Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb2018-ci il Sentyabrın 13-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının 8-ci iclası keçirilib.

Əvvəlcə akademik Rafael Hüseynov dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilmiş şərqşünas alim, professor Əsgər Rəsulovu Şura üzvləri adından təbrik edib, ölkəmiz və xalqımız üçün əhəmiyyətli olan bu qurumda onun idarəçiliyi ilə yeni bir mərhələnin başlanacağına ümidini ifadə edib.

Budəfəki iclasda 6-sı elmlər doktorluğu hazırlığı, 30-u fəlsəfə doktorluğu hazırlığı üzrə təqdim edilmiş 36 dissertasiya mövzusu müzakirə olunub, tədqiqatçılara işlərini kamilləşdirmək üçün müəyyən tövsiyə və iradlar bildirilib.

Tədbirdə elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Kamil Adışirinovun “Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi-mədəni mühitinin rolu (1900-2015-ci illər)”, Azərbaycan Dillər Universitetinin dissertantı Aytən Hacıyevanın “İngilis və Azərbaycan dillərində folklor frazeologiyası”, Azərbaycan Dillər Universitetinin doktorantı Dürrə Həşimovanın “İngilis dilinin Britaniya variantının leksikonunun üzvlənməsi prinsipləri” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq olunub.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Rəna Hüseynovanın “German dillərində feilin zaman kateqoriyasının diaxroniyası (Azərbaycan dili ilə müqayisədə)” mövzusu isə iddiaçının doktoranturaya qəbul edildiyi ixtisasa tam uyğun gəlməsi məqsədi ilə cüzi dəyişikliklə “German dillərində feilin zaman kateqoriyasının diaxroniyası” şəklində təsdiq olunub.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Lalə Piriyevanın “Azərbaycan dilçiliyinin orfoqrafiya problemləri” və Bakı Slavyan Universitetinin doktorantı Şahnaz Seyidovanın “M.Şoloxovun bədii nəsri Şərq ədəbiyyatı kontekstində” mövzuları isə problemin qoyuluşunda doktorluq dissertasiyasının miqyas tələblərinin yetərincə nəzərə alınmaması və iddiaçıların dokorantura ixtisasları ilə bu mövzuların tam uyğun gəlməməsi, plan-prospektlərdə mövzuların təqdimi ilə bağlı kifayət qədər elmi əhatə və dərinliyin olmaması səbəbindən təsdiq edilməyib.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə “Uinston Çörçillin memuar irsi dövrün bədii-sənədli salnaməsinin yaradılması təcrübəsi kimi”, “Müasir Azərbaycan dilində alman alınmaları və onların mənimsənilmə xüsusiyyətləri”, “Azərbaycan dilində şərtilik funksional-semantik sahə kimi”, “Azərbaycan qadın yazıçılarının əsərlərinin dilində gender dominantlığının reprezentasiyası”, “Durğu işarələrinin funksional-semantik tipologiyası”, “Multikultural cəmiyyətdə bilinqvizmin rolu”, “Müxtəlifsistemli dillərdə kökdaxili törəmələrin struktur-semantik tipologiyası (Azərbaycan və ingilis dillərinin materialları üzrə)”, “Azərbaycan dilinin genetik kök sözlərinin leksik-semantik qruplaşmasında nitq aktının törədici fəaliyyəti” və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ümumilikdə, iclasda 4-nün adında dəyişiklik edilməklə 22 mövzu təsdiq edilib.

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar - Aida Qasımova, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Hüseyn Həşimli, Qorxmaz Quliyev, Rəhilə Qeybullayeva, Qulu Məhərrəmli, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: