AMEA-nın Rəyasət Heyətinin nəzdindəki
Xarici dillər kafedrasının professoru, filologiya üzrə elmlər doktoru,
Aleksandr fon Humboldt Fondunun üzvü, ilk və yeganə azərbaycanlı xanım mükafatçısı, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fərdi qrantının 4 dəfə təltifçisi...
Bu siyahını istənilən qədər uzatmaq olar.
Ən əsası siması kimi qəlbi də gözəl olan bir insan, Səadət Məmməd qızı Zeynalova.
Özünü təsdiq edən insanların ömrü onun əməlləri ilə ölçülür. Ulu Yaradan Səadət xanıma gözəl istedad bəxş edib, özü də birini yox, bir neçəsini - dərin savad, möhkəm iradə, hər şeyi sistemləşdirmək bacarığı, həyata, hadisələrə ali münasibət və s. Amma onu başqalarından fərqləndirən əsas cəhət onun əməllərində həmişə düzgün, dürüst olmasıdır.
Bu günlərdə Səadət Zeynalova xoş bir gününü - ömrünün 60-cı baharını qeyd edir.
Onun keçdiyi şərəfli ömür yoluna qısa şəkildə nəzər salmaq istərdik.
Səadət Zeynalova 1954-cü ildə Azərbaycanın dilbər guşəsi olan Şəki şəhərində anadan olmuşdur.
1972-ci ildə Bakı şəhər 39 saylı orta məktəbi, 1978-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (ADPXDİ) alman dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1979-1984-cü illərdə aspiranturada oxumuş və 1986-cı ildə İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetində “Müasir alman dilində saitlərin Azərbaycan dili ilə müqayisədə reduksiyası problemi” (eksperimental-fonetik tədqiqat) mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, həmin il filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
1987-ci ildən Azərbaycan Elmlər Akademiyasının Xarici dillər kafedrasında müəllim kimi əmək faliyyətinə başlamışdır, 1989-cu ildən baş müəllim, 1992-ci ildən dosent, 2012-ci ildən icraedici professor, 2013-dən isə professor vəzifəsində çalışır.
1996-cı ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrasının dosent elmi adını almışdır.
2010-cu ildə “Funksional sözlər və onların danışıq aktında struktur-semantik təhlili” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1995, 2003, 2008, 2011-ci illərdə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fərdi qrantı ilə təltif olunmuş və AFR-in müxtəlif universitetlərində və mərkəzlərində - Berlinin Vilhelm fon Humboldt Universitetinin Alman dili və Germansitika İnstitutunda, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində, Berlinin Azad Universitetinin Alman və Niederland Filologiyası və Türkologiya institutlarında, Münxen Ludvig Maksimillian Universitetinin Fonetika və Fonologiya İnstitutunda, Leypsiq Universitetinin Linqvistika İnstitutunda və Potsdam Universitetinin Germanistika İnstitutunda dəvət olunmuş professor kimi elmi-tədqiqat işləri aparmışdır.
1997-1999, 2002-ci illərdə Aleksandr fon Humboldt Fondunun mükafatına layiq görülmüş və qrant çərçivəsində Almaniyada uzunmüddətli elmi tədqiqat işlərinin aparılması və elmi təcrübə keçməyə dəvət olunmuşdur. Fondun dəstəyi ilə Berlinin Vilhelm fon Humboldt Universitetinin Alman dili və Linqvistika, eləcə də Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində aparılan layihə işlərində fəal iştirak etmiş və doktorluq dissertasiyası ilə bağlı alman və Azərbaycan materialları əsasında müasir eksperimental-fonetik tədqiqatlar aparmış, alınan nəticələri müasir statistik proqramlarla işləmiş, 2004, 2006, 2010, 2011, 2012-ci illərdə Aleksandr fon Humboldt Fondunun dəstəyi ilə adıçəkilən təşkilatlarda yenidən işgüzar səfərlərdə olmuşdur.
2004-cü ildə Vyana Universitetinin Dilçilik və İndogermanistika İnstitutunda, 2006-cı ildə isə Avstriya Elmlər Akademiyasının Vyanadakı Səslərin Tədqiqi İnstitutunda elmi ezamiyyətdə olmuşdur.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “3 Mobillik qrantı” müsabiqəsinin qalibi olmuşdur.
O, Azərbaycanın müxtəlif universitetlərində Qərb Universitetinin xarici dillər kafedrasında (1992-1993), Azərbaycan Dillər Universitetinin Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasında (1994-1997, 2000-2009) alman dilinin eksperimental və nəzəri fonetikası, alman dilinin tarixi, qrammatikası və tipologiyası fənlərindən bakalavr və magistrlara mühazirələr oxumuş və praktik məşğələlər aparmış, diplom işlərinin rəhbəri olmuşdur. O, eləcə də Azərbaycan Texniki Universitetinin Xarici dillər kafedrasında (1999-2000), Azərbaycan Dövlət Neft Akademiyasında AFR-in Siegen Universitetinin avtomobil fakültəsində (2004-2006) kontraktla dosent vəzifəsində işləmişdir.
S.Zeynalova eləcə də 2005-2008-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun german və roman dilləri şöbəsinin dosenti, 2010-2011-ci illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) xarici dillərdə informasiya baş redaksiyasının alman dili bölməsinin müdiri vəzifəsində çalışmışdır.
2007-ci ildən Ümumdünya Germanistlər Cəmiyyətinin (Varşava), 2011-ci ildən isə Ümumdünya Germanistlər Cəmiyyətinin (Şanxay) üzvü secilmişdir. 2010-cu ildə isə Varşava səhərində keçirilən Ümumdünya Germanistlərinin XII Konqresində “Morfoloji səviyyədə uyğunsuzluqlar haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir.
2011-ci ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə ekspert şurasının üzvü, 2014-cü ilin mart ayından isə sədr müavinidir.
28 ildən artıq müddətdə pedaqoji və 36 il elmi-pedaqoji fəaliyyət göstərmiş S.Zeynalova Azərbaycanda, MDB ölkələrində, o cümlədən yaxın və uzaq xaricdə nəşr olunan 50-dən çox elmi əsərin müəllifidir.
Bu görkəmli şəxsiyyət, bütün həyatını elmə sərf etmiş insan - Səadət Zeynalova həm də A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşıdır.
O, 2012-ci ildən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Nəşriyyat işi və tərcümə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
2007-ci ildən başlayaraq AMEA A.Bakıxanov adına Tarix İnstitutunda institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə geniş islahatlar proqramı reallaşdırılır, müxtəlif elmi məktəblər yaradılır, layihələr həyata keçirilir. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi həmin islahatlar proqramının mühüm tərkib hissəsidir. Azərbaycan tarix elminin gələcəyi üçün son dərəcə gərəkli olan bu layihənin həyata keçirilməsi, hər şeydən əvvəl, onunla bağlıdır ki, Azərbaycan tarixinin son illərədək öyrənilməyərək qalan çoxsaylı problemlərinin tədqiq olunması institutda diqqət mərkəzinə götürülmüşdür.
Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması tarixçilərin əsas tədqiqat obyektinə çevrilmişdir. Xalqımıza kölə psixologiyası aşılayan Sovet tarix elmindən fərqli olaraq, zəngin keçmişimizi indiki və gələcək nəsillərə olduğu kimi çatdırmaq imkanı yaranmışdır.
İlk növbədə tarixən yaxın qonşularımız olan Osmanlı (indiki Türkiyə Cümhuriyyəti) və Rusiya (indiki Rusiya Federativ Respublikası) imperiyasının, hətta ərazi baxımından Azərbaycana yaxın olmayan, yeni dövrün aparıcı dövlətləri olan İngiltərə, Fransa və Almaniyanın da dövlət arxivlərində Azərbaycan tarixinin geniş bir dövrünü əhatə edən, öyrənilməsi vacib olan qiymətli sənədlər saxlanılırdı. Lakin Azərbaycan tarixinin müxtəlif dövrlərini və problemlərini əhatə edən həmin sənədlərdən istifadə olunmasına istər Sovet imperiyası dönəmində, istərsə də ondan əvvəl nəinki imkan verilməmiş, hətta ciddi qadağalar qoyulmuşdu. Müxtəlif xarici dillərdə olan və dünyanın bir çox ölkələrində saxlanılan bu ilk mənbələrin, o cümlədən arxiv sənədlərinin, ölkəmizə gətirilərək nəşr olunmasına və tədqiqatçılara çatdırılmasına nəinki lazımınca diqqət yetirilməmiş, hətta ölkəmizdə saxlanılan arxiv sənədləri də nəşr olunmamış, geniş elmi dairələrə və oxucu kütləsinə çatdırılmamışdır. Daha doğrusu, xalqdan gizlədilmişdir.
