“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans 2017-ci il aprelin 25-də öz işini yekunlaşdırıb.

ZiM.Az xəbər verir ki, konfrans çərçivəsində “Türkologiya” jurnalının akademik A.Axundova həsr olunmuş növbəti seminarı keçirilib.

Jurnalın baş redaktoru, akademik Kamal Abdullayev Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi A.Axundovun elmi fəaliyyətindən danışaraq bildirib ki, alim Azərbaycan dilinin və ədəbiyyatının xarici ölkələrdə təbliği sahəsində işlərin başlanğıcını qoyub.

“Türkologiya” jurnalının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verən akademik dərginin Azərbaycan elminin təbliğindən söz açıb. O, uzun illər A.Axundovun rəhbərlik etdiyi bu jurnalın hazırda ideya istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. K.Abdullayev qeyd edib ki, AMEA-nın rəyasət heyətinin müvafiq qərarından sonra jurnalda yalnız dilçilik istiqamətində deyil, həm də fəlsəfə, ədəbiyyat, tarix, folklor, mifologiya və s. istiqamətdə də yazılar çap olunur. Jurnalın tərkibi daha da genişlənib, həmçinin dərginin beynəlxalq məsləhətçiləri sırasına dünyanın müxtəlif ölkələrindən dilçi, ədəbiyyatşünas, tarixçi, folklorşünas və digər sahələrdən olan mütəxəssislər daxil edilib. Hazırda jurnalın həm rubrikalarında, həm də burada çap olunan məqalələrdə ciddi dəyişikliklər var.

“Türkologiya” jurnalının perspektiv imkanlarından söz açan alim istedadlı gəncləri əməkdaşlığa dəvət edib.

Akademik K.Abdullayev görkəmli alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Türkiyəli professorlar Osman Fikri, Fikrət Türkmən, Rasim Özyürek, Hamza Zülfükar, misirli professor Muhammed Haridi və digər çıxış edənlər görkəmli alimin zəngin elmi fəaliyyətindən söz açıblar.

Sonra bölmə rəhbərlərinin hesabat məruzələri dinlənilib.

Konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Elmlər Akademiyasının (EA) Dilçilik İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Sənədi Dilçilik İnstitutunun direktoru Möhsün NağısoyluQazaxıstan EA Dilçilik İnstitutunun direktoru Yeren Kajibekov imzalayıblar.

Sənəddə elmi əlaqələrin və alimlər arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.

Sonda konfransın fəal iştirakçılarına sertifikatlar təqdim olunub.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: