AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin birgə iclasında ölkə Prezidenti İlham Əliyevin Sərəncamlarından irəli gələn və Akademiya alimləri qarşısında duran vəzifələr müzakirə olunub.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli
Azərbaycanda humanitar və ictimai elmlər sahəsində keçirilən islahatlardan danışaraq bu sahələrin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun keçirilməsi haqqında verilən Prezident Sərəncamlarının əhəmiyyətini vurğulayan akademik İ.Həbibbəyli keçiriləcək beynəlxalq konfranslar, çap olunacaq kitablar və məqalələr topluları, uşaq və yeniyetmələr üçün İslam ensiklopediyasının hazırlanması, sərgilərin təşkili ilə əlaqədar alimlərin qarşısında duran vəzifələrdən danışıb.

Müzakirələrdə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrini əhatə edən elmi-tədqiqat institutlarının və muzeylərin rəhbərləri iştirak ediblər.
Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova, institut rəhbərləri - akademiklər Rafael Hüseynov, Nailə Vəlixanlı, müxbir üzvlər Muxtar İmanov, Möhsün Nağısoylu, Ərtegin Salamzadə, Şahin Mustafayev, professorlar İlham Məmmədzadə, Musa Qasımlı, Maisə Rəhimova, Aytən Mustafayeva, Gülbəniz Babaxanlı və başqaları təmsil etdikləri elmi-tədqiqat müəssisələrində keçirilməsi planlaşdırılan elmi konfrans və sessiyalar, sərgilər barədə mülahizələrini və təkliflərini irəli sürüblər.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradov V Beynəlxalq Azərbaycan xalçası simpoziumu ilə əlaqədar olaraq başçılıq etdiyi qurumun üzərinə düşən vəzifələr və görülmüş işlər haqqında məlumat verib.

Tədbirdə, həmçinin uşaq və yeniyetmələr üçün nəzərdə tutulan İslam ensiklopediyasının nəşrini təmin etmək məqsədilə akademik İ.Həbibbəylinin rəhbərliyi ilə müvafiq komissiya və işçi qrupu yaradılıb.

İclasda AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, “Elm” nəşriyyatının direktoru Hafiz Abıyev çıxış edərək rəhbərlik etdikləri qurumlarda görüləcək işlərdən bəhs ediblər.

Sonda akademik İ.Həbibbəyli müəyyən olunmuş tədbirlər planlarında nəzərdə tutulan məsələlərin yüksək elmi-təşkilati səviyyədə keçirilməsi üçün tanınmış alimlərlə yanaşı, gənc elmi qüvvələrin də imkanlarından istifadə edilməsinin əhəmiyyətli olduğunu bildirib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: