"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiya keçirilib

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiya keçirilib"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiya keçirilib 2017-ci il noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə 2017-ci ilin MDB məkanında "Ailə ili" elan olunması ilə əlaqədar "Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, müvafiq elmi müəssisələrin direktorları, əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Sessiyanı giriş sözü ilə açan akademik İsa Həbibbəyli Azərbaycanda multikultural həyat tərzinin böyük tarixi və ənənələri olduğunu bildirib. Ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşadığını deyən akademik dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühitinin Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid örnəklərində özünün parlaq bədii əksini tapdığını vurğulayıb. Natiq əsrlər boyu bir sıra yazıçı, şair və mütəfəkkirlərin əsərlərində multikulturalizm ənənələrinə rast gəlindiyini qeyd edib.

Akademik ölkəmizdəki möhkəm multikultural əsaslara malik tolerant mühitin müasir inkişafın əsas göstəricilərindən olduğunu söyləyib: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ulu öndərin "Hamımızın bir vətəni var. Bu, Azərbaycandır" təlimi ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasında dayanır. Ölkədə yaşayan bütün xalqları onların eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya – azərbaycançılıq ətrafında birləşdirmək müstəqil dövlətimizin mühüm nailiyyətidir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 2016-cı ili "Multikulturalizm ili" elan etməsi və il ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasi-ideoloji və ədəbi-mədəni tədbirlər Azərbaycan Respublikasında multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə və tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir".

İsa Həbibbəyli AMEA-da "Multikulturalizm ili" ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edib. Akademiyanın bir sıra institutlarında genişmiqyaslı elmi konfranslar təşkil olunduğunu, Fəlsəfə İnstitutunda Multikulturalizm elmi-tədqiqat şöbəsinin yaradıldığını, əməkdaşların multikulturalizm və tolerantlıq məsələlərinə həsr edilmiş elmi əsər və məqalələrinin ictimaiyyətə təqdim edildiyini diqqətə çatdırıb.

Sonra elmi məruzələr dinlənilib. İlk olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov "Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları" mövzusunda məruzə ilə çıxış edib. Natiq konstitusiyamızda və ayrı-ayrı qanunvericilik aktlarımızda multikultural mühitin formalaşmasına və multikultural təhlükəsizliyin təmin olmasına qarant duran onlarla normanın mövcud olduğunu diqqətə çatdırıb: "Azərbaycanda din-dövlət münasibətləri, multilinqual rəngarənglik də qanunvericilik çərçivəsində qorunur. Azərbaycan multikulturalizmi modeli digər dövlətlər üçün örnək təşkil etdiyinə görə, bu gün dünyada geniş şəkildə öyrənilir. Bu modelin dünya ölkələrində təbliği və müqayisəli öyrənilməsi üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bir sıra akademik və siyasi layihələr icra edir".

"Azərbaycan təsviri sənətində multikulturalizm" mövzusunda məruzə ilə çıxış edən Akademiyanın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə orta əsr və XIX-XX əsrlərin kəsişməsində Azərbaycan incəsənətində multikulturalizmin qaynaqlarından, XX əsrin II yarısından başlayaraq multikultural dəyərlərin geniş yayılmasından danışıb. Məruzəçi Azərbaycanın görkəmli fırça ustalarından Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Salam Salamzadə, Nadir Əbdürəhmanov, Asəf Cəfərov, Tahir Salahov, Altay Sadıxzadə, Sakit Məmmədov və digərlərinin dünyanın bir sıra ölkələrinə səfərləri nəticəsində yaratdıqları silsilə əsərlərin sujet və üslub xüsusiyyətlərini təhlil edib.

Alim müstəqillik dövründə Azərbaycan rəngkarlığında postmodernizm üslubunun geniş yer aldığını, eyni zamanda multikulturalizmin digər bir müstəqil xəttinin heykəltəraşlığın inkişaf mərhələlərindən keçdiyini diqqətə çatdırıb. Ölkəmizdə görkəmli əcnəbi mədəniyyət xadimlərinə abidələr qoyulduğunu, xaricdə isə Azərbaycanın böyük şəxsiyyətlərinə heykəllər ucaldıldığını söyləyən natiq bu istiqamətin ilk növbədə heykəltəraşlar akademik Ömər Eldarov və Natiq Əliyevin adları ilə bağlı olduğunu vurğulayıb. Ə.Salamzadə, həmçinin Azərbaycan təsviri sənətinin xaricdə təbliği sahəsində böyük xidmətləri olan Bakı İncəsənət Mərkəzi və "Yarat!" yaradıcılıq birliyinin sərgi fəaliyyətindən də danışıb.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin "Multikulturalizm fəlsəfəsi" mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, müasir qloballaşma dövrünün ən aktual problemlərindən biri multikulturalizmdir. Hətta bəzi alim və siyasətçilərin irəli sürdüyü "multikulturalizmin öldüyü" tezisinin bu problemin aktuallığını inkar etmədiyini vurğulayıb. İ.Məmmədzadə qeyd edib ki, bəzi sosioloq, hüquqşünas və politoloqlar hər hansı bir dövlətin konkret təcrübəsinə əsaslanaraq multikulturalizmi daha çox konsept kimi bəyan ediblər. Məruzəçi Bakıda keçirilmiş Beynəlxalq humanitar forum və mədəniyyətlərarası dialoqların bu nəticəni yenidən təsdiq etdiyini və bir sıra mühüm tezisləri əsaslandırmağa imkan verdiyini vurğulayıb.

Sessiyada, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə ictimai elmlər doktoru Samir Səttarov, Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Günay Nadirova və digərləri çıxış ediblər.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: