqillik ideyasından geri çəkilmədi. Əksinə bu mübarizə daha kəskin xarakter aldı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan və Gürcüstan müstəqil dövlət olaraq dünya birliyində layiqli yerlərini tutublar.
Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov,
“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın idarə heyətinin üzvü, Kəpənəkçi (indiki Aşağı Bolnisi - Kvemo-Bolnisi) kənd 1 saylı ictimai məktəbinin direktoru Ziyadxan Sərdarov və başqaları çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar. Bildirilib ki, xalqların azadlıq mübarizə əzmini qırmaq olmaz. Qan bahasına əldə olunan müstəqillik əbədi olur.
Qeyd olunub ki, 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlardan biri də Bolnisi rayon Faxralı kənd sakini İlqar Əhmədovdur. Gürcüstanda da şəhidlərimizin xatirəsi daim əziz tutulur.
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.