Tarix İstitutunda həyata keçirilən “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində vaxtilə üzümüzə qapalı olan xarici dövlətlərin arxivlərində nəinki işləmək, hətta bu sənədləri olduğu kimi institutumuza gətirib çap etmək imkanı yarandı. Artıq Tarix İnstitutunda Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan bu sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir.
Səadət Zeynalova AMEA-nın Tarix İnstitutunda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi üzrə təşkil olunmuş AFR-in Xarici İşlər Nazirliyinin Siyasi arxivində, Bundesarxivdə, Prussiya Mədəni İrsi Gizli Dövlət arxivində elmi tədqiqat işləri aparmaq üçün AMEA Tarix İnstitutunun təşkil olunmuş elmi işçi qrupun rəhbəridir.
Səadət Zeynalova başda olmaqla onun rəhbərlik etdiyi elmi işçi qrup - aparıcı elmi işçi, Dövlət mükafatı laureatı, t.ü.f.d. Güntəkin Nəcəfli, elmi işçi, t.ü.f.d. Nailə Bayramova və doktorant Nigar Abuşova Berlin şəhərində yerləşən alman arxivlərdə çalışmaq üçün dəfələrlə elmi ezamiyyətdə olmuşlar. Bu çalışmanın nəticəsi olaraq Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı arxiv sənədləri sifariş olunmuş və çox sayda arxiv sənədlərinin fotosurətləri institumuza gətirilmişdir.
S.Zeynalova Almaniya Federativ Respublikası arxivlərində saxlanılan Azərbaycan tarixinə aid sənədlər və kitablar kataloqunun - “Akten und Bücherkatalog über die Geschichte Aserbaidschans in den Archiven und Bibliotheken der Bundesrepublik Deutschland” “Ön söz” hissəsini alman dilinə tərcümə etmiş, kataloqu redaktə və korrektə etmiş və nəşrə hazırlanmasında fəal iştirak etmişdir.
S.Zeynalova Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Siyasi arxivindən əldə olunan sənədlər əsasında hazırlanmış sənədlər toplusunun - “Geschichte Aserbaidschans in den Archivakten (May-Oktober 1918)” I. Band” “Ön söz” hissəsini alman dilinə tərcümə etmiş, sənəd toplusunun korrektə olunması və nəşrə hazırlanmasında yaxından iştirak etmişdir.
Hazırda S.Zeynalova Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Siyasi arxivindən əldə olunan sənədlər əsasında hazırlanmış digər sənəd toplularının - “Geschichte Aserbaidschans in den Archivakten (1918-1919)” II. Band” və “Geschichte Aserbaidschans in den Archivakten (1918)” III. Band” “Ön söz” hissələrini alman dilinə tərcümə etmiş, sənədlər toplusunu korrektə və redaktə etmiş və nəşrə hazırlanmasında fəal iştirak edir.
Səadət Zeynalova başda olmaqla onun rəhbərlik etdiyi elmi işçi qrup Berlin şəhərində yerləşən alman arxivlərindən Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı arxiv sənədlərinin Tarix İnstitutuna gətirilməsinin nəticəsi olaraq aşağıdakı kataloq və sənəd topluları hazırlamışdır.
Almaniya Federativ Respublikası arxivlərində saxlanılan Azərbaycan tarixinə aid sənədlərin kataloqu. (Bakı, Turxan, 2013, 110 s.); Azərbaycan tarixi arxiv sənədlərində (may-oktyabr 1918). I cild. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi arxivinin sənədləri. (Bakı, Turxan, 2013, 337 s.); Azərbaycan tarixi arxiv sənədlərində (1918-1919). II cild. Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi arxivinin sənədləri. (İstehsalatdadır); Azərbaycan tarixi arxiv sənədlərində (fevral-iyun 1918). III cild. Almaniya Federativ Respublikası Xarici işlər Nazirliyi Siyasi arxivinin sənədləri. (İstehsalatdadır).
S.Zeynalova həmçinin A.Bakıxanov adına Tarix İnstitutunun 2010-cu ildə nəşr etdirdiyi fundamental əsəri - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” (rus dilində) monoqrafiyasını alman dilinə tərcümə etmişdir (610 səh.). Kitab alman dilində Almaniya Federativ Respublikasında nəşr olunmaq üçün hazırlanır.
Bununla yanaşı, Səadət Zeynalova A.Bakıxanov adına Tarix İnstitutu ilə Almaniya Federativ Respublikasının tarixçi alimləri arasında elmi əməkdaşlığın yaradılmasında, beynəlxalq elmi konfransların və digər tədbirlərin təşkil edilməsində də fəal iştirak edir. Hazırda institutumuzun fəxri doktorları sırasında Almaniya Federativ Respublikasının 2 nəfər tarixçi alimi vardır.
Səadət xanım həm də gözəl ana, qayğıkeş ömür-gün yoldaşı, sevimli nənədir. Həyat yoldaşı məşhur kimyaçı alim, k.e.d. Eldar Zeynalov, qızı Günel Mehdizadə, oğlu Bahadur Zeynalov, sevimli nəvələriniz Mehdi və Zair Səadət xanım kimi həyatsevər bir insanla daima fəxr edirlər. Həm ailəyə qayğı göstərmək, həm də elmi-pedaqoji fəaliyyətlə mütəmadi olaraq məşğul olmaq hər xanımın hünəri deyildir. Səadət xanım, bu qədər çətinliklərə baxmayaraq, hər iki missiyanın öhdəsindən gələ bilmişdir.
Yüksək səviyyəli germanist alim, səriştəli pedaqoq-müəllim, Aleksandr fon Humboldt Fondunun üzvü, ilk və yeganə azərbaycanlı xanım mükafatçısı, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fərdi qrantının təltifçisi (4 dəfə), Səadət xanım! Çox sayda müxtəlif mükafatlara layiq görülməniz sizin Vətən və xalq qarşısındakı xidmətlərinizə verilən qiymətdir. Buna görə də Siz ən xoş minnətdarlıq sözlərinə layiqsiniz!
Sizin səmərəli elmi tədqiqat və pedaqoji fəaliyyətiniz - Azərbaycan və german dilçiliyinə dair 50-dən çox elmi əsər, elmi-publisistik məqalələr, dərsliklər və dərs vəsaitləriniz, dilçilik araşdırmalarınızın özəyini təşkil edir. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində gördüyünüz işlər Sizin milli tarix elmimizin araşdırılmasına mühüm, dəyərli töhfədir.
Qədirbilən xalqımız Sizə - səriştəli pedaqoq-müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya üzrə ekspert şurasının sədr müavini kimi ölkənin elmi həyatı ilə bağlı gördüyünüz işlər üçün də minnətdardır. Təhsil və elmi təşkilatçılıq işində - AMEA-nın Rəyasət Heyətinin nəzdindəki Xarici dillər kafedrasında çox sayda elmi kadrların, gənc alimlərin yetişdirilməsi, AMEA Tarix İnstitutunda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində gördüyünüz işlərlə və digər sayagəlməz uğurlarınızla da Siz özünüzə ümumxalq sevgisi qazanmısınız!
Sizə bu şərəfli işdə uğurlar arzulayırıq...
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun əməkdaşları:
Güntəkin Nəcəfli,
Nailə Bayramova,
Nigar Abuşova.
REDAKSİYADAN:
Fürsətdən istifadə edərək, biz də bu səmimi azulara qoşulur, xalqımızın dəyərli ziyalısı,
Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinın Xarici dillər kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor,
xeyirxan insan
Səadət xanım Zeynalovanı
Yubileyi münasibətilə ürəkdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyirik!
Müşfiq BORÇALI,
ZiM.Az
"Şərqin səs" qəzeti",
N: 68 (298),
Oktyabr, 2014-cü il.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.