Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib TƏBRİK EDİRİK!..

Azərbaycan Milli
Elmlər Akademiyasının
2 may 2017-ci il tarixli
ümumi yığıncağında
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,
tanınmış ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, tənqidçi və publisist, filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu
AMEA-nın müxbir üzvü seçilib.


Tehran Əlişanoğlu Mustafayev - 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun) filoloji fakültəsini bitirmişdir. 1983-1989-cu illərdə orta məktəb müəllimi, 1989-2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994-1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993-1995-ci illərdə AMEA-nın «Elm» qəzetində, 1996-2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin «Ədəbiyyat qəzeti»ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır; 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olmuş, 2004-cü ildə öz ərizəsi ilə oranı tərk etmişdir.

1985-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır.
«Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)» mövzusunda namizədlik (1990), «XX əsr Azərbaycan nəsrinin poetikası» mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir.
Filologiya elmləri doktoru, professordur.
Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə «Ədəbiyyat və incəsənət», «Elm», «Qala», «Mübarizə», «Yeni müsavat» qəzetlərində görünmüşdür. 1995-ci ildən başlayaraq ədəbi köşə yazıları ilə ardıcıl «Press-fakt» (1995-1997, 2000), «Ədəbiyyat qəzeti» (1996-2004), «Rezonans» (1998-1999), «Ekspress» (1999), «Bizim əsr» (1999, 2001-2002), «Yeni Azərbaycan» (2003) qəzetlərində çıxış etmiş, çağdaş ədəbi-tənqidi prosesin ən fəal fiqurlarından biri kimi tanınmışdır. Azərbaycan ədəbi internetinin əsasını qoyan «YeniSi» www.yenisi.net saytının (2002) yaradıcılarından biridir. Marağını ilk növbədə çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası məşğul edir. «Tənqid.net» jurnalını (2006) təsis etmişdir. 8-dən çox kitab, yüzlərlə məqalə müəllifidir.

Fürsətdən istifadə edərək, biz də bu münasibətlə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri,
tanınmış ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, tənqidçi və publisist,
filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlunu
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı,
elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: