Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Akademiyasının fəxri üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik
Teymur Kərimli alimin tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da peşəkar dilçi kimi tanındığını bildirib. Qeyd edib ki, Q.Kazımov həmişə filoloji elmin ən mühüm, aktual problemlərinə diqqət yetirib və onun tədqiqat üslubu bədii-estetik xüsusiyyətlərinə görə fərqlənir.
Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Görkəmli dilçi alim” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında alimin Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində məhsuldar fəaliyyət göstərdiyini və çoxsaylı araşdırmaları ilə bütövlükdə filologiya elminə dəyərli töhfələr verdiyini bildirib. M.Nağısoylu alimin “Azərbaycan dilindən təcrübi məşğələlər”, “Yazıçı və dil”, “Komik-bədii vasitələr”, “Bədii ədəbiyyatda komizm üsulları”, “Qurbani və poetikası”, “Sənət düşüncələri”, “Dilimiz-tariximiz”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)” kimi kitabların, o cümlədən ali və orta məktəblər üçün “Azərbaycan dili” dərsliklərinin müəllifi olduğunu diqqətə çatdırıb.
Konfransda
AMEA-nın müxbir üzvü
Nizami Cəfərov, Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, institutun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova və digərləri çıxış edərək professorun Azərbaycan dilçilik elminin inkişafındaki xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Q.Kazımov xalqımızın etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitabları ərsəyə gətirib.
Sonda professor
Qəzənfər Kazımov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Biz də, ZiM.Az-ın bütün yaradıcı heyəti adından görkəmli dilçi-alim,
çox hörmətli professor Qəzənfər Kazımovu
anadan olmasının 80 illik
Yubileyi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı
və elmi yaradıcılığında
yeni-yeni uğurlar
arzulayırıq!...
Müşfiq BORÇALI,
Zim.Az
Zim.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.